Dövlətçiliyimizə gərək olan Millətçiliyimiz

Fəlakətlərimizdən dərs götürək!

Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…

Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli Yurddaşlarımız!
Azərbaycanımızın həyatında çox ağrılı, fəlakətli bir tarix yaranıb. Bu tarix bizim bugünkü həyatımıza da ciddi təsir göstərir. Ona görə də biz bir millət olaraq bu aqibətimizi düzgün dəyərləndirməliyik və düzgün yön almalıyıq. Nəsillər bir-birini səhvlər üzərində təkrar eləməməlidir. Nəhayət ki, milli varlığımız özünün bütün çalarlarıyla müəyyənliyini tapmalıdır.
Bizim mürəkkəb aqibətimizdə ağrılı məsələlərimizdən biri də Dövlətçilik məsələmizdir. Əlbəttə, uzaq tarixdən üzü bu yana bizim dövlətçilik ənənələrimiz olub. Və bu, tariximizin şərəfli səhifələrində öz əksini tapıbdır. Asif Ata bizim Qədimliyimizdə Midiya dövlətçiliyini xüsusi qabardır. Həm Zərdüştçülüyə bağlı bir dövr olduğuna görə, həm də kimliyimizin xüsusi bir müəyyənliyinin olmasına görə. Xüsusilər ölkəsi, Maqlar ölkəsi, Hünərlilər ölkəsi – qürurverici bir tariximizdir. Söz yox ki, burada biz tarixi dövlətçilik ənənələrimizi sadalamayacağıq. Bununla əlaqədar tarixi bilgilər işlənib, yazılıb və yazılmaqdadır. Biz yaxın tariximizin mahiyyətini vurğulamağa çalışacağıq. Bu, Azərbaycanın Quzeyində ADR-in, Güneyində ADF-nin yaran¬ması və dağılmasının prinsipial səbəbləridir. Bu səbəb¬ləri çözmək bugünkü həyatımızda ondan dərs götürməyimizə işarə olacaq. Qarşıdan Azərbaycan Demokratik Respublika¬sının devrilməsinin ildönümü (28 aprel) gəlir. Biz bu söhbətimizdə Quzeydə yaranan Milli Dövlətlə Güneydə yaranan Milli Hökuməti vəhdətdə dəyərləndirməyə çalışaca¬ğıq. Bu hadisələr sanki fərqli ünvanlarda görünür. Əslində isə bir millətin və bir vətənin bölünmüşlüyü üzərində yaşanan faciənin təzahürləridir. Belə bir mürəkkəb aqibətimizi tarix tədqiqatçılığı səviyyəsində öyrənməkdən qabağa getməliyik, başqa sözlə, fəlakətlərimizdən dərs götürüb Azadlıq mübari-zə¬mizin konsepsiyasında əks etdirməliyik. Ona görədir ki, biz bu məsələlər üzərində tərəfsiz vurğu eləməyi və təqdim eləməyi özümüzə borc bilirik. Tərəfsiz, yəni siyasi gizlənmələr bizim bu söhbətimizdə yer almır.
Beləliklə, çox mürəkkəb, ziddiyyətli bir tarixi şəraitdə M.Ə.Rəsulzadənin başçılığı altında yaranmış dövlətimiz əski dövlətçilik ənənələrimizə söykənsə də, sanki göydəndüşmə bir hadisəydi. Çünki bu hadisə bizim bir parçamızda baş verirdi, imkanımız hədsiz dərəcədə məhdud idi. Belə balaca bir dövlətin sonrası necə olacaq, onu qoruyub saxlamaq mümkün olacaqmı?! Bu sualları düşünmək özü bir maneə idi. Ancaq bu suallarla özlərinə sədd yaratmayan böyüklərimiz çox böyük ləyaqət göstərdilər və sonrakı dövrlər üçün özümüzə inanmağımız yönündə ənənə yaratdılar.

Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız!
XX əsr özünün siyasi vəziyyətinə görə hədsiz qaynar əsr adlanır. XIX əsr və ondan qabaqkı əsrlər bu qədər dövlətlərin yaranmasıyla və ictimai-siyasi hadisələrin çoxluğu ilə müqayisə oluna bilməzdi. Əslində nəyə görə bu qədər qaynar bir əsr oldu? XX əsrdə dünya iki müharibə gördü. Həm I Dünya müharibəsi, həm də II Dünya müharibəsi. Müharibə bəşəriyyətə fəlakət gətirir. Ancaq müharibələr fonunda ayrı-ayrı dövlətlər özlərinin siyasi istəklərini də ortaya qoya bilirlər. Və nəticə etibarilə dünyanın siyasi xəritəsində yeni-yeni dövlətlər yaranır. Bu, I Dünya müharibəsindən sonra da baş verdi, İkinci Dünya Müharibəsindən sonra da. Müharibə¬nin başvermə səbəblərindən asılı olmayaraq, dünyanın yenidən bölüşdürülməsi məsələsi ortaya çıxır. Qalib dövlətlər tərəfindən dünyada yeni bir siyasi düzən – Yeni Dünya düzəni yaranır. I Dünya Müharibəsi zamanı Azərbaycanın Quzeyi Rus İmperiyasının, Azərbaycanın Güneyi isə İranın tərkibində idi. Rusiya I Dünya Müharibəsində məğlub oldu. Rusiyanın I Dünya Müharibəsindəki məğlubiyyəti imperiya daxilində bütün sahələrdə sosial-iqtisadi, siyasi və s. vəziyyəti gərginləşdirmişdi. Mərkəzi Dövlətdə dövlətçilik zəifləmişdi. İdarəçilik və eləcə də dövlətin əsasları sarsılmış¬dı. Və bu da Rus İmperiyasının əsarətində olan ayrı-ayrı xalqların taleyində özünü göstərirdi. Zəifləmiş imperiya artıq əvvəlki kimi idarə edə bilmirdi. İmperiya əsarətində olan xalqlar da əvvəlki kimi idarə olunmaq istəmirdilər. Tarixi dövlətçilik ənənələri olan Azərbaycan da öz müstəqil dövlətini qurmaq istəyirdi. Quzeydəki Azərbaycan dövlətinin istəyi tamamilə milli zəmində idi. Milli dövlət qurmaq istəyən o vaxtkı ziyalılarımız özlərinin imkanlarından yuxarı səviyyədə fəaliyyət göstərirdilər. Bu, artıq Azərbaycanın keçmiş tarixidir. Həm də şərəfli tarixidir. Biz tariximizin həmin dövrü ilə üz-üzə qalanda qürur duyuruq. Azərbaycan Milli dövləti hansı şəraitdə quruldu? Hadisələrin baş verdiyi yer və şəraitin özü də önəmlidir. Rus imperiyasının milli nifaq toxumu səpdiyi bir şəraitdə Milli Dövlət quruldu. Azərbaycan həmin milli nifaqın törətdiyi hadisələrin mərkəzində idi. Azərbaycanın, onun tarixi ərazisində qurul¬muş Ermənistanla münaqişəsi var idi. Ermənilər bir millət olaraq Azərbaycanı təhdid edirdilər. Bu təhdidlərə baxmayaraq, ortaya çıxan ADR öz Milli Dövlətini qurmaqla bərabər, həm də yaratdığı dövləti və onun ərazilərini xarici təcavüzdən qorumaq məcburiyyətində qalmışdı. Gürcüstanın o dövrdəki Xarici İşlər Nazirindən mən bir sitat gətirmək istəyirəm: “Qafqazda bir millət var, özünün torpaqları yoxdur. Dövlət qurmaq istəyir. Biz ona öz torpaqlarımız hesabına dövlət qurmağa imkan verməliyik. Bu millət ermənilərdir”. Halbuki Ermənistan dövləti Azərbaycanın əraziləri hesabına quruldu. ADR yaşadığı 23 ayda həm ölkə daxilində, həm də beynəlxalq aləmdə özünü siyasi təsdiq eləmək üçün çox işlər gördü. Beynəlxalq səviyyədə təmsil olunmaq istəkləri var idi. Dünya birliyində özünəməxsus yer tutmaq istəyi var idi. Qonşu dövlətlərlə xoş münasibətlər qurmaq istəyi var idi. Həmçinin xarici müdaxilələri önləmək istəyi var idi. Təəssüf ki, ADR-in siyasi ömrü çox az oldu. Azərbaycanın Quzeyində qurulmuş Milli Dövlət Bolşevik Rusiyasının işğalı nəticəsində 23 aydan sonra süqut etdi.

Ağşın Ağkəmərli: İstər Quzeydə qurulan Milli Dövlət, istərsə də Güneydə qurulan Milli Hökumət hər ikisi bir istəkdən qaynaqlanırdı. Bu istək xalqımızın təbii haqqı olan dövlətçilik məsələsinə bağlı idi. Ona görə də Səttarxanı, Xiyabanini, Rəsulzadəni, Pişəvərini ayrı-ayrılıqda düşünmək doğru deyil. Fikir verin, bizim həm o tayda, həm bu tayda elədiyimiz cəhdlərə qarşı eyni dövlətlər, eyni qüvvələr tərəfindən basqıya məruz qalmışıq. Rusiyanın, İngiltərənin, Amerikanın, Fransanın münasibəti Azərbaycanın o tayına necə idisə, bu tayına da o cür idi. Ancaq kimin münasibətinin necə olmasından asılı olmayaraq, bizim istəyimiz dövlətçilik idi. Bəs niyə I Dünya Müharibəsinin dünyanı qarışdırdığı bir vaxtda biz öz milli düzənimizi qura bilmədik? Bunun çox özəl səbəbləri var. Və bu səbəblərə hissə-hissə toxunmaq lazımdır. XX yüzilin başlanğıcında bəllidir ki, Azərbaycan çox gərgin bir dövrünü yaşayırdı. Bilirsiniz ki, Azərbaycanın azadlıq istəyi Səttarxançılıq Hərəkatı ilə baş qaldırmışdı. Onun ardınca az fasilədən sonra Xiyabani Hərəkatı meydana gəldi. Nəticə etibarilə 6 ay yaşamış bir dövlət quruldu. Onun rəsmi adı Azəristan idi. Əslində bu hökuməti Səttarxan Hərəkatında iştirak eləmiş adamlar, yaxud onların övladları qurmuşdu. Xiyabani Hərəkatının iştirakçıları və onların övladları isə Pişəvəri Hərəkatında Milli Hökuməti yaratdı. Yəni bunların hər biri bir-birinə bağlı şəkildə baş verib. Və bunları bir-birinə bağlı şəkildə də araşdırıb dərk eləmək mümkündür. Ortaya sual çıxa bilər ki, bəs niyə uğurlu nəticə əldə olunmayıb? Bəlkə parçalanmağımıza görədir, yaxud bir-birimizdən uzaq olmağımıza, kimliyimizi başqa təsirlər altında axtarmağımıza – deyək ki, İrançılıq, Rusçuluq, Qərbçilik daxilində axtarmağımıza görədir və s. Məncə, bu bizim sualımızın birbaşa cavabı deyil. Doğrudur, içimizdən özümüzü doğrayan baltalara sap olanlar çox olub – Rusiyaya, İngiltərəyə, İrana qulluq edənlər indi də var. Ancaq dövlətçilik sevgimiz heç vaxt ləğv olunmayıb. Nəticəsizliyin əsas səbəbi isə məncə, bizim bir millət olaraq formalaşa bilməməyimizdir. Əgər biz bir millət kimi formalaşmış olsaydıq, öz kökümüz üstündə bitmiş, öz quruluşumuzu yaratmış olsaydıq, XX yüzilin əvvəllərində istər o tayda, istər bu tayda dövlətçiliyimizi bərpa eləyib onu qoruya bilərdik. Mən bu söhbətimizdə Pişəvəri hökumətinin üzərində vurğu eləmək istəyirəm. Çünki bəlli dövrdə Pişəvəri hökuməti Azərbaycanın siyasi mahiyyətini ifadə edirdi. Habelə xalqımızın siyasi taleyinin göstəricisi idi. Burada Pişəvərinin qısaca bir bioqrafiyasını demək də yerinə düşərdi. Bilirsiniz ki, Pişəvəri Güneyin Xalxal bölgəsinin Zeyvə kəndində dünyaya gəlib. 13 yaşlarında taleyi elə gətirir ki, Bakıya gəlib çıxır. Orta məktəbi Bakıda oxuyub qurtarır. Elə burada müəllim kimi fəaliyyət göstərir. Buradakı hadisələrin şahidi olur. Dövrünün görkəmli adamlarını tanıyır. M.Ə.Rəsulzadə ilə müəyyən bağlantıları olsa da, Nərimanovun xəttini götürür. Təəssüf ki, o vaxt bu taydan Güneyə gedənlərin hamısı demək olar ki, Nərimanov kimi düşünürdülər. Yəni kommunizm psixologiyası ilə gedirdilər. Düzdür, sonradan Pişəvəri bu psixologiyanın təsirində qalmadı. Güneyə gəldiyində Məmməd Dehqani ilə birlikdə “Həqiqət” adlı qəzet buraxmağa başladı. Qəzetin ömrü çox olmasa da, Pişəvərinin öz xalqı ilə ünsiyyət qurmasında müəyyən rol oynamışdır. Sonradan o, Qəsri-Qacar zindanına atılır və 12 il həbs cəzasına məhkum edilir. Burada o, təkcə məhbus həyatı yaşamır, “Ədalət” partiyasının əsaslarını yaradır. Əlavə olaraq, Azərbaycan tarixini də özü üçün araşdırıb öyrənir. Rza şahın qaçdığı dövrdə Qəsri-Qacardan azad edilir və yeni fəaliyyətə başlayır. Sonra Güney Azərbaycandan millətin nümayəndəsi kimi seçkilərdə iştirak edir. Bu vaxt o, bir namizəd kimi çoxsaylı görüşlər keçirir. Ona görə də seçkiyə qatılmaq Pişəvəri üçün yalnız bir siyasi gediş deyildi. O, öz xalqını yenidən tanımağa fürsət qazanmışdı. Elə həmin ildə Tehranı həmişəlik tərk edir. Təbrizə – xalqının gücünün oturuşduğu ünvana gəlir. Bu, 40-cı illər idi. Təbrizdə o, Demokratik firqəni yaratdı. Təbiidir ki, Pişəvəri bu firqəni millətin istəklərinin, tələblərinin əsasında qurmuşdu. Bu firqədə xalqın müəyyən potensialı birləşirdi. Burada Səttarxan dövrünün azadlıq həsrətini içində daşıyan adamlar vardı. Təsadüfi deyil ki, Milli Hökumət qurulanda bir ildə çox illərin iqtisadi gəlişməsini gerçəkləşdirə bildilər. Sonra da, dediyimiz kimi, uğursuzluq yarandı. Bir daha vurğulayıram ki, bu uğursuzluğun üzdəki səbəblərini bir çox mövzulara bağlaya bilərik – Bakı neftinə yönəlik niyyətlərin oynadığı rolu da dilə gətirmək olar, bölgəni yönəltmək istəyənlərin siyasi oyunlarını da və s. Ancaq yenə deyirəm, məsələnin köklü səbəbini bizim millət kimi formalaşa bilməməyimizdə axtarmaq lazımdır. Söhbətimin mahiyyətini məhz bu məsələyə bağlayıram. Millət kimi formalaşmaq üçün isə müəyyən bir mərhələni keçmək lazımdır. Və ilk şərt də budur ki, biz tarixdə buraxdığımız səhvləri təkrar etməməliyik. Qəbul olunmayası məqamlardan biri budur ki, biz tariximizə başqalarının açımı ilə yanaşmışıq. Özgələr bizim üçün tarix yaratmır, öyrənib əzmək, vurub sıradan çıxarmaq gedişatı yaradır. Biz isə bu gedişata kimliyimizin ifadəsi kimi baxmışıq. Odur ki, biz ilk mərhələdə öz tariximizə, taleyimizə yenidən baxmalıyıq – öz açımımızla, öz düşüncəmizlə. Beləliklə də biz unutqanlıqdan çıxmalıyıq. Dünən bizim başımızı kəsənlərə bu gün yenidən qapı açırıq. Bu isə bizim öz taleyimizə biganəliyimizin əsasını formalaşdırır. Ona görə də unutqanlığımızı unutmalıyıq. Üçüncü bir məsələ, fərdi xarakterlərimizdə çatışmazlıqların ictimailəşməsinin qarşısını almaqdır. Daha ciddi problemimiz eqoizmdir, xudpəsəndlikdir, bir-birinə qarşı durmaqdır, bir-birini qəbul edə bilməməkdir. Bu haldan çıxmaq çox əsas şərtdir. Bu xarakterlə yol getmək, birgə addımlamaq olmur. Millətin içində yeni bir “Doğuş” yaranır – bir millət kimi formalaşmaq, bir millət kimi üzə çıxmaq öz təsdiqini tapır. Şübhəsiz ki, bundan sonra dövlətləşmə mərhələsinin əsası qoyulur. Bizim xalqımızın içində, sevgisində (özü bunu bildi, ya bilmədi) dövlətçilik yaşayır. İndiki İranın minillik taleyinə baxın, orada bizim qurduğumuz dövlətçilik ənənəmiz var, yəni tarixi köklərimiz var. Ancaq yenə də təəssüf ki, istər İranda, istər Asiya qitəsində 140-a, 150-yə qədər qurduğumuz dövlətlərin fikir, düşüncə cəhətdən başı başqa yerlərə bağlı olubdur. Faciələrimizin də əsası burdadır.

(ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv