XALİQ BAHADIR. “NİDA” DUSTAQ EDİLDİ. NİDA DUSTAQ EDİLƏMƏZ!

Yanıldığımı bəri başdan deyirəm: mən belə gözləmirdim – bir gün qabaq, mayın 5-də, Gülər Əhmədova böyük suç altında evə buraxılandan sonra, bir gün sonrakı məhkəmədə azacıq belə, suçu olmayan NİDAçılara da oxşar qərarın uyğulanacağını düşündüm. İndi biz birbaşa yaza bilərik: İlham Əliyev Gülər Əhmədovanı buraxdırdı, NİDAçı gəncləri tutdurdu; azacıq da suçları olmaya-olmaya!

Kimlərsə yanıldığıma görə məni qınaya bilərlər, olsun, ancaq mən məntiqlə düşünmüşdüm. Daha doğrusu, rejimin, rejim başçısının siyasi məntiqindən çıxış edərək elə düşünmüşdüm. Əliyevçi rejim qanunsuzluğu DÖVLƏT SİYASƏTİNƏ çevirdiyindən mən qanun məntiqindən deyil, siyasi məntiqdən çıxış edərək o sayaq düşünmüşdüm. Bəlli olduğu kimi, ortadakı suçlar baxımından qanunun məntiqi G.Əhmədovaya, sözsüz, iş kəsirdi. Ancaq indilikdə qanun məntiqi yerinə siyasi məntiq keçərli, işlək olduğundan mən istər-istəməz ikinciyə söykənmişdim. İkinci də boş çıxdı. Bu isə mənim uğursuzluğum deyil, rejimin uğursuzluğudur. Hakimiyətlərini qoruyub saxlamaq üçün o başdan bu başa ulusal-milli maraqları satmaq bahasına dışda “balanslaşdırılmış” siyasət yürüdənlər, prinsipcə, içdə də oxşar siyasət yürütməli idilər. Ancaq o başdan bu başa iç siyasətdə “OMON” başda olmaqla darmadağın yolu tutulub: qır-tök, vur-əz – YURDDAŞLARLA bağlı. Yurddaşlarsa o başdan bu başa iki kateqoriyaya bölünüb: bizimlə olanlar, bizimlə olmayanlar. G.Əhmədova birincilərdən, NİDAçılar ikincilərdəndir; onların başlıca suçu da budur!
İspaniya diktatoru Franko deyirdi: dostlara – hər şey, düşmənlərə – qanun. Əliyevçi diktator “düşmənlərə – qanun” da demir, eləcə siyasi sifariş qanununu gerçəkləşdirir: düşməndir (indilikdə NİDAçı gənclik!) iş kəsilməlidir! Oyuncaq məhkəmə, oyuncaq prokuror, oyuncaq hakim sözünü dedi: baş üstə!
NİDA nə sağdan, nə soldan – birbaşa ulusun bağrından qopub gələn bir səs – bir nida idi. İstənilən diktatorun qorxusu belə səs – belə nidadır. Onu dustaq etmək diktatorun güc göstərisi deyil, qorxu göstərisidir. Gənclikdən qorxan hakimiyət arxasızlıq-dayaqsızlıq qorxusunu ortaya qoymuş olur. Belə hakimiyət yaxşı bilir: hansısa gurultulu “Aslanlar”la gənclik yenilən deyil. Yoxsa, yeni yetişən passionar gəncliyi “beşiyindəcə” boğmaq gərəyi yaranmazdı. Buna görə ortaya qanun məntiqi deyil, siyasi məntiqə oxşar bir şey çıxarılır. Elə “Aslanlar” adlandırılan bəlli qurucu-qırıcılığın arxasında da qanun məntiqi deyil, siyasi məntiq dayanır: başında durduğu toplumdan qorxu məntiqi.
Son günlər ölkədə ardıcıl olaraq görəcək görsənişlər baş verir: Arif Paşayev İlham Əliyevin uşaqlarına açıq-açığına 5 milyard manat bağışlayır; arxasında K.Heydərovun durduğu deputat Qüdrət Həsənquluyev açıq-açığına Rusiyanı hərbi bazaları ilə birlikdə Azərbaycana çağırmaq istəyini bildirir; arxasında Ramiz Mehdiyevin dayandığı G.Əhmədova heç nə olmamış kimi evə buraxılır, elə o günü R.Mehdiyevin oğlu generalllığa yüksəldilərək… Fövqəladə pullar nazirliyində nazir yardımçısı postuna gətirilir. Görəsən, bunu Rusiyaya bağlı bəlli administrator-filosofun o “qüdrətli” çıxışa qarşılıq AT GEDİŞİ saymaq olarmı? Məncə, bi gedişin sonucları özünü tezliklə göstərəcək – Putinin durumundan-gücündən asılı olaraq. Putin güclənəcəksə, yeni general tezliklə daha da yüksələcək; yeni generalın arxasındakı qocaman güc daha da güclənəcəyinə görə…
Siyasi sifarişə bağlı indiki məhkəmə qərarı toplumla rejim arasındakı uçurumu daha da dərinləşdirməyə yönəlik bir qərardır. Rejim başçıları bu qərarla gəncliyi susduracaqlarını düşünürlər – yersiz yerə! Ortada bir belə parlaq rejim düşmənçilikləri varkən Gənclik susmayacaq! Bu mənim, bir başqasının qərarı deyil, rejimin, rejim gerçəklərinin doğurduğu doktrinadır!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv