Hörmətli Rəsul müəllim, bu günlərdə “Gündəm-xəbər” qəzetində sizdən götürülmüş bir müsahibəni oxudum. Oxuduqca qarşıma bəzi suallar çıxdı. İcazə verin bu sualları sizə ünvanlayım. Mən sizin bir vaxtlar rəhbəri olduğunuz “Azərneftyağ” NEZ-də çalışıram. Ona görə də sizə sual verməyimi təbii qarşılayın. Həm də bu suallara cavabınızla mənim sizə qarşı olan narazılığıma aydınlıq gətirə bilərsiniz. Əvvəla deyim ki, şəxsən mən 70-ci illərdə H.Əliyevi əhatəli tanımırdım. Adını qəzetlərdən, televiziyalardan eşidirdim. Ancaq sonralar onun “deyim”lərini plokatlarda gördük. O, birinci katib olanda rayonlara gedib kolxozçularla, kənd təsərrüfatının başqa sahələrində çalışan əməkçi kollektivlərlə görüşlər keçirirdi. Bu görüşlərdə etdiyi çıxışların xarakterini sadə insanlar bilmirdilər. Ancaq sizlər bilirdiniz. Rəhbəri olduğunuz neft müəssisəsində də çıxışları eyni xarakterdə idi. Bu çıxışlar Azərbaycan xalqnın deyil, Sovet imperiyasının çiçəklənməsini şərtləndirirdi. Sizlər də H.Əliyevin gəlişini alqışlarla qarşılayar, kollektivinizi də avam yerinə qoyub alqışlamağa alışdırırdınız. Bununla belə, siz onun kim olduğunu hələ o vaxtlar çox gözəl bilirdiniz. Hətta müstəqillik dönəmində də H.Əliyevin hakimiyyətə gəlişini təşkil edənlərdən biri, bəlkə də birincisi siz olmusunuz. “Azərneftyağ”ın pullarını təşkilati işlərə yönəldirdiniz. Və bilirdiniz ki, H.Əliyev Sovet dönəmindən bu yana korrupsiyanın və rüşvətin əsasını qoyub. Bunu ən pis nöqtəsinə qədər “inkişaf” etdirib. Bu əməlləri isə sizin təbirinizcə desək, başlar kəsməklə həyata keçirib. Hesab edirəm ki, siz başlanğıcdan bilirdiniz ki, H.Əliyev üçün Azərbaycanın, eləcə də onun türk toplumunun mənafeyi əhəmiyyətsiz olub. O, öz mənafeyi üçün toplumun üzərində hər cür amansızlıqları sınaqdan çıxarıb. Siz də, hörmətli Rəsul bəy, bütün bunları bilə-bilə bu “bədbaxt” millətin taleyinə göz yumdunuz və H.Əliyev cənabının oyunlarına ortam yaradıb ortaq oldunuz. Az vaxtla 90-cı illərin bəlli dönəmində siz Bakıdakı naxçıvanlıların əlinə “kalaşnikov” avtomatlarını verib H.Əliyevin müdafiəsinə toplayırdınız. Bu əməllərinizlə də Azərbaycanın bir parçası olan Naxçıvana qarşı başqa bölgələrin toplumlarında nifrət hissi formalaşdırdınız…
Azərbaycanın mənafeyinə uyğun olmayan “Bişkek protokolu”na Afiyəddin Cəlilov imza atmadı. Ancaq siz, Rəsul Quliyev atdınız. Bilə-bilə ki, o, ermənilərlə seperat danışığa gedir. Siz bu imzadan imtina etmədiniz. Nə üçün bu gün müsahibədə dediklərinizi o zaman H.Əliyevin üzünə, özünə demirdiniz? İndi sizin millət üçün qayğılarınızın olduğuna kimi və necə inandıracaqsınız? Hər beş ildən bir Azərbaycana qayıtmaq istəyinizi qabardırsınız. Azərbaycan xalqının ümidlərinin qırılmasında başlıca rol oynamasaydınız Yurdumuza qayıtmaq və toplumla əl-ələ vermək imkanlarınız bu gün geniş olardı.
Rəsul bəy, həmişə belə olub, – imkanı olanda xalqa kömək etməyənlər sonradan xalqdan kömək istəyirlər. O zaman isə xalq kömək etmir…
Dekabr, 2012