NİCAT MÜBARİZ. BİR DAHA İSLAMIN TÜRKLƏRƏ GƏLİŞİ HAQDA

Tarixin bütün dövrlərində din siyasətə, siyasət dinə qarışmışdır. Bunu əski dövrdən Misir, Yunanıstan, Hindistan, Çin və s. kimi qədim ölkələrin timsalında görmək mümkündür. Bu yazıda o dövrün hadisələrini araşdırmayacağıq. Sadəcə erkən orta əsrlərdə türklərin mövcud dini inancları və onlara İslamın necə gəlməsi ilə bağlı bəzi məqamlara toxunacağıq.

Nədənsə bu mövzu haqda tarixçilərimiz heç nə yazmırlar, susurlar. Biz, millət olaraq əgər tarixi faciələrimizin kökünü araşdırsaq, görərik ki, bu faciə ən çox inanc məsələsinə bağlıdır və bunun da başlanğıcı 14 əsr öncəyə dayanır. Bu gün ərəblərə, ruslara və farslara boyun əyməyimiz  keçmişimizin inkarı üzərində baş tutub. Keçmişini dananın  gələcəyi ola bilməz. Dünyanın ən qədim xalqlarından biri türklərdir. Türklərin mədəniyyət yaratmaq imkanları  tarix qədər qədim və zəngindir. Buraya geyim mədəniyyətindən tutmuş dövlət qurmaq mədəniyyətinə qədər çox şeyi aid etmək olar.

Türk millətinin imkanlarını qabartmağımız irqçilik kimi anlaşılmamalıdır. Hələ Sun Yatsen ötən yüzilin əvvəllərində ictimai tərəqqi baxımından üç prinsip irəli sürmüşdür:  millətçilik, xalq hakimiyyəti və xalq rifahı. O, millətçilik dedikdə “Çin yalnız çinlilər üçün” məntiqini nəzərdə tuturdu. Yəni o, bununla çin xalqını xarici müdaxiləyə qarşı mübarizəyə səsləyirdi. Hansı ki, həmin dövrdə Çində hakimiyyət mancurların əlində idi və Çinə xarici müdaxilələr güclənmişdi. Uzun illər burada yadellilər hakimiyyətdə olmuş və xalqın milli ruhunu, özümlüyünü, mədəniyyətini məhv etmişdi. Belə bir vəziyyətdə xalqı yalnız millətçilik ruhu xilas edə bilərdi… Sun Yatsenin millətçilik anlayışı yuxarıda qeyd etdiyimiz kimi, “Çin yalnız çinlilər üçün” şəklində olmuşdur. Əlbəttə bu deyiliş doğru səslənmir. Biz belə deyərdik: “Çində çinlilərin idarəetməsi əsas olmalıdır”. Biz öz ölkəmiz üçün məhz bu cür düşünürük.

Qloballaşan dünyada bir xalqın, daha dəqiq desək, Amerika hegemonluğunun əsas götürülməsi və başqa xalqların milli mədəniyyətlərinin inkar olunması kobud bir faktdır ki, bununla barışmaq olmaz. Əslində qloballaşma adı ilə yeridilən millətsizləşdirmə ideologiyası informasiya vasitəsilə oturuşan şovinistlikdən başqa bir şey deyil. Qloballaşma müsbət anlamda dünyalaşmadırsa, onda burada  bütün millətlərin dəyərləri çıxış etməlidir.

İndi yadlıq içimizə müxtəlif mədəniyyətlərin dialoqu adı ilə gəlir. Ancaq məsələ bununla bitmir. Yadlıq içimizi dini səviyyədə də qarışdırır. İstənilən din çox humanist, bəşəri dəyər kimi təbliğ olunur və aşağı təbəqənin istəklərindən çıxış edir. Aydın məsələdir ki, bütün dövrlərdə aşağı təbəqə sosial problemlərdən əziyyət çəkmişdir və yeni yaranmış hər hansı bir ideologiyanın onların maraqlarını müdafiə etməsi çox cəlbedici görünür. Beləliklə də din aşağı təbəqə arasında yaşamağa həmişə imkan tapır. Buna görə də mövcud hakimiyyət dini siyasətin alətinə çevirir. Lap qədimdən bu belədir. IV əsrdə Xristianlığın Roma imperiyasının rəsmi dini elan edilməsi də bu cür olmuşdur. Xristianlıq dövlət yaratmadı, dövlət tərəfindən mənimsənildi. Lakin İslam dini özünün xilafətini yaratmışdır. Məqsədimiz İslamın necə yaranmasından yazmaq deyil, bizi maraqlandıran İslamın türklərə necə gəlməsidir.

Bəllidir ki, türklər İslama qədər inancsız olmayıblar. Müxtəlif vaxtlarda  Şamanizm, Totemizm, Göy Tanrı (Gök Tenqri, Tenqriçilik), Buddizm, Atəşpərstlik, Xristianlıq və s. dinlərə tapınmalar olubdur. Yeri gəlmişkən, Göy Tanrıçılıq, Zərdüşlük və Xristian dinləri təktanrılı dinlərdi. İslam türklərə gələrkən onun (türkün) müxtəlif boyları əsasən bu 3 dinə sitayiş edirdilər. Guya İslam da təktanrılı dinlərə qarşı deyildi. Ancaq İslamın türklərə gəlməsi heç də dini qaynaqlarda deyildiyi kimi xoşluqla yox, zor ilə baş verdi. Biz türklərə “qılınc müsəlmanı” deyirlər. Bu ifadə heç də boşuna deyilməmişdir. Bəli, biz türkləri zor gücünə, qanımızın tökülməsi bahasına müsəlman etmişlər. Ümumiyyətlə, ərəblər İslamı missionerliklə deyil, “qılıncın ucunda daşıyaraq” yayırdılar.

Ərəb-islam ordusunun Misiri işğal etməsinə nəzər salsaq, onların əsil niyyətlərinin nə olduğunu və sonrakı müharibələrin də məhz bu səbəbdən aparıldığını açıq görmüş olarıq. 642-ci ildə Misir işğal olunur. Bu dövrdə ərəb ordusu həm də Sasanilərə qarşı döyüşürdü. Sasanilərin məğlub olmasına baxmayaraq, Misirlə  eyni taleyi yaşamadılar. Sasanilər 651-ci ildə daha amansız aqibətlə üzləşir. On minlərlə insan öldürülür, əsir götürülür, ölkənin sərvətləri talanır, qadınları  kəniz edilir, gənclər isə qul bazarlarında satılmaq üçün aparılır və s. Burada sual yaranır, müharibələrdə insanların öldürülməsi, əsir götürülməsi, sərvətlərin talanması təbii deyilmi? Əlbəttə müharibədə belə hadisələr gözləniləndir. Ancaq ərəblərin apardığı müharibəni digər müharibələrdən fərqləndirən başlıca səbəb ondadır ki, onlar öz işğallarını, insanların qanını axıtmağı Allahın adı ilə (Sonralar Xristianlar bu üsuldan istifadə edərək “səlib yürüşlərinə” başladılar) həyata keçirirdilər. Onlar qədim Misiri işğal etdikdən sonra sərvətlərini taladılar, özünü islamlaşdırmaqla bərabər ərəbləşdirdilər və tarixi bir xalqın ruhunu məhv etdilər. Lakin onların işğalları bununla bitmir, sırada böyük türk toplumları dururdu.

Ərəblərin türklərə ilk hücumu Xəlifə Osmanın dövründə olmuşdur. Talan məqsədilə Ceyhun (indiki Amudərya) çayı sahilinə gələn qoşun məğlub olaraq geri çəkilmişdi. Ümumiyyətlə, ərəb-islam ordusu türklərə qarşı iki istiqamətdə – Qafqaz və Asiya istiqamətlərində hücum edirdilər. Sasanilərin süqutundan sonra Cavanşirin ərəb aslılığını qəbul etməsi geniş təcavüzü bir qədər yubatmış olsa da, 705-ci ildə Albaniyanın süqutu  ilə buraya ərəb-islam axını gücləndi.

Osmanın dövründəki ilk uğursuzluqdan bir müddət sonra xəlifə Müaviyənin göstərişi ilə Xorasan işğal edilir. Bununla da onların Orta Asiyaya – türk toplumlarının üzərinə “ayağı açılmış” olur və 50 min ərəb bu torpaqlara köçürülür. Növbəti hədəf Buxara idi. Ümumiyyətlə, buradakı şəhərlər bir-birinin ardınca eyni aqibəti yaşayırlar. Bunun da bir neçə səbəbi vardı:  Feodal dağınıqlığı, daxili çəkişmələr, buna görə də əhalinin var-yoxdan çıxması sosial vəziyyətin ağır olması. Bütün bunlar ərəblərin işini bir az da asanlaşdırırdı.

680-cı ildə Xorasan valisi Übeydullah ibn Ziyad Səmərqəndə yürüşündə ilk həmlədə məğlub olur. Ancaq sonra güclü ordu toplayaraq şəhəri talan edir. T.Dursun ərəblərin Səmərqənddən əldə etdiklərini bu cür yazır: “Hər bir ərəb döyüşçüsü 2400 dirhəm qazanır. Bir kölənin satış dəyəri 300 ilə 500 dirhəm arasında olduğu düşünülərsə, bu halda aldıqları qənimət adam başına 7 və ya 8 qula bərabər dəyərindədir”.

Ərəb-islam ordusunun 704-cü ildə Xarəzmi işğalı daha dəhşətli olur. Türk tarixçisi Ə. Aydın Xarəzmin işğalı haqqında belə yazır: “Xarəzmin işğalında böyük qənimətlər ələ keçirən Yəzid, eyni zamanda böyük sayda əsir alaraq geri çəkildi. Ancaq həmin il qış olduqca şiddətli-soyuq keçdi. İsti iqlimə öyrəşən müsəlmanlar (ərəblər-N.M.) bu şiddətli soyuğa qarşı özləri üçün çarə axtarırdılar. Çarəni əsirlərin (türklərin-N.M.) paltarını soyundurub geyinməkdə gördülər. Şiddətli soyuqda çılpaq qoyduqları əsirləri də azad etmədilər, çünki boyunlarına damğa vurulan əsirlər, qul bazarlarında müsəlmanlara böyük bir qazanc gətirəcəkdi”.

705-ci ildə Küteyibənin Xorasan valisi təyin edilməsi ilə İslam tarixində yeni mərhələnin, türklərin tarixində isə növbəti faciənin əsası qoyulur. Yenə T.Dursuna müraciət edək: “Bu zamana qədər davamlı uğur qazanmayan ərəblər onun zamanında türk yurdlarında bunu əldə etdilər”.

Küteyibə ilk gündən öz vəhşi ehtiraslarını büruzə verir. Ərəb tarixçisi Təbəri “Tarixi Təbəri” əsərində yazır ki, Küteyibənin öz qoşununa ilk sözü belə olub: “Allah öz dininin əziz olması üçün sizə bu torpaqları halal etmişdir”. Bu sözlər yuxarıda dediklərimizi bir daha təsdiq etmiş olur. Onlar etdikləri vəhşiliklərə “ilahi don” geydirərək, Allahın adından həyata keçirirdilər. Hələ peyğəmbərin dövründə silahla yayılan İslam bu günə qədər silahsız addım atmamışdır. Təbəri  Küteyibə haqqında yazır ki, dövrün ərəb şairləri onun qələbələrini mədh edirdilər. Həmin şairlərdən birinin şeirində deyilir:

“Küteyibə türkləri qılınca keçirib durur,

Bizə ən çox qənimət toplayan odur”.

Onun başçılığı ilə türklərə qarşı təkcə Baykənddə əli silah tutanların hamısı öldürülür, qadın və uşaqlar əsir alınır, qız və qadınların bir hissəsi xəlifəyə göndərilirdi. Yenə Təbəriyə müraciət edirik, o, yazır ki, “Ərəblərin Baykənddən ələ keçirdikləri qənimət və silah, qızıl və gümüş kimi digər qiymətli əşyaların həddi-hüdudu yox idi… Ərəblər bütün Xorasanı işğal etdikləri zaman əllərinə bu bir şəhərdən aldıqları qədər qənimət keçməmişdir”.

Ümumiyyətlə, Təbəri də daxil olmaqla bir çox ərəb tarixçiləri qeyd edir ki, işğal zamanı burada olmayan kişilərin arvad-uşaqları əsir götürülür və onlar geri qayıtdıqları zaman “yüksək qiymətə” geri satılırdı. Bu yollarla ərəblər varlanırdılar… 707-ci ildə Buxara Küteybənin ordusuna ciddi müqavimət göstərir. Onlar geri çəkilmək haqqında düşünərkən Küteyibə orduya elan edir ki, hər türk başı gətirənə 100 dirhəm veriləcək. Ərəblərin pul ehitrasının gücü yenə özünü göstərir, Buxara düşmənə təslim olur. Onlar 50 min nəfəri əsir  götürüb qul bazarında satmaq üçün aparırlar.

İslam tarixçiləri tərəfindən Məhəmməd peyğəmbərdən sonra İslamın yayılmasında ən çox xidmətləri olan şəxs kimi Küteyibə göstərilir. Ən böyük qəhrəmanı Küteyibə olan bir dinin bəşəri dəyərlərə iddia etməsi görəsən nə dərəcədə doğrudur?! Ərəblər işğal etdikləri ərazilərdə insanları alçaldır, onları öz inanclarına tapınmağa qoymur. Yuxarıda qeyd etdiyimiz kimi türklər təktanrılı idilər. Ancaq İslam özündən başqa heç bir dini qəbul etmir, sadəcə özünün hökmran olması üçün qırırdı. İnsanların heysiyyətləri ilə oynamaqdan  çəkinmirdilər. Müharibələrdən müflisləşmiş əhalinin artıq heç bir dözümü qalmamışdı. İnsanın düşdüyü pis durumdan  öz xeyirləri üçün hər mənada istifadə edən ərəblərin insanlığa yaraşmayan davranışları dözülməz həddə çatmışdı. Onlar cümə namazlarını məcburi hala gətirmişdilər. Hətta Küteyibə cümə namazına gələnlərə 2 dirhəm pul verməyi də əmr etmişdi. Sosial vəziyyəti ağır olan, müharibələrdə var-yoxdan çıxmış əhali  pulu almaq üçün namaza gəlirdi. Qeyri-müsəlmanlardan cizyə adlanan can vergisi alınırdı. Bir tərəfdən namaza gələnlərə pulun verilməsi, başqa tərəfdən isə qeyri-müsəlmanlardan can verigisinin alınması İslama gələnlərin sayının artmasında çox mühüm rol oynadı. Qeyd etdiyimiz kimi, vergi verməyə imkanı olmayan qeyri-müsəlmanlar həm cümə namazlarına gəlməklə vergidən azad olurdular, həm də 2 dirhəm məbləğində pul alırdılar. İmkansız, sosial vəziyyəti ağır olan əhalinin bundan başqa çıxış yolu qalmamışdı. İnsanların mənəvi cəhətdən sındırılması böyük amansızlıqla həyata keçirilirdi.

Ərəb vəhşiliyi bununla bitmir. Talkanda (Qazaxıstan ərazisində Böyük İpək Yolu üzərində yerləşən şəhər) baş verənlər indiyə qədər etdiklərinin yanında sadəcə kiçik bir görüntüdür. Talkanda faciəni Təbəri bu cür anladır: “Əmr etdi ki, əhali qılıncdan keçirilsin. Nə qədər qıra bilirlərsə qırsınlar. Bu əmrdən sonra Küteyibənin əsgərləri sonsuz adam öldürlülər”.

Başqa bir ərəb müəllifi  ibn Dəhqan isə yazır ki, “Talkana gedən yolun üstündə 4 fərsəh məsafədə  (24 km) asılan türklərin cəsədləri  qorxunc bir görünüşü ifadə edirdi”. Talkandan sonra yenidən ərəb ordusu Xarəzmə doğru irəliləyir. Kaah əl-Əşkari adlı ərəb şairi Xarəzmdə baş verənləri belə xatırlayır: “…qorxudan bir-birilərinə sarılmış zavallı türkləri öldürdüyünüz gecələri hələ bir xatırlayın. Hər kəsi qılıncdan keçirdiniz. Sadəcə ata minə bilməyəcək yaşda kiçik uşaqlar qaldı”.

Həmin hadisələrin canlı şahidlərindən biri Əl-Biruni isə ərəb istilasını belə şərh edir: “Küteyibə hər yolu sınaqdan keçirərək Xarəzmlilərin yazılı dilini bilənləri, ənənələrini qoruyanları, bütün məlumatları məhv etdi. Beləliklə, hər şey qaranlığa qərq edildi. İslam, Xarəzmlilərə gələrkən onlar üçün öz tarixləri haqqında məlumatları öyrənməyə yer qoymadı”.

Küteyibə 716-cı ildə öldürülür, bundan sonra Xorasana Yəzid ibn Mühəlləb vali təyin edilir. O da sələfindən geri qalmır, hətta onunla “kim çox türk öldürəcək” deyə bəhsə girir. Onun ilk yürüşü Dağıstana olur. Oranı talamaqla 14 min nəfər öldürülür. Növbəti hədəf isə Curcan (Gürcan, indiki İİR ərazisində yerləşən şəhər-N.M.) idi. Şəhər 300 min dirhəm verməklə canını qurtarmış hesab edir. Yəzid ibn Mühəlləb burada 4 minlik qoşun qoyaraq Təbəristana doğru irəliləyir. Təbəristan məliyi İsfəhbed Deyləm məliyindən yardım istəyir. O da 10 minlik qoşun göndərir. Daha sonra İsfəhbedin yardım üçün Curcan məliyinə müraciət edir. Bu, sanki ərəblərə qarşı çıxmaq üçün bəhanə olur… Bu qədər xırdalığa gedib uzatmağımızda məqsəd, Yəzid ibn Mühəlləbin başçılığı ilə həyata keçirilən “müqəddəs vəhşiliyi” göstərməkdi. İrəlidə görəcəksiniz ki, onun elədiklərinə tarixin heç bir zamanında təsadüf olunmamışdır. Hətta Amerikada İngilis “qırmızı mundirləri” hindulara qarşı bu cür rəftar etməmişlər.

Curcanlıların bu hərəkətinə qəzəblənən Yəzid ibn Mühəlləb and içir ki, onların qanları ilə dəyirmanda un hazırladaraq çörək bişirtdirib yeyəcək. Belə də edir. Curcana daxil olan Yezid ibn Mühəlləb qalanı 7 ay mühasirədə saxlayır. Məlik öldürüldükdən sonra Curcan təslim olur. Təbəri yazır ki, “onların hamısı Yəzidin yanına gəldi. Yəzidin əmrindən sonra onların qadınlarını və uşaqlarını əsir aldılar və şəhəri viran etdilər.” Yenidən şəhərə dönən Yəzidin əmri ilə bütün kişilər bir yerə yığılır. Gəncləri əsir aldıqdan sonra əli silah tutanların hamısı qılıncdan keçirilir. Qalanları isə yolun sağ və solunda 4 fərsəh (24 km) uzunluğunda dar ağacları hazırlanaraq asılırlar. Bu, sayca ikinci kütləvi qətliam idi. Növbə Yəzidin verdiyi sözü tutmasına gəldi. Bunu Z.Kitapçının yazdığı kimi təqdim edəcəyik: “Yəzid 12 min nəfəri faciəvi şəkildə qılıncdan keçirdikdən sonra təpələr kimi yığılıb qalmış baş, qol və bədənlərin üstünə doğru suyun istiqaməti dəyişdirildi. Qan çayı qabaqdakı qəyirmana gedirdi. Ən sonda Yəzid bu qanlı çayın üyütdüyü undan hazırlanan çörəklərdən yedi. Beləliklə Allaha verdiyi sözü yerinə yetirmiş olur”.

Ümumiyyətlə, ərəb mənbələrində Curcanda 40 minə qədər insanın öldürüldüyü göstərilir…Türklərə İslam soyqırım bahasına yeriyir.

Curcan qətliamından sonra 749-cu ilə qədər istila davam edir. Ancaq əvvəlki kimi olmur. Bu dövrdə ərəb dövlətində daxili çəkişmələrin artması bir müddət eyni hadisələrin təkrarlanmasında fasilə yaradır. Əsrin sonlarından başlayaraq yenidən ərəb istilası güclənir və bu dəfəki hədəf Qafqaz türkləri olur. Burada İslamın gəlişinə qarşı Xürrəmilər Hərəkatı baş qaldırmışdı. Cavidanla başlayan mübarizə, Babəklə davam etdi. Sonda məğlub olmasına baxmayaraq Babək Xilafəti sarsıdır. Ancaq Babəkin tikə-tikə doğranmasından sonra Azərbaycan bu günə qədər özünə gələ bilmir.

Sonda onu deyə bilərik ki, təxminən 2 əsr ərzində ərəblər tərəfindən aparılan özgələşdirmə əməlinin etkisi 14 əsrdi davam etməkdədi. Bu əməllər nəticəsində –  çoxlu sayda insanların öldürülməsi, sərvətlərin talanması, gənclərin əsir götürülməsi, qız və qadınların kəniz edilməsi, şəhərlərin dağıdılması, əhalinin alçaldılması, mədəniyyətin məhv edilməsi və s. gələcək üçün  silinməz izlər qoyuldu. Ərəb-islam axını inancımızı, milli-mənəvi dəyərlərimizi, döyüşkənlik ruhumuzu məhv etməklə yanaşı, dilimizi, özümlüyümüzü, mədəniyyətimizi, etno-genezisimizi də təhlükə altına atdı. Döyüşkən türk ruhu qorxaq-müti ərəb ruhu ilə əvəz olundu. VII-IX əsr ərəb istilasından sonra türk torpaqlarına gələn istənilən dövlətin tərkibində illərlə, hətta əsrlərlə  qul həyatı yaşamışıq.

Sonda xalqımızın, ümumilikdə türk düynasının AZADLIQ RƏMZİ olan Babəkin sözləri ilə bitiririk: “Qırx il qul olmaqdansa, bir gün AZAD yaşamaq yaxşıdı”.

Noyabr,  dekabr, 2012.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv