Xaliq Bahadır. Mənim kəndim – Azərbaycan kəndi

Ölkəmizə güz (farsca – payız) gəlib, mən də kəndimizə gəlmişəm. Çoxdandı gəlmirdim. Gəlməli deyil, görməli deyil, sevinib-gülməli deyil. Gəlməlisi, görməlisi sonucda ağlamalıdır. 21 illik əliyevçi rejim kəndlərimizi ağlamalı günə qoyub. İndi kəndlərimizdə fəsil dəyişikliyindən çox nəsil (soy) dəyişikliyi baş verir. Adamlar yapraq kimi tökülüb gedir. Susuzluğun tökdüyü yapraq kimi! Bu rejim yalnız işsiz-gücsüz, pulsuz-parasız qoyduğu kəndlini öldürmür, bütövlükdə Azərbaycan kəndini öldürür. O kənd isə mənim, sənin, onun – bizim hamımızındır! Kəndi öldürülən ölkənin şəhəri dünəndən ölmüş sayılmalıdır – bunu mən deyirəm. Nə dediyimi bilib deyirəm.

Birinci,yollardan başlayaq – Yol yaşamın başlıca ilkələrindən olduğundan. Yollar darmadağındır. Gəldiyim rayonun yollarının “abadlaşdırılması” üçün  İ.Əliyev  son bir ildə iki yol pul ayırıb. O pullar hara gedib – indilikdə onu bilən çox az kimsə var. Deyilənə görə, belə ayırmalar yuxarı-aşağı pay bölgüsü baxımından daha çox yalançı xarakter daşıyır. Bunu ötən ilin seçkiqabağı dönəmində İ.Əliyevin açılışını etdiyi Qarayevkənd-Smadakənd yolunda baş verənlərdən də bilmək olar. 21 km-lik bu yolun “abadlaşdırılmasına” üst-üstə az qala 10 milyon manat pul ayrılıb. Görülən iş nə olub? Çoxdan çəkilmiş, asvaltı dağılmış yola bir az düzləmə işi görməklə asvalt üz çəkilib. Ötən il seçkiqabağı 21 km-lik bu yolun asvaltı yenilənmiş 11-ci kilometrinin açılışına gedən İ.Əliyev “zəhmətkeşlər” qarısındakı çıxışında demişdi: “Bu yol mənim tapşırığımla Avropa sdandartlarına uyğun çəkilib”.

Avropa yol sdandartları ən azı 30 il sayılır – 30 il yola əl vurmaq gərəkmir. Bizdə necə oldu? Aradan bir ay keçməmiş 21 kim-lik Qarayevkən-Smadakənd yolunun İ.Əliyevin tapşırığı ilə “Avropa sdantartlarına uyğun olaraq” yenilənmiş  o 11 kilometri dağılmağa başladı. Buna görə qalan kilometrlərdən (10 km) texnikanı geri qaytarıb bir ay qabaq açılışı edilmiş 11 km-in çala-çuxurunu düzəltməyə girişdilər. O çağdan bu çağa ( 7-8 ayın içində) yolda dönə dönə çala-çuxur doldurma işi görüldü. Bugünlərdə bu yoldan keçib getdik, yolun bir sıra yerləri yenə dağılıb. Dövlət büdcəsindən, prezident fondundan bu 11 km-lik yola yenidən pul ayırmaq gərəyi yaranır. Niyə də ayrılmasın – bu rejimdə yol, təmir-tikinti işləri asan qazanc qaynağı – gözəl biznes deyilmi?.

Mənim ağlım kəsəndən bizim kəndlərdə su qıtlığı olmayıb. Sevimli Arazımız sevimli topraqlarımızla birgə bu yerlərdə uzun illər yoxsulluğa, yoxsullaşmaya yol verməyib. Arazımız- Toprağımız-Əməyimiz: üçü birgə ən azı normal yaşayışa stimul yaradıb. Cəlilabaddan Yardımlıyadək bir çox rayonlardan illərlə bizim yerlərə çörək dalınca gəliblər. Gəliblər, çörəkli olub gediblər. Ancaq indilər yox, Sovet illərində. Sovetlər dağılandan, eldə deyildiyi kimi, öz əlimiz, öz başımız olandan sonra bizim yerlərdə böyük varlanma gözlənilirdi. Ancaq sən saydığını say, gör Əliyevlər nə sayır. 93 çevrilişindən sonra hər yerdə olduğu kimi bizim yerlərdə də planlı dağıtma-mənimsəmə prosesləri baş verdi: 70 ildə yaradılanlar bir göz qırpımında yox edildi. Böyük-böyük heyvandarlıq kompleksləri bir neçə gecənin içində bomboş qaldı. Milnlərlə baş mal-qara, ucu dönməz qoyun sürüləri az bir arada yoxa çıxdı. Özəlləşdirmə olmalı, kollektiv əməyin yetirməsi olaraq onlar hamısı əməkçilər arasında bölünməli idi. Deyildiyi kimi, hamısı bir neçə gecənin içində yoxa çıxdı. Sözsüz, hamısı da yuxarının dəmir kontrolu altında.

O arada kəndlərə verilən qaz da kəsildi. Qazsız qalan yüz kilometrlərlə uzunluqda boruları kimlərsə kəsib apardılar. O-bu, hələ də bizim kəndlər qazsız qalıb. Kəndlərin qazını niyə kəsdikləri bir az bəllidir: özlərinin dediklərinə görə, Naxçıvanda qazsızlıq üzündən çox üşümüşdülər. İndi kəndlərin qazını kəsib xalqı üşütməklə qızınmaq istəyirdilər. Yüz kilometrlərlə qaz borularının kəsililb mənimsənməsinə niyə yol verirdilər – burası bəlli deyil. Ancaq burası bəllidir: ölkənin bu başından o başına kəndlərə qaz verilməsini dayandırmaqla Azərbaycanı ən azı yaxın gələcək üçün qaçılmaz EKOLOJİ katastrofla üzləşdiriblər. Kəndlərə qaz verilməsinin dayandırılması üzündən düz 21 ildir meşələr durmadan qırılır. Ekoloji katastrof bütün katastrofların, ola bilsin, ən yumşağı, ancaq sonuc baxımından ən qorxulusu, ən öldürücüsüdür. İndilər aran rayonlarına üz tutun, dağlardan maşın-maşın üzüaşağı gələn meşə-odun qırğınına baxın. Avropa birliyinə 2 trilyon kubmetr qaz boyun olan “Azərbaycan prezidenti” Azərbaycanı bu cür fiziki-ekoloji repressiyaya uğradır. Ortada belə bir dilemma var: qorxulu Avropa, qorxusuz Xalq. Antidemokratik yolla prezident olan kimdən qorxmalıdır? Sözsüz, demokratik Avropadan. Burası bəllidir: Avropa soyuğu sevmədiyindən, üşümək istəmədiyindən praqmatizm axarında özünün demokratik prinsiplərindən geri çəkiləcək. Bəs xalq? İllərlə çeşidli metodlardan yaralanmaqla yoxsul duruma gətirilən xalq geri çəkilməyə də yeri olmadığından eləcə içinə çəkiləcək…

Sizə bu yerlərdəki su bolluğundan, verimli topraqlardan danışdım. Məni bağışlayın, sizə nağıl danışdım. Ötən yüzilin 60-cı illərində bu topraqların duzdan arınması üçün böyük işlər görülmüşdü: qabaqca geniş dren-kollektor şəbəkəsi yaradılmış, sonra düzləmə işləri görülmüş, ardınca topraqların yuyulub duzdan arınması kimi uzun proses baş vermiş, bütün bunlardan sonra üzvü, mineral gübrələr verməklə topraq verimli duruma gətirilmişdi. Milyardları aşan Neft-Qaz gəlirlərinin son illərdəki gəlhayı dönəmində 50-60 ildən bəri çəkilmiş dren-kollektor sistemlərini bircə yol bütünlüklə yaxşıca arıtmaq gərək idi. Bununla yanaşı, aqrar sektora subsidiyalar, aşağı faizlə yüksək kredit verməklə Xalqı, Ölkəni fundamental olaraq varlandırmaq, dirçəldib-yüksəltmək az bir sürənin işi olacaqdı. Bunların biri də olmadı: topraqlar şoranlaşdı, şoranlaşıb yoxsullaşan topraqlar soyğunçu hökumətlə birlikdə xalqı da yoxsullaşdırdı. Dünənədək toprağa bağlı əkinçi getdikcə topraqdan üz döndərdi, gen düşdü. Bir çoxları topraqlarını dəyər-dəyməzinə satıb Bakıya, Rusiyaya üz tutdu. Belə bir durum içində hansısa nazir-kapitalistlər ora-bura adamlar salıb topraq almağa girişdilər. Bəlli nazirlərdən biri bu yolla, özünün, ola bilsin, 301-ci (üç yüz birinci!) şirkətinə – topraq şirkətinə yiyələndi.

Beləliklə, son illərdə əliyevçi komandanın Azərbaycan boyu aqrar sektora axını başladı. “Sahibkarlıqa yardım fondu” adlı qurama qurumu danışdırsanız, bu qurumun fermerlərə milyonlarla manatlıq yardımlar etdiyini eşidərsiz. Ancaq o yardımların verilən yerini yoxlasanız, bütün böyük yardımların oliqarx-nazirirlərin yaratdıqları “fermer təsərrüfatlarına” verildiyini görərsiz. “Azadlıq” radiosunun apardığı bir araşdırmaya görə, indi ölkənin bir çox yerlərində milyonlarla manat dəyərində böyük soyuducu-anbarlar tikilib. Burası çox yaxşıdır, ancaq gerçək fermerlər aşağı faizlə yüksək kredit götürə bilmədiklərindən o soyuducu-anbarların hamısı boş qalıb. Biz oliqarx-sahibkarlara kreditin hansı faizlə verildiyini bilməsək də, gerçək fermer-əkinçilərə 24 faizlə verildiyini bilirik. Aqrar sektora 24 faizli kredit bəri başdan bankrot demək olduğundan ona kimsə yaxın durmur.

Ortada bir subsidiya faktı da var. “Aqrar sektoru inkişaf etdirmək” adıyla fermer-əkinçilərə “subsidiya” verilir. Necə? Əlli-əlliyə: yarılamaqla. Bu isə, sözsüz, effektli əkinçiliyə stimul yaradacaq faktor deyil. Ölkə üçün çalışan gerçək hökumət böyük Neft-Qaz gəlirlərindən yararlanmaqla effektli əkinçiliyə çalışardı. Özü üçün çalışan hökumət yox, Ölkə üçün çalışan hökumət – bizdəki Ölkəyə yağı hökumətdir!   .

İstənilən normal hökumət içdə gərəksə – içdə, dışda gərəksə – dışda əkinçisinə bazar yaratmağa borcludur. Bizdəki 21 illik hökumət istər içdə, istər dışda o başdan bu başa əkinçinin bazarını bağlamağa, əlindən almağa çalışıb. Bir fakt: hər gün Azərbaycanın ayrı-ayrı bölgələrindən Bakıya mal satmağa adamlar gəlir. O adamlar yol uzunu polislərə rüşvət verə-verə gəldiklərini deyirlər. Gəlib çatdıqları yerlərdə: istər bazarlarda, istərsə də həyətlərdə onları birinci qarşılayan polislər olur: pulunu ver, sat. Başqa problem yuxarıdan aşağıya ölkəni bürüyən monopoliyalardır. Birinci problem rüşvət-korrupsiya, ikinci problem – monopoliya: budur bugünkü rejim gerçəkliyi! Uzun illər geniş pambıq əkinləriylə tanınan aran rayonlarının evini yıxan, belini qıran başlıca problemlərdən dir monopoliya problemi: bütün pambıq zavodları bir adamın monopoliyasında olduğundan qiymət siyasəti də bir əldən qaynaqlanır. Neft-Qaz, qızıl-gümüş, balıq-kürü monopoliyası azmış kimi pambıq monopoliyası da yaradan güc pambığa dünya bazar qiymətləri bir yana, qonşu ölkələrdəkindən də qat-qat aşağı qiymət qoyur. Bu ən aşağı qiymət siyasətinin arxasında xalqın dirçəlməsinə yol verməmək siyasətləri dayanır!

Saqatlı-Biləsuvar arasında dövlət fond topraqları vardı. İndiyədək bu topraqlar toxunulmaz qalırdı, orada yalnız mal-qara saxlamaq, oralardan yalnız otlaq kimi yararlanmaq olardı. İndi o yerlər hamısı (deyilənə görə, 60 min hektar) “Azərsun”, MTK adı altında prezident topraqlarına çevrilib. Böyük meliorasiya-irriqasiya işlərindən sonra oralarda üç-dörd illik xiyar-pomidor əkinlərinin ardınca, bu ildən pambıq əkinlərinə də başlayıblar. Elə bu ildən də kəndlərin suyu kəsilib. Bəlli olduğu kimi, pambıq çox su istəyən bitkidir. Bir yandan çox su istəyən xiyar, o biri yandan çox su istəyən böyük pambıq əkinləri bu il kəndləri susuz qoyub. Əkinçilərin yetirdikləri nə varsa, özlərinin dedikləri kimi, bu il susuzluqdan yarıqat olub. Burada bir ilginc fakta da toxunmaq gərəkir: zavod fermerlərlə yalnız özünə yararlı, öz istəklərinə uyğun bağlaşma bağlayır. Bağlanan bağlaşmaya fermerlərin bircə istəkləri belə salınmır. Onda nə olur? Zavod üzərinə götürdüyü öhdəliklərin birini də yerinə yetirmir, nə yolla olur olsun fermerlərdən qazanc götürməyə çalışır. Ötən il çəyirtkə sürüləri əkinləri böyük itkiyə uğratdı. Zavod götürdüyü öhdəliyə uyğun olaraq əkinçiyə yardım etməli, itkilərin ödüncünə çalışmalı idi. Belə görsənişlərin yerinə nə olur? Zavod “bağlaşma öhdəliyini yerinə yetirə bilmədiyinə götürən” əkinçini məhkəməyə verir.

Çoxdan tanıdığım pambıq əkinçilərindən birilə söhbət edirəm. İnişil öz gücünə 50 ton, keçən ilsə 50 tona yaxın pambıq yetişdirib. Zavod pambığı dəyərindən çox aşağı qiymətə götürsə də, özünün dediyinə dörə, bir az qazancı olub. O qazanca son iki ildə həyətdə dam-daş tikə bilib. Yuxarıda göstərilən nədən üzündən əkinlər susuz qaldığı üçün bu il çıxarı gəlirini üstələyib. “Belə getsə, prezident xiyar, pambıq plantasiyalarını bir az da genişləndirsə, bizim kəndimiz də, başqa bir çox kəndləır də köçüb dağılmalı olacaq”, – deyir əkinçi qardaş. Sonra da o, həyətin bir qırağında iki qalaq doğranmış meşə odununu göstərir: “Bu qalağın hərəsi bir “Qazel”dir. Cəlilabaddan gətirib satırlar. İki maşına 570 manat vermişəm. Zavoda verdiyim pambığın pulunu hələ də ala bilmədiyimdən bundan ötrü iki heyvan satmalı olmuşam. Bax, belə yaşayırıq – qan-tər içində qazandığımızı quru yerdən itirə-itirə”.

Bir az qabaq kəndlərdə epidemiya üzündən toyuq-cücə qırılıb, indi epidemiya üzündən mal-qara qırılır. Alınan dərmanların çoxu saxta olduğundan dərmana-həkimə verilən pulun da çoxu boşuna gedir. Bu ölkədə kəndlə, kənd adamlarıya azacıq da bağlılığı olmayan Kənd təsərüfatı nazirliyi var- dövlət büdcəsindən milyonlarla manatın ayrıldığı, ayrıldığı yerdəcə mənimsənildiyi bir nazirlik. Bircə bu deyil. Bu gün Azərbaycan kəndlərində təhsil, sağlamlıq sistemləri darmadağın durumda olduğu kimi, kənd təsərüfatı deyilən bir anlayış da eləcə anlayışdır – praktik oaraq darmadağın anlayışı! Bütün bunlara görə Azərbaycan kəndləri getdikcə daha çox suyu soğulan dəyirmana bənzəməkdədir. Hara gedirik?

P.S. İ.Əliyevin bugünlərdə verdiyi “sərəncama” uyğun olaraq “Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd  Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” yaradılıb. Bu bir ad oyunu, yalançı struktur gəzişməsidir. İndiki antidemokratik siyasi sistem qaldıqca eləcə yalançı ad-struktur dəyişmələri baş verəcək, gerçək yenilik, effektli dəyişiklik olmayacaq!  Yönətim sistemi dəyişməlidir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv