Xaliq Bahadır. Mənim kəndim – Azərbaycan kəndi (özət)

Keçən yazıdakı kimi yenə kəndin adını çəkmədəm yazıram. Bir kəndə baxıb bütün Azərbaycan kəndlərindən yazdığım üçün. Kəndlərimiz öldürülür – adamları, ağacları, mal-qarası, ildən-ilə şoranlaşan topraqlarıyla öldürülür. İllərdi bu yöndə yazılar yazıram, səsimə səs verən yoxdur. Bilmək gərək: mən bu yazıları müxalifətçi olaraq yazmıram – Ölkəmi yalnız yaşadığım Bakısı ilə deyil, ən ucqar yerləriylə də sevdiyim üçün yazıram. Azərbaycan məndən ötrü yalnız Yer planetinin bir parçası deyil, Yer planetində ayrıca Planetdir. Mən bu Planeti sevirəm – mənim Azərbaycan Planetimi! Sevdiyini qorumaq Kişi borcudur – borcumu yerinə yetirirəm.

Milyonlarla pul ayırıb çoxunu mənimsəməklə çürük asfalt yayıb orda-burda yol qaralamaq yuxarıdan aşağıya bu işin arxasında duranların bağışlanmaz cinayətidir. “Avropa sdandartlarına uyğun” yol çəkirlər, sonra da bu yol ayı başa vurmadan dağılır. Dönə-dönə yazırsan, özlərini karlığa-korluğa vururlar. Darmadağın yolların ardınca darmadağın kəndlər gəlir – burası daha dözülməzdir. Son on, on beş ildə milyardlarla Neft-Qaz pulu göyə sovrulub, mənimsənib; bu pullardan kəndlərə azacıq da gəlib çıxmayıb. Buna görə kəndlərimiz hər baxımdan darmadağın durumdadır: qaz yox, su yox, normal bilik verən gerçək məktəb yox, yararlı sağlamlıq obyektləri yox. Ölkənin hər yerində milyonlarla pul tökməklə qapısıbağlı Olimpiya kompleksləri tikdirən İ.Əliyev indi 1 milyarda Olimpiya stadionu tikdirir.

Berti Foqtsa təkbaşına ayda 120 min manat pul verirdilər. Sonu, bəlli olduğu kimi, 6:0 bizim uğursuzluğumuzla qurtardı. Bunu Foqtsın uğursuzluğu saymaq allahsızlıq olardı; bu, bütün başqa siyasətləri kimi İ.Əliyevin ÖZÜLSÜZ idman siyasətinin də uğursuzluğu sayılmalıdır. Həkimə, pensiyaçıya 150, müəllimə 200 manat aylıq ver, əkinçinin dirçəlmə yollarını qapa, sonra da idmanda uğur qazanmağa çalış – qazana bilməzsən. Qazana bilməzsən – çoxillik ANTİMİLLİ, ANTİDEMOKRATİK, ANTİSOSİAL siyasətlərlə xalqa diz çökdürdüyün, xalqın ruhunu öldürdüyün üçün!  Hakimiyyətini qorumaq istəyindən Avropaya 2 trilyon kubmetr qaz boyun olasan, az qala bütün dünyaya qaz satıb, xalqı qazssız qoyasan, bu yolla meşələrin qırılmasını stimullaşdırasan… hansısa Fransadan 3 milyona deyil, 10 milyona da at alıb gətirsən, o at büdrəyəcək. Axı, öz ölkəndə o atdan qat-qat üstün bir at var – Qarabağ atı! Sən özününkünü sevməli, özününkünə qayğı göstərməli, özününkünə yatırım qoymalısan – atından adamınadək. Ancaq… onları özününkü sayırsansa?!

Yalançı yığıncaq-“müşavirələr” keçirib “ölkədəki iqtisadi inkişafdan, əhalinin gəlirlərinin artmasından, yoxsulluğun aşağı düşməsindən” danışmaqla deyil, kənddəki 7 mağazanın təkcə birinə adamların 8 min manat (səkkiz min manat!) borcu var. Mağaza yiyəsi: “Qapı-qapı düşüb pulumu istəyirəm, ala bilmirəm, adamları qınamaq da çətindir… Qabaqlar çox adam iki-üç meşok unu birdən alardı, yoxsulluq üzündən indi kənddə meşokla un alan üç-dörd adam qalıb”, – deyir. Budur Əliyevlərin “uğurlu neft-qaz strategiyasına” bağlı ANALOQSUZ Azərbaycanı!

Bu, dünyanı qızdıran qazı dura-dura meşələrini qırıb oduna isinən Azərbaycandır. Bu, pensiya kartları ödünc olaraq nisyə dəftərlərinin üzərinə qalaqlanan Azərbaycandır. Bu, prezidenti milyarder, prezident ailəsi milyarder, nazirləri milyarder, özü yoxsulluq-yolsuzluq içində yoxluğa sürüklənən Azərbaycandır. Bu, Qarabağ döyüşçülərinin  pulsuzluq, evsizlik üzündən yalqızca qocaldığı Azərbaycandır. Bu, qanlı Qarabağ döyüşlərindən sağ qayıdanların dolanışıq dözülməzliyi nədəniylə özünə od vurub öldürdüyü Azərbaycandır. Bu, bütövlükdə yağılar əlində öldürülən Azərbaycandır! Mənsə, ona, bir dostumun dediyi kimi, ağı yazmıram: ağrılı-acılı olsa da, ona himn yazıram – ağrı-acılarını görüb-anlamaqla QALXINMA himni!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv