Soylu Atalı. Xalqının durumundan əzab çəkən müstəqilliyimiz

İllər öncə “Müstəqilliyindən əziyyət çəkən xalq” yazısı yazmışdım. Müstəqil elan olunduq, ancaq sevinə bilmədik. Çünki həyat, məişət, quruluş, nizam, milli yön, heç biri yerində olmadı. Üstəlik xarici asılılıq bir neçə yönə bağlandı. Sanki müstəqil olmağımıza görə kimlərəsə borclu qaldıq, başqa sözlə Beynəlxalq güclərə “vergi” verməyə başladıq. Ölkənin enerji imkanları su qiymətinə hərraca qoyuldu. “Suyun qiyməti” isə iç talançılarımız tərəfindən mənimsənildi. Suveren dövlətin asılı iqtisadiyyatı yarandı. Bununla da xalqın həyatı asılıığa bağlandı. Asılılığa bağlanmalarımız qələbə kimi bayram olundu (“əsrin müqaviləsi”ni ən böyük uğur kimi bayrama çevirməyi yada salmaq yetər). Asılı iqtisadiyyatın üzərində taktik diplomatiya quruldu. Böyük (böyük imkanlara malik) olduğumuz halda cırtdanlara seçilmiş aqibəti yaşadıq. Milli strategiyası olmayan müstəqil dövlət – bunun əsasında xalq hara qədər inkişaf edə bilər ki?! Milli strategiya olsaydı “Balanslaşdırma siyasəti”nin bugünkü sonucu hesablanar və fəlakətlər qabaqlanardı. Hakimiyyəti qoruyan taktiki gedişlər bütövlükdə müstəqilliyi, xalqın gələcəyini təhlükə altında qoyubdur. Hər kəsə içimizdə at oynatmaq imkanı verildi, təki hakimiyyətə toxunmasınlar. Qərb xalqı azadlıq, demokratik hüquqlar qışqırda-qışqırda hərcayiləşən pərakəndəliyə sürüdü; “mədəni əlaqələr, dostluq əlaqələri, elmi konfranslar adı altında İran toplumumuzun müəyyən kəsimini mollaların ixtiyarına bağladı; Rusiya açıq şəkildə xalqımızı vətənsizləşdirdi. Bir xalq olaraq, zorakılığın hər bir üslubuna uğradıq. İçəridə güvəncimiz qalmadığına görə hissələr şəklində xaricdə güvənc qaynaqları axtarmağımız müstəqilliyimizi təhlükələrlə üz-üzə gətirib. Hakimiyyətin yadlığı, yağılığı xalqı elə acınacaqlı, pərakəndə hala salıb ki, indi özü çaş-baş durumdadır. Hər yandan təhdid olunur, hədələnir. Rusiyanın ölkəmizdə çevriliş hədələri onun imperiyaçılıq niyyətlərinin təzahürüdür, bu, üzdə açıq görünür. Ancaq Rusiyanın bu hədələri Azərbaycanın müstəqil varlıq olmasından qıcıqlanması ilə məhdudlaşmır. Qərbin bölgəni ələ keçirməsindən yana keçirdiyi təşvişin ifadəsidir həm də. Ancaq Qərb üzdə azadlıq carçısı kimi görünür. Halbuki ATƏT-in Minsk Qrupu bölgəni bölüşdürmək və mənimsəmək üçün yaradılmış bir qurum olduğu ötən illərin əməllərində siyasi təsdiqini çoxdan tapıbdır. Bizim üçün Qərb Rusiyadan az təhlükəli deyil. Baxın, Misirdə, İraqda, sair ərəb ölkələrində bu vaxta qədər diktatorların arxasında duran Qərb deyildimi? Sonradan vətəndaş müharibələri ilə onları devirən yenə Qərb deyildimi? Burada bizim el məsəli yerinə düşür:-“ilanın ağına da, qarasına da”. Onların sadəcə görsənişdə fərqləri var – Rusiya həmişə açıq zor kimi görsənib, Qərb isə yalançı azadlıq carçısı kimi. Hər ikisinin bizə (bütövlükdə Türk Dünyasına) münasibəti təhlükəlidir. Baxın, Fransanın, İngiltərənin, ABŞ-ın zaman-zaman tutduqları mövqeyə. Deyirlər Rusiyanın addımları, bəyanatları dünyaya açıq meydan oxumaqdır. Məgər Qərb dünyaya azan oxuyur? Qərb dünyaya meydan oxumur, dünyanı meydansız qoyur.
Rusiya hər gün ermənini silahlandırır, özü də Minsk qrupunun Sədrlərindən biridir. Bəs o biri sədrlər neyləyir? Deyirlər Azərbaycan sülh variantları haqqında düşünməlidir. Yəni erməninin silahlandırılmasına illərlə göz yummaq və Azərbaycanı “sülhə” çağırmaq Qarabağı gerçək olaraq Azərbaycansızlaşdırmaq deməkdir. Təbiidir ki, Azərbaycan da silahlanıb, ordusunu modernləşdirməyə meyil edib. Ancaq bir var dövlətçiliyi qorumaq, bir də var zəbtçiliyi qorumaq. Burada Azərbaycana qarşı erməni zəbtçiliyi qorunur. Ümumən Rusiya Azərbaycana SSRİ-nin gözüylə baxır, onun müstəqilliyi ilə barışa bilmir.
Bəli, nə Rusiyanın , nə də Qərbin Azərbaycana qarşı münasibəti onun hakimiyyətinə qarşı münasibəti deyil, Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı münasibətdir. Bütün bu deyilənlərin fonunda Azərbaycanın əsas siyasi müxalifəti təəssüf ki, cılız istəklərlə fəaliyyət göstərir. İllərlə Qərbə yan alan müxalifət bir şeyi ciddi təhlil eləmir. Qərb SSRİ-nin dayaqlarını yıxmaq üçün 90-cı illərdə müəyyən qüvvələri millətçilik bayrağı altında ayağa qaldırmışdı. Sonrakı mərhələdə milli şüarlarla hakimiyyətə gələn qüvvələr Qərbə gərək olmayacaqdı. Həmin qüvvələr Qərb üçün “birdəfəlik” (odnarazovıy) qüvvə olduqlarını dərk eləmədilər və millətçilikdən əl çəkib Qərbin demokratiyası uğrunda mübarizəyə başladılar. Təəssüf ki, Milli strategiya hazırlayıb Birlik yaratmaq haqqında düşünmədilər. Mililik çağıran (yaradan yox) qüvvələr Qərb tərəfindən biryolluq qıraqda saxlanacaqlarını dərk etsəydilər, Azərbaycan da indiki duruma düşməzdi.
Bu gün Azərbaycan Qarabağla bağlı heç sülh yolu da tələb edə bilməyəcək. Birincisi, Azərbaycan üçün sülh adlanan məntiq yoxdur, müharibə ilə əldən gedən torpaq sülh yolu ilə necə qayıda bilər?! Sülh Qarabağın ya hamısını, ya da ən yaxşı halda bir hissəsini təhvil vermək deməkdir. İkincisi, Rusiya onsuz da hər şeyə yeni adlar qoyur, bəhanələr axtarır. Azərbaycan iqtidarı Balanslaşdırma oyunu oynayanda Qarabağ uğrunda müharibə etsəydi, daha az bəhanə verərdi. İndi Qarabağla bağlı “lazım gələrsə” kimi populist çıxışlar da Rusiya üçün bəhanədir. İqtidar başqa cür siyasi alverlər haqqında düşünəcək (hətta Rusiyanı sakitləşdirmək üçün Ramiz Meydiyevə yeni imkanlar da yarada bilər, bunun əlamətləri görünür də). Ancaq Azərbaycan haqqında düşünməyəcək, düşünə bilməyəcək. Ümid isə satılmayan, sağlam milli fərdlərin ortaya çıxmasına qalıb.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv