AZƏRBAYCANIN NİCATINI RUHANİ İNTİBAHDA GÖRÜRƏM

(Asif Ata ilə müsahibə)

– Asif Ata, istərdim söhbətimizi «Fikir evi»ndən başlayaq.
– Çox gözəl, başlayaq.
– Siz, «Fikir evi»ylə xeyli yol keçmisiniz. Təbiidir ki, filosofun ideyaları ilə qidalanan bu konkret auditoriyada onun ardıcılları yetişib. Bu baxımdan aparıcı ideyalarınızı aşkarlamaq maraqlı olardı.
– Azərbaycan haqqında bilik vermək lazımdır, təəssüf ki, tarixçilər bunu da eləmirlər. Əslində isə Azərbaycan haqqında bilik vermək, ayrı-ayrı hadisələri təsvir və təhlil etmək azdır. Azərbaycan haqqında inam yaratmaq, onun ruhunu ifadə eləmək lazımdır. Bu nöqteyi-nəzərdən «Fikir evi» Azərbaycanımız – Azərbaycanlığımız adlanan hadisənin fəlsəfi mahiyyətini aşkara çıxarır: Azərbaycan Yerə-Göyə sığmayan, Şərqi ifadə eləyən ruhani bir varlıqdı. Bu, Zərdüştçülükdü – ötən müsahibəmizdə bu barədə demişik; bu, Xürrəmilikdir – xüsusi din, fərəh dini; bu, Dədə Qorqudluqdur – ağsaqqallığın mahiyyəti; bu, Hürufilikdir – insanın Allah olmaq ideyası; bu, Füzulilikdir – eşq səviyyəsi, eşqin ilahiliyi; Dante, Höte, Hafiz, Platon – heç biri eşqdə Füzuli deyil; bu, Muğamatdır – insanın musiqi vasitəsilə pillə-pillə artması, ilahiliyə qovuşması. Bilirsən ki, Muğam fəlsəfəsi barədə də kitab yazmışam; bu, Sazdır – Türk ruhunun mənası, möhtəşəmliklə zərifliyin vəhdəti! Bütün bunları biz deyirik – qəbul eləyirlər, öyrənirlər və Azərbaycan ruhu haqqında məktəb–təlim yaranır.
«Fikir evi»ndə Azərbaycan kədərini də deməkdən qorxmuruq. Çünki insan kədərdən böyüyə və fəlakətdən güc ala bilər. Bu baxımdan, Midiya süqutunun səbəblərini, Babəkin qətlinin fəlsəfi mahiyyətini açırıq. Böyüyümüz, fəxrimiz Şah İsmayıl Xətainin mahiyyətini açmaqdan qorxmuruq. Şah İsmayıl öz Səlcuq qohumu Sultan Səlimlə döyüşməməli idi. Lakin aranı vurdular, şiə-sünni məsələsini ortaya atdılar. Çaldıranda təkcə Şah İsmayıl yox, bütün TÜRK məhv oldu. Türkmənçay yırtıcılığını – Azərbaycanın şaqqalanmasını, ikiyə bölünməsini açırıq. 28 Mayda həyata gələn ümidimizin 28 Apreldə boğulmasını, 20 YANVARI və bu günün mahiyyətini açırıq. Hamıya aydın olur ki, yenidənqurma miskincəsinə, pozğuncasına kapitalizmə qayıtmaqdı. Biz əvvəl sosializmə kapitalizm qəddarlığından keçmişdik, indi isə sosializm qəddarlığından kapitalizmə keçirik.
Bütövlükdə Azərbaycanın nicat yolunu Ruhani İntibahda – Mütləqə İnamda, İnsanlaşmada, Ruhani Cəmiyyətdə – nə kapitalizmdə, nə sosializmdə – Özümlü Şərqdə görürük. Beləliklə, bütöv bir Azərbaycan ideyası əmələ gəlir ki, zənnimcə, Azərbaycanda elə çatışmayan da budur.
Qaldı ki, ardıcıllarımın azlığı – çoxluğu barədə. Əlli Ocaqçı, böyük söhbətdi, əlli min adam deməkdi.
– Məncə, elə bütün dövrlərdə dahilərin ardıcılları az olub.
– Oğul, hər dövrün idrakı, idrak səviyyəsi, inam səviyyəsi, mədəniyyət səviyyəsi var. Və Ocağın da, Asif Ata fəlsəfəsinin də əsas qayəsi budur ki, zamanın idrakı nə qədər böyük olsa belə, o, kiçikdi, çünki onda sədd var. Axı həqiqət sədsizdir. Sədd olan yerdə böyüklük yoxdu. Nəsimidə o sığmazlıq ki, mən onu lap hərfi mənada qəbul edirəm. Bütün bu hərəkatlar, siyasətlər – onların arasında yaxşıları da var və Ata onları inkar eləmir – zamanın özünün səddindədi. Gərək zamanı ötəsən, səddi keçəsən.
– Sözün açığı, bu barədə sualımız vardı, lakin Siz məni qabaqladınız.
– Eybi yoxdur. Elə isə bir az da əlavə edim. Oxuduğum fəlsəfi əsərlərin 99 faizində deyilir ki, hər şey nisbidir, hər şey dəyişkəndir. Mən isə deyirəm: əslində dünyada var olan odur ki, o əzəli və əbədi olsun. Mütləq olmayan əslində yoxdur. Bizdə yaxşı nə varsa, o əzəlidi. O ki, bizdən sonra qalacaq, bax o, var. Bizim hamımız getməliyik, amma bəşər qalacaq. Gözəl öləcək, gözəllik qalacaq. Var olmağı mən belə hesab eləyirəm və məndən əvvəl bu həqiqəti heç kəs bu dərəcədə qabartmayıb. Mütləqçiyəm, mənim övladlarım da mütləqçidirlər.
– «Fikir evi»ndə ardıcıllar çoxdur və elə ilk baxışdan onları şərti olaraq iki yerə bölmək olar: iştirakçılar və tamaşaçılar. Bu barədə filosofun qənaəti necədir?
– İştirakçılar o adamlardı ki, vurnuxurlar. Atanın özünün cavanlığı kimi. Onlar təşnədirlər, həqiqət suyu içmək istəyirlər. Müəyyən mənada ehkamdan ikrahlanmış adamlardı, qalıblar belə. Hara baş vururlarsa, heç yerdə yolu tapa bilmirlər. Marksizmi, ehkamı, onu-bunu oxuyublar, müasir filosofların nə olduğunu da bilirlər. Və ikrah, boşluq əmələ gəlib, vakuum yaranıb. İnsan inam boşluğuynan yaşaya bilməz, həqiqəti tapmayan adam xoşbəxt ola bilməz, xoşbəxt olmadan da yaşamaq olmaz. Gələnlərin 40 faizi belələridi və mən onların gələcəyinə inanıram.
O ki qaldı tamaşaçılara, onları bir az Atanın şöhrəti maraqlandırır, bir az da özlərini başqalarından fərqləndirmək – görürsənmi, biz hara gedirik!.. Bu haqda mənim fikrim belədir: Azərbaycan xalqı mənim balamdı, bir az pis səslənir, amma sən məni anlayırsan. Balam mənim üzümü cırmaqlaya da bilər. Onlar bir az qəlp də olur, ziyan da gətirirlər. Lakin mən onları başa düşürəm və gözləyirəm. Azərbaycan xalqının üz təbəqəsindəkilər əsil Azərbaycanlı deyillər, öz-özlərini tanımırlar, əfəl, bic, müftəxor, balaca, əyləncəpərəst görünürlər. Gərək o biri qatlara baş vurasan, haradasa daxildə Asif Ata var, böyüklük, yaxşılıq var. Ona görə tamaşaçılara mənim münasibətim müsbətdir.
– Son hadisələr göstərdi ki, Azərbaycan Xalq Cəbhəsi xalq hərəkatını «döyüşsüz və qələbəsiz» tərk etdi. Daha doğrusu, hiss olunmadan xalq hərəkatından uzaqlaşdırıldılar və bu gün dövlətin adi bir icraedici orqanına çevrilməkdədirlər. Sizcə, bunun səbəblərini nədə və harada axtarmalıyıq?
– Burada üç böyük səbəb var və bu barədə bir Azərbaycanlı, bir ziyalı, bir filosof kimi çox fikirləşmişəm. Birinci. Ruhani İntibah olmadan heç bir hərəkat Azərbaycan xalqına nicat verə bilməz, çünki Azərbaycan – Gürcüstan… deyil, xüsusi Şərq ölkəsidir; onun Türk Aləmi adlanan böyük bir okeanı var. Pribaltikanı itirmək Qorbaçov üçün o dərəcədə dəhşətli deyil, o, Avropa evinə başqa yolla da daxil ola bilər. Amma Azərbaycanın birdən-birə özümləşməsi, cənubla birləşib otuz milyonlaşması Şərq dünyasının böyüməsidi. Avropa – Şərq, Rus – Türk, Rus – Şərq münaqişəsi var. Təəssüf ki, belə düşüncə bizim AXC-nin başçılarında olmadı. Gərəkdi xalq özünün Zərdüştünə, Nəsimisinə qayıtsın, gecə-gündüz işləməlisən, xalqı ruhən dəyişdirməlisən – xalq sanki uşaqdı, onu ayağa qaldırmalısan.
İkinci. XC özünün gücsüzlüyünü onda göstərir ki, hökumət 20 YANVARla bağlı bütün günahları onun üstünə yıxa bildi. Məəttəl qalmışam, nə ilə məşğul oldular, niyə cavab vermədilər. Məsələni incə şəkildə mətbuat, radio və televiziya vasitəsilə elə təbliğ elədilər ki, guya 20 YANVARı XC yaratdı. Əslində isə bu işdə hökumətin rolu daha çox idi. Beləliklə, Cəbhəyə günahkar bir hərəkat damğası vura bildilər. Xalq da buna getdi.
Üçüncü. Vəziyyət elə gətirdi ki, nəinki XC-nin, əslində bütün müxalifətin ideallarını əllərindən aldılar. XC, suverenlik istəyirsən – mən onu sənsiz də edirəm, sən nəyə lazımsan? Müsavat Partiyası, sən Bayraq istəyirsən – mən də bu Bayrağı istəyirəm və s. Çox qəribə vəziyyət yarandı. Belə acizlik… yalançı müxalifət yaranıb indi, heç bir işə qadir olmayan, iqtidarsız, idealsız.
Başqa kiçik səbəblər də var. Deputatlıq nəyə lazım idi? Bilmirdilərmi ki, AS-də hər şey səsvermə ilə həll olunur? Seçkini baykot etmək lazım idi. Ordunun idarəsi ilə nə seçkiydi o? Bir balaca siyasi intuisiya olsaydı, bunu eləyə bilərdilər. Təqlidçilik. Pribaltikada belə eləyirlər, biz də belə eləməliyik. İdarə heyəti və s. Heç bir orijinal struktur yarada bilmədilər. Ona-buna qoşulmaq bizim fəlakətimiz oldu. İnciməsinlər, filosof kimi, Əbülfəz bəy bütün Akademiyadan artıqdır mənim üçün.
– Asif Ata, məşhur rus filosofu Nikolay Berdyayev özünün «Rus kommunizminin məqsədləri və mənbələri» əsərində (əsər rus dilindədir) V.İ.Leninin fəlsəfi savadından söhbət açır və onu savadsız adlandırır. Yəqin ki, həmin əsəri oxumusunuz və bu barədə Sizin fikrinizi bilmək maraqlı olardı.
– Lenin dünya fəlsəfəsində nə Platonu, nə də Aristoteli öyrənmişdi – hələ Şərqi demirəm. Hegeli, Spinozanı da əməlli-başlı öyrənməmişdi. O, filosof deyildi, fəlsəfə ona siyasət üçün lazım idi. ona görə də beşəlli yapışmışdı dialektikadan. O nə götürürdü dialektikadan? Hər şey dəyişkəndi, yəni heç bir əxlaq-zad lazım deyil, hər şey inkişaf eləyir, bütün anlayışlararası çeviklik var. Əslində o, Makiavelçiliyi – «məqsəd üçün hər şeyi istifadə elə» ideyasını əsas tuturdu. Yapışmışdı dialektikanın nisbiliyindən, inqilabiliyindən, kəmiyyətin keyfiyyətə keçməsindən, sıçrayışdan… İnqilaba lazım olan şeyləri öyrənmişdi və mahiyyətcə antifilosof idi. Çünki marksizm – fəlsəfənin siyasətləşməsidi, Makiavelləşməsidi. Bir tərəfdən deyirdi ki, biz hər millətə özünü müəyyənləşdirmək haqqı verməliyik, digər tərəfdən dialektikcəsinə sübut edirdi ki, bu lazım deyil. Dialektikadan kazuistika və sofistika düzəldib istədiyini sübut edirdi.
– Bütün bunlarla yanaşı o, inqilabda qələbə çaldı.
– Bəşər tarixində elə hallar olur ki, qələbə çalmaq üçün gərək yalançı, bic olasan, pis çıxmasın, vələdüzna olasan. Fəhlə pis vəziyyətdəydi, ölümcülüydü, onu qızışdırmaq lazım idi. Deməliydi ki, yol birdi, kapitalizm ləğv olunmalıdı, çar devrilməlidi. Bundan ötrü həqiqət lazım deyildi. Ümumiyyətlə, siyasətdə doxsan doqquz faiz canavarlar, tülkülər və çaqqallar qalib gəlir.
– Bir vaxtlar daha çox tənqidçiliklə məşğul olardınız. Filosof tənqid üçün darıxmayıb ki?
– Tənqidçiliyimi indi də davam etdirirəm. Bu yaxınlarda «Azərbaycan» jurnalında «İnsan yönü», «Ulduz»da «Şer dərdi», «Gənclik»də isə «Tarixə çatmaq» yazılarım çap olunub. Burası var ki, istər tənqidçi, istərsə də filosof kimi neyləyirəmsə, hamısının arxasında Azərbaycanımız, Azərbaycanlığımız ideyasının təsdiqi du¬rur. Özündən böyük bir məqsəd üçün ədəbiyyatı yaxşı mənada vasitəyə çevirirəm. Demək istəyirəm ki, ədəbiyyatın özündən də böyük bir varlıq var. O varlıq bizim Yurdumuzdu, onun taleyidi, ina¬mıdı, sabahıdı. Bununla bağlı, «Dairələr» adlı bir əsər də yazmışam: insanın dairəyə düşməsi, mühitin təsiri, ədəbiyyatın və idrakın dairəyə düşməsi. Vətənin dairəyə düşməsi, ayrılıq dairəsi və bunların vəhdəti. Lakin mənim tənqidimi başqa tənqidlə qarışdır¬masınlar. Onların bir kitabını oxuyursan bir cümlə belə fikir tapmaq olmur.
– Sizin tənqidinizlə razılaşmayanlar çox olub, amma Sizin sözünüzə, qiymətinizə hamı ehtiyac duyub. Ümumiyyətlə, ədəbi mühitdə Asif Ata meyarı yaranıb. Bu meyar baxımından istərdim ki, ədəbiyyatımıza bir sərf-nəzər salasınız.
– Əvvəla, Sovet ədəbiyyatına münasibətim ona görə pisdir ki, o hökumət ədəbiyyatıdı. O, dünyanı yalana bürünmüş şəkildə təqdim elədi: elə yaz ki, orada həyat görünməsin, bəşəriyyətin yalançı nicatı görünsün. Çox istedadlı adamlarımız özlərini bu yalana fəda elədilər və ədəbiyyat qurban verildi. Fəlakət ondadı ki, – söhbət S.Rüstəm kimi az talantlı adamlardan getmir – S.Vurğun istedadının 80 faizini heç nəyə həsr elədi. S.Vurğun anlamadı ki, sosializmdən o tərəfə nə isə ola bilər. İdeologiyanı adamlara elə pərçimləmişdilər ki, bütün əsərlər başdan-ayağa siyasət idi. Məqalə ilə şeir fərqlənmirdi, yalnız obrazlara görə fərqləndirmək olardı. Bədiiyyat hədsiz dərəcədə miskinləşmişdi, obrazlar, metaforalar, epitetlər, məcazlar adiləşmişdi, bəsitləşmişdi. Ritorika poeziyanı əvəz edirdi. Bu S.Vurğuna da, R.Rzaya da, M.Rahim kimi… adını çəkmək istəmirəm, M.Müşfiqə də aiddir. Hətta H.Cavid də «Azər»də «El gülür» – deyə başlamışdı sevinməyə. Hökumətpərəstlik dəhşətli dərəcədə süni şöhrət yaratdı – xalq şairi, laureat, deputat. Məgər xalq şairi olmayan şair ola bilər? Şairin əzablı, filosofanə ömrü kef-damağa çevrildi. Bir zaman şair sufi idi, dərd içində qovrulurdu, ölürdü, indi şairlər arsızcasına nəşəyə bürünürlər. Şair hökmdar da ola bilməz, şair nəşəpərəst də ola bilməz, şairin başını sığallamazlar. Bu tale əldən getdi və əslində şairlər bədbəxt oldular.
İndi baxıram ki, kim bir az ayrı söz deyir, siyasəti təbliğ eləmir, sosializmin əbədi nicatından dəm vurmur. Bu nöqteyi-nəzərdən M.Arazın son yazılarında kədər var, ağrı var, hökumətçilikdən uzaq¬dı. Cavanlardan R.Behrudinin «Şaman duası»ndakı ideyalar mənə yaxındır. Bəxtiyar 60-cı illərdə başladığı yolu təqlid eləmək istəyəndə dəyişdi, ikiləşdi. Sənin «Cəngi havasına oyadın məni» şeirində də mənim xoşuma gələn döyüşmək ruhu oldu. Döyüşmək, qılınc çalmaq lazımdı, bizim başqa əlacımız olmayacaq.
– Asif Ata, boş vaxtınız olurmu?
– Pianino çalmaq boş vaxt sayılsa… Əslində boş vaxtım olmur. Hər günüm fəlsəfə, Ocaq, müasir həyat, estetika və tənqidə həsr olunmaqla 5 hissəyə bölünür. Nə vaxt axşam olduğunu da bilmirəm. Arada Muğamata çox güclü həvəs olur: dinləmək və çalmaq həvəsi.
– Bəs Muğamata olan təşnənizi kimin ifasında söndürürsünüz?
– S.Şuşinskinin «Çahargah»ynan. Dinləmisənmi onu? «Mənsuriyyə»də necə ağrıynan gəlir çıxır. Onun «Çahargah»ında yolluq çox güclüdür. Bəlkə də özü bilmir, bu ağrı yoludu, amma içindəki filosofanə, güclü və qədim bir səsdir. Özü də qocaldıqca onun ağrısı artırdı. Ağrıdan kamillik yaranır, ağrıynan da insan Allaha qovuşur. Sonra «Humayun». Yadındadırmı Rübabə onu necə açdı? Əlibaba balaca səsiynən «Dəşti»ni necə yaxşı oxudu? Fatmanın heç kəsə bənzəməyən «Kəsmə» şikəstəsi. Müharibə dövrünün rəmziydi o.
– Söz ki, musiqiyə keçdi, Qədir Rüstəmovla Alim Qasımovdan danışmamaq insafsızlıq olardı.
– Qədir ayrı! Qədir heç kəsə bənzəmir. O, bizi birdən-birə qədimliyə apardı, sosializm, nə bilim nə, yaddan çıxdı – şükür Allaha – getdik çıxdıq Füzuli dövrünə – «Sona bülbüllər»i deyirəm. Məgər onu dinləyəndə adamın yadına marş, kommunizm idealları düşür? O, təkcə səs deyil, ifaçı deyil, o, doğrudan da dərdlidir. Başqaları ən qəmli mahnıları belə oxuyurlar, amma bilirsən ki, 5–10 dəqiqədən sonra qəm-zad sovuşacaq. Amma Qədir doğrudan da ölür, canını verir. O, tərtəmiz sufidi! Şükür Allaha ki, belə bir irsə gəlib çıxıb! Onun bağrı yanır. Atada da «yana-yana qal» ideyası var. Yana-yana qalır. Ona görə də oxumaq ona çox ağır başa gəlir. Amma xoşbəxt adamdı, sufiliyi saxlayıb iyirminci əsrdə.
Alim professionaldı, yaxşı dərvişanə psixologiyası var, dərvişlik onun səsini də artırır. Sənətini sevəndi, amma Qədir deyil.
– Əgər boş vaxtınız olsaydı, onu necə keçirərdiniz?
– Musiqi yazardım. Bəstəkar deyiləm, amma içimdə çoxlu haraylar var, onları ifa eləyərdim.
– Ən çox nəyi sevirsiniz?
– Oğul, təbiəti çox sevirəm. Nə oxuduqlarımda, nə Hötedə, nə peyzaj lirikasında, nə də rəssamlıqda istədiyimi tapmadım. Qəti əminəm ki, cansız saydığımız təbiət canlıdır. Bilirsənmi, çay axır, elə-belə axmır, mahnı oxuyur. Göy hara, canlı saydığımız qoyun hara? Özü də təbiət hədsiz dərəcədə insana yaxındır. Rəssamlar bunu aça bilmir. Qəti əminəm ki, insan dağsız, çaysız ölər, iş onda deyil ki, çay bizə su verir. Bunları ifadə eləmək çətindi, yolların bir-birinə qarışması, qürub çağı. Qürub çağı ağlamaq istəyirsən, hərçənd heç nə olmayıb, qürub da sənnən bərabər ağlayır, elə bil ki, sabahını görürsən.

Söhbəti apardı:
Söhbət Səfərli.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv