Biz tarixin fəlsəfəsini öyrənəndən, biləndən sonra dünya tarixindəki yerimizi bilməliyik. Bilməliyik: bizim yerimiz tarixin hansısa ucqarında deyil, tən ortasındadır. O tarix min illər öncə dünya tarixinə özünün ünlü, silinməz damğasını vurmuş Turlar ölkəsinin – Azərbaycanın tarixidir. Manna, Maday (Midiya), Atropatena, Albaniya – bunlar Azərbaycan Türk etnosunun ayrı-ayrı adlar altında yaratdığı bir-birinə bağlı dövlətlər sistemidir.
Min illər qabaq Azərbaycanın ulusal dövlət simgəsi ikibaşlı qartal olub. O simgəni yaradan ulularımızın böyük ağlı qarşısında biz bu gün də baş əyməyə bilmərik: onlar min illər öncədən Doğu ilə Batı arasındakı Azərbaycanın geostrateji siyasət vektorunu bizə bəlirlədiblər. Bu, Azərbaycanı yaşatma, donatma, qanadlandırma vektorudur. Ikibaşlı qartal Azərbaycan coğrafiyasından doğmuş, biz istəsək də, istəməsək də uğurlu-uğursuz Azərbaycan tarixi bu coğrafiyanın qoşulları içərisində oluşmuşdur. Uğurlarımız düzgün, dəngəli simgə siyasətimizə bağlı olmuşdur, bundan sanra da elə olasıdır.
Amerika filosofu Ralf Emerson deyir: “İnsanı yalnız bioqrafiyasını bütünlüklə öyrənməklə tanımaq olar”. Bəs etnosu-ulusu necə? Sözsüz, Emerson modelinə uyğun olaraq. Başqa cür desək, onun (ulusun) bioqrafiyasını bütünlüklə öyrənməklə. Ulusun bioqrafiyası onun tarixidir. Emerson “Tarix genəl düşüncə çalışmalarının illərliyidir. Onun yaşadıcı gücü bütün keçmiş günlərin birgəliyi ilə doğrulanır”, deyir. Emersonun bu tezisinə ən tutarlı tutalqa Azərbaycan tarixinin özüdür. Azərbaycan Türk etnosu, Azərbaycan ulusu olaraq biz belə bir dünyalarca ünlü, dünyalarca güclü, Emerson deyən kimi, YAŞADICI tarixin yiyəsiyik!
20-ci yüzilliyin başlanğıc çağlarında Yer üzünü sosial-siyasi çaxnaşmalar bürüdü. Bu çaxnaşmalar da Birinci dünya savaşını doğurdu. Bütün bunların etkisindən Rusiya imperiyası dağılmağa başladı. Bu dağılma proseslərindən yeni qurulma prosesləri doğdu. Min illərdən qalma dövlətçilik, dövlət yaratma gələnəyi olan Azərbaycan Türkləri az bir arada üç respublika qurdular: Azərbaycan Türk Respublikası (bölgəni tutmuş Antantanın etkisilə sonralar ADR olmuşdu); Araz Türk Respublikası; Qars Demokratik Respublikası. Sonuncu ikisi ADR-ə qatılmaq istəyində idi. Belə də olacaqdı, ancaq… bu qarşılıqlı istək böyük dövlətlərin, başlıcası da bölgədə söz yiyəsinə çevrilmiş Rusiya ilə İngiltərənin çoxdan tasarlanmış geopolitik planlarına uyğun deyildi. Qars Respublikasının birləşməsi ilə yenidən Qara dənizə çıxış əldə edən, Araz-Naxçıvan Rüspublikasıyla birləşməklə Türkiyə ilə bütövləşib güclənən, beləliklə, Qafqazda başlıca söz yiyəsinə çevrilən Azərbaycan onların planlarını alt-üst edirdi.
Bütövlükdə Antanta dövlətlərinin (sonradan onlara qatılan ABŞ-ın da) planları tək Azərbaycanı deyil, Türkiyəni də kiçik dövlətlərə parçalamaq strategiyası üzərində qurulmuşdu. Belə bir istəklə də onlar bölgədəki erməni azlığını təpədən dırnağa yaraqlandırıb Türkləri qırmağa yönəltmişdilər. Ermənilərin Qarsda, Naxçıvanda, Göyçə-Zəngəzurda törətdikləri çoxsaylı qırğınlar belə, sözü gedən respublikaların yıxılmasına gətirmədi. Onda ingilislər birbaşa işə qarışmalı oldular: Qars Demokratik Respublikası hökuməti tutulub Malta adasına sürgün edildi, Araz Türk Respublikası devrildi. Arxasında ingilis-fransıs komandanlığının dayandığı erməni quldur birləşmələrinin kütləvi qırğın basqıları altında ADR hökuməti İrəvan başda olmaqla Batı Azərbaycan torpaqlarını ermənilərə verməli oldu. Yenə də ingilislərin yardımı ilə Araz Türk Respublikasının sınırları içində olan Şərur-Dərələyəz, Sərdarabad, Vedibasar, Qəmərli, Mehri, eləcə də bir sıra başqa yerlər ermənilərə verildi. Sonralar sovet Rusiyası Göyçə-Zəngəzuru, ardınca da onlara bitişik bir çox yerləri ermənilərə pay verdi. Beləliklə, ingilis-rus planlarına uyğun olaraq Azərbaycan torpaqlarında, ən başlıcası, Azərbaycanla Türkiyə arasında qondarma erməni dövləti – “Ermənistan” yaradıldı…