İSA MEHDİOĞLU. DİNLƏRİN İSLAHATA EHTİYACI VAR

Bir yas məclisində molla Adəm haqqında hədis edirdi. İnsanların əcdadı sayılan Adəmin 6 min il öncə Tanrı tərəfindən yaradıldığı, sonra isə qabırğasından Həvvanın yaradıldığı haqqında danışır, bütün bəşəriyyətin bunlardan törəndiyini vurğulayırdı. Dinləyicilərin arasından bir müəllim mollanın dediklərinə etiraz elədi. O bildirdi ki, insanlığın tarixi 100 min illər öncəyə gedib çıxır. Sonra əlavə elədi ki, insanın da başqa canlılar kimi on iki qabırğası var. Mollanın hədisini sakit və nəzakətlə dinləyənlərin çoxu müəllimin sözlərini təsdiq edirdilər.
Evə gəlib, Quranda Adəm haqqında olan ayələri bir də gözdən keçirdim. Məhəmədin müəllifi olduğu Quranın ayələrində Adəmin qabırğasından Həvvanın yaranması haqqında heç bir yazıya rast gəlmədim. Quranın 15-ci surəsinin 26-cı ayəsində deyilir: ” Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq”. 7-ci surənin 189-cu ayəsində isə deyilir: “Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini yaradan Odur”. Ancaq Adəmin özündən Həvvanın necə yarandığı haqqında heç nə deyilmir. Bəs onda hədislərdə yer alan rəvayətlər hardan qaynaqlanır? Sorğunun cavabını tapmaq üçün Tövratı vərəqlədim. Tövratda “Dünyanın yaradılması” başlığı altında 2-ci fəslin 7-ci maddəsində deyilir: “Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”. 2-ci fəslin 21- ci maddəsində deyilir: ” O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o da yuxuya getdi. Onda Rəbb Allah onun qabıqğasından birini götürdü və yerini ətlə doldurdu.” 2- ci fəslin 22- ci maddəsində deyilir: ” Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi”. Tövratdakı bir çox rəvayət və mifləri oxuyandan sonra məlum oldu ki, bu kitab özündən öncə Misir xalqı arasında mövcüd olan miflərdən istiadə etmişdir. Adəm haqqında olan əhvalatlar da qədim Misir mifinin Tövrata köçürülməsidir. Quranın təfsirçiləri də Misir miflərindən istifadə etmişlər. YəniTövratdakı mifik baxışları olduğu kimi hədislərdə söyləmişlər. Ancaq Quran ayəsində deyilən bir incəliyə heç bir təfsirçi fikir verməmişdir. Quranda deyilir ki, “biz insanı qoxumuş qara palçıqdan yaratdıq”. Məhəmmədin dediyi bu ayə hansı xalqın mifologiyasından götürülmüşdür?! Filoloq alim, mərhum Mirəli Seyidov “Qam-şam və onun qaynaqlarına baxış” əsərində yazır ki, qədim türklərin miflərində adamın yaranması haqqında deyilir ki, “cansız yer üzündə buludlar çalxalandı, şimşək oynadı, yağış yağdı, yerdə palçıqlı sellər əmələ gəldi. Palçıqlı sular mağaralara doldu, Günəş doğdu, mağaralardakı palçığı qızdırdı. Palçıqdan canlı insan əmələ gəldi”. Bu mifdə Tanrının yaratdığı 4 müqəddəs varlığın hamısı iştirak edir. Quranda deyildiyi kimi, uzun müddət qalıb qoxumuş palçıqdan adam yaranmışdır. Tövratın 2-ci fəslinin 7-ci maddəsində və Quranın 7-ci surəsinin 189-cu ayəsində deyildiyi kimi, bütün dünya xalqları bir adamdan yaranıb. Ancaq bunu inkar edən bəs qədər dəlillər var. İnsanların rənglərinə, antropoloji quruluşlarına, boylarının, xasiyyətlərinin, adət-ənənələrinin, dillərinin və s. hallarının müxtəlif göstəricilərinə görə, onların bir canlıdan yaranmasına inanmaq olmur. Bütün dinlərdə bu cür, ağlın dərk edə bilmədiyi miflər mövcuddur. Ona görə də bu gün dinlərdə islahatın aparılması vacib şərtdir. Göründüyü kimi, 7-ci əsrdə formalaşmış İslam dini dünyagörüşü öz zamanının təfəkkür məntiqinə uyğun olduğu üçün, zamanında qəbul edilmiş və geniş yayılmışdır. Bu gün isə 21- əsr adamlarının dünyagörüşünü hazırki elmi uğurlar formalaşdırır. Dini dayaqlar və dini təfəkkür isə öz yerində sayır və olduğu kimi varlığını yaşatmağa çalışır. Bunun nəticəsidir ki, elmlə dinin arasında olan boşluğu doldurmaq mümkün olmur. Dində özlərini tapa bilməyən çoxsaylı gənclər başqa dini təriqətlər axtarırlar. Bu boşluqlara görədir ki, son zamanlar dinlərdə yağışdan sonrakı köbələklər kimi çoxlu məzhəblər meydana çıxır. Bu məzhəblər bir çox hallarda gəncləri fanatikliyə aparır.
Gənclərdə dini boşluğun səbəbi nədir?! Bugünkü gənclər yüksək intellektual səviyyəlidirlər. Ona görə dindəki bəsit düşüncələr onların dini ehtiyaclarını ödəmir. Bunun da səbəbi odur ki, bütün dinlər təbliğatlarını vacibul-vücud fəlsəfi dünyagörüşü çərçivəsində aparırlar. Ona görə də elmlə din arasında uçurum yaranır. Müqəddəs sayılan kitabların təfsirçiləri də dini düşüncəni vacibul-vücud anlamında dindarlara izah edirlər.
Bütün dinlərdə olduğu kimi, İslam dinində də yaranan boşluqları doldurmaq üçün ayrı-ayrı fikir adamları öz məktəblərini yaratmışlar. Bu məktəblərin ideya istiqamətlərindən asılı olaraq, Qurana bir çox təfsirlər yazılmışdır. Ancaq yazılan təfsirlər əsasən vacibul-vucüd fəlsəfi dünyagörüşü baxımından izah edilmiş, ona görə də din və elm arasında ziddiyyətlər aradan qalxmamışdır. Bu gün orta əsrlərdə yazılmış, təfsirçilərin, o cümlədən Zəməxşərinin “Kəşşaf”ı, Cəlaləddin Süitinin “Təsvir əl-Cəlaleyn”i, Şeyx Təbərsinin “Məcmə əl-bəyan”ı və s. əsərlər əsas mənbə kimi istifadə olunur. Onlar Vacibül-Vücud fəlsəfi dünyagörüşünə əsasən yazıldığı üçün müasir dindarları tam təmin etmir.
Vəhdəti-Vücud (varlığın birliyi) fəlsəfəsinin əsasını qoyan Mənsur Həllacın, İbn Ərəbinin, Ş.Sührəverdinin, F. Nəiminin çap olunmasına və Quranın Vəhdəti-Vücud fəlsəfəsi əsasında təfsirinə xalq arasında ehtiyac duyulur. Ona görə də dində islahatın aparılması zərurəti yaranır. İslahatın olmasını zəruri edən bəzi məsələləri qeyd etmək də yerinə düşər. Dində haram buyurulan, həyata keçirilməsi, yeyilməsi, işlədilməsi məsləhət bilinməyən bir çox şeylərlə müasir müsəlman razılaşmır. Cəmiyyətin tələbi ilə istər-istəməz razılaşmalı olur. İslam dinində olan cəza qanunlarının çoxu bu gün ləğv edilmişdir. O qanunları cəmiyyət qəbul etmir.
Dindəki qadağalara baxmayaraq, bu gün şənliklərimizi musiqisiz, qadınsız təsəvvür etmək mümkün deyil.
İslahatların vacibliyini qəbul edən səbəblərdən biri də odur ki, dində qəza-qədər, alın yazısı kimi zəruri sayılan məsələlərə insanların çoxu şübhə ilə baxır. Bu zərurəti qəbul edən şəxs, istər-istəməz, həyatını qədərin ixtiyarına verdiyi üçün çox hallarda sağlamlığını, yaşamaq haqqında sağlam düşüncələrini itirir. Eyni zamanda qadınların örtülü gəzməsi, musiqini şeytan əməli saymaq, yas mərasimlərinə dinin lüzumsuz və aşırı müdaxiləsi cəmiyyətdə feodal qaydalarını qoruyub saxlayır. Belə şeylər milli şüurumuzun inkişafına ciddi mane olur.

Bir həkim kimi 50 illik təcrübəmdə bir çox ölüm ayağında olanların (kliniki ölümün) inadkar tibbi yardım nəticəsində, yenidən həyata qayıtmalarının şahidi olmuşam. Kliniki ölümdən qayıdanlardan 40-50 il yaşayanlar olurdu.
Artıq zaman yetişmişdir. Dinin, yəni inancın düzgün dərk olunması üçün, eyni zamanda insanların sağlamlığını müdafiə etmək üçün, dində islahatın aparılmasına ehtiyac var və bu edilməlidir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv