Dövlətçiliyimizə gərək olan Millətçiliyimiz (davamı)

Fəlakətlərimizdən dərs götürək!

Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…

Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər

 Abil Ulusoy: Bəli, Azərbaycanın Güneyində hadisələr baş verirdi. Həmin hadisələr özünün məntiqi sonucuna, yəni dövlətin qurulmasına gətirib çıxarmadı. Təbii ki, Güneydə milli zəmində baş verən hadisələr Səttarxan Hərəkatından sonra Milli Hökumətin qurulması yönündə irəliləyirdi. Təəssüf ki, bu istək gerçəkləşmədi. Ancaq XX əsrin əvvəlindən başlamış olan bu hərəkat sonradan davam eləməyə başladı. Səttarxan Hərəkatı İrana Məşrutə gətirdi, Xiyabani Hərəkatı İranı silkələdi və ondan sonra baş vermiş hadisələr yüksələn bir xətlə gedirdi. Təbii ki, hər il inqilab, hər il hərəkat ola bilməzdi. Azərbaycanın həm Quzeyində, həm də Güneyində hərəkatı yatıran qüvvə var idi. Bilirsiniz ki, Xiyabani də 1920-ci il sentyabrın 16-da rus kazakları tərəfindən öldürüldü. Artıq dünya başqa bir halda idi. 1939-cu il sentyabrın 4-də dünya XX əsrdə ikinci dəfə sarsıldı. II Dünya müharibəsi başlandı. II Dünya müharibəsi başlayanda artıq bəlli idi ki, I Dünya müharibəsinin dərsləri unudulmur¬du. Ayrı-ayrı dövlətlər nəyin baş verəcəyini qabaqcadan hesablayırdılar. Azərbaycanın Quzeyinin bəlli bir durumu vardı. Quzey Azərbaycan SSRİ adlı kifayət qədər güclü olan bir imperiyanın tərkibində idi. İranın mövqeyi dünya siyasətində kifayət qədər zəif idi. İran özü üçün bir mövqe seçimi etməli idi. İranda bu seçim Almaniya üzərində dayandı. Və İran Almaniya ilə çox yaxın əlaqələr qurmağa başladı. Bu həm də fars millətçiliyindən irəli gələn əlaqələr qurumu idi. Farslar da almanlar kimi özlərini ali irqin nümayəndələri hesab edirdilər. Bundan başqa, İranın xarici ixracat payının əsas hissəsi Almaniyaya yönəlik idi. İranda Almaniyanın 5000 nəfərədək hərbi ekspertinin və casusunun olduğu bildirilirdi.
Almaniya SSRİ ilə müharibəyə başladı. SSRİ işğala məruz qalan bir dövlət olduğu halda, işğalçılıq yönü tutdu. 1941-ci il avqustun 25-dən 26-na keçən gecə Sovet qoşunları Güney Azərbaycanın sərhədlərindən keçərək onu işğal etdilər. Nəyə görə işğala məruz qalan bir dövlət özü işğalçılıq yolunu seçdi? Əvvəla neft amili dünya iqtisadiyyatında, dünya siyasətində əsas rol oynayırdı. XXI əsrin əvvəllərində də neftin dünya siyasətinə təsiri aydın seçilir. İran neft ehtiyatları ilə zəngin bir ölkə kimi bilinirdi. Avropanın buna ehtiyacı vardı. Konkret Almaniyanın buna ehtiyacı vardı. SSRİ Almaniyanın İrandakı varlığına son vermək istəyirdi, özünün dövlət təhlükəsizliyi naminə. Burada bir fakt önəmlidir ki, 1941-ci ildə SSRİ-nin Güney Azərbaycanı işğal etməsi ilə Azərbaycan Milli Hökumətinin qurulması arasındakı vaxt 4 ildən çox çəkir. Sual oluna bilər ki, bu işğalın ilk ayındaca Güney Azərbaycanda Müstəqil dövlət qurula bilərdimi? Mənə elə gəlir ki, qurula bilərdi. Əgər xarici dövlətin orada iştirakı bu qədər önəmli idisə?! Mən niyə bu məsələyə önəm verirəm?!. Bəzi araşdırıcılar Güney Azərbaycan türkünün Milli Hökumət qurmaq yönündə apardığı mübarizənin əsil qiymətini azaltmağa çalışırlar. Çox şeydə vurğunu SSRİ üzərində edirlər. Mən deyirəm SSRİ amili bu qədər Milli Hökumət qurmaq yönündən önəmliydisə, SSRİ işğalın elə ilk ayındaca bu istəyinə çatardı. Və onun arxasında da dayana bilərdi. Artıq onun orada hərbi qüvvələri var idi. Nəyə görə bu hadisələr baş vermirdi? Sovet işğalından 4 il sonra Milli Hökumət quruldu və qısa müddət¬dən sonra siyasi ömrü başa çatdı. AMH-in qurulma¬sında SSRİ-nin iştirakını tamamilə inkar etmirik, ancaq tarixi ədalət naminə Azərbaycan türkünün Güneydə Milli Hökumət qurmaq istəyini də kiçiltmək olmaz. SSRİ bəri başdan qurulacaq AMH ilə necə rəftar etməyi, məncə, fikirləşmişdi. Güney Azərbaycan işğal olunmamışdan öncə 1941-ci ilin yanvarında Moskvada “Güney Azərbaycanın texniki-iqtisadi icmalı” hazırlanmışdı. Bu icmalda sosial-siyasi, iqtisadi, coğrafi və s. məlumatlar öz əksini tapmışdı. SSRİ İranla münasibətlərini nizamlamaq istəyirdi. Mən bunu ona görə deyirəm ki, bu günün özündə də İrana qarşı baş verəcək xarici müdaxilələrlə bağlı xəyallar quranlarımız var. İrana xarici təcavüz olacaqsa və bunun nəticəsində nələr olacaq, – təcavüzkar ölkə özü haqqında, öz mənafeyi haqqında fikirləşir. Onlar Güney Azərbaycan haqqında fikirləşməyə gəlmirlər. Sadəcə olaraq Güney Azərbaycanda olan insanlar hansı dövlətdən necə, nə vaxt və hansı şərtlərlə yardım almaq haqqında fikirləşməlidirlər. Çünki dünyada qurulan dövlətlərin əksəriyyəti xarici dəstəyin hesabına qurulur.
II Dünya müharibəsi ərəfəsində 1937–1938-ci illərdə İranın yeni inzibati-ərazi vahidlərinə bölünməsi nəticəsində Güney Azərbaycan parçalanmışdı. Həmədan, Qəzvin və s. şəhərlər, onlarla Azərbaycan mahalı, 2500-dən çox kənd Azərbaycandan alınmışdı. Güney Azərbaycanda sosial-iqtisadi, siyasi durum çox ağır idi. Güney Azərbaycan iki inqilab yaşamışdı. O, artıq bir müharibə məktəbi keçmişdi. Çox təəssüf ki, həmin dövrdə Güneydə hərəkata başçılıq edə biləcək siyasi xadimlər yox idi. Nə qədər çətin olsa da, biz bunu deməliyik. Həmin dövrdə Güneydə ayrı-ayrı təşkilatlar yaranmağa başladı. Bəzi siyasi partiyalar İranın, yəni dövlətin siyasi qurumunun tərkib hissəsi idilər. Məsələn, İXP. Onun Güney Azərbaycanda bölmələri var idi. Baş Tehrana bağlı idi, Təbrizə bağlı deyildi. Sadəcə olaraq Güney Azərbaycan əvvəldən hadisələrin əsas iştirakçısı deyildi. Güney Azərbay-can ona ayrılmış yerdən istifadə etmək məcburiyyətində qalmışdı. SSRİ-nin Güney Azərbaycanda hərbi varlığı, həm də Güney Azərbaycana müstəqil addımlar atmağa mane olurdu. Onun müəyyən köməkçiləri var idi, bu danılmaz idi. Güneyə Quzeydən ayrı-ayrı ziyalılar gedirdilər və onlar təlimatlı şəkildə gedirdilər, Güneydə işlər görürdülər, milli ruhun oyanmasında maarifçilik işləri aparırdılar. Ancaq bu yönün özü də sırf milli zəminə söykənmirdi. Çünki Quzey Azərbaycanın özünün milli dövləti olmadığı üçün verilən təlimatlar Moskvadan gəlirdi. Moskva isə Güney Azərbay¬-canda Quzey Azərbaycan vasitəsiylə görmək istədi¬yini görürdü. Mərkəz tərəfindən Güney Azərbaycana qarşı ayrı-seçkilik özünü bütün sahələrdə göstərirdi.
Güney Azərbaycanda siyasi təşkilatlanma işi gedirdi. Bunun nəticəsində 1945-il sentyabrın 3-də ADF – Azərbaycan Demokratik Firqəsi yarandı. Çox təəssüf ki, hadisələrin sürətli inkişafına rəğmən Güney Azərbaycan içəridən qurula bilməmişdi. Vaxt məhdudiyyəti buna imkan verməmişdi. Pişəvəri, bildiyimiz kimi, bir jurnalist idi. “Ajar” qəzetinin baş redaktoru olmuşdu. 12 il “Qəsri-Qacar” adlanan həbsxanada siyasi məhbus həyatı keçirmişdi. Xalqı¬na, millətinə sevgi telləri ilə bağlı olan böyük türk ziyalısı idi. Ancaq nəzərə almaq lazımdır ki, istənilən insan siyasi məhbus həyatı yaşayırsa, 12 il dünyadan təcrid olunursa, o, insan kimi də çox şeyi itirir. Qazandıqları var, təbiidir. İtirdikləri də var. Əgər o, siyasi fəaliyyətlə məşğul olsa idi, ola bilər ki, AMH qurularkən onun ətrafı şaxələnmiş olardı, siyasi dillə desək, özünün bir komandası olardı. Bununla belə, dayanmadan gedən quruculuq işləri az şey demədi. Güney Azərbaycan insanı Milli Dövlətin, milli hakimiyyətin nə olduğunu anlamağa başladı. Əlbəttə, Milli Hökumətə yad baxışlar güclü idi. Çox təəssüf ki, 1946-cı ilin sonunda Milli Hökumət devrildi, – Mərkəzi hökumətin və belə deyək, birbaşa Amerikanın fəal iştirakı ilə. AMH-nin devrilməsində SSRİ, Amerika və İngiltərə xarici güclər kimi böyük rol oynadılar. Dünya birliyinə olunan müraciətlər nəticəsiz qalırdı. 1942-ci ildə Atlantik okeanında hərbi gəmidə “Atlantiya Xartiyası” adlanan sənəd ABŞ Prezidenti T.Ruzvelt və İngiltərə Baş Naziri U.Çörçill tərəfindən imzalandı. Bu sənəddə millətlərin öz müqəddəratlarını təyin etmək hüquqları da yer alırdı. Həmçinin insan hüquqlarının qorunması bu sənəddə yer alırdı. AMH bu sənəddən irəli gələn maddələrdən istifadə edərək, Dünya birliyinə müraciətlər etdi. Həmin müraciətlər Dünya birliyi tərəfindən qəbul olunmurdu.

Ağşın Ağkəmərli: Bu faciələrdən çıxmaq üçün bizim həyatımızda yeni bir düzən lazımdır. Bu düzəni isə yeni bir milli ideolojilik yarada bilər. Bizi, bu üçlüyü də bir araya gətirən məhz bu istəkdir. Keçmişlə bizim çağımız arasında fərqli bir məqam var. Və bu fərqli məqam bəri başdan deyim ki, Asif Atanın ideyalarının ortada olmasıdır. Asif Atanın meydana çıxması ilə biz ideoloji boşluqdan çıxmaq şansı əldə eləmişik. Bu boşluğu biz Milli Hökumətdə də görürük, Səttarxan Hərəkatında da görürük. Bu boşluqların nəticəsində başqalarının təsirlərinin altında qalırıq və uğursuzluqlarımız davam edir. Ona görə də biz bu mərhələlərdən keçərək, ideoloji bütövlüyə yetəriksə, inamla demək olar ki, əbədi dövlətçiliyimizin əsasını qoymuş olarıq. Daha XX yüzildəki kimi, yəni yüz il ərzində bir il, altı ay ömrü olan dövlət qurub (Güney Azərbaycanda) sonra yenidən yad təsirlər altında qalmarıq. Onun da qüsurlarının artıq tarixdə qalması bizlər¬dən asılıdır. Əgər biz, bu boşluqlara son qoymasaq, gələcəkdə də bu qüsurlar davam edəcək. Ona görə də ciddi şəkildə Millətləşmə mərhələsini keçməliyik. İnanıram ki, əgər Asif Atanın ideyaları XX yüzilin əvvəllərində olsaydı, bu gün biz babalarımızın səhvlərini aradan qaldırmağa yox, dövlətçili-yimizi həll etməyə çalışardıq. Yəni mərhələləri zaman baxımından xeyli qabaqlamış olardıq.

Soylu Atalı: Mən istəyirəm yenə söhbətin əvvəlinə qayıdam və bir neçə kəlmə Quzey Azərbaycanda yaranan Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı bir neçə məqama toxunam. Bizim bugünkü səslənişimiz Güney Azərbaycanla bağlı olsa da, XX yüzil Azərbaycanın aqibətinə vahid, bir tam kimi baxmaq lazım gəlir. Özəllikcə M.Ə.Rəsulzadənin rəhbərliyi altında yaranan dövlət, onun ictimai-siyasi əməyi, quruculuğu… Təəssüf ki, çağdaş Azər-bay¬can iqtidarı tərəfindən bu əmək həzm olunmur, qəribə, qısqanc bir münasibət var. Hətta inkar var. Halbuki ölkənin rəsmi binalarının üzərində dalğalanan bayraq Rəsulzadənin bayrağıdır. Bu məsələyə kifayət qədər münasibət bildirildiyi üçün təkrar etmədən başqa məsələlərə toxunaq. Azərbaycan Demokratik Cümhuriyyəti çox mürəkkəb bir tarixi şəraitdə quruldu. Elə bir şərait ki, başdan-ayağa Azərbaycanın müstəqilliyinə qarşı idi. Bəllidir ki, artıq kommunist ideologiyası işə düşmüşdü. Əhatəsi genişlənərək gəlib Qafqaza da yerimişdi. Artıq yurdumuzda ideoloji çəkişmələr gedirdi. Millətçilərin və kommunistlərin təbliğatı gedirdi. Ancaq bir şeyə diqqət yetirmək lazımdır ki, bolşeviklərin niyyətləri, qurmaq istədikləri quruluş özlərindən öncəki Rusiyanın təməl prinsiplərinə zidd deyildi. Onlar imperiyanı devirməyə gəlməmişdilər, idarəetməni dəyişməyə gəlmiş¬dilər. Sadəcə təbliğatları çox şirin idi, cazibəli idi. Əslində Bolşeviklər imperiyanı davam eləmək baxımından çar Rusiyasının varisləri idilər.

Ağşın Ağkəmərli: Siz çox gözəl bir məsələyə toxunduğunuz üçün yerindəcə bir neçə söz əlavə eləmək istəyirəm. Sizin dediyiniz kimi, bir imperiya o biri imperiyanı əvəz elədi. Sovet imperiyası ona görə qurulub 70 il yaşaya bildi ki, yeni bir ideolojilik ortaya çıxartdı. Bu isə Rusiyada təzədən bir canlanma əmələ gətirdi. Öz mövcudiyyətini təzədən ortaya çıxartmaq gedişi yaratdı. Bu ideologiya kommunizm idi. Bu ideolojiliyin təsiri bizə deyir ki, yurdumuzda da ideoloji boşluğu aradan qaldırmaqla hansı uğurları əldə eləyə bilərik. Bunun mümkünlüyü ağıllara daha yaxşı çatmalıdır.

Soylu Atalı: Tamamilə doğrudur. Mən elə fikirlərimi ora gətirmək istəyirdim. Bəli, bolşeviklər həmin ideologiyanın əsasında Azərbaycandakı milli quruculuğu önləyə bildilər. İdeoloji təbliğatlarının üstünlüyü ilə manevr edə bildilər, yurdumuzda xalq kütləsini aldada bildilər, M.Ə.Rəsulzadəni böyük bir maneə ilə üz-üzə qoydular. Ən əsası zəhmətkeş deyilən bir qüvvəni ələ ala bildilər. Asif Ata təəssüflə bildirirdi ki, bizim cümhuriyyət quran saf ziyalılarımız Bolşe-vik¬lərin yalançı fəhlə hakimiyyəti ideyasına qarşı zəhmətkeş-ləri ələ ala biləcək sanballı ideya ortaya qoya bilmədilər. Milli Hökumətin devrilməsinin başlıca səbəblərindən biri də elə bu idi. Əməkçi qüvvə aldadıldı – Bolşevizm yalanları ilə. Həm də bu təbliğat bizim içimizdə təkcə uzaqdan-uzağa eşidilmirdi, işi aparan kifayət qədər intellektual, savadlı, bacarıqlı adamlar bizim öz aramızdan idilər. Onlardan biri bayaq adı çəkilən Nərimanov idi. Nərimanov M.Ə.Rəsulzadə prinsiplərinin çökməsində çox ciddi rol oynadı. Təəssüf ki, bu gün aramızda çox ziddiyyətli, mürəkkəb təbliğatlar aparılır və çaşqınlıq yaradılır. Deyirlər Nərimanov vətənpər¬vər idi, millətçi idi, o, sadəcə olaraq Leninə aldandı. Bilirsinizmi, söz yox ki, onun hansısa ziyalı keyfiyyətləri var idi. Ancaq böyük məsələlərdə – millət, dövlət məsələlərində hətta saf adam belə, elə səhvlər edər ki, bu, xəyanətə bərabər olar. Adam özüylə, öz ailəsiylə bağlı səhv eləmir ki. Bir millətin taleyiylə bağlı səhv edir və millət yüz il əsarətə girməli olur. Axı kommunizm ideyaları bəlli idi. Burada millət söhbəti yoxdur. İslamda mücərrəd ümmət söhbəti kimi burada da mücərrəd vahid bəşər ideyası vardı – cəfəng və amansız. Millətin ləğvi üzərində qurulan quruluş Nərimanov¬lara nə vəd edirdi ki?! Nərimanov kimi intellektual adam bilmirdi ki, bu ideyanın insani-bəşəri əsası yoxdur?! Əgər biz Nərimanovu kommunizm yalanlarından süni şəkildə təcrid eləməyə çalışsaq, onda belə çıxır ki, o, kommunizmi dərk eləmirdi. Əlbəttə, bu yanaşma doğru deyil. O yaxşı bilirdi ki, “vahid bəşər” cəfəngiyyatında millət yoxdur. Bunu bilə-bilə o, necə millətsevər ola bilərdi. O, başqa cəhətdən aldana bilərdi, bu məsələdə isə aldanmaq üçün ciddi əsas yox idi. İdeya özü qabaqcadan konseptual olaraq bəlli idi. Ona görə də böyük qüsurları gizləməyə çalışmaq doğru deyil. Biz bayaqdan deyirik, tarixi fəlakətlərimizdən dərs götürmək lazımdır. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti tarixi fəlakətlərdən nəinki dərs götürür, əksinə, sanki fəlakətləri¬mizin üzərinə pərdə çəkir. Fikir verin, M.Ə.Rəsulzadənin heykəli, heç yerdə adı-sanı yoxdur. Bu, bizə Milli Dövlət qurmuşdu. Ancaq Nərimanov milli dövlətimizi yıxanlarla çiyin-çiyinə idi, heykəli şəhərin ən görkəmli yerində, adına metro, küçə, bağ-bostan doludur. Lap elə M.Əzizbəyov olsun. Onun adını daşıyan metrostan¬siyaya gündə minlərlə insan girib-çıxır. Burada metro söhbəti zahirən çox primitiv görünə bilər. Ancaq yadlığa xidmət eləyənlərin xatirələrini xalqa sırımaq, onların adlarını xalqın başının üzərinə qaldırmaq milli qüruru sındıran gedişlərdir. Belə şeylərə yol vermək olmaz. “Fəlakətli xalq” adını üzərimizdən bir qırağa qoymaq üçün zaman-zaman gərəkən addımlar atmaq lazımdır.
Ona görə də deyə bilərik ki, bugünkü dövlətimiz millətçilik baxımından M.Ə.Rəsulzadənin dövlətçilik ənənəsi üzərində formalaşmayıb. Hələ biz başqa məsələləri demirik, siyasəti, strateji hədəflərin müəyyənsizliyini demirik, ölkədəki başqa zərərli faktorları demirik. M.Ə.Rəsulzadənin ləyaqətini bu xalqa sevdirmək əvəzinə, ona qarşı olanlar başımızın üzərinə qaldırılır. Belə çıxır ki, Rəsulzadəyə qarşı olan şəxslər, hadisələr bu xalqa daha çox gərəkdir. Belə yalanlarla biz sabaha gedə bilmərik. Yuxarıda adları çəkilən¬lərin Azərbaycan xalqına, dövlətinə heç bir önəmi yoxdur, imperiyaya önəmi var. Onların düşüncəsi Azərbay¬can¬çılıqdan qırağa çıxmışdı, bunları bilmək və bildirmək çox önəmli bir məsələdir. Bu gün həyatımızda cərəyan eləyən hadisələrin heç biri milli ənənələrin, milli istəklərin üzərində dayanmır. Lap götürək Güney Azərbaycanı. Orada gedən proseslər var. Və bu proseslər qeyrət məsələsidir, bu proseslər azadlıq istəyidir, insanlarımızın həyatında ağır durumun doğurduğu fəryaddır. Ancaq gəlin baxaq görək, bu gün gedən proseslər doğrudanmı Səttarxançılıq Hərəkatı üzərində formalaşır, yaxud Pişəvəri Hərəkatı üzərində. Məsələn, Səttarxançılıq üzərində deyəndə mən nəyi nəzərdə tuturam?! – Səttarxan¬çılıq Hərəkatında vahid bir xətt vardı. Baxmayaraq ki, onun strateji səhvləri ortaya çıxdı. Ancaq ciddi birlik vardı. Elə Pişəvəri hərəkatında da hökumət qurulmasıyla sonuclanan bir xətt vardı. Bu nöqteyi-nəzərdən bu gün Güney Azərbaycanda gedən proseslərdə vahid xətt yoxdur, birlik yoxdur. Ona görə də çox işlər getməlidir. Çoxlu təşkilatlar, qruplar, partiyalar yaranır. Vahid birlik yaranmır. Onları yalnız ümumi Azadlıq məsələsi nəzəri olaraq birləşdirir. Bu da adamda bir təəssüf hissi doğurur. Və bundan da xarici qüvvələr istifadə eləyə bilirlər – bu boşluqlardan. Ona görə də Ağşın bəyin dediyi o ideoloji boşluqlar kənar qüvvələri çəkib bizim içimizə doldura bilir.
Ağşın Ağkəmərli: Məsələnin pis cəhəti onda idi ki, bizim içimizdə aldanan qüvvələr vardı. Nərimanovlar təkcə bu tayda deyildi, o tayda da vardı. Əgər o ideologiyaya aldananlar olmasaydı, hesab edirəm ki, nə Rusiyanın öz qüvvəsi, nə də II Dünya müharibəsi onu bu fəlakətdən – parçalanma fəlakətindən qurtara bilməyəcəkdi. Biz yaxın tarixdə görürürk ki, Osmanlı imperiyasının dağılması 20-yə qədər ərəb və digər dövlətlərin yaranmasına səbəb oldu. Bəs o niyə dağıldı?! – Daxildə də çox ziddiyyətli problemlərin əmələ gəlməsinə baxmayaraq, burada da ideologiya məsələsi ciddi rol oynadı. İslam ideologiyasının artıq vaxtı keçmişdi. İslam ideologiyası daha o qlobal mahiyyəti daşımırdı – ərəbi, yunanı, nigeri gətirib bir arada birləşdirmək təsiri yox idi. O artıq tarixi ömrünü başa çatdırmışdı. Ancaq mürtəceliyi baxımından İslam ideologiyasından fərqlənməyən “dünya proletarları birləşin” şüarı ilə yeni bir Rusiya imperiyası canlanmağa başladı.

(ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv