Tarix nədir, nədən ötrüdür, onu niyə yazırlar? Bir sıra qabaqcıl, gəlişmiş uluslar (deyək, anqlosakslar) üçün bunlar, ola bilsin, yersiz-gərəksiz sorulardır; onlardan ötrü bu sayaq sorular aktuallığını çoxdan itirib. Niyə? Onlar çox-çox illər öncə bu soruları doğuran nədənləri aradan qaldırıblar. Ancaq bizdən ötrü bu sorular bu gün də aktualdır, istər-istəməz biz indi də bu sorulardan yaxa qurtarmaz durumdayıq. Tez-gez biz bu sorulara son qoymalıyıq. Necə, hansı yolla? Bu soruları doğuran gerçəyi aradan qaldırmaqla. Bu isə çox da asan iş deyil.
Göstərilən soruların aradan qalxması üçün biz öncə tarixin fəlsəfəsini anlamalıyıq. Tarixin fəlsəfəsini anlayandan sonra Ulusa, Ölkəyə, Dövlətə gərəkli tarix yazmaq olar. Uğurlu gələcəyə də belə bir tarixlə get:ək olar. Məncə, tarixin fəlsəfəsi, başlıca fəlsəfi konsepsiyası GƏLƏCƏK yaratmaqdır. Sözsüz, hər hansı gələcək deyil, keçənlərdən daha uğurlu, daha üstün gələcək yaratmaq. Bu baxımdan hər bir ulus, hər bir ulus adamı tarixinə ayrıca sayğıyla yanaşmalı, yalnız gələcəyi ilə deyil, eləcə də keçmişi ilə yaşamalıdır. Ancaq gələcəyə yönəlik, gələcəyə sarsılmaz özül ola biləcək keçmişi ilə. Böyük Atatürk deyir: “Keçmişinə yiyə durmayan xalqın gələcəyi olmaz”. Atatürk yönərgəsindən baxsaq, bizim gələcəyimiz… qaranlıqdır – biz keçmişimizin yiyəsi deyilik.
Fransızlar deyirlər:”Biz tariximizi tarixçilərimizdən çox yazıçılarımızdan öyrənirik”. Niyə? Yazıçılar Fransa tarixini fransızlara daha artıq sevgiylə, sayğıyla, üstəlik, fransız dilinin gözəlliyindən, deyim olanağından yetərincə yararlanmağla çatdırdıqlarına görə. Beləcə, Fransa tarixi fransalılara quru xronologiya yığını olaraq çatdırılmır – parlaq düşüncə, güclü enerji ilə çatdırılır. Rusiya prezidenti Putin yaxınlarda yeni tarix dərsliyi yazılmasına göstəriş verdi. Dərslik “arasıkəsilməz Rusiya tarix məntiqinə uyğun olaraq, bütün dönəmlər qarşılıqlı ilişkidə götürülməklə, keçmişimizin hər səhifəsinə sayğı ilə, bir konsepsiya üzərində qurulmaqla, yaxşı rus dilində, ikili yorumlara yol vermədən yazılmalıdır”. Bizim tarix kitablarımız, ayrıca olaraq tarix dərsliklərimiz bütünlüklə yuxarıda deyilənlərin tərsinə olaraq yazılır: çeşidli konsepsiyalarla (ona konsepsiya demək olarsa), sınıq-salxaq biçimdə, keçmişimizin bir səhifəsinə, deyək, M.Ə.Rəsulzadə – ADR dönəmi ilə bağlı sayğısızlıqla, sonucları bəlli heydərizm dönəmi ilə bağlı aşırıdan aşırı sayğıyla, dil baxımından, gerçəyi deyəsi olsaq, ərəb-fars sözləri ilə dolu əski-tullantı bir dillə.
Tariximiz gərəyincə yazılıb, yetərincə öyrədilib sevdirilmədiyindən bizdə tariximizə, tariximizin dirək adlarına böyük sayğısızlıq var. Buna görə də Babək, Şah İsmayıl kimi böyük Azərbaycan oğulları ilə bağlı düşmənlərimizin yazdıqlarını bir çox yurddaşlarımız düşməncəsinə təpki ilə qarşılamaq yerinə, ayrıca “anlayışla”, olası bir görsəniş tək qarşılayır. Hələ aralarında düşmən düşərgəsinə qatılıb “sapı özümüzdən olan balta” rolunu oynayanlar da olur. Belələri Şah İsmayıla ayrıca düşmənçiliklə yanaşır, onu az qala bütün Azərbaycanı qırıb-çatmaqda suçlayırlar. Bəlli olduğu kimi, Şah İsmayıl bir çox çətinliklərdən krçməklə Böyük, Bütöv Azərbaycan dövləti yaratmışdı.
Şah İsmayılı dəyərləndirmədən qabaq gəlin Rusiyanın, Almaniyanın, İngiltərənin birləşdirilmə tarixinə baxaq – bu tarixlər Şah İsmayıl dönəmi Azərbaycanında olduğundan qat-qat artıq qanla, qanlı qırğın faktları ilə tanınır. Azərbaycanın min illik tarixi coğrafiyasına gəlincə, bizim tarixi olmayan su sınırlarımız belədir: Xəzər dənizi, Qara dəniz, Kəngər körfəzi. Sonunculardan bizi I dünya savaşından sonra bölgəmizdə işğalçı-imperialist siyasəti yürüdən dövlətlər ayırdılar. !918-ci ildə sınırları Qara dənizədək uzanan daha bir respublikamız – Qars Demokratik Respublikası vardı…
XALİQ BAHADIR. TARİXİN FƏLSƏFƏSİ (I HİSSƏ)
Aprel 11th, 2013 admin