XALİQ BAHADIR. Rüstəm İbrahimbəyov – tək aday!

R.İbrahimbəyovun tək adaylığı ilə bağlı önərgə ortaya çıxandan ona qarşı böyük bir kampaniyaya start verilib. Bu kampaniyanın başında Azərbaycanda hələ uzun illər özlərinin İŞĞAL rejimlərini qoruyub saxlamağa çalışan kimsələr durur. Qalanları üç qrupa bölmək olar: 1) Cümşüd Nuriyev kimi müxalifətdən qıraqda durub rejimin BEŞİNCİ KOLONU rolunu oynayan kimsələr; 2) müxalifətin içində illərdən bəri rejimin BEŞİNCİ KOLONU rolunu oynayan adı bəlli kimsələr; 3) müxalifət arasında daha çox destruktiv çalışmaları ilə tanınan kimsələr.

Rejimə birbaşa bağlılığı ilə tanınanların antiRüstəm arqumentləri, demək olar, birdir: R.İbrahimbəyov siyasətçi deyil, ondan prezident olmaz. İkincilərlə üçüncülərin arqumentlərini toparlayası olsaq, belədir: Rüstəm Rusiyanın adamıdır, ondan bizə prezident olmaz. Adı müxalifətə, özü bütünlüklə rejimə bağlı kimsələrdən biri qəzetində açıq-açığına antiRüstəm kampaniyasına başlayıb. Elə başlanğıcdan xalqın “damarını” tutmaq üçün Rüstəmi xalqa ermənisevər kimi tanıtmağa çalışılır.

VİP başçısı Ə.Əliyevlə ADP başçısı S.Cəlaloğludan alıntılar üzərində ayrıca dayanmaq gərəkir. Ə.Əliyev: “Bu təşkilat (MŞ. – X.B.) Azərbaycanın Rusiyaya yeni formada birləşdirilməsi məqsədi güdür və buna görə də bizim siyasi rəqibimizdir. Biz elan etmişik ki, Azərbaycanı yenidən müstəmləkə boyunduruğuna salmaq istəyən təşkilat və fərd bizim düşmənimizdir. Ona qarşı düşməncəsinə davaranacağıq. Kimliyindən asılı olmayaraq, bizim bu cür qurum və şəxslərə münasibətimiz dəyişməyəcək”. Çox gözəl, ancaq… sən hələ işə başlamayan bir qurumu şpion qurumu kimi tanıdırkən nəyə, hansı fakta söykəndiyini ortaya qoymalıydın. Qoymamısan. Ortadakı şpion qurumudursa, o sənə necə “siyasi rəqib” ola bilər? Axı, bu iş sənlik deyil, MTN-likdir! “Müstəmləkə boyunduruğu”. Azərbaycan 1993-dən Əliyevlərin MÜSTƏMLƏKƏ boyunduruğundadır, onları niyə düşmən saymırsan? Əliyevçi MÜSTƏMLƏKƏ rejimi 20 ildə Rusiya imperiyasının 200 ildə etmədiyini etdi: rüşvər-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya axarında Azərbaycanı böyük aşınmaya uğratdı – fahişələr ölkəsinə çevirdi: ona niyə düşmən olmursan? Ona düşmən olmamağın bir yana, faktik olaraq bu rejimin dəyişməməyinə çalışırsan. Sən Milli Şuranı sevməyə bilərsən – bu sənin hüququndur. Ancaq yersiz pafosa bürünüb dolayısıyla Rüstəm İbrahimbəyovu bəri başdan gözdən salmağa çalışmaq normal görsəniş deyil. Yadımdadır, Azadlıq bloku dönəmində Ə.Əliyev jurnalistlər qarşısında, rejimin ona belə bir təpkili mesajda bulunduğunu demişdi: “Haqqını al, sus!”

S.Cəlaloğlu R.İbrahimbəyovla bağlı iki qoşulda bulunur: 1) “R.İbrahimbəyov seçki bitənə kimi Rusiyadan çıxıb Avropa ölkələrindən birində yaşasın; 2) Milyarderlər birliyindən çıxmalıdır. Bu qurum Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğuldur”. S.Cəlaloğlu beləcə R.İbrahimbəyovun kirli pullar kimi “yuyulmasına” çalışır. Sərdar bəyin düşüncəsinə görə, Rüstəm bəy gedib Avropa ölkələrindən birində, deyək, Serbiyada yaşasa, “Rusiyanın adamı” olmaqdan çıxacaq. Bu nə darğın düşüncə! Günü bu gün də Azərbaycanda, bizim öz ölkəmizdə, Rusiyaya işləyən kimsələr var. Üstəlik, əliyevçi rejimin özü Rusiya proyekti deyilmi? “Milyarderlər birliyi Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğul olduğuna görə” R.İbrahimbəyov bu Birlikdən çıxmalıdır. Düzü, mən S.Cəlaloğlunun belə bir düşük düşüncə yiyəsi olduğuna inanmıram. Ancaq fakt da ortadadır.

Bəlli olduğu kimi, indi Rusiyada əliyevçi rejimin zülmündən qaçmış 3 milyona yaxın azərbaycanlı yaşayır. Rusiya hökumətləri ilə Əliyevlər hökumətinin bağrıbadaşlığı üzündən o 3 milyon 20 il ata-oğul Əliyevlərin seçiciləri sırasında olub. İndi dönərgələr dönüb: Rusiyada yaşayan azərbaycanlılar daha onları çöllərə salmış, illərlə onlardan üz döndərmiş, onların özlərinin, yurddaşlarının var-yoxunu mənimsəməklə MİLYARDER olmuş İlham Əliyevə deyil, öz bacarığı ilə milyarder olan, “problemləri ilə məşğul olub” onlara arxa duran Milyarderlər BİRLİYİNİN istədiyi kimsəyə səs vermək istəyirlər. Yaxınlarına hər ay toplam milyonlarla pul göndərən, beləliklə, yalnız özlərini deyil, Azərbaycandakı çoxlu sayda adamı yetərincə donatan o adamların bizdəki seçkiləri istədikləri axara yönəltmək şansları da var. Bu isə R.İbrahimbəyovun seçki şansını daha da artıran faktorlardandır. Bizə də belə yaxın-uzaq şansları bir yerə toparlamaq gərək deyilmi?!

R.İbrahimbəyuovun bir sıra baxışlara görə, “Rusiyanın adamı” olmasına gəlincə, indiki Ukrayna prezidenti Yanukoviç də, indiki Gürcüstan prezidenti İvanişvili də hakimiyətə “Rusiyanın adamı” olaraq gəlmişdi. Onların hər ikisinin öz ölkəsini tezliklə Rusiyaya birləşdirəcəyini düşünənlər vardı. Nə oldu? Bəlli olduğu kimi, onların hər ikisinin üzü Batıyadır. Ortadakı proyektə görə keçid dönəmi üçün – iki illiyə – prezident olacaq R.İbrahimbəyov bu ölkəni ikicə ildə kukla kimi götürüb Rusiyaya bağışlaya bilərsə, onda bu ölkənin az-çox tanınmış sosial-siyasi gücləri olaraq biz bəri başdan yaşamaq hüququmuzu itirmiş oluruq – bir elə gücsüzlüyümüzə-gərəksizliyimizə görə!

R.İbrahimbəyovun siyasətçi olmadığına gəlincə, burası doğrudan da doğrudur: R.İbrahimbəyov siyasətçi deyil. Ancaq R.İbrahimbəyovu siyasətçi saymayıb dışlayan bəlli kimsələrin düşüncəsinə görə, Azərbaycanda bu gün bir “üstün”, “alternativsiz” siyasətçi var, o da İlham Əliyevdir. Olsun, ancaq bu adamın 10 illik prezidentliyi dönəmində istər iç, istər dış siyasətdə ölkəyə, xalqa qazandırdığı bircə dənə uğur faktını göstərin. Ancaq… Azərbaycan kimi 9 iqlim qurşaqlı ölkədə büdcənin 85 faizi, eksportun 97 faizi heft-qaz axınından oluşan “uğurlu siyasətdən” danışmayın: bu, ata-oğul Əliyevlərin Azərbaycana parlaq ulusal-milli FACİƏ janrında qazandırdıqları bir uğurdur!10 illik prezidentliyi dönəmində İ.Əliyevin bir gerçək, danılmaz uğuru olub: o, rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı bütünlüklə hakimiyət sisteminə oturuşdurub, dövlət siyasətinə çevirib!!

“R.İbrahimbəyov siyasətçi deyil” arqumenti ilə bağlı. 20-ci yüzilin ən böyük siyasətçilərindən olan Çörçil deyirdi: “Yaxşı olar dövlətin başında duran adam siyasətçi olmasın: siyasətçi daha çox seçki qutusuna işlədiyindən daha çox da özü üçün çalışır”. Prezident olaraq Çexiyanı dönməz demokratiya yoluna çıxarmış Vatslav Havel prezidentliyədək yazıçı, dramaturq olmuşdu. R.İbrahimbəyovu siyasətdən uzaq, İ.Əliyevi “dahi siyasətçi” sayanlar unutmamalıdırlar: Moskva ilə Kiyev arasında “Beynəlxalq münasibətlər institutunu” bitirmiş İ.Əliyev 10 illik prezidentliyi dönəmində Azərbaycanı demokratiya yolundan diktatura yoluna döndərməklə çağdaş dünyadan dışlanmaya gətirib çıxarıb! Azərbaycan bu gün bir şox baxımlardan çağdaş dünyanın autsayder ölkəsinə çevrilib! Bu isə 10 illik dönəm sonucu olaraq autsayder prezidentlik deməkdir…

Dönə-dönə yazmışam, bir daha yazmaq gərəyi yaranır. Diktator S.Miloşeviç Serbiyanı indi bizdə olduğu kimi, bütün dünya ilə düşmən durumuna gətirmişdi. Bir şineldən – sosializm şinelindən çıxdığımızdan Serbiyanın müxalifət düşərgəsində illərlə bizim müxalifət düşərgəsində baş verənlər baş verirdi: Miloşeviç diktaturası ölkəni olduqca ağır duruma gətirib çıxarmışdı. Yalnız bir kimsənin liderliyi altında birləşmiş müxalifət ölkəni bu durumdan qurtara bilərdi. Müxalifətin belə birliyi illərlə alınmırdı. 2000-ci ildə, yeni prezident seçkisi ilində, bir araya gəlsələr də, öz aralarından lider seçə bilməyən 17 müxalifət partiyası sonda qıraqdan lider seçiminə üstünlük verdi. Onlar o çağadək SİYASƏTDƏN BÜTÜNLÜKLƏ UZAQ DURAN, ancaq doğru-düzgünlüyü ilə tanınan hüquqçu Voislav Koştunitsanı özlərinə lider seçdilər.

V.Koştunitsa elə o il prezident seçildi. Serbiyanı demokratik platformaya keçirən Koştunitsa dönəmini başa vurub, prezidentlikdən getdi. Bundan daha önəmnli bir örnək ola bilərmi? Ölkəmizin indiki sosial-siyasi, mənəvi-psixoloji durumunda, bəlli siyasi konfiqurasiya ortamında, eləcə də indiki bəlli geopolitik sorunlar içində Rüstəm İbrahimbəyovdan əlverişli fiqur tapa bilmərik. Kim ondan əlverişli, ondan üstün fiqur göstərə bilir, buyursun, göstərsin!

Bizə bu gün hamımız üçün ortaq sayıla biləcək bir fiqur gərəkdir. Belə desək, ulusal barışıq – ulusal birlik fiquru. İndilikdə bu yerə daha çox mən, sən, o deyil, Rüstəm İbrahimbəyov uyğun gəlirsə, nə etməli?

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv