Qiyamət Günü – Allaha inamsızlıqdır. Din dünyanın düzələcəyinə, insanın kamilləşəcəyinə, hətta özünün iddia elədiyi kimi, Allahın peyğəmbərlərə göndərdiyi kitablarla insanı düzəldə biləcəyinə şübhə edir. Əgər Qiyamət mütləq qopacaqsa, deməli, insan düzəlməyəcək. İnsan düzəlsəydi Qiyamət qoparılmazdı. Deməli, bəri başdan insanın düzəlməyəcəyi bəllidir ki, Qiyamətin qopması ilə bağlı hökm verilib.
xxx
İnsan cənnətə çağırılır. Yəni doğub-törəmə dayanmalıdır. Cənnət qüsursuzluq məkanı sayılır. Orada doğub-törəmə olarsa, deməli, nöqsanlar da olacaq. Çünki insan kamil doğulmur. O, böyüdükcə təmizlənməlidir. Cənnətdə isə hazır təmizlər var, təmizlənmə prosesi yoxdur. Doğub-törəmə dayanacaqsa, planetimizin işi başa çatır. Çünki dinin iddiasına görə planetimiz qüsurluların bura göndərilməsi üçün düşünülmüşdür. “Günaha batmış” Adəm və Həvvanın doğub-törəməsi Qiyamətlə başa çatırsa, cənnətdə də doğub-törəmə mövcud deyilsə, deməli, planetimiz ləğv olunmalıdır. Əks halda onun funksiyası nə olacaq?! Bəllidir ki, bir planet başqa planetlərlə qarşılıqlı tarazlığa girib. Əgər biri ləğv olursa, o birilər də ləğv olunur. Əslində burada Qalaktikanın ləğvi ortalığa gəlir. Bəs görəsən “o biri dünya” hansı planetdədir?! Bəs O, ləğv olunmaqdan necə qurtara biləcək?! Bu planet hansı planetlərlə tarazlığa qoşulub?! Elmə qarşı ziddiyyətlər… Bəşəriyyət bu gün də bu xülya ilə yaşayır. Burada elm məsxərəyə qoyulur. Buna dözən adamlar isə alim adı daşıyırlar. Kütlə haytasından qorxanlar C.Bruno belə olmaq istəmirlər.
xxx
“O biri dünya”nı uydurmaq, yaxud arzulamaq görəsən yaşadığımız dünyada məna-məzmun tapmamağın nəticəsidir, yoxsa gözəl dünya istəməyin təzahürüdür?!
Əslində gözəl dünya arzulamaqla olmur, onu yaratmaq gərəkdir. Dinin “o biri dünya”sı gözəl dünya yaratmaq tərbiyəsini nəzərdə tutmur. Din insanın gözəl dünya yaratmasını nəzərdə tuta bilməz. Dinin məntiqinə görə insan nə karədir ki, gözəl dünya yarada. Din üçün gözəl dünya Allahın yaratdığı “o biri dünya”dır. Yəni ağlın işləmədiyi, kəsmədiyi, götürə və anlaya bilmədiyi fantastik, xülyəvi dünya. Allah insana yaşadığı dünyanı gözəlləşdirmək əmri vermir, Allaha “gözəl” nökər olmaq əmri verir. Çünki Allah insana “keçid mərhələsi” kimi, “sınaq meydanı” kimi yaratdığı bu dünyanı düzəltmək, yenidən işləmək, gözəlləşdirmək imkanı və ixtiyarı verməyib. “Allahın işinə qarışmaq olmaz!”
Əslində isə gözəl dünya yaratmaq Allahın deyil, İnsanın işidir. Yəni yaradılmayan, Əzəli, Əbədi olan dünyanı insan gözəlləşdirməlidir. İnsan dünyanı yaratmır, onun gözəlliyini yaradır – özünü yaratmaqla, dünyaya insani münasibət bəsləməklə!
Atamız var olsun!