XALİQ BAHADIR. ƏRDOĞANIN UDUZDUĞU TÜRKİYƏ

Doqquzuncu gün! Bugünlər Türkiyə ayrı tarix yaşamaqdadır. İstanbulun Taksim meydanı başlanğıcda olduğu kimi yalnız deyil, bu gün bütün Türkiyə böyük bir meydandır – Xalq meydanı. Bir ağacın kəsilməsilə bağlı Azərbaycandakı olaylar yada düşür. Başlanğıc bir ağac olduğu kimi, bütün xalqın, bütün ölkənin qalxım nədənləri də oxşardır: milli mənlik duyğusu, özgürlük istəyi, bütün bunlarla bağlı illərlə yaşanan, illərlə sürən sıxıntılar…

 Bizdəki tanınmış politoloqlardan biri Ərdoğanın bu olaylardan qalib çıxacağını söyləyir. Mən bunun tərsini düşünürəm. Mənim düşüncəmə görə, Ərdoğan bu olayları qabaqcadan uduzmuşdu, göstərdiyi aşırı polis sərtliyi ilə bir daha uduzdu. Bütün diktatorları, diktatura görsənişlərini kəskinliklə qınayan Ərdoğan gərəksiz yerə diktator dostu İlham Əliyevin etdiyini etdi: yanlışını polis gücünə doğrultmağa çalışdı. Bununla da Ərdoğan gerçək kimliyini ortaya qoydu, bir də mənim illərdən bəri onunla bağlı yazdıqlarımı doğruladı.

 Türkiyədə də, bizdə də Ərdoğana eyforik tapınma çağlarında mən onu ələşdirən, onun yanlış yolda olduğunu göstərən çoxlu sayda yazı yazmışam. Bəlkə Türkiyənin özündə də kimsə Ərdoğana qarşı bir elə yazı yazmayıb. Mən o yazıları Türkiyədə də, Azərbaycanda da kimlərinsə oğurluq politika gərəyinə, yalan formuluna çevirdiyi “bir millət – iki dövlət” faktına bağlılıq axarında yazmışam. Göstərilən formuldan yanaşmaqla bilməliyik: Türkiyədə yürüdülən yanlış dövlət politikaları Azərbaycanın, eləcə də Azərbaycanda yürüdülən yanlış dövlət politikaları Türkiyənin itkisi deməkdir. Bu baxımdan Türkiyənin dövlət politikasındakı yanlışlara bizdəki, Azərbaycanın dövlət politikasındakı yanlışlara Türkiyədəki seçkinlər (elita) soyuqqanlı yanaşmamalıdır. Onlarda da, bizdə də belə yanaşma düzgün sayılmazsa, onda “bir millət – iki dövlət” deyimi kimə, nəyə gərək?!

 Ərdoğanın suçu nə? Ərdoğan Türkiyəni ekonomik baxımdan 16-cı yerə qaldırıb. Başqa cür desək, Türkiyəni varlandırıb, xalqı çörəyə çatdırıb buna görə, sözsüz, sayğı hüququna yiyələnib – bunu kimsə danmır, dana bilməz. Ancaq… “insan yalnız çörəklə yaşamır”. Çörək insanın minimum istəklərinin ödüncüdür. Bəs insanın maksimum istəkləri? Siyasi terminologiya ilə danışsaq, çörək bazisdir, bəs üstqurum? Qabaqlar dönə-dönə yazdığım kimi, Türkiyəni Atatürkçü düşüncə sistemindən uzaqlaşdırma çalışmaları Ərdoğanın bağışlanmaz suçudur. Bizdə  Atatürkçü düşüncə sisteminin nə olduğunu bilməyənlər Ərdoğanın Türkiyəni irəliyə aparmaq üçün Atatürk adına bağlı doqmalara qarşı çıxdığını düşünürlər. Atatürk deyirdi: “Mən mənəvi miras olaraq heç bir doqma… qoymuram. Mənim mənəvi mirasım bilimdir, ağıldır”. Ərdoğan nə etdi? Ərdoğan Avropa Birliyinə qatılmaq başvuruları ilə yanaşı, Türkiyəni Atatürkün yönəltdiyi çağdaş dövlətçilik yolundan turbanlı xilafət yoluna yönəltdi.

 Ərdoğanın son çağlardakı çıxışları avtoritar lider çıxışları idi. Müxalifət liderləri ilə hər gün rinqə çıxmağı Ərdoğan özünün Baş Baxan borcuna çevirmişdi. Onun bir-birindən tikanlı çıxışları, demək olar, televiziyalarla hər gün bütün ölkəyə yayılırdı. Türk xarakteri belə aşırı davranışlarla barışmaz – Ərdoğan bunu çağında anlayıb geri çəkilmək yerinə, getdikcə daha artıq saymazlıq sərgiləyirdi. Beləcə, günlərin bir günü o, açıq-açığına milləti heçə sayan çıxışda bulundu. Beləliklə də, o, müxalifət liderlərinə ölkə boyu geniş meydan verdi. Ərdoğan bu çıxışı ilə Atatürk düşüncə sistemində öncül yer tutan bir prinsipə – milli hegemonluq prinsipinə qarşı çıxırdı.

 Bir ay, ayyarım qabaq Baxçalı ilə Qılıncdaroğlu bütün ölkəni gəzərək Ərdoğanın millətə “həqarət etdiyini” bildirir, Böyük Türk xalqının buna dözməyəcəyini deyirdilər. Ərdoğansa öz işində idi: yol verdiyi daha bir yanlışa görə bağışlanmağını istəmək yerinə, hər gün televiziya ekranlarını tutub müxalifət liderlərini ələşdirirdi…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv