Böyük Cavid yüz il bundan irəli demişdi:
Turana qılıncdan daha kəskin ulu qüvvət
Yalnız mədəniyət, mədəniyət, mədəniyət!
Aradan yüz il keçdiyindən, dünya yüz il qabağa getdiyindən Cavidin bu sözləri bizim üçün çoxdan aktuallığını itirməli idi. Ancaq itirməyib, son illərdə daha böyük aktuallıq qazanıb. Bu isə birbaşa indiki korrupsioner rejimlə bağlıdır. Son iyirmi ildə Dövlət hakimiyət sisteminin Klan hakimiyət sistemi ilə yerdəyiş edilməsi, rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SİYASƏTİNƏ çevrilməyi, belə bir ANTİSİSTEM axarında Təhsilin darmadağın edilməyi Cavidin yüz il qabaq dediyinə istər-istəməz aktuallıq qazandırıb.
O aktualın özünə də aktuallıq qazandıran başlıca faktoru Cavid bizə poeziyanın dili ilə tanıdır:
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar…
…Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa – səbəb alçaqlıq…
Bunlar Dövlət hakimiyətinin yerini tutmuş Klan hakimiyətinin doğurduqlarıdır. Özü də hamısı deyil, bir azı, ardınca doğal olaraq ortaya çıxanların başlanğıc fazasıdır. Bunların ardınca gələnlərin, baş verənlərin bir neçəsinə baxaq.
Bugünlərdə saytlarda, qəzetlərdə belə bir informasiya yayıldı: Rusiyada bir hərbçi polkovnik bir azərbaycanlını gülləylə öldürüb, o birini ölümcül yaralayıb. Olayla bağlı danışan yaxın adamlar rus polkovniki suçlayırlar – onların bildirdiyinə görə polkovnik qudurubmuş. Doğrudanmı belədir? Sözsüz, yox. Olay belə baş verib: aclıq, yoxsulluq üzündən qaçıb getmiş, Rusiyada alver yoluyla varlanıb özünə yaxşı ev-eşik qurmuş keçmiş yurddaşımız hansısa dostunu çağırıb ad günü keçirirmiş. Bildiyimiz kimi, ailə şənliyi az qala ölkə şənliyinə çevrilibmiş. Kabab, içki, göylərə ucalan musiqi, çığır-bağır, hay-küy… Özü də, kim bilir, bir ildə neçə yol. Beləcə, qonşular, çevrədə olanlar bezir, cana doyur, boğaza yığılır… Qonşuluqda yaşayan rus polkovnik də beləcə bezənlərdən, canı boğaza yığılanlardan olduğundan gəlmə-azərbaycanlı qonşusuyla sonuncu görüşə tapançayla gedib. Onu suçlu saymaq olarmı?
Bir neçə il qabaq da Rusiyanın harasındasa oxşar olay baş vermişdi. Ruslar, azərbaycanlılar çay qırağında dincəlirmişlər. Azərbaycanlılar yenə öz amplualarında olublar: kabab, işki, göylərə ucalan musiqi, çığır-bağır, hay-küy… Yaxınlıqda ailəsi ilə dincələn başqa bir hərbçi polkovnik onları dönə-dönə ADAM olmağa çağırıb. Qanmayıblar. Onda ailəsi ilə birgə cana doymuş, boğaza yığılmış polkovnik onları tapança ilə qandırmalı olub. Kimdir suçlu?
Yanılmıramsa, bir il qabaq Moskvanın ortasında belə olay baş vermişdi: azərbaycanlılar arada gəlin karvanını dayandırıb uca göyləri güllə yağmuruna tutmuşdular. Polislər Azərbaycandakı aclıqdan-yoxsulluqdan çıxıb Rusiyada alver yoluyla nuvorişə çevrilmiş bu dəliqanlı yurddaşlarımızı qandallayıb qanun pozuculuğunda suçlayanda onlar utanmazcasına: “Bu bizim adətimizdir, – demişdilər, – gəlin aparanda göyə güllə atarıq”. Yazıq rus! Gəl indi sən bu dünənki yoxsula, bugünkü yolsuza hansı ölkədə yaşadığını başa sal! Gəl indi sən buna Moskvanın Ağcabədi olmadığını anlat!
Yeri gəlmişkən, bir tanış prokurorun danışdığı azərbaycanlı görəcəyi. Bir rayonun bir məktəbindən 9 sinif yoldaşı yoxsulluqdan baş götürüb Peterburqa gedib. Onlar çox keçmədən ələ-ələ verib birlikdə böyük pullar qazanıblar. Böyük, çox böyük. Peterburq kimi yüksək intellektual ortamda onları yalnız pul qazanmaq, pullandıqca pullanmaq düşündürüb. Sözsüz, onlar uzun illər Peterburqda yaşasalar da, bütün kültür adamlarının, uyqar dünyanın görməyə can atdığı ERMİTAJIN nə olduğunu bilməyiblər, TEATR qapısı açmayıblar, KİTABLA baş-başa qalmayıblar. Onlar gecə-gündüz yalnız pul qazanmaq, kef çəkmək istəyində bulunublar. Çağ ötdükcə böyük pullar onlarda böyük də acgözlük yaradıb. Beləcə, onlar YOLSUZLUQ yolçusuna, ACGÖZLÜK canavarına çevriliblər. Bundan sonra onların sayı bir-bir azalmağa başlayıb; pul üstündə bir-birini öldürüblər. Onlardan biri bunu mənə danışan prokurorun qardaşı olub. Yoldaşları (keşmiş sinif yoldaşları!) onu öldürüb Peterbirq yörəsindəki gölə atıbmışlar…
2001-ci ildə 7 günlük putyovka ilə AzTV-nin Nabrandakı dincəlmə zonasında olduq. Dəniz qırağında, meşəlikdə çox gözəl bir yer idi. Gerçəkdən dincəlməli bir yer. Ancaq… çevrədəki dincəlmə zonalarında olanlar da azərbaycanlılar idi. Ən DƏHŞƏTLİSİ də bizm qonşuluğumuzda rabitə işçilərinin dincəlmə zonası idi. Daha çox okeanın o tayına bağlı çığırqan musuqi səsləri, hay-küy gecə-gündüz bizə dinclik vermirdi. Dönə-dönə gedib danışmaq, yalvar-yaxar da boşuna gedirdi. Elə gözəl yerdə dinclik nə olduğunu bilmədik. Onda gərək rus zabiti olub onların üstünə tapançayla gedəydin…
2008-ci ildə 16 gün Avropada (Niderlandda) oldum. Bizimkiləri orda da gördüm. Eləsi var 10-15 ildir Avropada yaşayır. Çoxu bir neçə dil bilir, ancaq elə çoxu da sənə 10-15 ildə oxuduğu bir neçə qəzetin, bir kitabın adını deyə bilməz. Haaqada yaşayan dostumun evində çoxlu kitab vardı: Azərbaycan, rus dillərində. Azərbaycan türkcəsində kitabları Bakıdan apartmışdı, rusca kitabları Rotterdamdakı rus kitab mağazasından almışdı. O kitab mağazasında mən də oldum. Çox yaxşı kitablar vardı. Ancaq bizimkilər o mağazanın yolunu tanımaq belə istəmirlər. Bizimkilər Azərbaycanda – Bakıda olduğu sayaq: bahalı maşın, bahalı telefon, bir də, sözsüz, yeyib-içmək. Ən pisi nədir? Azərbaycanda, Bakıda olduğu kimi vəhşiliklə maşın sürür, eləcə vəhşiliklə siqnal verirlər: özlərini göstərmək üçün!..
İllərdən bəri ölkəmizin demokratikləşməsi yolunda çarpışma aparanlardanam. Bilənlər bilir, mən bu çarpışmada ən yaxın adamlarıma belə, güzəştə gedənlərdən deyiləm. Prinsipim: düzü-düz, əyrini-əyri. Bu yöndə haralardasa yazım, yazılarım çıxır. Nə olsa yaxşıdır, Avropadan hansısa qaçqın jurnalist, hansısa yalançı müxalifətçi səsini qaldırır: yalandır, böhtandır, qərəzdir… Avropada oturub, kiməsə, kimlərəsə nökərçilik yolu tuturlar. Özləri nökər düşüncəli, lakey xarakterli olduqlarından, 10-15 illik Avropa yaşamında demokratiyanın abesini belə, öyrənmək, mənimsəmək dəyərində olmadıqlarından uzaqdan-uzağa çox asanlıqla doğruya “yalan” damğası vura bilirlər. Belələri Demokratik Avropada lakey düşüncəsi ilə yaşayanlardır. 10-15 illik Avropa yaşamı onları dəyişə bilməyibsə, görün bizi – demokratik düşüncəli adamları – Azərbaycanda hələ necə böyük çətinliklər gözləyir.
Ən böyük universiteti adam özü özünə qaznadırır: gecə-gündüz oxuyub-öyrənməklə, dünyanın uyqarlıq-mədəniyət-kültür yetənəklərinə yiyələnməklə! Ancaq bu işdə QANUNÇU hakimiyət, YÜKSƏK təhsil sistemi ilə Dövlət gərəkən başlanğıc rolunu oynayır…