Millət dövləti doğurur. Dövlət milli varlığı – milli mənliyi qoruyur. Milli mənliyi qorumayan dövlət dövlət olmur. Daha doğrusu, gerçək dövlət olmur. Bu baxımdan bizdə gerçək dövlət yerinə, milləti soymaqla varlanmış bəlli bir qrupun qarantına çevrilmiş dövlət var. Belə dövlətə klanmafiya dövləti deyilir. Bu dövlətdə yalnız əski qanunlar deyil, ən yeni, ən qabaqcıl sayılan qanunlar da klan-mafya üçün kamuflyaj rolunu oynayır: istər içdə, istər dışda. H. Əliyevin formalaşdırdığı dövlət belə bir dövlətdir. Bu sayaq dövlətlərdə gerçək dövlət qanunları işlək olmadığı kimi, mənlik qanunları da işlək olmur. Bu isə yurddaşla dövlətin qarşılıqlı aşınmasına, qarşılıqlı deqradasiyasına gətirib çıxarır.
Onlar qarşılıqlı olaraq bir-birini aşındırır: yurddaş mənliksiz kimliyi, dövlətsə qanunsuz-yolsuz kimliyi ilə. Yurddaşın kimliyi mənlik göstəriciləri, dövlətin kimliyi qanun göstəriciləri ilə ölçülür. Hər ikisində qanunçuluq üstünlük qazanmalıdır. Mənlik yurddaşı, qanun dövləti yüksəldir. Mənliyin də, qanunun da aşındığı yerdə ortaya yararsız-yolsuz yurddaşla yararsız-yolsuz dövlət çıxır. Bunu başqa sayaq da demək olar: hər hansı idealdan uzaq prinsipsiz yurddaş, bütünlüklə ona oxşar prinsipsiz dövlət. Yurddaş da qanunçu olmalıdır, dövlət də. Hər ikisi öz qanunlarında ardıcıl, prinsipial olmalıdır: yurddaş da, dövlət də. Burada paradoksal nəsə yoxdur: yurddaş mənlik qanunlarına bağlı qalmaqla özünü də yüksəldir, dövləti də; dövlət də eləcə – qanunlara bağlı qalmaqla özünü də yüksəldir, yurddaşı da.
Əliyevçi dövlətin dayaqlarından, aktivlərindən olan, ilişənədək iyirmiyə yaxın görəv daşıyan, dövlət qurumlarını biznes-alver obyektinə çevirməklə dövləti ideya-mənəvi itkilərə uğradanlardan biri – Gülər Əhmədova indi dustaqlıqdadır. Onun dustaqlıqdan göndərdiyi mesaj H.Əliyev dövlətinin, dövlətçiliyinin, eləcə də bu dövlətə, bu dövlətçiliyə bağlı kimsənin xarakterik görsənişi, danılmaz göstəricisidir: “Mən sonadək Heydər Əliyev dövlətinə, Heydər Əliyev dövlətçiliyinə sadiq qalacam”. Bunu bu dövlətlə, bu dövlətçiliklə uzun illər kriminal ilişkilərdə olmuş, bu iliçkilər üzündən tutulub dustaq edilmiş kimsə deyir. Elə o kimsə də dustaqlıqda ikən əliyevçi dövlətə, əliyevçi dövlətçiliyə düşmən kursu ilə tanınan bir qəzetə – “Azadlıq” qəzetinə abunə yazılır. Mesaja bax, qəzetə bax! Verilən mesaj hara, istənən qəzet hara? Transformasiya? Yox, bu sayaq transformasiya olmur. Birinci, sosial-siyasi fiksiyadır; ikinci, ideya-mənəvi istək. Birinci, fiziki; ikinci, mənəvi varlığını yaşatmaq üçündür. YAP-çı fenomeni!
Budur, bir-birinə bağlı yurddaş-dövlət tipi: harda birləşir, harda ayrılır!
Boris Abramoviç Berezovski. Sovet dönəmi riyaziyatçısı, bilimlər doktoru. Sovet dağıldı, ortaya onun varisi olaraq B.Yeltsin başçılığında Rusiya çıxdı. Yeltsin kim idi? Sözdə demokrat, işdə başıpozuq birisi. Yeltsin demokratiya ritorikası axarında prezidentliyə gəlib çıxmışdı. Onun prezidentliyi içkiyə qurşanmış bir rus mujikinin prezidentlik dönəmi idi. Belə dönəmlər fırıldaqçı, tülüngü, öz istəklərini bütün istəklərdən üstün tutan, bu yolda nəyə desən gedən kimsələrin dönəmi olur. Berezovski belələrindən idi. Belələrindən olduğuna görə də o, çox keçmədən aylıq donluqla yaşayan bilimlər doktorundan… biznesmen-milyarderə çevrildi. Başqaları bununla yetərlənərdi, Berezovski kimisi yox. Berezovski dövlətin özünün tülüngülər dövlətinə çevrildiyini görərək oradakı boşluğu doldurmaqla LEGİTİM yerini tutmaq istəyində bulundu. Beləliklə, o, biznes imperiyası ilə siyasi imperiyanı çulğalamaq amacı güdürdü. Dövlətdəki boşluq onu – öz adamını gözləyirdi. Berezovski kimi ayıq adam Yeltsin kimi başıdümük birisinin yanında Güvənlik qurulunun (Təhlükəsizlik şurası) başçısı oldu. ORT başda olmaqla bir sıra televiziyalar, demək olar, bütün ölkə Berezovskinin əlinə keçmişdi…
Birdən göy gurladı, şimşək çaxdı. Yeltsin yerini KQB polkovniki V.V.Putinə verib gedər olmuşdu. Dediyinə görə, Berezovski Putinin prezidentliyini istəyənlərdən imiş. Görünür, bu rokirovka ilə bağlı onun hansısa uzaq gedən planları varmış. Ola bilsin, Berezovski Kremldə yeni adam olan Putinin xarakterini gərəyincə öyrənə bilməyibmiş: Putin əliuzunluğa, əliuzun adamlara dözənlərdən deyildi.
Putinin dövlətçilik düşüncəsi, siyasi kursu başqa idi. Başqa kurs başqa kadrlar istəyirdi. Başqa kursa başqa kadrlar gərəkirdi. Berezovski bunu çağındaca anlamalı idi. Anlamaz oldu. Əski yunanlar belə yerdə deyiblər: Allah adamın var-dövlətini əlindən almaq istəyəndə qabaqca ağlını alır. Görünür, böyük pulların etkili eyforiyası içində Berezovski ağlını əldən vermişdi. Bu üzdən də o, Putinlə savaşa başladı, gərəkdi-gərəkmədi Putinə dürəniş göstərdi. Bu düşünülməmiş savaşqan dirəniş Berezovskinin B.Britaniyada sığınacaq alması ilə sonuclandı.
Berezovski qazandığı milyardları Putinlə savaş axarında istər-istəməz itirməyə girişmişdi – Rusiyadan B.Britaniyayadək. O oralarda da dinc durmur, Putini devirmək planları ilə yaşayırdı. Berezovski Londonda oturub, Putinin Rusiyada yola saldığı qatarı dayandırmaq, Putini düşürməklə Rusiya qatarını özünə gərəkən səmtə yönəltmək istəyirdi. Kim bilir, bəlkə də, o özünü “devrim dahisi” adlandırılan Leninin yerində görür, Lenin kimi Avropada oturub Rusiyada devrim yaratmaq istəyirdi. Ancaq istəklə gerçəklik uzlaşmırdı, özü də Avropadan Rusiyayadək: çağ başqa çağ idi. O da Lenin deyildi.
O çağlar, – 20-ci yüzilin başlanğıcında – Rusiya Stolıpin reformalarının sonucu olaraq Avropanın ən güclü dövlətinə çevrilmişdi. Avropanın başlıca dövlətləri – Almaniya, İngiltərə, Fransa – devrim yaratmaq, savaşa soxmaq yoluyla Rusiyanı çökürtməyə çalışırdılar. Onlar, başlıcası da Almaniya, bu yolda çoxlu pul tökməkdən də qalmırdılar. Üstəlik, Avropada başlayan komunust-sosialist hərəkatları Avropanı çox-çox geridə qoymuş, Rusiyanı başına götürmüşdü. Beləliklə, Rusiyada siyasi hakimiyət böhranı yaranmış, sosial gərginlik sosial partlayışadək gəlib çatmışdı. İndi, Berezovski çağlarında, Avropada da, Rusiyada da sosial-siyasi atmosfer başqa idi.
Yeltsinin başıpozuq, hərki-hərki hakimiyətindən sonra Putinin dövlət hakimiyətini gücləndirməyə yönəlmiş kəskin addımları ruslarda hakimiyətə inam, dövlətə güvən yaratmağa başlamışdı. Berezovski bütün bu gerçəkləri anlayanda gec idi. Elə onun Rusiyaya dönmək istəyi də gec idi – körpülər yandırılmışdı, özü də bütünlüklə. Üstəlik, Berezovski çox böyük güvənlə baxdığı, böyük uduş gözlədiyi məhkəmə prosesini də uduzdu.
Sonra onun ölüm sorağı yayıldı.
Berezovski ölümündən qabaq Azərbaycandakı qudurğan hakimiyət kriminalları üçün də düşündürücü olacaq məktub yazmışdı – suçlarını boynuna almaqla o, rus xalqından bağışlanmağını istəyirdi. Budur, tanış ola bilərsiz: “Mən suçumu boynuma alaraq, acgözlüyümə gprə bağışlanmağımı istəyirəm. Mən başqalarının itkisini düşünmədən varlanmaq üçün alışıb-yanırdım. Yurddaşlarımızı unudaraq mən suçlarımı “tarixi girəvə”, “dahiyanə kombinasiya”, “sarsıdıcı olanaqlarla” pərdələyirdim. Tək mənim belə etmədiyim, bir çox başqalarının da bu yolu getdiyi məni doğrulamır. Məni bağışlayın.
Mən suçumu boynuma alaraq, söz özgürlüyünün tapdandığına görə bağışlanmağımı istəyirəm. Rusiyanı komunist taunundan qurtarma çalışmaları ilə özümü doğrulayaraq mən ölkənin başlıca informasiya ruporunun (ORT. – Red.) siyasətini bəlirtməklə demokratik dəyərlərə sayğısızlıq göstərmişəm. Mənim çalışmalarım özgür jurnalistikanın yox edilməsinin başlanğıcını qoyub. Mən bunu təkbaşına etməmişəm, ancaq bu məni doğrultmur. Məni bağışlayın”.
Düşündürücüdür. Görəsən, Berezovski qanunların üstünlük qazandığı demokratik dövlətdə yaşasaydı, necə olardı? Görəsən, onda da o, Yeltsin Rusiyasında olduğu kumi, düzgün bir bilim adamından qudurğan, yolsuz oliqarx kriminala çevrilərdimi? Məncə, yox. Demokratik hüquq dövlətlərinin praktikasından göründüyü kimi, orada hər cür yolsuzluq qarşısında qanunlar qalxana çevrilərək dövlətin bəlirtdiyi bir yola – qanunla yaşama yoluna yönəldir. Başqaları özü bilər, bizə belə bir dövlət qurmaq gərəkdir: yurddaşı əyri yola deyil, düz yola yönəldən DEMOKRATİK HÜQUQ DÖVLƏTİ!