Azərbaycanda qeyri-milli, eləcə də antimilli təbliğatlar sürətlə işə keçir, ancaq milli təbliğatların etkisi ya yoxdur, ya da çox az hiss olunur. Bu gün toplumu özgələşməyə şirnikdirən təbliğatlar arasında yeni bir fikir də yayılmaqdadır. Son dövrlər ictimai fərdlərdən, eləcə də sadə insanlardan belə bir fikri tez-tez eşitmək olur: “İkinci dünya savaşında Bolşevik Rusiyası deyil, almanlar qalib olsaydı, Azərbaycan indi ən inkişaf etmiş ölkəyə çevrilmişdi, sosial problemlər də aradan qalxmışdı”. Çox qəribə faktdır, hər kəs də buna ciddiyyətlə inanır. Ən qəribəsi də odur ki, hər kəs eşitdiyi bu fikri özünün qənaəti kimi deyir. Sanki bu fikir deyildiyi anda onun ağlına gəlib.Əlbəttə bu hal ölkədə yaradılan ümumi halın və oturuşmaqda olan təbliğatın göstəricisidir. Şirin əsarət axtarmaq insanların qeyrətinin kəsərsizliyini göstərir. Ümumiyyətlə, əsarətdə xilas axtarmaq, inkişaf görmək, firavanlığın olacağına inanmaq iki cəhətdən düşündürücüdür: Birinci cəhət odur ki, ölkənin milli idarəetməsi mütləq sıradan çıxıb və insanlar ədalətin, qanunun təminatına ümid bəsləmirlər. Eyni halda ölkənin gücünə, gələcəyinə inanmırlar. İkinci cəhət də ondan ibarətdir ki, vətən və dövlət insanların gözündən düşüb. Ona görə də onlar maddi və sosial həyatın narahatlığını qıraqdan gələn təsirlərdə axtarırlar. Belə bir istəyin arxasında qlobal əsarətin oturuşa bilməsinin təhlükəsini düşünmək belə, istəmirlər. Əslində bu iki cəhətin hər biri iç-içə məsələlərdir, bir-biri ilə mərhələ təşkil etmir.
Bəs səbəb nədir?! Əslində bir çox düşünərlər səbəbi birbaşa indiki hakimiyyətin yarıtmazlığında axtarırlar. Bu axtarış səhv deyil, ancaq bu axtarışla məhdudlaşmaq səhvdir. Baxın, bu hakimiyyət parçalanmış, dağılmış, cılızlaşmış bir toplumun üzərində özünəyarar idarətmə qurub və talançılıqla məşğuldur. Ancaq bizə görə toplumun özgələşməyə meylini şərtləndirən səbəblər daha dərindədir. Həm də bu səbəblər təkcə bizim toplumumuzla bağlı deyil, ümumilikdə türk toplumunun etnik mahiyyətiylə bağlıdır. Bu səbəbdən millətlə bağlı ortaya gələn fikirlərin məsuliyyəti çox böyükdür. Bunu, milləti öz gözündən salmağa çalışanların təbliğatına uyanlar da hesablamalıdır, milləti özü üçün tərifləyib mənasız arxayınçılıqlar yaradanlar da. Ancaq bu tendensiyaların hər ikisi zərərli olsa da, bunlardan öyrəniləsi ciddi məqamlar var. Millətsevər insanlar bu cəhətlərin hər ikisini doğru təhlil edib öyrənməklə çaşqınlıqların təsirini azaltmağa qulluq göstərmiş olarlar. Gəlin, bu cəhətləri izah edən ayrı-ayrı faktları misal göstərək. Birinci cəhətin təmsilçiləri ən çox nəyə diqqət çəkirlər?! – “ Bu millət içində toparlanıb birlik yarada bilmir. Bir-birini aldadır, satır, sıradan çıxarır; mənəmlik ehtirası güclüdür; öz mənafeyindən başqa heç nə görmür; başqasının hesabına varlanmaq, yüksəlmək xarakterindədir; qanunsuzluğa meyil edəndir və b.k.”. İkinci cəhətin təmsilçiləri isə deyirlər ki: “Bu millət humanist, tolerant keyfiyyətlərə malikdir; qonaqsevərdir, öz evində qonağı başda oturdandır, başqa etnik toplumlara üstdən aşağı münasibət bəsləmir, əksinə, özündən üstün münasibət bəsləyir; Çox dözümlüdür, genişqəlblidir və b.k.”. Əslində bu təyinatların heç biri səhv deyil. Ancaq bu deyilişlərin hər biri ayrı-ayrılıqda nədəni açılmadan sərgilənəndə, əvvəldə vurğuladığımız kimi, zərərli olur. Bu deyilişlərin arxasında duranlar ayrı-ayrılıqda özlərini haqlı sayırlar. Bununla belə, bu haqlılığın zərərləri onu deyənləri haqsızlaşdırır. Birinci fikirdəki toplumsal qüsurlar beyinlərə milləti gözdən salmaq faktı kimi yeriyir. Hətta toplumun milli mahiyyətində deyil, xarakterində oturuşmuş qüsurları qabağa verib “dəyərlərin yenidən qiymətləndirilməsi” kampaniyaları həyata keçirirlər. Bununla da milli dəyərləri gözdən salıb “əsarətin dəyərləri” ni gözə mindirirlər. İkinci münasibətdə səslənən fikirlər isə, əsasən birinci münasibətə qarşı yönəlir (ondan az iş görsə də). Təbii ki, dəyərlərin qorunması gərəkdir. Ancaq gerçəklikdə zəmini olmayan, əsaslandırılmamış fikirlər dərin iş görmür, daha çox arxayınçılığa xidmət edir. Toplumda mənasız arxayınçılıq isə milli var olmağa əngəl yaradır. Bu səbəbdən də topluma mahiyyəti və xarakteri etibarilə bütöv yanaşmaq gərəkdir.
Yəni, milli kimliyimizi doğru qiymətləndirmək üçün etnos mahiyyətimizi prinsipial cəhətdən öyrənmək tələbi çıxır qarşıya. Bu gün artıq elmi araşdırmalar da sübut edir ki, qədim Şumer mədəniyyəti türk etnosuna bağlıdır. Deməli, bəlli sivilizasiya türkün mahiyyətinin bütövlüyünü, genişliyini nişan verir. Bir sıra tarixi xalqların mədəniyyətinin formalaşmasında, inkişafında türkün özəl etkiləri olmuşdur. Çünki ilk sivilzasiya – ilk mədəniyyət, ilk dövlətçilik, ictimai kuralların birgəyaşayışı təmin edən nizamları Şumerdən başlayır. Deməli, türkün bəşəri nizam yaratmaq görəvi mahiyyətindən irəli gəlir. Özünə sığmamaq, dünyalaşmaq, dünyada insani nizam yaratmaq – türkə xas olan böyük bir şərəf yüküdür. Özlərini ari sayan, ali bilən xalqların üstün cəhətlərini kölgələmək, aşağılamaq niyyətimiz yoxdur. Əslində üstün saymalar pis deyil, toplumu öz gözündə ucaltmaq, özünə inandırmaq məqsədi güdüb. Ancaq nə yazıqlar ki, sonralar toplumu öz gözündə ucaltmaq meyilləri dünyaya ağalıq etmək istəkləri ilə əvəz olunub. Türkdə isə ən çox dünyagirlik deyil, dünyasevərlik özünü göstərir. Bu, onun inanclarında açıqca təsdiqini tapıbdır. Göytanrıçılıq, Panteizm, İşıqçılıq, Xürrəmdinlik, Hürufilik inancları ciddi tarixi faktlardır.
Bəs bu deyilənlərin səbəblə nə əlaqəsi var?! Əvvəldə dedik ki, toplumun özgəliyə meyil etməsinin səbəbi bütövlükdə türkün etnos mahiyyətiylə bağlıdır. Onu da vurğuladıq ki, türk dünyaya xilas gətirmək görəvi daşıyır. Ancaq bugünkü gerçəklik türkün özünün əsarətdə olmasına şahidlik edir. Bunun da əsas nədəni odur ki, türk böyük sivilizasiya yaratdı, böyük mədəniyyət yaratdı, böyük tarix yaratdı, ancaq yazılı tarixini, yazılı mədəniyyətini yaratmadı. Nəticədə ondan bəhrələnənlər onun özünü danmağa, kiçiltməyə girişdilər. Türkü özünə bağlayan, bir araya gətirən sistem olmadı. İdarəetmə strukturu pozuldu, özümləşmə strukturu pozuldu. Qollara bölündü, bütövlüyü dağıldı, içinə əsarət yeridi. Bu gün də özgələşməyə meyil, əslində Dünyalaşmaq qüdrətinin təhrif olunmuş təzahürüdür. Türkün dünyasevərliyi, dünyalaşması – dünyaya inteqrasiyası deyildi. Dünyaya inteqrasiya Dünyalaşmaq deyil, dünyanın içində ərimək, özgələşməkdir.
Şumer əsilliyi, yəni dünyaya mədəniyyət vermək, xilas gətirmək əməli aradan getdiyi üçün türkün özünəyadlaşma meyli güclənibdir. Türkün yaratdığı nizam bir zamanlar başqalarını başqaların özünə bənzədirdi, indi türkün bəşəri əməlsizliyi özünü özgələrə bənzədir.
Bu səbəbdən də öz içində dəyərləri tanımaq, özümləşmək, dünyaya münasibətini dəyişmək, hesab edirik ki, türkün yeni görəvi olmalıdır.
Atamız var olsun!
4 Çiçək Ayı, 35-il. Atakənd.