XALİQ BAHADIR. Mən gəncəm!

Gənclik yalnız yaşla bağlı görsəniş deyil. Bunu əliyevçi rejimin gəncliklə apardığı savaşdan, gəncliyi repressiya siayasətindən də görmək olar. Gənclik gerilikçi düşüncəyə qarşı çıxmaqla, dəyişiklik enerjisinə yüklənərək sonsuz yenilik istəyilə çağdaş ideallar uğrunda barışmaz çarpışma aparmaq deməkdir.

Gəncliyin itirilməsi gərəkən, çağdaş ideallar uğrunda çarpışma enerjisinin sönüb öləziməsi ilə başlayır. Fizikadakı enerjinin itməməsi qanunu ayrı bir biçimdə sosial-siyasi çarpışma axarında da keçərlidir. Burada enerjinin itməməsi qanunu obyektiv nədənlərdən daha çox subyektiv nədənlərə bağlı olur. Düzdür, sosial varlıq olaraq insana, onun baxışlarına, düşüncəsinə, davranışlarına obyektiv faktorların böyük etkisi olur. Çoxları bu etki altında əriyib itir, maye qablar qanununda olduğu kimi, “qabdan-qaba”girdikcə görünüşcə də, xaraktercə də çeşidli dəyişikliyə uğrayır. Burada başlıca nədən, deyildiyi kimi, gərəkən, çağdaş ideallar uğrunda çarpışma enerjisinin itirlməsidir. “Bala başı dolandırmaq”, bəlli bir azlıq kimi yaşamaq, “az aşım, ağrımaz başım”, dünən məndən yoxsul olanlar bu gün məndən varlı olublar, hamı necə, mən də elə, “palaza bürün, elnən sürün”… – bu sayaq dönük düşüncə-baxışlar gərəkən, çağdaş ideallar uğrunda çarpışma axarından bolluq, dinclik içində yaşama axarına yönəltmə yoluyla gənclik enerjisinin tezliklə itirilməsinə gətirib çıxarır. Yaşdan asılı olmayaraq, gərəkən, çağdaş ideallar uğrunda çarpışma enerjisinin itirildiyi çağda qocalıq başlayır.

Gənclik enerjisini qoruyub saxlamağın yolu özümlü baxışlara, özümlü düşüncəyə bağlı olmaqdan, seçdiyin düzgün yolun əsgəri-komandanı olaraq qalmaqdan, bütün bunlarsa gecə-gündüz yorulmaq bilmədən öz üzərində çalışmaqdan geçir. Tanıdığım bir çoxları “filankəs mənimlə hərəkata gələndə məndən qat-qat yoxsul idi, indi məndən qat-qat varlıdır” düşüncəsinə qapılmaqla yollarından saparaq özlərini elliyin gözündə gerçəkdən əyrilik yolu tutan, sözdə doğru-düzgün olsa da, işdə doğru-düzgünlükdən çox-çox uzaq olan kimsədən (kimsələrdən) qat-qat artıq eybəcərlik qazandılar. Belələri indi bizdə çoxdan da çoxdur. Dözümsüzlük, dar düşüncəlilik, öz üzərində işləmək bacarıqsızlığı, çağdaş düşüncəyə yetərincə yiyələnə bilməmək üzündən idealsızlığa yuvarlanma onların üzünü sağlam, uğurlu gələcəkdən düşkün, uğursuz keçmişə çevirdi. Onlar haçaqlarsa, haralardasa bizə yoldaş idilər, bu gün yoldaş deyillər; kimlərinsə düşündüyünün tərsinə olaraq, biz onları itirməmişik, onlar bizi itiriblər. Bizim gücümüzün onların gücündən üstünlüyü yalnız özümüzün getdiyimiz yolu getməyimiz deyil, eləcə də onların getdiyi, sonra yarımçıq qouyduğu yolu getməyimizdədir!

Fransız devrimlərində çox sevdiyim bir persona var: Lafayet. Sağlığında adı yersiz yerə bir çox qınaqlara tuş gələn, qınaqlara baxmadan, qınaqları saya salmadan sonadək özünün düzgün yolunu gedən, sonadək Özgür, Demokratik Fransa ideallarına bağlı qalan, bu ideallar uğrunda sonadək hakimiyətlərlə də, bir çox yalançı müxalifət adamları ilə də barışmaz çarpışma aparan Lafayet!

Mənimlə də, sonralar da istər jurnalistikaya, istərsə də hərəkata gəlmiş bir çoxları jurnalistikadan da, hərəkatdan da çoxdan çıxıb gediblər. Ürəklərində Özgürlük, Demokratiya, Ölkəyə, Ulusa sevgi, bunlara bağlı gərəkən, çağdaş ideallar uğrunda çarpışma enerjisinin itirilməsi, tükənməsi üzündən. İstər zəlzələdən, istər vəlvələdən – belələri bir atımlıq barıt adamlarıdır: mənim belələrinə yazığım gəlir. Mənim yuxarıda sözügedən idealları özü üçün biznesə çevirənlərə də yazığım gəlir: belələrinin gerçək kimliyi gec-tez bəlli olacaq. Ancaq “ən böyük biclik düzlükdür” yolu tutanların gerçək kimlik qorxusu yoxdur, ola bilməz. Bizlər ürəkdən-candan gənclik enerjisi ilə Ölkəmizə Özgürlük, Demokratiya GƏNCLİYİ qazandırmağa çalışanlarıq!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv