Soylu Atalı. TƏRƏQQİ DƏYİŞMƏZLİKDƏN YARANIR

İnsan təcriddə yaşaya bilmədi, toplum yaratdı. Birgə yaşayışı tənzimləmək üçün axtarışlar elədi. Dövlət də bu axtarışlar nəticəsində yarandı. Dövlətin özünün yaranması başqa tələblər də ortaya çıxartdı. İctimai həyatı nizamda saxlamaq üçün qaydalara, qanunlara ehtiyac özünü göstərdi. Bu məsələdə dinin (inancın) xeyli rolu oldu. Din öz qaydalarını sundu. Ancaq bu qaydaları bütünlüklə ehkama (doqmaya) çevirdi. Müəyyən toxunulmaz kurallar ola bilər, olmalıdır. Hər bir qaydanın ehkamlaşması isə ziddiyyətlər ortaya çıxardı. Bu da özünü nədə göstərir?! Təbii ki, həyat durmadan inkişaf edir. Dinin kuralları isə yerində qalır. Ona görə bu kurallar toplumun inkişafı qarşısında ibtidai çəkiyə malik olur. Ümumən, ali inkişafa yaramayan kurallar ictimai həyatda müsbət təsir göstərmir, əngələ çevrilir. Buna görə elm dövlətin idarəetməsində, tənzimləməsində getdikcə özəl etkiyə çevrilir. Ancaq elm insanlararası münasibəti, eləcə də ictimai inkişafı tənzimləmək iqtidarında deyil. Əslində bu, elmin işi də deyil. Elm inkişafın texniki, iqtisadi tərəflərini təmin edir. Münasibətlər məsələsində isə inanc və fəlsəfə daha çox rol oynayır. Vurğuladıq ki, inanc işi dinin inkişafa əngəl olan ehkamları ilə sıradan çıxarılıb. Ənənəvi fəlsəfənin də meyarı dəyişkəndir. Onun yaratdığı kurallar müəyyən bir dövrü əhatə edir. Tərəqqi isə dövrü aşan meyarların ortaya çıxmasını tələb edir. Məsələn, marksist fəlsəfənin sosial yönü sonrakıların sosial yönü tərəfindən sıxışdırılıb rədd edildi (baxmayaraq, onların heç birinin nəzəri işi tam aradan getmir. Sadəcə həlledici təsirləri aradan qalxır).
Bəs necə olsun, sabit kurallar yoxdurmu, olmalı deyilmi?! Bir fəlsəfə, bir Dünyabaxış da Asif Ata ortaya qoyub. Bizə də israrla öyrədib ki, Onun meyarı bənzərsizdir və həmişəlikdir. Biz də bunun üzərində vurğu edirik. Bəs Asif Atanın baxışına toxunulmazlıq statusu veriləndə dinin ehkamları kimi tərəqqiyə əngəl törətməzmi? Biz hesab edirik ki, Tərəqqini təkanlaşdıran məsələlər keyfiyyət baxımından əsaslı öyrənilməlidir. Konservatizm inkişaf demək olmadığı kimi, dəyişkənlik də inkişaf demək deyil. Dəyişkənlik ziddiyyət doğuran əlamətdir. Ziddiyyət də əsasən tənəzzülə səbəb olur. Dəyişiklik isə tərəqqidən doğan xassədir. Əlbəttə burada müsbət dəyişiklik ifadə olunur. Bir sözlə dəyişikliklə dəyişkənlik eyni məna daşımır.
Ancaq dəyişikliyi də doğuran səbəb var. Dəyişkənliyi konservatizm doğurduğu kimi, dəyişikliyi də dəyişməzlik doğurur… Bu haqda bir az sonra. Bir var anayasa, bir də qanunvericilik. Adətən anayasa bir dəfə qəbul olunur. Çox nadir hallarda onun maddələrinə müdaxilə edilir, əsasən toxunulmazdır. Qanunvericilikdə isə sosial durumun tələblərinə uyğun dəyişikliklər edilir. Yəni ictimai, siyasi məsələlər tənzimlənir. Ruhani kurallarla ictimai kuralları da anayasa və qanunvericilik fərqi kimi izah etmək olar. Ruhani kurallar təməl prinsiplər olmaq etibarilə dəyişmir, toxunulmazdır (vurğuladığımız ruhani sözü dini anlam daşımır). Çünki insani münasibətlər ruhani kurallar üzərində qurulur. Burada Azadlıq, Ədalət, Həqiqət bütöv mənasıyla dərk olunur. Azadlıq, Ədalət, Həqiqət ictimai tərəqqinin meyarıdır. Bu bütöv olmalıdır, dəyişiklik olmamalıdır. Bu, Allahlıq məsələsidir. Buraya müdaxilə kökündən səhvdir.
Ruhani kurallar ictimai kuralları insaniləşdirir. İnsanlaşma olmadan ictimai, siyasi nizam mümkün deyil. İnsanın şüurlu həyata başlamasından etibarən öz mahiyyətinə can atması əsaslı məsələdir. Ona görə tərəqqinin ölçüsü İnam əsasında yaşamaq olmalıdır. Bu olmayanda tərəqqinin sükanı bütünlüklə siyasətin əlində olur. Siyasət isə təbəqələr və mənafelər doğuran gedişatdır…
Bu deyilənlərdən belə görünə bilər ki, həyatda müəyyən ehkamların olması qaçılmazdır. Yuxarıda isə vurğuladıq ki, dinin ehkamları tərəqqiyə cavab vermir və ibtidai etkiyə malik olur. Biz öz dediklərimizi inkar etmirik. Ruhani kuralların dəyişməzliyi dinin ehkamı anlamına gəlmir. Həm də din təkcə “anayasa”nın deyil, “qanunvericiliyin” toxunulmazlığını elan edir. Başqa sözlə, ictimai quruluşun növünə aid ortaya qoyduğu kuralları toxunulmaz sayır. Məsələn, Feodalizm quruluşu üçün səciyyəvi olan qaydalarını bu gün də ölçü olaraq saxlayır. Bununla da ictimai şüurun inkişafına əngəl yaradır. Hələ demirik ki, dinin təməl prinsipləri (anayasası) də feodalizm şüurunun səviyyəsindən qabağa getmir. Mələklərə inanan cəmiyyətdə Azadlığın mənası dərk olunmaz. Huri-pəri məclisinə küsənənin həqiqəti ictimai ölçü ola bilməz və b. k.
Bəs qaçılmaz ehkam varmı, o, nədir? Deyirlər hər şey dəyişilir, dəyişilməyən heç nə yoxdur. Əslində isə, bizə görə, Dəyişməzlik adlı həqiqət var. Təəssüf ki, Dəyişməzlik ehkam kimi dərk olunur və toxunulmaz olan kuralları aradan qaldırıb yalançı inkişaf xatirinə dəyişkənlik prosesini təmin edirlər. Bununla da yerə-göyə sığmayan bir anarxiya, özbaşınalıq yaranır. Çünki azadlığın mənası da dəyişilir. Cəmiyyət azadlığı hüquqi norma kimi dərk edir. Əslində isə azadlıq hüquqi deyil, ruhani anlayışdır.
Anarxiya yaradan “azad cəmiyyət” sürüləşməyə gedən cəmiyyətdir. Dövlət də sürü psixologiyasına uyğun davranır və hüquq normaları tərtibləyir. Bununla cəmiyyəti idarə edir. Beləliklə “ehkam” (əslində Dəyişməzlik) tanımayan hüquqi cəmiyyət idarəolunma ehkamı ilə üz-üzə qalır – sürüləşmə və idarəolunma. Azadlıq daxili keyfiyyət kimi deyil, hüquqi norma kimi qəbul olunanda cəmiyyətin mənəvi həyatı alt-üst olur. Beləliklə, xalqın özünü mənəvi, əxlaqi cəhətdən idarəetməsi “sürünün idarəolunması” ilə əvəz olunanda dövlət anlayışı da iflic olur. Dövlət xilaskarlıq məzmununu itirir, zor aparatına çevrilir. Zor isə mənəvi keyfiyyətləri daha da aşılayıb sıradan çıxarır. Bu səbəbdən də, dəyişilən və dəyişilməyən məsələləri doğru qiymətləndirmək və dərk etmək gərəkdir. Deməli, “qaçılmaz ehkam” kimi görünən məsələ də əslində Dəyişməz olandır. Bizim əbədi can atdığımız, ancaq əldə edə bilmədiyimiz Azadlıq, Ədalət, Həqiqət dəyişilməyən idealdır. Gerçəkliyin azadlığı, ədaləti, həqiqəti ilə heç vaxt barışmırıq, çünki dəyişiləndir, nisbidir. Bütövə, Dəyişməzə can atırıq. Tərəqqinin də ölçüsü Bütövlükdür, Dəyişilməzlikdir.

Atamız var olsun!

28 Çiçək Ayı, 35-il. Atakənd.
(aprel, 2013. Bakı.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv