Soylu Atalı (Ocaq Yükümlüsü). BALANSLAŞDIRILAN FACİƏLƏRİMİZ

Artıq bir neçə gündür Azərbaycanın cəbhə bölgəsində atəşkəs ermənilər tərəfindən pozulub. Söz yox ki, Azərbaycanın silahlı qüvvələri gərəkən cavabı verir. Hətta bəzi xətlərdə erməninin mövqelərinə doğru irəliləyir də. Bu irəliləməni eşidən bir sıra soydaşlarımız qürur hissi ilə sosial şəbəkələrdə münasibət sərgiləyirlər. Bu hisslər təbiidir. 20 ildir yurdumuzun bəlli torpaqlarının erməni tapdağında qalması vətən oğullarının qüruruna toxunur, qeyrətini incidir. Təəssüf ki, həm dünya gücləri, həm də ölkə hakimiyyəti qeyrətimizi incidə-incidə bizi və yeni nəsli qeyrətsizləşdirmək kursu götürüblər.

Bu gün biz ordumuzun ayaqda görünməsiylə qürur hissi keçirsək də, bu ayağadurmanın Yurdumuzu işğaldan azad etməyə hesablanmadığını da bilirik. İllərdir cəbhədəki silah səsləri siyasi oyunların harmoniyası kimi eşidilməkdədir. Dünyanın harasında nə baş verir-versin, bütün siyasi hadisələrin Azərbaycana birbaşa təsiri olur. Çünki Azərbaycan dünya üçün strateji önəm daşıyan bölgədir. Dünyanın neft-yanacaq ehtiyacının önəmli bir hissəsi Azərbaycanda hasil olunur. Bu səbəbdən də Batı-Avropa birliyi ilə Rusiya arasında gedən rəqabət daim Azərbaycanı zədələyir. Batı ilə Rusiyanın marağı hansı ölkədə toqquşubsa Qarabağda atəşkəs pozulub. Batı Rusiyanı İraqda sıxışdıranda da bu belə idi, Suriyada da, İranda da və i.a. İndi də Batı Rusiyanın təsirini Ukraynada sıxışdırmağa başlayıb. Ukraynada rusmeyilli hakimiyyətin mövqeləri sarsıldıqca Azərbaycanın cəbhə bölgələrində atışmaların səsi də çoxalır. Əlbəttə, burada Batının gəlişinə ağ don, Rusiyanın əməllərinə qara don geyindirməyə çalışanlar da az deyil. Guya Rusiyanın imperiyası hər yerdə azadlığa qənim kəsilir, Batının gəlişi isə azadlığın qapısını açır. Heç də belə deyil. Hər kəs Batının işğal etdiyi, qarışdırdığı ölkələrin taleyinə baxsın. Batı əsgərlərinin törətdikləri fiziki və mənəvi cinayətləri hesaba alsın. Batının ayaq basdığı bütün ölkələrdə illərnən vətəndaş müharibəsi gedir. Batının “İnsan haqları və demokratiya” dediyi bir şey daxil olduğu bütün ölkələrdə vətəndaş qarşıdurması demək olubdur. Bu qarşıdurma böyük güclərin bir-biriylə hesablaşmaq anı gələndə yeni mərhələyə keçir. Yəni vətəndaş qarşıdurması vətəndaş müharibəsi ilə əvəz olunur. Bu cəhətdən Azərbaycan da vətəndaş müharibəsi ehtimalından sığortalanmayıb. Hesab edirik ki, cəbhə bölgələrimizdə eşidilən atəş səsləri Azərbaycan iqtidarının illərlə yürütdüyü “balanslaşdırma siyasəti”nin təzahürüdür. “Balanslaşdırma siyasəti” rəqabət aparan böyük güclərin həmişə birinə rüşvət verib, birinə də papaq. Öz başı olmayanın papağı özgənin başında olar. Təbii ki, dövlət maraqlarını düşünərkən biz, vətəndaş olaraq, Azərbaycan iqtidarını nə Batının, nə də Rusiyanın ayağına verməyin yanlısı (tərəfdarı) deyilik. Ancaq “balanslaşdırma siyasəti”ndə çox az hallarda dövlət maraqları ödənib. Əsasən hakimiyyət maraqlarına hesablanmış bir siyasətdir. “Balanslaşdırma siyasəti”ndə milli maraqlarla hakimiyyət maraqları həmişə toqquşub. Məsələn, Azərbaycan böyük güclərin tələbi və diktəsi ilə idarə olunub və o güclərin iqtisadi, siyasi umacaqları ödənilib. Dövlətin strateji prinsipləri isə arxa plana keçirilib. Bununla da hakimiyyətin ömrü uzanıb, milli özünəxaslığın gələcəyi isə sual altına düşüb. Bir sözlə, bu illərdə “balanslaşdırma siyasəti” yaşadığımız və yaşayacağımız faciələrimizi balanslaşdıran siyasət oldu… Biz dedik ki, Batı və Rusiya, aralarında gedən rəqabətdə uduzmamaq üçün vətəndaş qarşıdurmasını vətəndaş müharibəsinə qədər genişləndirmək imkanındadırlar. Bu imkan Azərbaycan üçün daha təhlükəli bir tendensiyanın əsasını təşkil edir. Batı bir ölkədə öz marağını təmin etmək üçün əsasən həmin ölkənin iqtidar-müxalifət qarşıdurmasını yeni mərhələyə keçirir. Rusiyanın əlində isə Azərbaycana qarşı başqa “silahlar” mövcuddur. Bu gün dövlətini və toplumunu qoruyub saxlaya bilməyən erməni Rusiyanın haylaması ilə Azərbaycana qarşı çox asan fəallaşır. (Zatən onun bundan başqa yolu da yoxdur, varlığı da olmaz). Rusiyanın ikinci yöndən təsir imkanları içimizdəki etnik toplumların bölücülüyə (separatizmə) təhrik oluna bilməsidir. Bütün bunların qarşısında isə Azərbaycan toplumunu bir araya gətirə bilən sabit, örnək olan, içi və içindəkilərlə həmrəy olan milli qüvvə mövcud deyil. Siyasi müxalifətimiz də milli qüvvə ola bilmədi. Milli Qüvvə olmayan siyasi müxalifət hakimiyyət dəyişikliyi edə bilər xarici güclərin yardımı ilə. Ancaq milli dövlətçiliyi inkişaf etdirib milləti səfərbər edə bilməz. Bu səbəbdən də Azərbaycanı talayan bir hakimiyyətlə qarşıdurma həddində olan siyasi müxalifətə bel bağlamaq bizə ümid vermir. Toplumun iqtidara bağlı kəsimi ilə siyasi müxalifətə bağlı kəsimi arasında millilik baxımından seçim eləmək çətindir. Sadə və vicdanlı insanlarımızın hansı cəbhədə (iqtidar, yaxud müxalifət) dayanması milliliyi bəlli edə bilməz. Məqsəd və hədəf aydınlığı olmadan, ideya və ideologiya fərqi bilinmədən, insanların milli hədəflər ətrafında birliyi yaranmadan heç bir qüvvəyə Milli Qüvvə adı qoymaq olmaz. Yəni “quru-quru qurbanın olum” məntiqi ilə iş aşmaz. İqtidar yanlıları hər şeyə, əsasən öz məişət rahatlığından baxır. Siyasi müxalifət isə Milliliyin adını tutmur ki, Batı onlardan əlini çəkməsin. Hakimiyyət dəyişikliyi ilə sosial problemlər qismən həllini tapa bilər. Ancaq Milli problemlər yalnız milli ideyalarla həll edilə bilir. Milli ideyalar isə heç kimin proqramında yoxdur. Bizə, Azərbaycan olaraq, milli ideya proqramları olan Milli Qüvvə lazımdır. Bu məsələnin başa gəlməsi necə də ağır və çətindir. Biz bunu bilirik. Ancaq başqa yol yoxdur. Başqa mübarizə növləri də bizi indiki durumdan çıxara bilməyəcək… Biz milli hədəflər haqqında danışanda, əlbəttə, xarici qüvvələrin etkisini gözardı eləmirik. Ancaq onu yəqin bilirik ki, öz hədəfləri (milli hədəfləri) olmayanlar saya salınmır, yalnız idarə olunurlar. Ancaq milli hədəfləri olanlarla xarici qüvvələr nələrdəsə (hətta çox şeylərdə) hesablaşmaq zorunda qalır. Çünki milli hədəfləri olanlar millətlə bir olurlar. Odur ki, istər iqtidara loyal münasibət sərgiləyənlər içindən olsun, istər siyasi müxalifət yanlıları içindən, Yurdunu, Ulusunu sevən hər kəsi bu məsələ ilə bağlı düşünməyə çağırırıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!

25 Qar Ayı, 35-il. Atakənd. (yanvar, 2014. Bakı.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv