Bu gedişlə Qərb dünyanı yenidən sosialist inqilabına sürükləyir. Dünya demokratiyanın yaratdığı anarxiyaya dözməyəcək. Pulçuluq dünyanı sarsıdacaq. Kapitalizm iyerarxiyası bəşəriyyəti sürüləşməyə aparır. Heç olmasa əvvəllər iki qütb vardı. Pis-yaxşı dünyanın gedişatında müəyyən nizam vardı. Dünyanı bir rəngdə görmək istəyi inkişafı dalana dirəyib. Ancaq ziddiyyətlərin, iğtişaşların, münaqişələrin mövcudluğunu inkişafla əlaqələndirirlər. Əgər insanlar dağıntılar həyata keçirirsə, deməli, kölə olmaq istəmirlər. Daxili köləliyi dərk eləmədən həşirçilik azadlığına kökləyirlər insanları. Ona görə də milli dəyərlər yaranmır, milli şüur inkişaf eləmir. Ölkələrarası münasibətlər kəskin münaqişə həddinə çatıb. Qərb ölkələrin inkişafını istəmir. Ölkələr inkişaf eləsə, idarə olunmazlar. Çünki dövlətçiliyin inkişafı milli şüura bağlıdır. İnsanların şüuru isə milliləşmir, beynəlmiləlləşir. Biz hesab edirik ki, ölkələr Qərblə dil tapmaq əvəzinə Qərbçiliyə dirəniş göstərməlidir. Bu deyilənləri biz heç də sosialist inqilabında axtarmırıq. Sosialist inqilabı yağışdan betər yağmurdur. Demək istəyirik ki, iqtisadiyyatın, ekologiyanın başına elə oyunlar açırlar ki, dünya çıxış yolunu sosialist inqilabında axtara bilər. Bəlkə elə buna görədir ki, Qərb Rusiyanın içini qarışdırmaqla öz istəyinə uyğun rejim axtarır. Qərb Rusiyanın (SSRİ-nin) içinə təxminən 25 il bundan öncə girdi. Bir də indi əl atıb. Deyirlər Rusiya demokratikləşməlidir. Putin rejimi dəyişməlidir. Buna ən çox Azərbaycan siyasiləri, şərhçiləri sevinirlər. Görəsən Putin rejimi ilə qeyri rejim arasında hansı fərqi axtarırlar?! Putinlə qeyri-Putinin Azərbaycana münasibətində hansı dəyişikliklər olacaq ki?! Yaxud Rusiyanın demkratikləşməsi nə deməkdir?! Rusiya demokratikləşsə bizə basqılarından əl çəkəcək?! ABŞ-ı demokratiyanın beşiyi sayırlar. Məgər o, dünyaya basqılarından əl çəkib?! Qəribədir ki, heç kim milli düşünmür, hamı “demokratik” düşünür. Guya Rusiya demokratikləşən kimi içində əritdiyi türk toplumlarına azadlıq verəcək?! Yaxud ermənini Azərbaycanın boynuna mindirməkdən əl çəkəcək?! Fransa da demokratikləşmiş dövlətdir. Ancaq türkə qarşı məkrindən bir saniyə də geri durmur. Demokratiya sırıya-sırıya erməni adlı dəyənəyini vurur türkün başına. Qarabağı qana döndərən ermənini qoruyur. Üzdə isə deyir: “Bu məsələ Azərbaycanla Ermənistanın problemidir. Onlar bir-biriylə dil tapmalıdırlar, biz sadəcə vasitəçiyik”. Ancaq Türkiyəyə qarşı erməni soyqırımı uydurub və qəbul edibdir. Üstəlik öz ölkəsində buna qarşı etiraz edənlər tapılarsa cəzalandırmaq üçün həbs və cərimə qanunu quraşdırılıb. Bizimkilər də Fransa kimi avantürist demokratiklərin arxasınca sürünürlər. Bir ölkədə özünəməxsus ideoloji güc olmayanda hamı ələbaxan olur. Fransa kimi dövlətlərin yaratdığı siyasi şüurun daşıyıcıları öz yurdunda belə söz sahibi ola bilməzlər, nəinki dünyada. Dünyanın siyasi mənzərəsinin formalaşmasında faydası olanlar var, bir də yeri və təsiri olanlar. Azərbaycan kimi dövlətlər dünya axınında faydalı olanlardır. Onlar mənimsənilən sərvət kimidirlər. Mənimsənilən mənimsəyənin yanında oturur və özünə təsəlli verir ki, mötəbər kürsülərdə onun da yeri var. Azərbaycanı BMT təhlükəsizlik şurasına müvəqqəti üzv seçəndə yerli idarəçilər bayram əhvalı yaradırdılar. Elə bildilər Azərbaycanın siyasi problemləri dərhal həll olunacaq, ermənini də yerində oturdacaqlar. Yenə də eyforiya siyasəti, yenə də şüar effekti üzərində qələbə görüntüsü. Qazaxıstan ATƏT-ə sədr “təyin” olundu. Harda türk problemini sıfır nöqtəsindən tərpətmək üçün cəhd elədi?! Yalançı şöhrət, yalançı nüfuz oyunlarına alüdə olmaqla dünyanın idarəçilərinin barmaqlarına dolanırıq. Əslində bütün bu bərabərlik görüntüləri əsarəti gizləmək üçündür. Ölkənin daxilində idarə olunan müxalifət təşkilatları, hüquq müdafiəçiləri milli şüurun əsarətə düşməsinə yardımçı olurlar. Ona görə də dövlətin xarici siyasəti güzəşt və təslimçilik prinsipləri üzərində qurulur. Əslində xarici qüvvələrin əlaltılarına çevrilən yerli qurumların bölücülük (seperatizm) əməllərinin qarşısında hakimiyyət öz mövqelərini itirməmək çabaları göstərir. Nəticə etibarilə dövlətçiliyin zərərinə balanslaşdırma siyasəti yürüdülür.
Bütün bu problemlərdən çıxmağın bir yolu var: – Millətçilik Əqidəyə çevrilməlidir. Milli şüurun inkişafına əngəl olan nə varsa, ondan imtinaya hesablanan siyasət yürüdülməlidir. Maddi üstünlüyə can atan talançıların, antimilli təbəqənin qarşısında milli-mənəvi mübarizə cəbhəsi açılmalıdır. Qloballaşmanı azadlığa bərabər götürənlər əsarətdən əqidə yaratdıqlarının fərqinə varmalıdırlar. Yurdumuzun, ümumiyyətlə, Türklüyün bundan da acınacaqlı durumunu gözləmək olmaz. Yeni ideoloji mübarizə mərhələsinə başlamaq vaxtıdır.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!
24 Sərt Ay, 33- il. Atakənd.
(dekabr, 2011)