Elşən Şumər. Əməllərin miqyası

Xalqımızın mübarizə cəsarəti, dəyanəti, rəşadəti, nə bilim daha hansı yüksək keyfiyyətlərindən çıxarsan Babəki, sıfıra yaxın rəqəm alınar. Özünü siyasi partiya rəhbəri adlandıran biri, özü də Elçibəyin tələbəsi olasan, Babəkə sapıq deyəsən, buna naşı adı vermək də çoxdur. Bəlkə də ancaq Elçibəyin tələbəsi belə şey yaza bilərdi. Əbülfəz bəyin məktəbinin nümayəndələri dəyərləri müxtəlif variasiyalarda interpretasiya etməyi sevirlər. Hətta bəzən o qədər uzağa gedirlər ki, necə qayıdacaqlarını da unudurlar.
Babək əsil müsəlman, ya xristian, bəlkə də bütpərəst ola bilərdi. Fərq etməz. Tarix və siyasət quru rəqəmləri sevir. Xilafətin çiçəklənən dövründə 9 sərkərdəni yenəsən, xəlifəni dərddən öldürəsən. Axırda da min bir fənd işlədən türk Afşinə uduzasan. Vacib olan əməldir, daha vacibi onun miqyasıdır. “Uzaq sahillərdə” filmində Veselinin atası oğlundan soruşanda ki, dostun Mehdi hansı dindəndir, Veselin cavab verir ki, qardaşlıq dinindən. Burada sosrealizmin təsiri qabarıq hiss olunur. Amma,axı Mehdi namaz da qılmırdı yəqin. Bununla belə, bütün alman kontingentini barmağına sarımışdı.
Mütəmadi olaraq islamın bütün qanunlarına əməl edənlərin məclisində biri deyəndə ki, iqtidar İsraillə çox yaxındır, soruşdum ki,bəs Mahmud Abbası niyə dəvət etmişdilər. Qayıdıb məndən xəbər aldı ki, o kimdir, quruyub qaldım. Ziyalı müsəlman Fələstin liderini tanımır. Qoyasan səhərdən axşamacan Türkiyə kanallarında təfsirlərə qulaq asalar. Əgər müsəlmanlar Vətənlərində nə baş verdiyindən xəbərdar deyildirlərsə, deməli laqeyddirlər. Bu da Fazil bəyin vətəndaş modelinin ziyanlı olmasını sübut edir. Qoy mənim qəhrəmanım ateist olsun, amma erməniləri qovsun müqəddəs torpaqlardan, mən onun başına and içərəm.
Zənnimcə, bizdə indi irimiqyaslı lider defisiti var. Sadəcə, belə birinin yetişməsinin qarşısı hər vəchlə alınır. Belə məqsəd uğrunda çarpışacaq biri zülmət qarası Piar maşını ilə üzləşəcək. Onu xarici himayədarlarla əlaqədə suçlayacaq, cinsi meyillərini müzakirə edəcək, təsadüfi intim əlaqələri haqqında film çəkəcək, atasının, babasının əməllərini araşdıracaq, xülasə xalqın gözündən salana qədər savaşacaqlar.
İndi bizim sevimlilərimiz Eldar və Nigardır. Onlar Avroviziyanı bizə gətirib taksi sürücülərini zibilə saldılar. Bu vaxtaşırı hansısa dzüdoçu da ola bilər. Mübariz istisna idi, amma onun da igidliyi lokal və təkbaşına idi, həddləri aşa bilmirdi, arxasınca iri kütləni də daşıya bilmədi.
Yeni liderin, ya da yeni qəhrəmanın doğa biləcəyinə qısır olan mühitdir. Yetişə bilməyən, iddiasını içində boğanlar çıxış yolunu qədim dahiləri qaralamaqda görürlər. Onları bizdən əsrlər ayırdığından, nə özləri, nə də xələfləri qaralayanlara zərər yetirə bilməzlər. Bu həm də bir növ qanadlanıb uça bilməmək depressiyasından qurtulmaq yoludur.
Hadisələrin inkişafı barədə heç bir proqnoz vermək mümkün deyildir. Optimist və pessimist arasında fərq çox yeyilib. Bizim ölkəmiz öz-özlüyündə çox kiçik olduğundan, insanların daha da kiçildilməsi şəraitində böyük miqyaslı əməllərə malik böyük dahilərin ucalması ancaq tanrının gümanına qalıb.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv