ASİF ATA. ANTİİNSANİ TİCARƏT

(“İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” Müqəddəs Kİtabından)

Ticarətin əsil məqsədi – maddiyyat bolluğu yaratmaq deyil, daha çox və daha baha qiymətə mal satmaq, daha çox Qazanc əldə etməkdir.
Ticarətdə İnsani münasibətlər rədd edilir – ticarətçi üçün İnsan – yalnız Qazanc mənbəyidir. İnsanın dəyəri burada Alıcılıq, Satıcılıq qabiliyyətiylə ölçülür.
Ticarətdə, Bazarçılıqda Qazanca hörmət İnsaniliyə hörməti rədd edir; İnsan – İnsana yalnız bir keyfiyyətdə – Qazanc götür¬mək keyfiyyətində görünür, bilinir.
Ticarət – Bazar – Qazanc meydanıdır; Bazarın Ağası – Puldur.
Bazarda İnsana hörmət əvəzinə – Pula hörmət təsdiq olunur – Pul Qüdrəti, Pul Üstünlüyü, Pul Hökmü bilinir, görünür.
Bazar – Pula xidmət eləyir; Pulçuluğa xidmət eləyir, Pulçunu böyüdür, Pulçuluğu böyüdür;
Ticarət artdıqca Pulçuluq artır.
Pulun qiyməti artdıqca – İnsanın qiyməti azalır.
Ticarət, Varın – Varlıq üzərində Ağalığıdır.
Burada İnsanilik qayğısına qalan, İnam qayğısına qalan, Ruh qayğısına qalan olmur.
Ticarət qəti Təmənnaçılıqdır.
Burada İnsani münasibətlər Əmtəələşir, hörmət, izzət, duyğu, mərhəmət itir.
Ticarət – yadlıq meydanıdır.
Satıcı – Alıcı münasibətləri – yad münasibətlərdir.
Ticarətin inkişafı – Yadlığı artırır.
Ticarət dəyişir, onun İnsansızlığı yox olmur – təkmilləşir.
Quldarlıqda Qul satılırdı – Qul bazarları quldarlıqdan çox yaşadı.
Burada Ticarət İnsansızlığı bütün çılpaqlığıyla üzə çıxırdı.
İnsan pula satılırdı, Pul İnsandan Üstün olurdu.
Feodalizm – Kəndlini Əmtəəyə çevirmişdi.
Kapitalizm – Fəhləni satın alırdı.
Sosializm Xalqı Əmtəələşdirmişdi.
Ticarətdə Varidatçılıqla İnsansızlıq qoşalaşır.
Ticarət – İnsanilik satıb – Varidat almaqdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv