Çağdaş dünya din, siyasət və dövlət məsələlərinə münasibət baxımından rəqabət mühitinə çevrilib. Bu mühit bəşəriyyəti ziddiyyətli, qarışıq həyat sürməyə vadar edir. Nümunə kimi bizim ölkəmizdəki durumu göstərmək olar. Toplumun müəyyən bir qismi həyat amansızlıqlarının basqısı artdıqca dinə üz tutur. Din isə müqəddəsliyi əvəz edə bilmir, başqa sözlə, insani birlik yarada bilmir. Ona görə də dinə üz tutan əksəriyyət kortəbii və amansız bir münasibət dairəsində yaşamalı olurlar. Dinə üz tutan toplumun başqa qismi isə müəyyən bir fəal birlik yaradırlar və həyatda özləri üçün hakim bir mövqeyə sahib olmağa çalışırlar. Belə adamlar əsasən dövləti özlərinə rəqib hesab edirlər. Çünki onlar qıraq təbliğatların təsiri altında formalaşmış qüvvələrdir. Onlara idarəetməni ələ keçirmək vəd olunur. Şübhəsiz ki, bu cür küyə gedən, qaragüruha çevrilən qüvvələr bir qayda olaraq dövlət üçün də, millət üçün də təhlükə qaynağına çevrilirlər. Millət üçün dövlətin əhəmiyyəti onların nəzərində hər hansı rola malik olmur. Təbliğat elə qurulur ki, dövlətin başında duranlar başqa dinləri təmsil eləyən dövlətlərə boyun əyirlər. Konkret olaraq xristianlığın üstünlüyünə çalışırlar (burada Yəhudi İudaizminin təsirinə də işarə edilir). Bizim ölkəmiz üçün bu təbliğatın başında əsasən İran durur… Doğrudur, dövlətimizin başında duranlar başqa dövlətlərin basqılarına aşırı dərəcədə boyun əyirlər. Ancaq burada hal heç də dini qarşıdurmalara bağlı deyil. Əslində dini qarşıdurma heç yoxdur da. Süni şəkildə uydurulmuş bir şeydir. Xarici qüvvələrə boyun əymə siyasi gücün olmamasından irəli gəlir.
Siyasət məsələsinə gəlincə, burada qüvvələr heç bir ideya və güc ortaya qoymadan üstünlük qazanmağa çalışırlar. Və bu üstünlüyə nail olmaq üçün say çoxluğu istəyirlər. İdeyasız və yolsuz say isə əlbəttə heç bir təsirə malik olmur. Siyasi qüvvələr say xatirinə dini çevrədəki zümrələrə də yaxınlıq edirlər. Ancaq siyasi qüvvələrin aktiv gücü olmadığı üçün onlarla geniş əlaqələrə girmirlər. Zahirən müstəqil görünən dini zümrə, vurğuladığımız kimi əsasən kənar qüvvələrə bağlıdırlar. Ancaq onların bağlılığı hələlik təhlükəli görünmür. Ona görə də toplumda əndişə yaranmır. Ümumiyyətlə, ölkədə anarxiya, çoxistiqamətlilik elə mürəkkəb durum yaradıb ki, bu durumda təhlükələr gizlənə bilir, hər şey sanki öz yolunda görünür.
Dini zümrənin rəsmi qanadı isə hakimiyyətə bağlıdır. Bunlar özləri üçün lazımi qədər mövqe yaradıb və şəbəkəyə çevriliblər.
Dövlət məsələsinə münasibət isə daha acınacaqlıdır. Xalqın dövlətinə sayğısı yox kimidir. Çünki dövləti hakim qüvvələr öz şəxsi malikanələrinə çeviriblər. Dövlət az mənada xalqın, çox mənada isə hakim təbəqənin mənafeyini təmsil edir.
Əlbəttə, bu cür qarışıq bir gedişatda nəyəsə nail olmaq mümkün deyil. Bu səbəbdən də düşünürük ki, bu münasibət dəyişilməzdir. Ümumiyyətlə, böyük dəyişikliklər getməlidir. Bu dəyişiklikləri aparmaq isə iki cəhətdən çox çətindir. Birincisi, dərin, hərtərəfli, aydın və dərk olunan ideya təməli olmalıdır. Yəni əsaslı zəmin olmalıdır. İkincisi, bu ideyanı öyrənən, dərk eləyən, onun gerçəkləşməsinə həsr olunan ardıcıl, davamlı Qüvvə olmalıdır. Bu Qüvvə böyük dəyişikliklərə istiqamət və təkan verən mərkəzə çevrilməlidir. Biz düşünürük ki, birinci şərt ödənilib. Yəni Asif Ata qüdrətli ideya zəmini yaradıb. Məsələnin ikinci tərəfinə gəlincə isə burada bir az ehtiyatlı danışmaq lazım gəlir. Yəni böyük təsir gücünə malik olan mərkəz hələ yetərincə formalaşmayıb. Ancaq hesab edirik ki, asta sürətlə olsa belə, bu iş də gedir. Ayrı-ayrı fərdlərimiz sübut edirlər ki, dərinə baxmaq mümkündür – ideya üçün özünü qurban verənlər var. Şübhəsiz ki, bu iş getdikcə böyük vüsət alacaq. Burada həm də dərin inam var. Bu inam fərdlərin özünüifadə ləyaqətinə əsaslanır…
Atamız var olsun!