Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Artıq Azərbaycan cəmiyyətinə bəllidir ki, Yurdumuzda hər cür yadlığa, özgəçiliyə qarşı Asif Atanın Mütləqə İnam Ocağı milli-insani dirəniş faktıdır. Asif Ata prinsiplərinin qəti və nüfuzedici təsirləri yurdumuzun sınırlarından kənara çıxmaqdadır. Ancaq bu təsirlər daha çox milli-insani, bəşəri yöndədir. Asif Atanın Dünyabaxışı, ideyaları İnam məsələsidir – İnsanlaşmaya əsaslanan. İnsanlaşmanın baş tutması və yaşaması isə yurdlaşmadan və xalqlaşmadan kənarda təəssüf ki, özünü doğrultmur. Ona görə Ocağın bir işi də insanlarımızın ağlında, düşüncəsində vətənin bütövlüyü məsələsini qəti və birmənalı şəkildə qoyur. Bunun üçün Ocaq öz prinsipləri ilə, öz meyarları ilə yanaşaraq bu ideyaların yayılması yönündə əsaslı məsələləri gündəliyə gətirir. Bu məsələlərdən, qayğılarımızdan biri də Borçalı məsələsidir. Borçalının tarixi, ictimai, ruhani varlığını anlamaq üçün, bu məsələnin ümumtürk yönündən mahiyyətinə varmaq üçün bu gün biz artıq ictimaiyyətlə dərin ünsiyyətləri qurulmuş və üçlük kimi vəhdət təşkil edən dəyərli ziyalılarımıza üz tuturuq. Bunlar “Ulusal ideya yolçuları” Abil Ulusoy, əslən Güneyli ziyalımız Ağşın Ağkəmərli və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalıdır.
İlk sualım Soylu Atalıyadır.
Göylü Atalı: Soylu, insanlarımızın böyük əksəriyyətinin təsəvvüründə Borçalı sərhədlərin o tayında görünür. Bu belədirmi, yaxud beləmi olacaq?
Soylu Atalı: Ürəyinizdə Günəş olsun! Biz Azərbaycanın köklü məsələlərinə yeni münasibət yaratmaq istəyirik. Bunun üçün də millət olaraq varlğımıza və qayğılarımıza Türk Peyğəmbəri Asif Atanın meyarı ilə yanaşmağı qəsd edirik. Çünki bu meyarda siyasi manevr yoxdur, oyun yoxdur, öz millətinin dünəninə, bugününə, gələcəyinə başqa mənafelərin nüfuzundan çəkinmək və nisbi qiymət vermək yoxdur. Qəti, biryolluq aydınlıq gətirmək və diqqətləri həqiqətə yönəltmək var. Bu isə öz gələcəyimizə nikbin yanaşmaq üçün böyük zəmindir. Azərbaycanda elə bir qüvvə, elə bir təşkilat, elə bir ziyalı yoxdur ki, onlar öz yurduna, millətinə demokratizm tələblərindən yanaşmasın. Demokratizm isə zahirən ad kimi çox cazibəli görünsə də, bu bir siyasi, ideoloji tərtibatdır – arxasında bəlli güclər dayanır. Demokratizm həmin güclərin istəklərinin nizamıdır.
Azərbaycanın özünüqurma və özünüifadə imkanlarına fərqli yanaşılmasa, ona inanmaq və gələcəyini dərk eləmək mümkün deyil. Bu baxımdan Borçalıya da biz həmin fərqli yanaşma əsasında doğru qiymət verməyin mümkünlüyünü düşünürük. İstəyirik ki, insanlarımızın düşüncəsində hər şey öz müəyyənliyini tapsın. Özümüzü aldatmayaq. Özümüzü aldatmadığımız dərəcədə söz dediyimiz insanları da aldatmayacağıq. Bunun üçün milli-insani məsələlərimizə siyasi motivlərlə yanaşmaq olmaz. Hətta siyasi məsələlərimizə belə siyasi motivlərlə yanaşmaq doğru deyil, ruhani yanaşmaq gərəkdir. Çünki biz bir millət olaraq elə durumdayıq ki, obrazlı desək, başımızı, ürəyimizi bir-birindən ayırıblar. Belə vəziyyətdə özümüzü bütöv götürməliyik. Varlığımızla oyun oynamamalıyıq. Həqiqəti axıra qədər öyrənmək və demək gərəkdir. Görüşünə çıxdığımız, ünsiyyət qurduğumuz insanlarla da açıq, səmimi dildə danışaq. Bu, ən azı ziyalılıqdır, yaxud ziyalı haqqıdır.
Azərbaycan böyük tarixi fəlakətlər yaşayıb. Bu gün də həmin fəlakətlər onun aqibətində ciddi təsir göstərməkdədir. Və bizim arzularımızdan asılı olmayaraq, təəssüf ki, xalqımızın həyat tərzini həmin fəlakətlər tənzimləyir. Azərbaycan parçalanmış ölkədir – həm milli-etnik baxımından parçalanıb, həm də coğrafi cəhətdən parçalanıb. Milli-etnik parçalanma təbiidir ki, coğrafi parçalanma əsasında əmələ gəlir. Ancaq bunu ona görə qabardıram ki, parçaların həyat tərzində zaman-zaman çox böyük fərqlər əmələ gəlir. Və müasir gedişat da bu ayrılığı düşüncələrdə əsaslandırır və fərqlərin artmasını təmin edir. Sanki geriyə yol bağlanır. Baxın, neçə yerə parçalanmışıq və parçalanmağımızla barışmışıq, bu gün də barışırıq. Hər bir parçamızı dərdi, problemləri ilə birgə özündə görürük – ona bir bütövün, tamın dərdləri kimi, problemləri kimi yanaşmırıq. Ona görə həll eləməyə də girişmirik. Biz parçalarımzın üzərində hakim olan qüvvələrlə, dövlətlərlə dil tapmağa çalışırıq, özümüzü onlara dost göstəririk və onlarla daxili münaqişədə olduğumuzu gizlədirik. Başqa sözlə, biz dərdlərimizlə oynayırıq. Bu xalqın aqibətində yaradılan və özü tərəfindən də gizlədilən belə bir mürəkkəbliyi dünyanın heç yerində, heç bir xalqında tapmaq mümkün deyil. Bu səbəbdən, bu gün dil açıb danışmaq istəyən bizlər də durub söz oynadarıqsa, ağrılı məsələlərin üzərinə pərdə çəkəriksə, danışmaq haqqımızı gələcək qarşısında itirmiş olarıq. Bu, çox böyük utanc məsələsidir. Elə yaşamaq, elə danışmaq, elə mübarizə aparmaq gərəkdir ki, problemlərin üstünə pərdə çəkilməsin, onun həlli yolları görünsün. Azərbaycanı yaratmaq məsələsi, özünü zahiri ifadə səviyyəsində formalaşan təşkilatların arzularına sığmayan məsələdir. Asif Atanın “Uluyurd” ideyası var və bu ideyanın baş müddəası Azərbaycanın Siyasi Bərpasıdır. Bu prinsipdən çıxış eləyib deyə bilərəm ki, biz müasir Azərbaycanın sərhədlərini tanımırıq və bu miqyasda Azərbaycanı qəbul eləmirik. Azərbaycanın tarixi haqqı bərpa olunmayınca nə azadlığımız azadlığa bənzəyəcək, nə də müstəqilliyimiz müstəqilliyə. Bilirsinizmi, dövlət idarəçiliyində olanlarımız hansı siyasi dildə danışırlar danışsınlar, özləri bilər. Siyasət güclü və gücsüz prinsiplərinə əsaslandığına görə gödək dil və uzun dil sxemi yaradır. Və zəifin “gödək dil” ünsiyyətini tələb edir. Ancaq ziyalının, elm adamının haqqı yoxdur öz xalqının qarşısına “gödək dil” prinsipi ilə çıxsın. Siyasi rəhbərlik gizlinlik siyasəti yürütməyə məhkumdur. Hər şeyi açıq deyərsən, qonşularla gerçək münaqişə durumuna gəlib çıxarsan. Ancaq yenə deyirəm, xalqın öz içində iş getməlidir. Siyasi hakimiyyətin üzünün ağlığı da onda olar ki, bu işin gedişində iştirak eləməsə də, ona mane olmasın, imkan düşdükcə şərait yaratsın. Xalq həqiqəti bilməlidir. Həqiqət də ondan ibarətdir ki, Borçalı tarixi Azərbaycan yurdudur və sərhədlərin o tərəfində qala bilməz. O bizim ağlımızda, düşüncəmizdə Azərbaycanın sərhədləri içərisində dərk olunmalıdır və zaman-zaman bu yetirilməlidir. Ola bilər ki, kimlərsə bizi qınasın ki, Qarabağ problemi ortalıqda dura-dura, indi də Borçalı məsələsi qaldırırıq. Bilirsinizmi, Qarabağ da, Güney Azərbaycan da, Borçalı da, Zəngəzur da və s. hamısı bir dərddir, vahid dərddir. Hamısı həllini tapmalıdır. Özü də biz dönə-dönə vurğulamışıq ki, hətta Güney Azərbaycan Qarabağdan öncəki problemdir, daha doğrusu, öncə həllini tapmalı olan problemdir. Gün kimi aydındır ki, siyasi və fiziki gücümüz artmasa, Qarabağı həll eləyə bilməyəcəyik. Bu məsələ çox geniş mövzudur və ayrı bir mövzudur. Ona görə də davam eləmirəm. Bir sözlə, xalq kimi özümüzü təsdiq eləməyimiz üçün ağlımızda, düşüncəmizdə Azərbaycanın bütövlüyü yaşamalıdır. Yoxsa Qarabağı da nəzərə almayanda 69 min kv.km ərazidə Azərbaycan nə deməkdir?! Belə Azərbaycan olmaz ki…
Göylü Atalı: Abil bəy, Borçalı tarixi və coğrafi baxımdan hardan başlayır?
Abil Ulusoy:Günaydın, istəkli yurddaşlarımız!
Bəli, Borçalı Azərbaycanın tarixi tərkib hissəsidir. Borçalılar da öz tarixi vətənlərində yaşayırlar. Borçalının bugünkü siyasi durumundan söhbət gedə bilər. Bu gün Borçalı Gürcüstan adlanan bizim bölgəmizdə yerləşən, siyasi qibləsi Qərbdə olan kiçik bir dövlətin sərhədləri daxilindədir. Borçalının sabahında başqa bir hadisə də baş verə bilər. Siyasi tabeçilik dəyişə də bilər. Ancaq bir şey aydındır ki, Borçalıların yaşadıqları tarixi türk torpaqlarında bizim haqqımız var. Borçalı Azərbaycanın tarixi sərhədləri daxilindədir və bizim bu münasibətimiz əsaslıdır, ədalətlidir. Bildiyiniz kimi, 1736-cı ildə Borçalının tabeçiliyi Nadir şah Əfşar tərəfindən dəyişdirilərək Kartli çarlığına tapşırılmışdır. Və çox təəssüf ki, həmin dövrdən də Borçalının Gürcüstanla bağlı siyasi ömrü bu günümüzə qədər davam edir. Borçalının ərazisi təqribən 8 min kv.km-dir. Haradasa Dağlıq Qarabağın ərazisindən təqribən 2,4 dəfə çoxdur. Bu gün gürcülər Borçalıdakı toponimləri ucdantutma dəyişdiriblər. Bu toponimlərdə türkün tarixi yaşayır. Borçalıda türkün ruhu yaşayıb, yaşayır və mən əminəm ki, sabah da yaşayacaq. Türk toponimlərinə qarşı başlanmış “Səlib yürüşü”nün davamı olaraq türkün Gürcüstan adlanan dövlətdən köçünə də başlandı. 1944-cü ilin noyabrında Ahıska türkləri öz tarixi vətənlərindən köçürüldülər və bu günə qədər də 350 min Ahıska türkü öz tarixi vətənlərinə dönə bilmir. XX əsri tarixdə türkün fəlakətli dövrü kimi səciyyələndirmək olar. Gürcüstan özünün XX əsrdə ikinci dəfə müstəqilliyini elan edəndə, orada təqribən 700 mindən çox türk yaşayırdı. İndi bu rəqəm təqribən 500 min civarındadır.
Biz bu gün Borçalıdan danışarkən Gürcüstanın başqa ərazilərində yaşayan on minlərlə (təqribən 50 min civarında) türkü də unutmamalıyıq. Onlar Tiflis, Kaspi, Qori, Karel, Laqodexi və s. yerlərdə yaşayırlar.
Soylu Atalı: Qardaşımızın dediyinə bir-iki cümlə əlavə eləmək istəyirəm. Tarixi Borçalı miladdan öncəki təqvimlərə dayanır. Borçalı toponimi dünən yaranmayıb. Bu adın mənası Qədim Türklərin totemçiliyi ilə bağlıdır – “Boz Qurd” kimi qəbul elədiyimiz. “Börü” və “Çala” sözlərinin birləşməsindən olub, “Qurd Yuvası” anlamındadır. Coğrafi cəhətdən Gümrüdən (Leninakan deyilən yer), Tiflisin Ortaçala deyilən hissəsinə qədərdir. Bu arada 11 tarixi rayon yerləşir: Gümrü (Leninakan), Cəlaloğlu (Stepanavan), Daşlı, yaxud Dağ Borçalı (Kalinino), Başkeçid (Dmanisi), Bolus (Bolnisi), Ağbulaq (Tetriskaro), Barmaqsız (Salka), Boranlı (Noyemberyan), Qaratəpə (Qardabani), Qaracayurdu (Saqaredco). Sovetlər dövründə inzibati bölgülər elə quruldu ki, Borçalının başı-ayağı bilinmədi. Bunlar bizim yiyəsizlik aqibətimizdən yaranıb. Sonralar bu rayonlardan bəziləri Ermənistana qatıldı, bəziləri inzibati vahid kimi fərdi və yaxud başqa ərazilərə sənədləşdirildi.
Göylü Atalı:Yurdumuzun itirilmiş böyük bir parçası Güney Azərbaycandır. Ağşın bəy, Güney Azərbaycanla Borçalının aqibətində hansı oxşarlıqlar, bağlılıqlar var?
Ağşın Ağkəmərli: Bizi təkrar bir araya gətirdiyiniz üçün sizə təşəkkür edirəm. Eyni halda ciddi bir milli qayğımızla üzləşdirdiyinizə görə çox şadam, Göylü xanım. Əlbəttə, bizim bütün itirilmiş torpaqlarımızın – istər Borçalı, istər Güney Azərbaycan, Qarabağ, Qərbi Azərbaycan, Dəmirqapı – hamısının taleyi eynidir. Çünki bir millətə məxsus ağrıdır. Abil bəy toponim məsələlərinə toxundu. Eyni ssenari Güney Azərbaycanda həyata keçirilib. Yer, el adlarını dəyişdirməklə bir millətin orada varlığını silmək məqsədi güdüblər. İşğalçı qəsbkarlar millətimizə qarşı eyni ssenarini həyata keçiriblər – baxmayaraq ki, bu gürcüdür, o birisi farsdır, başqası rusdur, qeyrisi ərəbdir və s. Ərəblər də Kərkükün, Ərbilin başına həmin oyunları açıblar. Bütün bunlara baxmayaraq, bizim bir arada olmağımız üçün imkanlar heç də tam olaraq aradan getməyib. Bizim adət-ənənələrimiz, kültürümüz bir xətt təşkil edir. Ən əsası dilimiz bizi bir araya gətirir. Folklorumuz bizi bir-birimizə mənəvi yaxın edir…
Bilirsinizmi, bizim dərdlərimiz dünən başlamayıb, kökü çox qədimlərə gedib çıxır. Türk milləti böyük bir coğrafiyaya – Asiya qitəsinə sahib olduğu üçün onu əhatə eləyən mühitlərdə mənəvi-ruhani parçalanmalara məruz qaldı. Soylu bəyin yazdığı kimi, fərqli dünyabaxışların, dinlərin təsirinə düşdükcə bölündü, gücü azaldı, bir-birinə yadlaşdı. Bir hissəmiz Buddizmi qəbul elədi və o hissəni biz buddist olaraq itirdik; bir hissəsini musəvi kimi, bir hissəsini xristian kimi, müsəlman kimi itirə-itirə yadlaşdıq. Xristian Bolqarların varlığında heç bir nişanəmizi tapa bilmirik. Doğrudur, bu təkcə bir millətə gələn problem deyildir. Bir çox millətlər var ki, onlarda tarixdən yalnız ad qalıbdır. Onlar başqa millətlərin içərisində əriyib, assimilyasiya olubdur. Misal üçün, Misir xalqı, İslamı qəbul eləyəndən sonra orada o qədər sürətlə ərəbləşmə getdi ki, bu gün Misiri qeyri-ərəb kimi düşünmək mümkün deyil. Vəli, ancaq bu gün bizim aqibətimizdə deyərdim ki, bir xoşbəxtlik dövrü başlayıbdır. Bizim fəlsəfi düşüncə sistemimiz, dünyabaxışımız yaranıb ortaya çıxıbdır. Əgər dünən biz dayanmadan parçalanmağa doğru gedirdiksə, bu bir boşluğun nəticəsi idi. Ancaq biz bu gün öz təfəkkürümüzün, öz düşüncəmizin, qəhrəmanlığımızın, Zərdüştümüzün, Babəkimizin, Nəsimimizin şəhdindən, şirəsindən, kökündən, tumundan gələn Asif Ata düşüncə sistemi ilə doluruq. Biz itirdiklərimizdə davam eləmək təhlükəsindən xilas olmaq şansı əldə edirik. Bizi bir araya gətirən, vahid bir xalq olmaq zəmini yaradan dəyərimizlə yaşamaq imkanı əldə edirik. Söhbət bizim millətləşməyimizdən gedir. Millətin varlığı torpaqdan, yəni vətəndən çox vacib məsələdir. Torpağı itirərsən, onu yenidən əldə edə bilərsən. Ancaq milləti itirsən, onu ikinci dəfə əldə eləmək mümkün olmayacaq. Ona görə də biz öz kimliyimizi itiridiyimiz nöqtədən başlayaraq yenidən özümüzə qayıtmaq şəraitini, imkanını əldə edirik – Asif Atanın fikir-düşüncə sistemində. Biz çox böyük tutalqa əldə edirik. Bundan istifadə edib biz böyüklüyümüzü ortaya qoya bilərik. Buna görə deyə bilərəm ki, parçalarımızın – Borçalının, Dərbəndin, Güney Azərbaycanın, Kərkükün, Ərbilin, Zəngəzurun taleyi bir olduğu üçün dərmanı da birdir. Mən bir fakt demək istəyirəm – bu çox düşündürücüdür. Ötən əsrin əvvəllərində İran adlanan ölkədə qeyri-azərbaycan türkləri də daxil olmaqla, qeyri-azərbaycanlılar da daxil olmaqla 70% Azərbaycan dilini bilirdi. İndi cəsarətlə deyə bilərəm ki, azərbaycanlıların 70%-i Azərbaycan dilini bilmir.
Soylu Atalı: Çünki Azərbaycan dilində ifadə olunacaq mədəniyyət yoxdur. Başqa sözlə, sıradan çıxarılıb.
Ağşın Ağkəmərli: Faciənin miqyasını düşünəndə Asif Ata Dünyabaxışının önəmi nə dərəcədə aydın görünür. Bizi bir araya gətirən Amil lazımdır. Bunu biz kənardan götürə bilmərik. Özümüzü toparlayıb ələ almaq, itkilərə dur demək şansı əldə elədiyimiz üçün şəxsən mən gələcəyə böyük bir ümidlə baxıram. Əks halda zirvələrdən-zirvələrə koşan bir millətin 200 ildə verdiyi itkilər adamı dəli eləyir. 510 min kv.km-dən 200 ildə 69 min qalıb. Bunların səbəbi özgələşməyimizdir.
Göylü Atalı: Siz yaxşı bir məsələyə toxundunuz, doğrudan da torpağı geri qaytarmaq olar, ancaq bunun üçün gərək millətimiz var olsun. Elə bu söhbətin davamı kimi üzümü Soyluya tutmaq istəyirəm. Borçalı türk yurdudur. Sən bir Borçalı ziyalısı olaraq daha çox izləyirsən bunları – Borçalıda türk ruhu hansı səviyyədə yaşayır?
Soylu Atalı: Çox təəssüf eləyirəm, nəinki Borçalıda, belə götürəndə bütövlükdə Azərbaycanda Türk Ruhu yox kimidir. Məlumdur ki, Borçalı Sovetlər dönəmində də, indi də Azərbaycanla iç-içə olub. Gürcüstan ərazisi sayılsa da, Azərbaycan dili, mədəniyyəti, təsirləri həmişə Borçalının içində olub. Bunu Güney Azərbaycanın durumu ilə müqayisə edəndə bir üstünlük kimi qəbul eləmək olar. Arazboyu tikanlı məftillər Borçalı ilə Azərbaycan arasında olmayıb. Bunun da müsbət və mənfi cəhətləri var. Müsbət cəhəti odur ki, Borçalı Güney Azərbaycan qədər fəlakətli assimilyasiyaya uğramayıb. Mənfi cəhəti isə odur ki, yalançı azadlıq Borçalıların psixologiyasında bir arxayınçılıq yaradıb. Ən əsası Borçalılar Borçalını Gürcüstanın bir hissəsi və özlərini burada gəlmə, qərib kimi dərk ediblər. Bir sözlə, Borçalı düşüncələrdə bir qürbət-məkan kimi bilinib. Və onların ağlında “bizim burada axırımız yoxdur” fikri hakim olub. Bu gün də elədir. Bakıda yaşayan tək-tək adamlar başqa cür düşünə bilərlər. Ancaq orada vəziyyət xeyli dərəcədə fərqlidir. Ən pis cəhət odur ki, bu qədər cəmiyyətlər yaranır, təşkilatlar yaranır – onların heç biri Borçalını təsəvvürlərdə Türk dünyasının tərkib hissəsi, Azərbaycanın bir parçası kimi formalaşdırmırlar. Xeyriyyə cəmiyyətləri yaranır – maddi-fiziki qayğılarla özlərini şöhrətə mindirməyə çalışırlar. Ancaq Ruhun sönməsinə qarşı İnam işığı yandıran yoxdur. Mənəvi-ruhani birlik yaratmağa, milli şüurun türkçülük ruhuna bağlanmasına konseptual əsaslarla çalışan yoxdur. Yenə də yalançı vədlər, yenə də süni şəkildə Azərbaycan – Gürcüstan dostluğunun olması yalanını sırımalar, yenə də populist şüarlar. Bilirsinizmi, bunları deməyin artıq vaxtı keçir. Sən nə qədər yalmanırsan yalman, gürcü Borçalıda türk ruhuna, toponimlərə, tarixi həqiqətlərə vurduğu zərbələrdən geri duran deyil. O yaxşı bilir ki, Borçalıda Türk Ruhu bərqərar olsa nə baş verər?! Bəli, Azərbaycan bütövlükdə öz milli müəyyənliyini itirdikcə, bu fəlakət onun ayrı-ayrı tarixi parçalarında da öz əksini tapır. Quzey Azərbaycanda ortaya çıxan özgəçilik halları Borçalıda eyni dərəcədə özünü göstərir – bayaq dediyim kimi, hardasa iç-içə olduğu üçün. Söz yox ki, Borçalıda nə baş verirsə, aşırı dərəcədə baş verir, onun aqibəti daha kəskin şəkildə mürəkkəbləşir. Bu da onunla bağlıdır ki, bu gün Borçalı ayrı bir dövlətin idarəetməsinə daxildir. Gürcü şovinizmi işləyir. Borçalılar qısılır, sıxışdırılır evinin içinə, hər cür imkanları məhdudlaşır. Orada türk ruhunun yaşamaması ilə bağlıdır ki, təkcə ötən yüzildə səhv eləmirəmsə, Borçalılar beş dəfə deportasiyaya uğradılar. Ağlı söz tutan, əli qələm tutan, yaxud hardasa bir vəzifə başında olan zümrə hər dövrdə qovulduqca Bakıya toplaşırdı və orada gürcülərin kənd təsərrüfatının əsasını təşkil edən zəhmətkeş kütlə qalırdı – gürcü üçün “qara qüvvə” rolunu oynayan. Sovetlərin dövründə də buna göz yumulurdu, sovet dönəmindən sonra da. Sadə kütləyə dayaq ola biləcək düşüncə adamları, ziyalı adamlar qalmırdı. Gürcü bunu yaxşı hesablayır. Qalsa orada təşkilatlanma olar, muxtariyyat istənilə bilər, dövlətə təsir imkanları artar və s. Bayaq mən Borçalını Güney Azərbaycanın durumu ilə müqayisə elədim. Doğrudur, gürcü fars deyil. Gürcünün fars kimi dilimizə təsir edə biləcək böyük mədəniyyəti yoxdur, ruhumuzu özgələşdirən müsəlmançılığı da yoxdur – burada dini baxış fərqi var və s. Ancaq gürcünün də öz təsir üslubu var və bu üslub da dediyim kimi, öz işini görür.
Çox təəssüf ki, Türk Ruhu Borçalıda yalnız sazımızda yaşayır, mədəniyyətimiz yalnız məişət ənənələrindən ibarətdir.
Ağşın Ağkəmərli: Mən Soylu bəyin toxunduğu məsələlərlə bağlı bəzi fikirlər demək istəyirəm.
Göylü Atalı: Buyurun, bunlar elə sizə verilən suala aid olan məsələlərdir.
Ağşın Ağkəmərli: Siz deportasiya məsələsinə yerində toxundunuz. Deportasiya Güney Azərbaycanda bu gün də həyata keçirilir. Hələ o vaxt Məşrutənin qələbəsindən sonra Azərbaycan nə qədər itki verdi. Sonra Xiyabani Hərəkatından qeyzlənən hökumət nə qədər deportasiya elədi. Əlimizdə sənədli faktlar var ki, Güneydə Milli hökumətin devrilməsindən sonra on bir min Güneyli ailəni Quzey Azərbaycana köçürdülər. Özü də o ailələrin hamısını Quzey Azərbaycanda yerləşdirmədilər. Bir hissəsini Özbəkistana, Türkmənistana, Qazaxıstana və digər sovetlərdə birləşən respublikalara paylaşdırdılar. Yenə dəqiq sənədlər var ki, 46-cı ildə 25 min əhalini Təbrizdə qətlə yetirdilər. Habelə nə qədər insanları İran adlanan ölkənin ayrı-ayrı əyalətlərinə deportasiya elədilər. Hansı ki, həmin bölgələrdə həyat şəraiti daha ağır və dözülməz həddə idi.
Mən keçən söhbətlərimizin birində də dedim. İran adlanan yerdə 24-cü ildə fars hakimiyyəti qurulan kimi, coğrafiya komissiyası yaradıldı və toponimlər dəyişdirilməyə başladı. Bu gün türk dilinə basqı, milli mədəniyyətin, milli məktəblərin olmaması bir yana, heç insanlar öz balalarına istədiyi adı qoya bilmirlər. Aylarla süründürəndən sonra qeyri-milli adlar qoyurlar. Bax, görürsünüzmü, dağınıq yurdumuzun hər yerdə taleyi nə qədər oxşardır.
Göylü Atalı: Abil bəy, bu vaxta qədər Borçalı adına çoxlu təşkilatlar yaranıb. Bu təşkilatlar Borçalı üçün nə deməkdir, onların yaranmasının önəmi varmı? Bir məsələyə toxunum, bəllidir ki, Borçalılar Saakaşvili hakimiyyətinin əsas dayaqlarından biridir. Ancaq Saakaşvili ermənilərə daha yaxın görünür, çox isti münasibətlərdə bulunur.
Abil Ulusoy:Daha çox təşkilat daha çox parçalanma deməkdir. Mən bir haşiyə çıxmaq istərdim. Bu, demoqrafik köçlə bağlıdır. 90-cı illərdə hakimiyyət zəifliyindən yararlanaraq Azərbaycanda “bəlli şəxs” olmaq iddiasına düşənlər çox idi. Və bunların hamısı da özlərinə “sosial dayaq” axtarırdılar. Bunun üçün yurd yerlərimizin boşaldılmasına da bilərəkdən gedirdilər. Dövr elə idi ki, bir çox məsələlər küçələrdə həll olunurdu. Tərəfdar çoxluğu böyük önəm daşıyırdı. Bakıda hakim mövqe uğrunda savaş gedirdi.
Saakaşvili kimi “yetişdirilmiş liderlər” onları yetişdirən dövlətin, ya dövlətlərin maraqlarına xidmət edirlər. Gürcüstanın iqtisadi baxımdan Azərbaycan və Türkiyədən kəskin asılılığı var. Siyasi baxımdan da “müstəqil Gürcüstan” tamamilə ABD-dən asılıdır. Saakaşvili bu yaxınlarda belə bir şüar (Azərbaycana yönəlik) irəli sürmüşdü: “Şəffaf sərhəd, birləşdirilmiş iqtisadiyyat”. O, Gürcüstanın çıxış yolu kimi bunu görürdü. Ancaq Türkiyə və Azərbaycana münasibətdə oyunçuluğundan da əl çəkmir. Bu, Ahıska məsələsində və Ukraynadan aldıqları silahların (xüsusən pilotsuz təyyarələrin) Ermənistana satılması (belə bir ehtimal var) Ermənistanın Dağlıq Qarabağ məsələsində hərbi dillə danışmasına gətirib çıxarır. İranın silahlandırılması da mahiyyətcə Azərbaycanın əleyhinə yönəlib.
Qərb (ABD) olmasaydı, “birləşdirilmiş iqtisadiyyat, şəffaf sərhədlər” məsələsindən yararlanmaq olardı, – Belorus prezidenti Lukaşenkonun Rusiya ilə “ittifaq” oyunlarını nəzərə alaraq. Məncə Borçalı, eləcə də Gürcüstan məsələsinə bizim baxışımız Azərbaycanın, bütövlükdə Türk Dünyasının çıxarları baxımından formalaşmalıdır. Borçalı, eləcə də Gürcüstanla bağlı istəklərimizin sərhədləri özümüz üçün tam müəyyənləşməlidir. Azərbaycanın Borçalı ilə bağlı istəkləri qətiyyən Azərbaycan–Gürcüstan əlaqələrinə qurban verilməməlidir. Azərbaycanın ayrı-ayrı yetkililəri Borçalı probleminin həllini orada yaşayan insanların Gürcüstan cəmiyyətinə inteqrasiyasında (qaynayıb-qarışmasında) görürlər. Borçalıların gürcü cəmiyyətinə inteqrasiyası Azərbaycansızlaşma deməkdir. Buna yol vermək olmaz! Bu məsələdə mən seqreqasiya tərəfdarıyam. Yəni eyni cəmiyyətdə yaşayan müxtəlif millətlərin bir-birindən təcrid olunmuş şəkildə yaşaması. Gürcüstan cəmiyyətinə qaynayıb-qarışmış, Laqodexi, Qori, Kares, Kaspi, Tiflis və s.-də yaşayan türklər nə qazanıblar? Cavab – heç nə! Ona görə Borçalının Gürcüstan tərkibində əridilməsinə yol vermək olmaz!
Bir məqama da toxunmaq istəyirəm. Qərb – NATO Gürcüstana gəlir. Vaxtilə “Türk möcüzəsi” yaradan (iqtisadiyyatda) Turqut Özal vaxtı Türkiyəyə milyardlarla “geosiyasi divident” verən NATO artıq SSRİ dağıldıqdan sonra əhalisi kifayət qədər az olan (Türkiyə ilə müqayisədə) Gürcüstanı özü üçün seçim etdi. Bölgənin coğrafi baxımdan ən hündür bölgəsi, az əhalisi (təqribən 5,5 mln.) zəif iqtisadiyyatı və Rusiya ilə həmsərhəd olması Gürcüstanı Qərbin (ABD) strateji maraq dairəsinə gətirdi. Bu məsələyə niyə mən toxundum? Ona görə ki, Borçalı məsələsinin həllində artıq biz Qərbin (ABD) Gürcüstandakı maraqları ilə üzləşməli olacağıq. Borçalı məsələsində ən xırda, ən əhəmiyyətsiz görünən gedişlərdə belə güzəşt olunmamalıdır. Gürcüstanla münasibətlərimizi Borçalı problemi üzərində qurmalıyıq.
Türklük Borçalının mahiyyətində yaşayır. Türk özü bir təbiət hadisəsidir. Borçalıda türklə, türklüklə bağlı nə olubsa, bərpa olunmalıdır. Olmayanları yaratmalı və yaşatmalıyıq. Gürcüstana münasibətdə biz Türkiyə ilə birlikdə hərəkət etməliyik. Çünki eyni millətin eyni də çıxarları olur. Borçalının təhsil sisteminə baxış köklü şəkildə dəyişdirilməlidir.
Borçalı aqrar Borçalılıqdan çıxarılmalıdır. Yaxın keçmişdə Qərbi Azərbaycanda yaşadıqlarımızdan dərs götürməliyik.
Bakının (Başkəndin) cazibəsi Bütöv Azərbaycan miqyasında ləğv olunmalıdır.
Yurd yerlərimizin boşaldılmasına dur deməliyik! Yurd yerlərimizin problemləri yerində həll olunmalıdır. Yumşaq demoqrafik siyasətə son verilməlidir. Başkəndin (Bakının) açıq qapı siyasəti aradan qaldırılmalıdır.
Göylü Atalı: Ona görə mən Ağşın bəyə bir az qeyri-adi sual verəcəm. Borçalı necə problemdir? – Bir az sualıma aydınlıq gətirim. Məsələn, bu gün bizim aramızda Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi fikirləri səslənir. Ancaq Borçalı sanki Azərbaycanın parçalanması kimi aydın təsəvvür olunmur. Yəni Borçalıya parçalanmağımız kimi yanaşmalıyıq, yoxsa orada yaşayan soydaşlarımıza sadəcə təəssübkeşlikmi etməliyik? Əslində sizdən öncə danışanlarımız bu suala birmənalı cavab verdilər. Bəs siz necə düşünürsünüz?
Ağşın Ağkəmərli: Biz həmişə demişik. İndi də dostlarımızın vurğuladıqları kimi, bir millətin varlığını ifadə edən üç əsas komponent var. Bu komponentlər onun Ərazi Bütövlüyüdür, Kültürüdür və üstəgəl, onun Dünyabaxışıdır. Bizim tarixdən gələn köklü bir problemimiz vardır. Bir millət kimi qurulmamışıq. Bizim əsaslı problemlərimizin heç biri bu gün başlamayıb. Ona görə də demək istəyirəm ki, içərisinə düşdüyümüz problemlərə bizik ki, tab gətirmişik. Bəlkə bu taleni başqa bir millət yaşamış olsaydı, ondan indiyə qədər heç bir əsər-əlamət qalmazdı. Çeşidli mədəniyyətlərin əhatəsində, təsirində bütövləşmə, millətləşmə ağlımıza gəlməyib. Ona görə də çox ciddi dəyişikliklər olmalıdır. İnsanlarımızın dünyagörüşü köklü şəkildə dəyişməsə, Borçalıya necə Azərbaycan problemi kimi baxa bilərlər?! Psixologiyamız elə formalaşıb ki, yalnız yaşadığımız, doğulduğumuz yeri vətən sayırıq. Bunu bizdə tayfaçılıq, yerliçilik kimi antimilli düşüncələr formalaşdırıb. Hələ də mən burada bir İranlı kimi təsəvvür olunuramsa, qeyrisi – deyək ki, Borçalıdan olan Gürcüstanlı kimi düşünülürsə, hələ də Qərbi Azərbaycandan olana Ermənistanlı deyilirsə, bununla biz milli varlığımızı dərk eləyə bilmərik. Baxmayaraq ki, hansısa bir tarixi şərait nəticəsində Quzey Azərbaycanda bir dövlətimiz yarandı – bunu da biz çox sevirik, pis-yaxşı xalqımızın varlığının siyasi qarantıdır. Ancaq yenə də deyirəm ki, millət məsələsi bizim üçün dövlət məsələsindən də önəmlidir. Problemlərimizin kökündən həll olunmasının açarı millət kimi yaranmağımızdadır. Yoxsa, sabah yenə hansısa təsadüfi bir dalğa bizi millət olaraq assimilyasiyaya məruz qoyacaq. Baxın, bu əsrin əvvəlinə qədər Güney Azərbaycanda beş dəfə inqilab olub. Yaxşı, bəs niyə uğur əldə eləyə bilmir?! Bu inqilabların ard-arda düzülməsi mənim üçün üzücü bir gedişatdır. Ayağa dururuq, nə qədər qurbanlar veririk, nə qədər fəlakətlər yaşayırıq, yenidən sıfır nöqtəsinə qayıdırıq. Nə vaxta qədər belə davam eləməlidir?! Nə vaxta qədər təcrübələri təcrübə eləməliyik?! Səttarxan ayağa durdu – İrançılıqla, İslamçılıqla, o biri onun kimi. Qardaş, bəsdir də. Bu İrançılıqda, bu İslamçılıqda sən öz varlığını ortaya qoya bilmirsən axı. Yenə mən qayıdıram israr elədiyim bir məsələnin üzərinə ki, bizim öz Dünyabaxışımız olmalı, onun əsasında ideologiyamızı yaratmalıyıq. Atanın düşüncə sistemi bizi köklü problemlərdən xilas eləməyə qadirdir. Bunun əsasında biz nəsillərimizə üz ağlığı gətirə bilərik. Bizim itirdiklərimizi təkrar onlar itirməzlər, qurarlar, qurularlar.
Göylü Atalı: Mən sonda yenə üzümü Ocaq Yükümlüsünə tutub soruşuram. Soylu, Borçalı haqqında çox fikirlər deyilib və bundan sonra da yəqin ki, deyiləcək. Bakıdan bu fikirlərin deyilməsi Borçalının özündə görülməli olan işlərə zəmin hazırlaya bilirmi?
Soylu Atalı: İlk öncə onu demək istəyərdim ki, biz başqalarının demədiyini deyirik və tamam fərqli meyarla deyirik. Bundan öncəki məsələlərə də bir neçə cümlə əlavə edib sualın cavabına keçmək istəyirəm. Ümumiyyətlə, dövlət Borçalı məsələsiylə məşğul olmur. Yəqin bundan sonra da əsaslı şəkildə məşğul olmayacaq. Gəlin, bir məsələyə baxaq: Türkiyə güclü dövlətlər sırasındadır – Azərbaycanla müqayisədə xeyli təsirlərə malikdir. Ancaq o, yəni Türkiyə hakimiyyəti Borçalı ilə məşğul olmur, Gürcüstanla məşğul olur. Gürcüstanla da ABŞ-ın tələbiylə, diktəsi ilə məşğul olur. Halbuki Türkiyənin özünün istər Gürcüstanda, istərsə də bütövlükdə Qafqazda ciddi milli maraqları var. Təkcə Borçalı bəsdir ki, burada Türkiyənin milli marağının olmasından danışaq. Bu səbəbdən də, Gürücüstanla məşğul olmaq mahiyyətcə türklə məşğul olmaq deməkdir. Ancaq dediyim kimi, Türkiyə Gürcüstanla türk üçün deyil, ABŞ üçün məşğul olur. ABŞ Türkiyəyə, ya Azərbaycana türklə məşğul olmaq imkanı vermir. Türkiyə də ABŞ-ın qabağına keçmir. Gürcüstan ABŞ-ın Rusiya ilə yarışdığı meydandır. Türkiyə hakimiyyəti də gedib Fələstinlə məşğul olur. Ancaq bu məşğuliyyətin türk üçün, Türkiyə üçün qlobal önəmi nədirsə, bəlli deyil. Bu məsələyə ötən mövzumuzda toxunduğum üçün burada davam eləmirəm.
İkinci bir məsələ, qardaşımızın toxunduğu toponimlər məsələsidir. Müasir dünyanın gedişatı və qanunları elə tərtib olunub ki, məsələn, biz gürcülərə deyə bilmərik ki, Borçalıda toponimlərə toxunma. Çünki deyir ki, bu mənim dövlətimdir və mən öz dövlətimdə adqoyma, addəyişmə məsələlərini özüm həll edirəm. Daha burada durub demək ki, tarix ayrı şey deyir – bu istək işləmir. O deyir bura mənim dövlətimdir, nə olsun ki, sənin millətindən olanlar burada yaşayır, mənim dövlətimdə yaşayır. Ona görə dövlətimiz də müasir dünyanın tələbləri ilə davranır və bu kimi problemlərimizin həllinə doğru addım atmır. Bir də görərsən, əks arqumentlər də gətirdilər. Məsələn, deyə bilərlər ki, niyə sən Qarabağda ermənilərin yaşadığı bölgəyə türk adı qoyursan?! Halbuki bu cür arqumentlərin heç bir əsası yoxdur. Ha deynən ki, ora da türk yurdudur, bura da. Sadəcə maraqlı güclər bölgələrin nizamını öz əllərində saxlayırlar və məsələni istədikləri vaxt mürəkkəbləşdirə bilirlər. Bu səbəbdən də Borçalı məsələsinin həlli olduqca ciddi məsuliyyət tələb eləyir. Bu məsələ digər məsələlərimiz kimi heç də asan və sıradan bir məsələ deyil.
Abil Ulusoy: Burada Soylu bəyin fikrinə əlavə eləmək istəyirəm. Mən indi burada bir şey demək istəyirəm sözünüzün qüvvəti. Adətən Borçalıdan söhbət düşəndə, ümumən Gürcüstanda yaşayan türklərdən söhbət düşəndə ön plana M.F.Axundovun ev muzeyi çıxır, N.Nərimanovun Borçalıdan olması çıxır. Və son dövrlər artan, özü də ərəbçiliyi yaşadan tikililər ön plana çıxır. Bu, çox təəssüfedici bir hadisədir. Borçalıda Azərbaycan dəyərlərinin deyil, yad dəyərlərin təbliğindən söhbət gedir. Bizimkilər Borçalıya öz dəyərlərimizlə girmək istəmirlər. Borçalımızı yad dəyərlərlə mənəvi işğala məruz qoyurlar. Azərbaycanın müstəqilliyini Rusiyaya bağlayan Nərimanov Borçalılar üçün öyünc yeri ola bilməz. Şevardnadze deyirdi: hamı bilir ki, günəş Şərqdən çıxır. Ancaq Gürcüstanın günəşi şimaldan doğur, yəni Rusiyadan. Nərimanov da mahiyyətcə Şevardnadzenin dediyini deyirdi.
Yurdumuza qibləsi özümüzdə olan kişilər gərəkdir. Azərbaycan dəyərləri Quzey Azərbaycanda dəyər səviyyəsində yaşamadığı kimi, Azərbaycanın tarixi tərkib hissəsi olan Borçalıda da yaşamır.
Məncə Borçalıda güclü maarifçilik işi getməlidir. Deyirsiniz ki, mən bunu dövlətlə bağlayıram. Bəli, dövlət xalqın ən böyük tarixi sərvətidir. Nəyə görə Quzey Azərbaycanda qurduğumuz dövlət bu işdə önəmli rol oynamasın. Ayrı-ayrı bizim kimi ziyaılılar da təbii ki, bu işdə fəal iştirak etməlidirlər. Borçalı məsələsi Azərbaycan dövlətinin məsələsidir. Azərbaycanın dövlət məmurlarında bir Bütöv Azərbaycan obrazı formalaşmalıdır. Azərbaycanı bütöv görmək istəməyən, onun bütövlüyü üçün fədakarlıq etməyənlər Azərbaycanda dövlət məmurları ola bilməzlər.
Biz bu məsələni Başkənddə (Bakıda) müzakirə edirik. Çox yaxşı olardı ki, Borçalı məsələsi həm də Borçalıda Borçalılarla birlikdə müzakirə olunsun. Borçalı dərdini Borçalıda bölgə əhalisi ilə birlikdə çözək. Azərbaycanın ayrı-ayrı kütləvi informasiya nümayəndələri Borçalı məsələsini zaman-zaman gündəmə gətirirlər. Bu zaman təəssüf ki, köklü məsələlər gündəmə gətirilmir. Bölgə əhalisi nə istəyir? Azərbaycan olaraq biz Borçalıdan nə istəyirik? Yerli idarəetmədə Borçalıların iştirakınımı? Mədəni muxtariyyatınımı? Yoxsa Borçalıya siyasi muxtariyyatın verilməsinimi istəyirik? Borçalı ilə bağlı bizim bugünkü istəklərimizdən tutub heç bir uğur əldə edə bilmərik. Bugünkü istəklərimiz Borçalıların orada davamlı yaşam tərzinə kömək etməyəcək. Borçalı hadisəsi sosial-məişət hadisəsi deyil. İstəklər bu səviyyədə olmamalıdır. Borçalı məsələsini tamamilə hakimiyyətin ixtiyarına buraxmaq omaz. Ayrı-ayrı ziyalıların danışıq dili hakimiyyətin dilindən fərqlənməlidir. Dövlətin Borçalı məsələsində bəlli bir siyasəti var. Azərbaycan ziyalısının güzəşt mexanizmi yoxdu, ola da bilməz. Azərbaycan ziyalısı güzəştsiz mübarizə aparmalıdır. Hakimiyyəti güzəşt etmək olar, vətəni güzəşt etmək olmaz. Azərbaycan–Gürcüstan əlaqələri normal ola bilər bir halda – Borçalı məsələsi həll olunduqdan sonra. Başqa bir halda normal Azərbaycan–Gürcüstan əlaqələrindən danışmaq siyasi oyunbazlıqdır. Çünki Azərbaycanın Gürcüstana qarşı Borçalı iddiası var. Gürcüstan da bunu çox yaxşı bilir. Diplomatların soyuq gülüşləri arxasında xalqların faciələri yatır. Borçalı faciəsi öz həllini tapmalıdır. Borçalı məsələsi həll olunduqdan sonra bizimlə qonşu olan, əsrlər boyu Böyük Türk mədəniyyətinin təsirində yaşayan kiçik bir dövlət olan Gürcüstanla normal münasibətimiz yarana bilər. Ulusumuz var olsun!
Soylu Atalı: Mən fikrimi davam eləmək istəyirəm. Bu gün biz Borçalıda türklüyün sarsıdılması istiqamətində atılan addımları bundan öncəki tarixdə də müşahidə edirik. Çar Rusiyası (Gürcüstan onun təbəəliyində idi) Borçalı türklərini hərbi xidmətə cəlb eləmirdi ki, hərbin sirlərini mənimsəməsinlər. Məktəblərdən təcrid edirdi, uşaqlar gedib mədrəsələrdə oxuyurdular. Mədrəsə də mollaçılıq deməkdir. Mollaçılıqla isə Vətən yaratmaq, Millət yaratmaq, əlbəttə, xülyadır. Mədrəsə görmüş adamın elmi, ağlı lazımi istiqamətdə inkişaf eləmir.
Hətta Borçalıda insanlar arasında hansısa bir qətl hadisəsi olardısa, canini məsuliyyətə cəlb eləmirdi ki, qoy tayfa düşmənçiliyi başlasın və birlikləri yaranmasın. Baxın, bənzəri şeyləri bu gün Gürcüstanın əməllərində də görürürk. Borçalılar əsasən hərbi xidmətdən yayınırlar. Rəsmi qanun var, bilmirəm neçə min lari köçürürlər dövlətin büdcəsinə və hərbi bilet alırlar. Məktəblərdə vəziyyət də həmcinin. Sovetlər dönəmindən sonra Borçalıdan ali məktəblərə qəbul, demək olar ki, yoxdur. Söhbət gəlib burda yaşayanlardan getmir.
90-cı illərin əvvəllərində mən Asif Atanın Borçalı kəndlərində 10-a yaxın görüşlərini təşkil eləmişdim. Görüşlərdə Asif Atadan soruşurdular ki, Azərbaycan hakimiyyəti Borçalı üçün nə eləyə bilər? Ata cavab verirdi ki, “Azərbaycan hakimiyyəti Azərbaycanın özü üçün heç nə eləyə bilmirsə, Borçalı üçün nə eləyə bilər ki?! Gərək Borçalını Borçalılar qorusun. Hələ ki, başqa imkan yoxdur”. Mən Atadan sonra gedib həmin kəndlərdə “Fikir Evi” adı altında görüşlər keçirirdim. Ancaq təəssüf ki, davam eləyə bilmədim. O vaxtlar həm Ocaq tələbindən yetkin deyildim, həm də maddi cəhətdən çətinliklərim vardı. Ancaq buna baxmayaraq hesab edirəm ki, necəsə orda həmin işləri bərpa eləmək lazımdır. Ocağın öz üslubu var. Bölgələrdə Ocaq Ailələri yaranmalıdır və onlar xaqlın içində ciddi İnam işi aparmalıdırlar. Bu çox çətin işdir, ancaq son dərəcə zəruridir. Hətta bu maarifçilik işimiz də Borçalıya daxil olmalıdır. İnsanlarımızın ağlında bütövlüyümüz yaranmalıdır. Əks halda, buradan səslənən fikirlər təbliğat xarakterli olacaqdır. Fədakar və təmənnasız insanlar gərəkdir. Gecəsini gündüzünə qatıb ağır zəhmətlərə qatlaşanlar lazımdır. Yurdumuzun bütövlüyü, azadlığı, bunun üçün də milli şüurun özümlü əsaslarla formalaşması şüarlarla başa gələn məsələ deyil. Söz yox ki, heç kimi gedib orada gürcü dövlətinin əleyhinə iş aparmağa, hakimiyyət davası aparmağa çağırmırıq. Türkçülük işi aparmağa, milli yön yaratmağa özündən keçməyi bacaranlar lazımdır. Mən hər dəfə Borçalıya gedəndə İnam xətti ilə müəyyən işlər görürəm. Ancaq bu da çox azdır. Yurdumuzun hər bir probleminə oyunlardan kənarda diqqət artmalıdır. İnam xəttindən başqa Borçalının özündə Uluyurd Hərəkatı üçün zəmin yaranmalıdır. Dəyanətli, qətiyyətli insanlar hazırlamaq lazımdır orada. Xalqda milli şüurun qarşısını kəsən yadlaşmaya qarşı mühüm addımlar atmaq gərəkdir. Söz deyənlərimiz özü üzərində və xalqı üzərində ciddi işləməlidir. Qəlbi olan, sevgisi olan, düşüncəsi olan, vətəninə bağlı olan insanlar bu işi görməlidirlər. İndiki səviyyədən çox yüksəyə qalxmaq lazımdır. Çox çətin işlərdir bunlar. Ancaq bütün işlərə çətinlik deyib seyr eləmək olmaz…
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!
Ön sözü yazan və söhbəti aparan
Asif Ata Ocağının Evladı Göylü Atalı.
(yazı arxivi)