Internet çağı. İnternet çağının adamları. Biz indi hamılıqla İnternet çağının adamlarıyıq. Bunu istəsək də, istəməsək də. İnternet qarşında, gözlərin önündə bütöv dünya deməkdir. Sən bu dünyada özünü də görə bilərsən, özgələrini də. Ən yaxınları da, ən uzaqları da. Çağdaş Azərbaycan olaraq biz İnternetdə necə görünürük – bundan yazmaq istəyirəm. Qısaca olaraq, bir neçə fakta toxunmaqla. Bizdə Feysbuk da, saytlar da çoxdan milli-siyasi polemika meydanından söyüş-təhqir meydanına çevrilib.
Belə bir Ata sözümüz var: bir dəli quyuya bir daş atdı, hamı yığışdı, çıxara bilmədi. Bir dəlinin bir quyuya atdığı daşı hamı yığışıb çıxarmağa çalışırsa, buna yalnız sevinmək olar. Birinci, daşı çıxarmaq üçün hamı əlbir, dilbir olduğuna görə; ikinci, quyuya atılan daşın gec-tez quyudan çıxarılacağına inam olduğuna görə. İndiki çağda, İnternet dönəmində, biz gündəlik olaraq hansısa quyuya atılan hansısa daşın çıxarılacağına inamımızı hər gün itirəsi olururq – İnterneti izlədikcə. Birinci, hamılıqla gərəkən çalışma yoxluğundan; ikinci, daşı çıxarma istəyinin yerli-dibli olmamasından.
Son günlərin iki faktı: Emin Millinin, Sərdar Cəlaloğlunun yazıları. Emin Milli AXC yönətimi ilə bağlı kiçicik bir yazı ilə çıxış etdi. Onu topa tutdular: söyüş, təhqir, ləkələmə… Sərdar Cəlaloğlu uyğun qonuda daha geniş, mən deyərdim, çox dəyərli, gərəkli bir yazı ilə çıxış etdi. Gələcək Azərbaycanı qurmaq baxımından dəyərli, gərəkli bir yazı! Sərdar Cəlaloğlunu da topa tutdular: söyüş, təhqir, ləkələmə. Emin Millinin suçu nə olmuşdu? Yazısında Elçibəyi qınağa yer vermişdi. Sərdar Cəlaloğlunun suçu nə olmuşdu? Yazısında bir az da uzağa gedərək Elçibəylə yanaşı, Rəzulzadəni də qınağa yer vermişdi. Sərdar bəyin yazısının üstünlüyü nədədir: konkret faktlar üzərində qurulan dərin analizlərdə. Kimin yazmasından asılı olmayaraq belə yazıları dönə-dönə oxumaq, belə yazılardan öyrənmək bizim hər birimizin Azərbaycan böyüklükdə borcumuzdur. Niyə? Azərbaycana sağlam, uğurlu gələcək yaratmaq üçün!
İstər E. Millinin, istərsə də S.Cəlaloğlunun yazısında keçmişimizə obyektiv baxış, gələcəyimizə gərəkən çağırış var. Hər ikisinin yazısında az-çox yanılma, hansısa çatışmazlıq var, bacarırıqsa biz o yanlışları, çatışmaqzlıqları görüb göstərməli, ölkəmizin uğurlu gələcəyi baxımından yazı yiyələrinə də, özümüzə də yardımçı olmağa çalışmalıyıq. Gerilikçi-qaragürühçu yol tutmaqla, bütpərəstliyə yuvarlanmaqla biz hara gedib çıxa bilərik? Səttarxanı, Xiyabanini, Pişəvərini, Rəsulzadəni, Elçibəyi, eləcə də başqa liderləri sevməyə qadağa olmadığı kimi qınağa, faktlara doğru-düzgün, obyektiv yanaşmaya da qadağa olmamalıdır. Bəlli oduğu kimi, biz bir yüz ildə beş yol hərəkat yaratmış, bu hərəkatların hamısını uduzmuş xalqıq. Çarpışma aparmışıq, hərəkat yaratmışıq, hərəkat gücünə hökümət qurmuşuq, sonra da uğursuzluğa uğramışıq. Özü də hamısında. Biri olar, ikisi olar, lap üçü də olar – hamısı olmaz, axı!
Qalxınmalarımızın hamısı uğursuzluqla sonuclanıbsa, demək, çağlar ayrı-ayrı olsa da, yanlışlarımızda, çarpışma, sonuca varma metodlarımızda oxşar çatışmazlıqlar olub. S.Cəlaloğlunun yazısında bu çatışmazlıqlar açıq göstərilir. Buna görə onu, ya bir başqasını söymək nə üçün? Bilmədiyimizi bildirənləri , öyrənmədiyimizi öyrədənləri söyüb-yamanlamaqla hara gedib çıxa bilərik? Yaxın-uzaq keçmişini gərəyincə bilib-dəyərləndirməyi bacarmayan xalq özünə uğurlu gələcək yarada bilməz. Axı, bu aksiomdur. Aksiomdan niyə qaçırıq? Görünür, başqa bir aksiom – özümüzə-ölkəmizə uğursuzluq aksiomu yaratmaq üçün. Sizcə, Rəsulzadəni, eləcə də yuxarıda adı çəkilən başqa liderlərimizi indiki yenilən-yıxılan Azərbaycanla sevmək önəmlidir, yoxsa onların uğrunda çalışdıqları Ayrı – Özgür, Demokratik, Yüksələn Azərbaycanla?!
07.01.2013
“Azadlıq” – ÇQQ.