XALİQ BAHADIR. YALANLA YARADILAN “YENİ CƏMİYYƏT”

Televiziyalar, bir sıra bəlli tanınmışlar necə hay-küy qaldırıblar: “Heydər Əliyev və yeni cəmiyyət”. Onlar H.Əliyevin bütünlüklə “yeni, müasir cəmiyyət” yaratdığından danışırlar. Bilirik: qarşıdan rejim başçısının ad günü gəlir. Olsun, ancaq ağ yalanlar danışmağın anlamı nə? Qabaqlar Bakıda da belə yalanlara inana çox idi. İndi ölkənin ucqarlarında belə, bu yalanlar adamlarda yalnız acıq doğurur.
Başqa televiziyalar bir yana, son 20 ildə Azərbaycanda necə “yeni, müasir cəmiyyət” yaradıldığını bilmək üçün “İctimai televiziya” adlanan antiictimai kanala… baxmaq yetər. “İctimai televiziya” demək hamının – elliyin televiziyası deməkdir. Ancaq bu televiziya da başqaları kimi bəlli bir ailənin qulluğunda dayanan yaltaqlıq televiziyasıdır. Adına “cəmiyyət” deyilən faktora ən azı bu televiziyada geniş yer verilməlidir. Özü də necə: bütünlüklə, qrimsiz-maskasız, hər üzünə – olduğu sayaq. Bunun yerinə nə olur: yaltaqların paradı.
Sizin “müasir cəmiyyət” adlandırdığlınız adlandırmanızdan da göründüyü kimi, keçmişim qalığıdır. Hər ikisi ərəbcədir, bizim dildə ÇAĞDAŞ TOPLUM deməkdir. Gəlin elə öz dilimizdəcə çözümünə çalışaq, görək bizdə, daha doğruzu, indiki siyasi sistemdə çağdaş toplum ola bilərmi? Çağdaş toplum çadaş dövlətdə yarana bilər. İndilikdə çağdaş dövlət 21-ci yüzil qanunlarına uyğun dövlət deməkdir. Azərbaycan ötən yüzilin sonlarında, 90-cı illərin başlanğıcında, demokratiya yoluna çıxmaqla çağdaş dövlət – çağdaş toplum olmaq yoluna çıxırdı. Bu çox uzun bir yoldur. Burada qarşılıqlı sürəc baş verir: dövlət toplumu, toplum dövləti addım-addım irəli aparır. Dövlət də get-gedə çağdaşlaşır, toplum da. Burada özül rolunu demokratik seçkilər oynayır. Dövlət də, toplum da çağdaşlıq yolunda seçkidən-seçkiyə irəli gedə bilir. Ancaq söhbət gerçək seçkilərdən gedir, əliyevçi qurama-saxta seçkilərdən yox!
H.Əliyevin 93 qayıdışı ilə Azərbaycanda istər dövlət, istərsə də toplum olaraq çağdaşlıq dinamikası bütünlüklə durduruldu: ölkədə korrupsiyaçı KQB rejimi quruldu! Korrupsiyaçı KQB rejimi! – belə bir rejim çağdaşlığa, çağdaş düşüncəyə yol verə bilməzdi; versəydi, çox çəkməz yıxılardı. Bu rejim, bu rejimin başında duranlar gerçəkdən çağdaş dövlət – çağdaş toplum istəsəydilər: birinci, korrupsiyanı açıq-açığına DÖVLƏT SİYASƏTİNƏ çevirməz; ikinci, təhsil sistemini rüşvət içində dağıtmazdılar. Çağdaş dövlət – çağdaş toplum yaradılması yolunda göstərilən hər iki faktor olduqca önəmli rol oynayır. Burada da qarşılıqlı sürəc baş verir: dövlət sağlam təhsil sistemi yaradır, sağlam təhsil sistemi çağdaşlıq yolunda inamla irəliləyən sağlam dövlət yaradır. Bizdə nə baş verir: “dövlət” özünün uğurlu gələcəyi üçün təhsil sistemini planlı olaraq rüşvət içində aşındırıb-dağıdır; axı, korrupsioner düşüncəli kimsələrin yiyələndiyi dövlətə başqası deyil, yalnız belə bir təhsil sistemi gərəkdir – korrupsioner dövlətə özül olacaq korrupsioner təhsil sistemi! Korrupsioner dövlət, korrupsioner təhsil sistemi, sözün geniş anlamında yalnız üzü keçmişə bulaşıq-korrupsioner toplum yarada bilər. Çağdaşlıq isə çağın yararlı yeniliklərinə yiyələnməklə gələcəyə üz tutma görsənişidir.
Toplumun yoxsulluq içində olduğu ölkədə rejim başçısının adına bağlı bir günlük “gül bayramına” keçən il 70 milyon manat (yetmiş milyon manat!) pul dağıdılmışdı. Hacıbala adında birisinin dediyinə görə, bu il ondan da çox olacaq. Ana-uşaq ölümünə görə ölkəmiz Afrikanın ən geridə qalmış ölkələrinə yoldaşdır. Bu günlərdə həkimlər bir ananı doğuzdura bilməyib uşağı ilə birgə öldürdülər – uşaq “böyük” olub. Əbəçinin doğuzdura bildiyini sənin həkimin doğuzdura bilmirsə, utan, çağdaşlıqdan danışma! Bir ata sözü: “Pis əbəçiyə arvad tapşıran balasız qalar”. Pis, çağdaş olmayan, dövlətə arvad tapşıran arvadsız da qalır, balasız da! Ax, London!!!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv