Ənvər BÖRÜSOY. Noqay Türkləri yenidən ayaqda

Bu türk toplumu milli səfərbərliklə assimliasiyanın qarşısını almaq istəyir.
Aprelin 13-də Dağıstanın Noqay rayonunun Terekli Mekteb qəsəbəsində Noqay Federal Milli Mədəni Muxtariyyətinin yaradılması və bu yöndə Rusiya Federasiyası boyunca bütün soydaşların səfərbər olunması üçün böyük bir qurultayın keçirilməsi haqqında qərar verildi. Çeçenistan, Qaraçay-Çərkəz, Dağıstan, Kalmıkstan respublikaları ilə yanaşı, Stavropol və Həştərxan vilayətlərində yaşayan noqayların milli qurumları da bu yöndə bir araya gəlmək üçün razılıq vermişlər.

Qurultayın keçirilməsində əsas məqsəd noqayların milli hüquqlarının bərpası, ana dilində tədrisin bərpa olunması və mədəni dəyərlərinin qorunması, assimliasiya siyasətinin qarşısının alınması və digər müvafiq tədbirlərin görülməsi haqqında vahid strategiyanın tətbiq edilməsinə nail olmaqdır.

Noqaystan – Yurdum Mənim
Noqay Eli yurdum mənim,
Bozkırlardır canım mənim.
Dombardır ruhum mənim,
Dəşti Qıpçaq yolum mənim.

Hər bir noqay türkü bu misraları əzbər bilir. Bütün noqay toylarında, məclislərində bu mahnı həmişə xorla oxunur. 1920-ci illərin sonlarında İosif Stalinin qərarı ilə noqaylara məxsus ərazilər bir neçə inzibati regionlar arasında bölünübdür. Noqay türkləri beləliklə Dağıstan, Çeçen-İnquş, Kalmıkstan respublikalarının, Stavropol və Həştərxan vilayətlərinin arasında bölünmüş bir durumda yaşamağa məcbur edilmişlər. Bütün bunlar azmış kimi, böyük və əzəmətli tarixə malik olan noqaylar həmin bölgələrdə süni şəkildə “milli azlığa” çevrilmişlər. Elə bu dönəmdən başlayaraq, noqaylar ana dilində təhsil almaq və milli mədəni hüquqlarından məhrum edilmişlər. 1991-ci ildən sonra, noqaylar daha dəhşətli və dözülməz həyat şəraiti ilə qarşılamışlar. Bu, onların ağır sosial və iqtisadi həyatla üzləşdikləri və dəhşətli əzablarla müşahidə olunan yeni həyat tərzində duyulmaqdadır. Bütün bunlar azmış kimi, məşhur Noqay Çölünün başqa xalqlar tərəfindən mənimsənilməsi siyasətinin son zamanlar gündəmə gəlməsi artıq noqayların gərilmiş əsəblərinə səbəb olmuşdur. Belə bir siyasəti dərinləşdirməklə, noqayların digər regionlara məcburi şəkildə miqrasiyasına səbəb olacağını hər kəs aydın şəkildə görür.
Qaraçay-Çərkəz Respublikası Noqay şəhərinin Erken Şəhər qəsəbəsində Noqay El təşkilatının bu yöndə keçirdiyi toplantıda bildirilmişdir ki, bütün dünyada təkcə Qaraçay-Çərkəzdə noqayların milli və mədəni hüquqları tanınır. Ən azından burada noqay dili dövlət dili statusunu qazanmışdır. Noqaylar burada öz ana dillərində təhsil almaq, milli mədəni təsisatlarını yaratmaq və bütün bunların dövlət tərəfindən maliyyələşdirilməsi kimi hüquqlara malikdirlər. Yazıçılar Birliyində noqay bölümü, Elmlər Akademiyasında noqay tarixi, ədəbiyyatı, dili, etnoqrafiyası ciddi şəkildə tədqiq olunur.
Noqayların yenidən qurultay keçirməklə ən azından tarixi Noqaystan ərazilərində heç bir mövcud inzibati strukturlara qarşı çıxmadan, özlərinin milli və mədəni hüquqlarının rəsmi şəkildə tanınması, elə bu coğrafiyanın hüdudları daxilində inteqrasiyanın inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Belə bir taktiki gediş nə Dağıstan, Çeçenistan, Kalmıkstan respublikalarında, nə də Stavropol və Həştərxan vilayətlərində heç bir etiraza səbəb olmamışdır. Bununla da noqayların növbəti qurultayına qarşı hər hansı siyasi və inzibati təxribatlar da gözlənilmir. Noqaylar bu qurultayda Qaraçay-Çərkəzdə malik olduqları hüquqların noqaylara məxsus digər ərazilərdə rəsmi şəkildə tanınması tərəfdarı kimi çıxış etməyi əsas hədəflərdən biri olaraq görürlər.
Noqay – Federal Mədəni Muxtariyyəti elə milli bütünlükdür
Noqay El təşkilatının liderləri Valeri Kazakov, Qaziməhəmməd Yanbulatov və Ağaəli Kanaev bildirirlər ki, düz 15 ildir noqayların milli-mədəni təsisatları iflic vəziyyətdədir. Bu azmış kimi, noqaylara məxsus regionlarda sosial-iqtisadi həyat tərzinin ağır olması səbəbindən hər il gənclər məcbur olaraq iri şəhərlərə miqrasiya edirlər. Beləliklə onlar öz doğma torpaqlarından uzaqlaşdıqca, həm də assimliasiyaya məruz qalırlar. Biz növbəti qurultayımıza sadəcə ziyalıları, noqay milli təşkilatlarını deyil, həm də noqaylara məxsus inzibati ərazilərin yerli hakimiyyətlərini, məşhur işadamlarımızı da dəvət etmişik. Mövcud problemləri həll etmək üçün qərarlarımızı birlikdə verməliyik. Qurultayımıza bir zamanlar ruslaşaraq “rus kazakları” adlanan, son illərdə isə öz milli kimliklərinə dönmək istəyən, hətta məşhur NOQAYBEK soyundan olduqları ilə öyünən rus kazak təşkilatları da qatılacaqlar.
Məşhur noqay etnoqrafı, görkəmli alim Dağıstan noqaylarının Birlik Təşkilatının sədri Yanqurçi Acıyevin fikrincə Noqay Federal Milli Mədəni Muxtariyyətinin bütün regionlar üzrə nümayəndəliklərini yaratmaqla ortaq fəaliyyət proqramları çərçivəsində hərəkət etmək ən doğru yoldur. Çünki, Stalinin 1928-ci ildə noqaylara məxsus torpaqların bir neçə inzibati ərazilərə bölməsi ucbatından indi tarixi Noqaystan ərazisini bərpa etmək mümkün deyil. Bu yöndə irəli sürüləcək hər hansı bir təşəbbüs dərhal yeni Qafqaz Savaşına səbəb olacaqdır. Bizim əsas məqsədimiz isə müstəqil şəkildə milli kimlik prinsiplərini elmi, ictimai və sosial mənada qorumaq və inkişaf etdirməkdir. Bu yöndə ilk dəfə olaraq bizlər Dağıstanın Babayurd rayonunda Novruz Bayramını rəsmi şəkildə qeyd etdik. Bu milli bayramı qeyd etmək 1930-cu illərdən indiyə qədər bizlərə yasaq etmişdilər. Elə Novruz Bayramının sayəsində bütün soydaşlarımızı bir araya gətirə bildik.
Həştərxan vilayətindəki Edige – Noqay Milli Mərkəzinin sədri Eldar İdrisov noqaylar arasında milli səfərbərlik yönündə hər ilin, hər ayın kütləvi tədbirlər proqramların həyata keçirilməsi istiqamətində bir sıra layihələri qurultaya təqdim edəcəyini bildirdi. Çünki, bu prinsiplər əsasında fərqli inzibati bölgələrdə yaşamağa məcbur edilən bir toplumu məhz bu yolla milli bütünlük yolunda səfərbər etmək mümkündür. Bir sıra internet resurslarının yaradılması artıq bu yolun başlanğıcı da hesab olunur. Bununla yanaşı, Qazaxıstan, Qırğızstan, Azərbaycan və Türkiyədəki noqayların da tarixi Noqaystan torpaqlarında keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirakını təmin etmək üçün hazırlıqlar görülür.
Qurultayda noqaylara məxsus ərazilərin digər xalqların nümayəndələri tərəfindən zəbt olunmasının qarşısını almaq üçün vahid strategiyanın tətbiq olunması gündəmə gətiriləcəkdir. Noqayların ən çox şikayət etdiyi bölgə isə Dağıstan hakimiyyəti və məmur mafiyasıdır. Onlar müxtəlif şirkətlər adı ilə noqaylara məxsus torpaqları mənimsəmək siyasətini aparırlar. Hələ ki, buna nail olunmasa da, istənilən zaman belə bir təhlükə gözləniləndir. 2011-ci ilin iyun ayında Noqay rayonunun ərazisində Dağıstan hökuməti şəkər zavodu tikmək bəhanəsi ilə, noqaylara məxsus 100 min hektar torpaq sahəsini ələ keçirməyi hədəfə almışdılar. Noqaylar ekstremal vəziyyətdə qurultay keçirərək belə bir təşəbbüsün qarşısını ala bilmişdilər. Dağıstandakı məmur mafiyası hətta bölgəyə ağır hərbi texnikaları belə cəlb edərək noqayları qorxu və vahimə şəraitində yaşamaları üçün müəyyən addımlar da atmışdılar. Sibirin Yamal-Nenets və Xantı-Mansı bölgələrinə bir zamanlar Stalinin qərarı ilə sürgün edilmiş noqayların milli hüquqlarının tanınması yönündə də qurultayda bir sıra təkliflər irəli sürüləcəkdir.
Say etibarı ilə noqaylar özlərinin 7-ci milli qurultaylarını keçirəcəklər. Noqaylara məxsus Şelkovski (Çeçenistan), Kizlər, Tarumov, Qayasulu, Açıqulaq (Dağıstan) rayonları faktiki olaraq bu gün onların əlindən alınmışdır. Qurultayda həmin rayonlarda indi milli azlığa çevrilmiş (çünki, dağlıq ərazilərdən digər toplumların burada yerləşdirilməsi siyasəti olaraq noqaylar öz tarixi ərazilərində azlıqda qalmışlar) noqaylar ən azından milli-mədəni hüquqlarının inkişaf etdirilməsi şərtləri əsasında hərəkət edəcəklərini bildirirlər.
Etnomədəni sosial birilyin təməli
Noqayların assimliasiya siyasətinə qarşı dirənişləri ilk dəfə 1990-cı ildə məşhur alim Balbek Keldasov və Murad Avezov tərəfindən irəli sürülmüşdü. Həmin dönəmdə Birlik – Noqay Milli Hərəkatı yaradıldı və bunun ardınca Noqay, Karanoqay və Türkmen adı altında bölünmüş bu toplumun etnomədəni və sosial mənada bütünlüyü uğrunda ötən müddət ərzində xeyli uğurlara nail ola bildilər. 2 may 2011-ci il tarixində yekun nöqtəsi olaraq bu istiqamətdə qurultay da keçirildi. Bir zamanlar Dəşti Qıpçaq (Dunay çayı və Sırdərya çayı aralığı) çölünün tək hakimi olmuş bu türk toplumu həm də iki soyun, oğuz və qıpçaqların vahid etnos şəklində uzlaşdığı ən mühüm bölgələrdə yaşayırlar. İndinin özündə belə, Don, Dnepr və Dunay çaylarının qıyılarındakı Kuban, Taman və Krımın bozkırlarında noqaylar ənənəvi tarixi həyat tərzini davam etdirirlər. Sərt repressiya illərində İrtış, Volqa, Emba sahillərinə sürgün olunan noqaylara fərqli toplumların adını daşıması yarlıqları da vurlumuşdur. Uysun, uyğur, nayman, kereyt, kıpçak, kanqlı, as, mantı və sair adları göstərmək olar. Hal-hazırda noqayların bir etnos kimi sadəcə Sulak Terek və Sunja çaylarının vadisində mövcud olmalarını qəbul etməklə yanaşı, digər bölgələrdə milli kimliklərinin inkar edilməsi gerçəkdən noqay milli təşkilatları tərəfindən etirazla qarşılanır. Tarixi əraziləri müxtəlif bölgələrə bölünən noqayların sayı da yerli hakimiyyətlər tərəfindən süni şəkildə az göstərilməkdədir. Guya bu toplumun bütün Rusiya boyunca sayları 100 min nəfərdən çox deyil. Halbuki təkcə Həştərxan vilayətində noqayların sayı 170 min nəfərdir. Bunu noqaylara məxsus kəndlərin və qəsəbələrin əhalisinin sayını yerli milli təşkilatlar təsdiq etmişlər. Dağıstan, Çeçenistan, Kalmıkstan və Stavropol vilayətində, eləcə də Xantı Mansi, Yamalo Nenets bölgələrində və Krım, Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızstan da daxil olmaqla noqayların sayları toplam 700 min nəfərdir.
1920-ci ildə Sovet Rusiyasının tərkibində Noqaystan Milli Muxtar Respublikasının yaradılmasına normal yanaşılırdısa, sonradan stalinizmin qatı antitürk siyasətinin nəticəsi olaraq onların torpaqları bir neçə region arasında bölüşdürülmüşdür. Sonuncu dəfə noqayların torpaqları 1957-ci ildə Rusiya hökumətinin qərarı bir neçə fərqli inzibati ərazilərə daxil edilmişdir. Əsasən maldarlıqla məşğul olan noqaylar Böyük Noqay Çölünün tək sahibi olaraq qalmaqda davam edirlər. Etnomədəni və sosial bütünlüyə doğru yenidən səfərbər olunmaqla həm də etnosoyqırım siyasətinin qarşısını almaq üçün tədbirlər görməyə başlanılmışdır. Bununla da ən böyük problem olaraq görülən etnodemoqrafik, assimliasiya, sosial və iqtisadi problelmlərin həllinə kompleks yanaşmaqla regionda yaşanılan ağırlıqların qarşısını bir millət olaraq almağa çalışılır. Bir zamanlar Şal Kiyizoğlu, Asan Kayğılı, Dosmanbet Azavlı, Kaztuvqan Suyinişoğlu, Sarkınbay Krımlı, Sıdıkbay Alkaydar, Oraz Aytmanbetoğlu, Arslan Şabanoğlu, Bəymirzə Manaloğlu kimi məşhur noqay maarifçiləri tarixi Noqaystanda bu türk toplumunun milli bütünülüyünü həm də milli şərəf olaraq irəli sürmüşdülər. Son 20 ildə bu tarixi yaddaş yenidən ümummilli dəyər olaraq qəbul edilməyə başlamışdır. Hal-hazırda noqaylar Birlik, Edigey, Er Taqıl, Şora Batır, Er Kusel, Er Kosay, Karasay Kazı, Er Kökşe, Noqay El, Noqay Çöl və digər onlarca sayda noqay milli təşkilatları Noqay Federal Milli Mədəni Muxtariyyətinin yaradılmasını fəal şəkikldə müdafiə edirlər. Noqayların atalar sözündə deyildiyi kimi “Dünya bılay turmaz” fəlsəfi düşüncə tərzi indi tədricən icitmailəşməkdə və inkişaf etməkdədir. Ünlü balkar şairi Kaysın Quliyevin çox gözəl bir fikri var: “Dombrasız noqay olmadığı kimi, Noqay Çölü də noqaysız ola bilməz”. Noqayların tək istədiyi budur.

Bakı-Noqay-Terekli Məktəb-Bakı

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv