Soylu Atalı. “Qarabağ” Azərbaycanın bütövlüyünə bağlıdır

Azərbaycan üçün “Qarabağ” problemi yaradanlar iki mühüm prosesin qarşısını almaq məqsədi güdüblər: – Azərbaycanın siyasi bərpasına – Bütövləşməsinə doğru yaranacaq hərəkatın; ümumilikdə Türk Birliyinə doğru inkişafın. Bu iki prosesin ciddi olaraq ayaqlaşması bizim, türk olaraq etnik simamımızın göstəricisidir. Bu səbəbdən də, “Qarabağ” Azərbaycanın siyasi-dövləti problemidir deyərək Türkün yaranmalı olan dünysı yaxasını qırağa çəkə bilməz. Eyni halda, Azərbaycanın siyasiləri, ideoloji düşünərləri, yazarları, mətbuatı “Qarabağ”a Azərbaycanın fərdi, bölgəsal problemi kimi münasibət sərgiləməməlidirlər. Zatən siyasi güclər də “Qarabağ”ı Azərbaycan-Ermənistan konflikti kimi sunurlar. Ancaq bu illər ərzində məsələ bütün çılpaqlığı ilə üzə çıxdı ki, “Qarabağ” Azərbaycan-Rusiya, Azərbaycan-Qərb, Qərb-Rusiya davasıdır. Əgər belə olmasaydı, Azərbaycan Ermənistanla sorununu çoxdan çözərdi. Bizim, Azərbaycan olaraq mübarizəmiz də, təbliğatımız da yalnız bir yönə köklənməlidir: – “Qarabağ”ın “beynəlxalq problem” statusunu özümüz üçün rədd etməli, ona “milli problem” statusu qazandırmalıyıq. Bunu beynəlxalq güclər istəməyəcək və yol verməməyə çalışacaq. Ancaq bizim milli şüurumuz, milli psixologiyamız buna köklənməlidir. “Qarabağ” – Azərbaycanın böyük anlamda siyasi bərpasının tərkib hissəsi kimi dərk olunmalıdır. Biz “qarışqa yuvası”na qısıldıqca siyasi dünya bizi əzməyə çalışır. Ona görə ideoloji biliklər də, mətbuat da yuxarıda vurğuladığımız məsələlərin həllinə oyunsuz xidmət göstərməlidir. Bizim başımızı milli ölçümüzü itirməyə qatırlar. Ona görə də nə Türk Birliyinə doğru ciddi çabalar göstəririk, nə də Güney Azərbaycanın azadlığına doğru. Milli maarifçilik yox səviyyəsinə endirilib. Özümüzdə güc tapıb haqqımızı, həqiqətimizi ortaya qoymalıyıq. Elə bir mərhələyə gəlib çıxmışıq ki, milli inkişaf haqqında, böyük azadlığımız yönündə düşünənləri yumşaq desək, sadəlövh adlandırırlar. Guya onlar dünyanın gedişatını görmür, durumu doğru dəyərləndirib təhlil edə bilmir, siyasi güclərlə oyun oynamağı asan sayırlar. Bizə də bəllidir ki, asan heç nə yoxdur. Ancaq hər şeyə çətin deyib təslimçilik əhvalı sərgiləmək – siyasi assimilyasiyadan etnik assimilyasiyaya doğru yuvarlanmaqdır…
Bu günlərdə “Karabkhinfo” adlı elektron jurnalın işə başlamasının şahidi olduq. Orada diqqətimizi çəkən bir məqam vardı – Qarabağın milli mədəniyyətinə, milli tarixinə həsr olunmuş bölmə. Əgər bu məsələ ardıcıl və əsaslı şəkildə öz əksini taparsa, hesab edirik ki, jurnal milli maarifçilik yönündə inkişaf mərhələsinin yetirilməsinə xidmət edər. Belə bir adla işə başlayan jurnal yuxarıda vurğuladığımız məsələlərə də bu və ya başqa səviyyədə yer ayırarsa, Azərbaycanın mətbuat tarixində örnək göstərilə biləcək bir iz buraxa bilər…
Yaradıcılarına və yazarlarına uğurlar diləyirik!

Atamız var olsun!

21 Ata Ayı, 34-il. Atakənd.
(sentyabr, 2012. Bakı).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv