Soylu Atalı. Türklüyün Qurtuluşuna doğru

Biz harada yaxalanırıq, yaxalanacağıq?! Yeni fəlakətlər dalğası gəlir üzərimizə. Azadlığımız oynadılır, qəhr olunur. Çünki Azadlığı tanımadıq, deyəsən heç tanımaq istəmirik. Azadlığımızın mənası – Milliləşməkdir. Milliləşmək – millətin içində bütün cəbhələr boyu dəyər quruculuğu, ideya quruculuğu deməkdir. İtirilmiş keyfiyyətləri bərpa eləməkdir. Ziyalıların, alimlərin, ideoloji düşünərlərin, ədəbi mühitin vəhdət şəklində ayağa durmasıyla Yeni İdeoloji Hərəkatın başlamasıdır.
Təəssüf ki, biz, Azərbaycanın Quzeyi Milliləşmək mərhələsi keçmirik, Kürəsəlləşmə xətti tuturuq. Güney Azərbaycanı tək qoyuruq. İndi Güney Azərbaycanın da Milliləşmək prosesinin qarşısını almaq üçün onu Kürəsəlləşmə tələsinə salmağa çalışırlar. Özümüzünkülər buna səbəb verirlər. İçimizdən sağlam ideoloji çağırışlarımız sanki eşidilmir, ancaq ABŞ Konqresmeni Dayn Rohrabakerın “İran azərbaycanlılarının öz müqəddəratını həll etmək hüququnu dəstəkləyən qətnamə”si dərhal sevinclərə səbəb olur. Əvvəla, bilmək lazımdır ki, “İran Azərbaycanı” anlayışı yoxdur. Bu anlayışı işlədənlər Azərbaycanın tarixini bilməyən və onun siyasi aqibətini dərk eləməyən adamlardır. Məlum “Türkmənçay bağlaşması” ilə Azərbaycanın bir hissəsini Rusiya irticası qamarladı. O biri əsas hissəsində isə türk dövlətçiliyinə, hakimiyyətinə son qoyulub (Qərbin siyasi müdaxiləsi ilə) fars rejimi, idarəçiliyi yaradıldı. Əgər məsələnin çözümü tarixi həqiqətlər üzərində aparılmasa heç bir azadlıq əldə edə bilmərik. ABŞ başda olmaqla Qərb bu məsələyə tarixi həqiqətlər üzərində deyil, özünün çağdaş Kürəsəlləşmə (əslində Qərbləşdirmə) tələbləri ilə yanaşır.
Diqqət yetirin, ABŞ Konqresmeni deyir ki, “İranda müxtəlif xalqlar yaşayır və onlar molla rejiminin nəzarəti altında yaşamaq istəmirlər…”. Güney Azərbaycanın aqibəti başqa xırda etnik toplumların durumu ilə eyniləşdirilir. Bizə ABŞ-ın uydurduğu hüquq gərək deyil. Burada bizim tarixi haqqımızın bərpasından söhbət getməlidir. Biz Güneydə milli kimliyimizi, dövlətçiliyimizi itirmiş tarixi bir millətik, azsaylı etnik toplum deyilik. Görünür ki, Qərb İranı idarə etmək üçün Güney Azərbaycanın taleyini vasitəyə çevirmək istəyir. Qəti əminik ki, ortaya atılan fikirlər bir konqresmenin fərdi mövqeyi deyil. Əks halda bu, çoxdan da deyilə bilərdi. Ona görə də kənardan ortaya atılan fikirlərin təsirinə qapılmaq olmaz. Əgər bizə “azadlığı” ABŞ versə, onda Türkiyəni parçalamaq hesabına etnik kürd toplumuna vermək istədiyi “azadlıqla” barışmalıyıq. Bu isə “qaşın qayırıldığı yerdə vurub gözün çıxardılması” deməkdir.
Göründüyü kimi, Güney Azərbaycanın mübarizəsini idarə olunan bir duruma sürükləmək planı var. Təbii ki, Güney Azərbaycanla bağlı planlar təkcə İranın fars-molla rejiminə qarşı deyil, həm də türk birliyinə qarşıdır. Bu gedişlər yalnız qıraqdan yox, içəridən də yönəldilir. Belə ki, istər Azərbaycanın Bütövlüyünə, istərsə Türk Birliyinə qarşı üç istiqamətdə addımlar atılır: 1) Birbaşa Qərb tərəfdən ideoloji siyasi müdaxilələr; 2) İran tərəfdən ideoloji, siyasi, dini müdaxilələr; 3) Ərdoğan hökumətinin, eləcə də Azərbaycan hökumətinin antitürkçülük yönündə yürütdükləri siyasət.
Sovetlər birliyi dağılandan sonra təəssüf ki, türklərin yaxınlaşması dərin milli-mənəvi özüllər üzərində deyil, demokratiyanın yaratdığı həşirlər üzərində baş verdi. Ona görə də 20 il ərzində hissi-emosional yaxınlaşma baş verdi, türk birliyi isə baş vermədi. İndi həmin yaxınlaşmanı süni məsələlərlə uzaqlaşdırmağa cəhdlər edilir. Özəllikcə Azərbaycan və Türkiyə arasındakı münasibətləri hər vasitə ilə gərginləşdirmək gedişləri həyata keçirilir. Çünki Azərbaycan hakimiyyəti də, Türkiyə hakimiyyəti də türkçülüyə yad qüvvələrdən oluşub. Bu yaxınlarda Ərdoğanın 146 azərbaycanlını Stalin rejiminə təslim etməkdə CHP-ni suçlamasından sonra Türkiyədə yayımlanan “Möhtəşəm Yüzyıl” teleserialında Azərbaycan hökmdarları Şah İsmayılı və I Təhmasibi təhqir edən səhnələr göründü. İnternetdə də azərbaycanlıların nifrət dolu yazışmaları. Əcayibdir deyilmi?! Türkiyə-Azərbaycan yaxınlaşması ona görəmi başladı ki, iki qardaş bir-birindən tarixi hadisələrin haqq-hesabını çəksinlər?!
Bu gün Türkiyədə yayımlanan “Kurtlar Vadisi Pusu” teleserialı da Ərdoğan siyasətinin “horizontal proyeksiyası”dır. Ehtiyatda olan ordu generallarına, başqa hərbçilərə qarşı məhkəmə oyunları başa çatar-çatmaz, teleserial “Dərin Dövlət” başbilənlərinin içərisinə “xain, xuliqan, satılmış simalar” doldurdu. Ümumiyyətlə, Türkiyəni uçuruma sürükləyən siyasət – humanist, xilaskar bir nizam kimi sunulur topluma. Ona görə də, istər Türkiyədə, istər Azərbaycanda dərin, əsaslı milli-maarifçilik işi başlamalı, Türkiyə-Azərbaycan münasibətlərini qorumaqla, Türklüyün Qurtuluşu Hərəkatını yetirmək gərəkdir. Bunun üçün milli-ideoloji düşünərlər rəsmiyyətin nəzarətində yox, müstəqil şəkildə bir araya gəlməlidirlər. Böyük problemlərin qarşısında dayana bilmək üçün səfərbər olunmağın vaxtı ötür axı!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!

24 Ata Ayı, 34-il. Atakənd.
(sentyabr, 2012. Bakı.)

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv