Bakının qurtuluşu – Türklüyün qurtuluşu idi

Ürəyinizdə Günəş olsun!

Sovetlər Birliyi dağılandan  üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri sağalmır. Axı bu, hardan qaynaqlanır?! Bu və başqa suallara cavab tapmaq üçün Müxalif düşərgənin tanınmış siması Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının münasibətlərini öyrənib təqdim edirik. Burada biz tarixi faktları sadalamırıq, bu faktlar zaman-zaman hərtərəfli deyilib. İndi isə məsələnin mahiyyəti üzrə danışacağıq.

   İlk sualım Xaliq bəyədir.

 –           Xaliq bəy, erməni-türk münasibətlərinin kökü hara dayanır, sizcə, bu məsələ nə vaxtacan davam edəcək?

 Xaliq Bahadır: Min illər öncə Strabon demişdir: -Erməni qonşusunun ayağının altını qazımağa  öyrəşmişdir. Ermənilərin başlıca xarakterik özəlliklərindən biri budur: qonşuya xəyanət. Kökü uzaqlara gedən türk-erməni düşmənçiliyi türklərin ermənilərə deyil, ermənilərin türklərə düşmənçiliklərindən, xəyanətlərindən başlayıb. Türk-erməni konfliktləri ermənilər özlərinə türklərdən güclü arxa tapanda başlayıb. Türklər tarix boyu güclü olub, güclü imperiyaları olub. Ermənilər də türkün ürək genişliyinə görə bu imperiyaların içərisində çox yaxşı yaşayıblar. VII yüzillikdə Albaniya Qafqazın ən güclü dövləti idi. Ermənilər bu dövləti 705-ci ildə xəyanət yolu ilə – ərəblərə çuğulluq etməklə dağıtdılar…

 XIX yüzildə, Osmanlı Türkiyəsinin gücsüzləşən çağlarında ermənilər baş qaldırmağa başladılar. 1863-cü ildə Türkiyənin Zeytun bölgəsində ermənilər 600 türk əsgərini qırdılar. Bu qırğının arxasında Türkiyəni parçalamaq planlarına baş vurmuş bir sıra Avropa dövlətləri dururdu. Avropalılar  xarakterik özəlliklərinə uyğun olaraq ermənilərdən alət kimi yararlanmışdılar. Osmanlı Sultanı erməni xəyanətlərinə uzun sürə göz yumaraq onların gec-tez yola gələcəyini düşünmüşdü. O, erməniyə özünün yurddaşı kimi baxırdı. Ermənilərin çoxlu sayda deputatları, baxanları var idi. Sultan Türkiyəsinin ekonomikası  ən çox ermənilərin əlində idi. Ermənilərin azğınlığı getdikcə bütün sınırları aşırdı. Beləliklə, Sultan Türkiyəsi ölkədə dinclik yaratmaq üçün gərəkən addımları atmalı oldu. Bu addımlardan biri də erməniləri qarışıqlıq yaratdıqları bölgələrdən köçürüb uzaqlaşdırmaq idi. Ancaq İngiltərə ilə Rusiya başda olmaqla bir sıra Avropa yardımları, qızışdırmaları erməniləri gündən-günə qudurdur, onlar Türkiyənin ayrı-ayrı yerlərində qırğınlar törədirdilər. 1915-ci ilədək belə oldu. 1915-ci ildə Osmanlı Türkiyəsi  xalqı, dövləti qorumaq üçün kəskin addımıar atmalı oldu. Ermənilər, erməniyönlü dünya nə ad verir-versin, Türkiyənin 1915-ci ildə ermənilərlə-erməniliklə bağlı etdiklərinin bir adı var: özünüqoruma! Türkiyənin Qars bölgəsində, əski Azərbaycan torpaqlarında, ermənilərin dinc xalqı – Azərbaycan türklərini ucdantutma qırmaları faktından danışan yoxdur. Bizim özümüz də Qars qırğınlarından Qarsdakı etnik təmizləmə faktından uzun illər danışmamışıq, susqun qalmışıq. Ermənilər Antatanta güclərinə arxalanaraq Qarsı qana bələmiş, qanlı qırğın yolu ilə bu bölgəni boşaltmış, bütöv bir bölgəni yandırılmış yurd yerinə çevirmişdilər. Bəlli olduğu kimi, ermənilər Qars qırğınına bənzər qırğınları Quzey Azərbaycanın bir çox bölgələrində, eləcə də Güney Azərbaycanın Urmiya, Maku, Xoy bölgələrində də çoxsaylı qanlı qırğınlar törətmişdilər.

    Bu gün Azərbaycanda  15 sentyabr olayları ilə bağlı danışanda Osmanlı ordusunun Azərbaycanı işğal etmək üçün gəldiyini deyənlər var. Bilmək gərəkdir: Türkiyə qoşunlarını Azərbaycana ADR hökuməti çağırmışdı. Onlar gəlib bizə arxa durdular. Onlar bizi ölümdən, yox olmaqdan qurtardılar. O çağlar Türkiyə özü çox çətin durumda idi. I Dünya savaşının başlanmasında Türkiyə faktorunun ayrıca rolu olmuşdu. Birbaşa Türkiyənin özü bu savaşla bağlı gəlişmələrə qatılmasa da, o çağkı aparıcı dövlətlərin savaş planlarında  başlıca yer tuturdu. Plan belə idi: Rusiyanın əlilə qabaqca Almaniyanı (Prussiya ilə birlikdə) çökdürmək, sonra yenə Rusiyanın əlilə Türkiyəni parçalamaq. O çağlar Alamaniya getdikcə güclənirdi. İngiltərə bundan qorxuya düşmüşdü. II Nikolayla belə danışmışdılar: İstanbulu boğazlarla  birlikdə sənə veririk, sən Almaniya ilə savaşa başla. Stolıpin reformalarının sonucu olaraq Rusiya çox güclənmişdi. Ingiltərə də, Fransa da Rusiyanın güclənməsini istəmirdi. Buna görə də onlar Rusiyanı qabaqca Prussiya, sonra Almaniya ilə savaşa soxdular. Bu yolla onlar Almaniya-Prussiyanı da, Rusiyanı da savaşdırıb gücdən salmaq istəyində idilər. Ancaq Almaniya Rusiyada leninçi-bolşevik devrimi törətməklə onların planlarını pozdu, İstanbul qurtuldu. Bununla belə, Türkiyə Almaniya ilə birlikdə olduğu üçün yenilmiş dövlət sayılırdı. Türkiyə ilə bağlı anqlosaks birliyinin başqa bir planı da vardı. Bu plana görə, Türkiyənin 6 vilayəti ermənilərə verilir, Diyarbəkir başda olmaqla Türkiyənin doğu bölgəsində Kürdüstan yaradılır, başqa sınır bölgələri də başqa cür pay-püşk edilirdi. Beləliklə, Türkiyə bir neçə yerə parçalanmaqla yalnız Anadolu içində qalırdı. Gerçəkdə Türkiyəni parçalamaq Türk Dünyasını parçalayıb gücdən salmaq demək idi. Bax, Türkiyə belə ağır durumda ola-ola Azərbaycana qoşun göndərib erməni vəhşiliklərinin qarşısını aldı. Biz, bir dövlət olaraq bu faktı hələ də gərəyincə dəyərləndirməmişik. Bakıdakı Şəhidlər xiyabanında 1130 Türkiyəli şəhidin adı var. Qaldı, bu haçağadək çəkəcək, deyirəm: Türk Dünyası bir araya gəlib güclənənədək. Erməni Türkün üstünlüyünü, çox güclü olduğunu görəndə çəkilib yerində oturacaq, girəvə gözləyə-gözləyə Türklə “qardaşlıq, mehriban qonşuluq” yollarını arayacaq.

 Yasin Türksoy: Soylu bəy, erməni-türk konflikti türk birliyinin qarşısını ala bilirmi?

 Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu məsələni  deməzdən öncə, bir neçə kəlmə münasibətlərin anatomiyası ilə bağlı demək istəyərdim. Burada biz sırf milli kontekstdən çıxış eləməyimizə baxmayaraq, yürütdüyümüz fikirlər antibəşəri xarakter daşımır, daşıya bilməz. Biz milli məsələnin həllini  bəşəri humanizm prinsipləri  əsasında çözürük.  Hələ Avropa erasından əvvəl  ermənilərin milli qəhrəmanı sayılan II Tiqran onun-bunun torpaqları hesabına Ermənistan dövləti yaratmışdı. O, bu dövləti 15 il əldə saxladı, ancaq Roma imperatoru Marsel Tiqranı Vizantiyadan Romaya qədər atının quyruğunda sürüdükdən sonra Erməni dövləti qurtardı. Məsələyə mahiyyəti yönündən yanaşanda ortaya sual çıxır  – ermənilər bu dövləti hansı ənənələr əsasında, hansı dəyərlərə söykənərək yaratmışdılar?!  Burada bəşəri humanizmə zidd gedişlər nədən ibarət idi?! Erməni dövlətinin yaranmasına dirəniş göstərilməli idi, göstərilməməli idi?! Humanizm baxımından yanaşanda soruşula bilər, yaxşı bu millət nə etməlidir, dövlət qurub yaşamağa haqqı yoxdurmu? Biz bundan öncə də yazılarımızda vurğulamışıq ki, dövlət yaratmaq sadə bir proses deyil. Təsəvvür edin, II Tiqrandan yüzillər sonra Azərbaycanla Türkiyənin ortasında Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaratdılar. Kim yaratdı bu dövləti  – antitürk qüvvələr. Guya onlar humanistdirlər və bəşərin bir toplumunun qeydinə qalıblar. ABŞ, Rusiya, qeyriləri bu qədər humanist, qayğıkeşdirlərsə qoy ABŞ-ın bir ştatında, yaxud geniş Rusiya çöllərinin bir hissəsində erməni dövləti yaratsınlar… Qeyd etmək lazımdır ki, erməni toplumu dövlət yaratmaq və onu yaşatmaq iqtidarında deyillər. Bu dövləti onlar üçün bəlli qüvvələr yaradıb və onlar da qoruyur. Bunu biz tarixi bilgilərdən də, gerçək müşahidələrimizdən də əsaslandıra bilirik. Baxın, ermənilərin tarixi mövcudluğu uzaq keçmişə dayansa da, onlar bəşəriyyətə böyük mədəniyyət, böyük dəyər verməyiblər. Dövlət isə böyük mədəniyyət və böyük dəyərlər üzərində qurulur. Tarix boyu ermənilərin dağıdıcılıqdan başqa ciddi əməlləri olmayıb. Onlarda xalqlararası münasibətlərə gərək olan hansısa bir keyfiyyət aşkarlamaq mümkün deyil. Heç kim elə bir tarixi fakt ortaya qoya bilməz ki, hansısa bir xalq ermənilərdən bəşəri yöndə bəhrələnə bilib. Sanki bu millətin xarakteri dağıdıcılıq tələblərindən yoğrulub. Ona görə də bu millətin dövlət yaratması özünü doğrultmur. O nə dövlətdir ki, əvvəldən axıra qədər bəşəri humanizmə qarşı dayanır… Bu baxımdan hesab edirik ki, bir sıra kiçik toplumlar ayrı-ayrı dövlətlərin tərkibində yaşamaları ilə barışmalıdırlar. Böyük, tarixi xalqlar oturuşublar. Hər kəsin bəlli vətəni var. Planetimiz tarixi qədim xalqların vətəni kimi artıq bölünüb. Süni şəkildə xırda-xırda dövlətlər yaratmaq  ümumi bəşəri nizama ancaq zərər verir. Başqa bir tərəfdən, axı  yaradılan xırda dövlətlər dağıdıcı, pozucu əməllər üçün yaradılır, dinc məqsədlərlə öz müqəddəratını həll eləmək üçün yaradılmır. Dediyimiz kimi, erməni tipli toplumların öz yerini tapması yönündə dəyər gücü, mədəniyyət gücü mövcud deyil.  Həm də, axı mən öz evimi necə başqasına verə bilərəm?!  Heç bir bəşəri dəyəri olmayan balaca toplumları qızışdıranlardan soruşmaq gərəkdir:  necə sən humanistsən ki, tarixi xalqları məhv eləmək, böyük mədəniyyətləri sıradan çıxartmaq hesabına balaca toplumlara haqq-hüquq quraşdırırsan?!  Bəşər mədəniyyətinin inkişafında aparıcı rola malik bir xalqıq. Sivilizasiyaların başlanğıcı olan Şumer mədəniyyəti bizə aiddir. Bax, məsələyə bu nöqtədən yanaşmaq gərəkdir. Türk nə erməninin yağısıdır, nə kürdün, nə də qeyrisinin. Elə görüntü yaradırlar ki, guya avropalılar humanistdirlər, türklər isə vəhşi. Ancaq məsələnin mahiyyətinə dərindən yanaşanda kimin vəhşi, kimin humanist olması üzə çıxır. Biz yeganə millətik ki, heç vaxt şovinist olmamışıq. Siyasi basqılara uğramışıq, özümlüyümüzdən ayrılmışıq, döyülmüşük, söyülmüşük, ancaq heç bir topluma qarşı şovinist addımlar atmamışıq. Hər bir etnik topluma özümüzə yanaşan kimi yanaşmışıq. Başqa xalqlar, içərisində olan etnik toplumlara qarşı assimilyasiya əməlləri həyata keçirib, mədəniyyətini sıxışdırıb, özünü sıxışdırıb və s. Tarixin heç bir dönəmində bizdə belə əməllər tapmaq mümkün deyil.  Bəlkə də Azərbaycan olaraq onlarla yerə parçalanmağımızın başlıca səbəbini elə burada axtarmaq lazımdır –humanist xarakterimizdə.  Siyasi dünya özümüzün humanistliyimizlə başımıza oyunlar açır. Nadir milli keyfiyyətlərimizi dünya dəyərləndirmək əvəzinə, bizi sıradan çıxarmağa çalışır. Bu cəhətdən yanaşanda bəlli olur ki, Türk Birliyinin yaranması məsələsi erməni-türk münasibətlərinə dayanmır, öz içinə bəslədiyi  münasibətə dayanır.  Bir epizod deyim (əvvəl bu məsələlərə vurğu eləmişik), Sovetlər birliyi dağılandan sonra  türk birliyinin zərurəti ortaya çıxdı. Bunun gələcəyini hesablayan  antitürk qüvvələr  başqa oyunlar işə saldılar. Türkiyə kimi oturuşmuş bir dövlətimizin başına islamçı Ərdoğanı gətirdilər ki, türk birliyinin inkişafının qarşısını alsınlar. Ərdoğan üzünü türklüyə deyil, müsəlmanlığa tutub. Ona göstərişi Amerika verir. Tamamilə yönü dəyişdilər. Bu xəyanətdir. Baxın, demokratiya bağıran dünya necə olur ki, Orta Asiya türklərini “demokratikləşdirir”, Türkiyə kimi dünyəvi dövləti təzədən islamlaşdırır?! Bəs deyirlər dünyada müsəlman-xristiyan qovğası gedir. Bu oyunların xarakterini dərk eləmək lazımdır. Oyunlar türk birliyini dağıtmağa hesablanıb. Üzdə türk birliyi adına atılan addımlar təəssüf ki, şüar səviyyəsindən qabağa getmir. Daxili intibah yox, ciddi maarifçilik əməlləri yox, strateji siyasi planlar üzərində iş getmir. Yalançı konfranslar, türk mədəniyyəti adına binaların açılışı… ay qardaş, bunlar siyasi quruculuğun tələblərindən çox aşağıdır axı!.. Ona görə bilmək gərəkdir ki, bizim davamız erməni adlanan toxmaqla deyil, onun arxasında duran qüvvələrlədir.

 Yasin Türksoy: Xaliq bəy, çağdaş Azərbaycan və Türkiyə hökumətləri bu məsələni çözmək istiqamətində hansı işlər görürlər?

 Xaliq Bahadır: Ortada söz var, iş yoxdur – iş görülmür. Danışıq var, ritoroika var, iş yoxdur. İndiyədək türk birliyi alınmayıb. Bizim danışdığımız türk birliyi Turan deyil. Türk birliyindən danışanda çoxlarının canına qorxu düşür: “Turan”dan danışılırmış kimi. Biz çağdaş dünya düzəninə uyğun birlikdən danışırıq – Avropa Birliyi kimi  birlikdən. Sovetlər birliyi dağılandan sonra biz türk dövlətləri olaraq bir-birimizə yaxınlaşmaq yerinə, bir-birimizdən daha da uzaqlaşdıq. Yalnız əlifbamızla yaxınlaşa bildik, o da yarımçıq oldu. Bundan başqa bizi birləşdirməyə yönəlmiş bir fakt yoxdur ortada. Hələ 30-cu illərdə böyük Atatürk demişdi: Türkiyə dövləti Sovetlər birliyi dağılandan sonra bütün türk dövlətləri ilə işbirliyinə hazır olmalıdır. Aradan iyirmi ildən çox keçib, Türkiyə hələ də Sovetdən çıxmış türk dövlətləri ilə nə edəcəyini bilmir. Açıq görünür: Türkiyə türk dövlətlərinə liderlik missiyasını daşımağa hazır deyil. Başqa türk dövlətləri bir yana, Türkiyə qonşu-qardaş Azərbaycanla da indiyədək gərəkən ilişkiləri qura, gərəyincə yaxınlaşa bilməyib. Dəmirəl – Ərdoğan hökumətləri Azərbaycan xalqı ilə deyil, xalqa yad bir hakimiyətlə qardaşlıqda bulunurkən “bir millət – iki dövlət” söyləmələri ritorikadan uzağa gedə bilməzdi, belə də oldu. Bu hökumətlər Türkiyəni başqa səmtə yönəltdi. Türk dövlətləri ilə iş baxanı olaraq tanınan  Əbdülxaliq Çay var idi. On il bu işə uğraşdı, on ildən sonra iş başından getdi. Gedəndə dedi: biz yaxınlaşma yönündə irəliyə doğru bircə addım da ata bilmədik. Olduqca acınacaqlı görsənişdir: on il bir işdə çalışan kimsə sonda (on il sonra!) missiyasını yerinə yetirə bilmədiyini bildirir. Bunu bütünlüklə onun suçu saymaq düzgün olmazdı: Suç daha çox Dəmirəl – Ərdoğan hökumətlərinin yanlış politikalarında axtarılmalıdır. Atatürk ideyalarından getdikcə uzaqlaşan Türkiyə dövləti Atatürkün uyarısından da uzaq düşməli idi. Son illər Türkiyə dövləti nala-mıxa vuran bir dövlətə çevrilib. Ərdoğan Liviya ilə bağlı, Misirlə, Suriya ilə bağlı çıxışlar edib deyir: xalqla bir olmayan hakimiyət yaşaya bilməz, diktatorlar getməlidir. Ancaq bunu Azərbaycanla bağlı demir, Azərbaycan diktaturası ilə qardaşlıq ilişkilərində bulunur. Amerikadan gərəkən tapşırığı almadığı üçün. Kimlərsə Türkiyənin regionda aparıcı  dövlətə çevrildiyini deyirlər. Axı, aparıcı dövlət belə olmur. Türkiyə kimi dövlət yanlış politikalar üzündən yedək dövlətinə çevrilirsə, türk birliyi necə yarana bilər?! Türkiyə Atatürkün dediklərini etsəydi, bundan təkcə Türkiyə deyil, bütün dünya qazanardı. Avropa Birliyinə uyğun bir türk birliyi olsaydı, istər bizim bölgədə, istərsə də bölgəmizdən qıraqda bir çox baxımdan (uyqarlıq, hüquq, humanizm, demokratiya, ekonomik gəlişmə baxımından)  böyük irəliləyişlər olardı. O birlik yaransaydı, “Ermənistan” Qarabağı işğal altında saxlaya bilməzdi. Arxasında Rusiya, başqa dövlətlər dursaydı belə, yenə ona ürək eləməzdi…

 Soylu Atalı: Sözünüzü kəsdiyimiz üçün bağışlayın. Bu məsələnin içində olduğuna və aktuallıq kəsb elədiyinə görə bir neçə kəlmə son günlər Ərdoğanın CHP-ni ittiham edən çıxışı ilə bağlı qısa açıqlama verin.

Xaliq Bahadır: Çox ağrılı faktdır: Ərdoğan öz maraqlarından irəli gələn cılızlıq sərgiləyir. Bildirir: 40-cı illərdə CHP, azərbaycanlıları Stalin rejiminin əlinə verərək güllələdib. Bayaq dediyim kimi, Türkiyə I və II Dünya savaşlarında Almaniya yandaşı olaraq uduzmuşdu. Hər iki savaşda Türkiyənin dağılması real idi. Mudrost, Sevr bağlaşmalarına görə Türkiyə bölünürdü. Meydanda türk xalqlarının qatı düşməni olan Stalin rejimi var idi. Stalin Türkiyəyə ordu yeritmək istəyirdi. Türkiyə Stalinin hansısa istəklərini, şıltaqlarını yerinə yetirməyə bilməzdi: böyük uduş üçün uduzmalar gərəkirdi. Avropanın yarısını tutmuş Stalin üçün Türkiyəni yenmək elə də çətin olmayacaqdı. Bu baxımdan Ərdoğanın o çıxışı cılız politik çıxışıdır. Burada Azərbaycan xalqı ilə CHP-ni üz-üzə qoymaq istəyi də yox deyil…

Soylu Atalı: Əslində Türkiyə ilə Azərbaycanı üz-üzə qoymaq istəyir.

Xaliq Bahadır: Doğrudur. Ancaq burada göstərilən-göstərilməyən bir çox çatışmazlıqlara baxmayaraq,  Türkiyə bizim arxamız, dayağımızdır – bunu unutmamalıyıq. Ərdoğan tarixçilərin işinə qarışmamalıdır. Tarix tarixdir, daha çox tarixçilərin uğraşacağı alandır. Politikaçı tarix faktlarından milli birlik faktoru olaraq yararlanmalıdır, milli parçalanma, milli düşmənçilik faktoru olaraq yox.

Yasin Türksoy: Soylu bəy, 1918-ci il, 15 sentyabrda Osmanlı qoşunları Bakıya gəlməsəydi, nə baş verərdi?

Soylu Atalı: Tarixdən bəllidir ki, istər Azərbaycanda, istər Türkiyədə çox güclü türk imperiyaları olub. Dünyanın siyasi nizamı bu imperiyalar tərəfindən yönəldilirdi. Zaman-zaman o nizamı dəyişmək və onun başına keçmək üçün bir sıra Qərbi Avropa dövlətlərinin yürütdükləri siyasət sonuc verdi. Biz, bir millət olaraq hər mənada çökdürülürük. Bunun içində özümüzün də əməllərimiz var. Çökdürməyə dirəniş göstərmək əvəzinə, sanki stimul verib, proseslərə qatılırıq. Ona görə də bizə qarşı bəlli soyqırımlar baş verib, dağıntılar həyata keçirilib və s. Vurğuladığımız kimi, sonuncu Osmanlı imperiyasının da çökdürüldüyü bir ərəfədə Azərbaycana qarşı planlar həyata keçirilməyə başladı. O başqa məsələ ki, Osmanlı nə qədər güclü olsaydı da orada türklük inkişaf eləməmişdi. Bəlkə də onun çökməsinin əsas səbəbi o idi ki, milli zəmin üzərində dayanmamışdı, türklüyə arxa çevrilmişdi. Dediyimiz kimi, türk etnosunu dövlətsizləşdirmək, gücsüzləşdirib sıradan çıxarmaq planları həyata keçirilib. İndiki Ortadoğu projesinin əsas hədəflərindən biri türkü dövlətsizləşdirmək, yaxud əldəqayırma bir dövlət halına gətirməkdir. Bu səbəbdən də Azərbaycanda erməninin ayaqlaşması labüd şəkildə yönəldilirdi. Həmin istəklərin məntiqi tələbi kimi gerçəkləşirdi. İnqilabdan sonra Rusiyada yenidənqurma işləri gedirdi. Yəni Rusiyanın başı öz içində siyasi, hərbi strukturların yenidən qurulmasına daha çox qarışmışdı. Belə bir zamanda Azərbaycanda da milliləşmə, dövlətləşmə prosesi başlamışdı. Bunun qarşısı alınmalı idi. Ona görə də bolşeviklərin təhriki ilə ermənilər Azərbaycanın hər yerində, özəllikcə Bakıda bəlli qırğınları törətməyə başladı. Dünyaya ağalıq eləmək istəyən Qərb dövlətləri Rusiyanın güclənməsini istəməsələr də, bu məsələdə susqunluq nümayiş etdirdilər. Türkə qarşı danışılmamış birlik mövcud idi. Burada hədəf ondan ibarət idi ki, Bakıda türk strukturlarını, idarəetməsini məhv eləsinlər və yerində erməni idarəetməsi formalaşdırsınlar. Beləliklə, erməni hakimiyyəti yaratmaqla, bütünlüklə Azərbaycanın yerində Ermənistan dövləti yaratmağa nail olsunlar. Osmanlı qoşunlarının gəlişi ilə bu hədəf özünü doğrultmadı, bizə bəlli olan bir səviyyədə – Azərbaycanın müəyyən bölgələrində Ermənistan dövləti quruldu. Bu səbəbdən də Osmanlı qoşunlarının Bakıya gəlişi türkün həyatında böyük bir addım oldu. Təkcə Azərbaycan üçün deyil, bütövlükdə türklük üçün qurtuluş rolu oynadı. İndi biz nə günə qalmışıq ki, bu addıma görə Osmanlıya minnətdar oluruq. Bununla da özümüzü başqa bir hissəmizdən ayırırıq. Biz bir xalqıq, burada da özümüz- özümüzü xilas eləmişik. Osmanlı türklərinə kənar qüvvə kimi baxmamalıyıq. Osmanlı qoşunlarının gəlişi həm də Türkiyəni xilas elədi. Məgər Azərbaycanın yerində Ermənistan dövləti yaratsaydılar, indiki Türkiyə Cümhuriyyətini qurmaq mümkün olacaqdımı?! Axı biz bir millətik. Sadəcə dövlətlərimizlə ayrılırıq. Bu, bir atanın iki oğlunun ayrı-ayrı ev tikməsi kimi bir şeydir. Təəssüf ki, hər il mətbuatda 15 sentyabrla bağlı təhlillər aparılanda altdan yuxarı minnətdarlıq hissi sərgilənir, çağdaş türkiyəlilərimiz də bizə üstdən aşağı baxır. Bu gediş daxilində türk birliyi qurula bilməz axı. Hətta Orta Asiya türkləri Böyük Türküstanın parçalanmasından sonra dövlətsiz qoyulacaqdılar. Odur ki, Osmanlı qoşunlarının Bakıya gəlişi ilə türklüyün böyük bir fəlakətinin qarşısı alındı. Psixologiyamız bu yöndən tamam dəyişməlidir.

Xaliq Bahadır: Elədir. Nərimanov Türkiyəyə neftlə kömək eləyəndə Atatürk demişdi: biz varlananda bunun əvəzini çıxacağıq. Nərimanov cavab vermişdi: paşam, qardaş qardaşa mal satmaz, əl tutar… Bax, görürsünüzmü, hər birimiz bu sayaq düşünsək, türk birliyi düzgün yön alar.

Yasin Türksoy: Dəyərli müsahibənizə görə təşəkkür edirəm.

Ata Ayı, 34-il.

(sentyabr, 2012)

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv