Xaliq Bahadır. İçində olduğumuz 20 Yanvar

20 Yanvardan 25 il ötdü. Hər il olduğu kimi, biz yenə Şəhidlər xiyabanına getdik. Getdik, ayrı-ayrılıqda: hökumət ayrı, xalq ayrı, müxalifət ayrı. Üstəlik, müxalifət özü də ayrı-ayrılıqda! Bunları hamılıqda götürsək, belə deyə bilərik: Azərbaycanın özü kimi darmadağın, param-parça! Belədə soruşmaq gərəkir: biz 20 Yanvarda Şəhidlər xiyabanına niyə gedirik, Şəhidlərimizi niyə anırıq? Belə param-parça anım törəni nədən ötrüdür? Axı, 20 Yanvarın ideya yönü, fəlsəfəsi dağınıqlıq, param-parçalıq deyil, Birlik, Birgəlik, Bütövlükdür!

20 Yanvar günü Şəhidlər xiyabanına hakimiyyət, müxalifət, ayrıca xalq anlayışına, ayrılığına azacıq da yol vermədən birgə gedilməlidir, birlikdə gedilməlidir. Şəhidlər xiyabanının indiki dəyəri də eləcə orada yatan ölülərdə deyil, ən azı, 20 Yanvar günlərində bizi birləşdirməyində-birgələşdirməyindədir! Belə olmadıqca, Şəhidlər xiyabanı eləcə ölü yeri, saya sonacaq-basırıq-qəbiristanlıq olaraq qalacaq. Belədəsə, 20 Yanvar getdikcə istər-istəməz maskarada Az TV-ləri bürümüş şou-görüntülərdən birinə çevriləcək! Bizə bu gərəkdirmi?!

Şou-görüntü dönəmi indiki hakimiyyətin gəlişindən başladı. Arxasında başlıca olaraq Azərbaycan yağısı Rusiyanın dayandığı KQB generalı çevriliş yoluyla hakimiyyətə gətirildi. 20 Yanvar bundan sonra daha çox şou xarakteri daşımağa başladı. Birinci, 20 Yanvar olaylarına birbaşa başçılıq etmiş Yevgeni Maksimoviç Primakovun adı, Ailə istəklərinə uyğun olaraq, qırğında sorumlu olanların sırasından çıxarıldı. Bu, əliyevçi hakimiyyət dönəmindəki Ulusa yağıçılığın ilkin örnəklərindən oldu. Sonra 20 Yanvarla bağlı daha çox bəlli ailənin istəklərinə, planlarına bağlı ideoloji yol tutuldu, beləcə siyasət yürüdüldü. Bununla yanaşı, ölkə içində Ulusu parça-parça edəcək siyasətlər, bu siyasətlərə bağlı gəlişmələr durmadan genişləndi, körükləndi. Ölkədə toplum anlayışının anlamı belə gizli-açıq polis metodları, darmadağın yoluyla anlamsız edildi. Bütün bunların nədənini biz çox-çox illər sonra, Britaniya parlamentinə bağlı Vergi qurumunun yaydığı bilgidən öyrəndik: “Ata-bala Əliyevlər 1993-2010-cu illərdə Azərbaycandan ofşor zonalara 48 milyard dollar oğurluq pul çıxarıblar”. Baxın: 1993-2010-cu illərdə. Demək, hakimiyyətə gələn kimi! Bu fakt, bircə elə bu fakt, Əliyevlərin Azərbaycana yağı İMPERİALİST güclərə arxalanmaqla hakimiyyətə gəlişlərinin gizlinini bütünlüklə açıb ortaya qoyur!!!

Baxın: aradan uzun illər keçib, ölkə hələ də 1993-cü ilin 15 iyun çevrilişinə bağlı gərgin savaş içindədir. Aradan az qala 22 il keçib, 93-ün 15 iyun çevrilişinə bağlı gərgin savaş hələ də kəsmək bir yana, səngimək də bilmir. Nə üçün? Hakimiyyəti qoruyub saxlamaq üçün! Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya bizdə çoxdan DÖVLƏT SİYASƏTİNƏ dönüşdürülüb. Bununla yanaşı, narkomaniya, pozğunluq – bütün bunlarsa sağlam TOPLUM düzgüsünə ayqırı (ayqırı – zidd) siyasətlərdir. Baxın, düzgü (norma)  sözünün kökündə düz-düzlük durur. Düzlük olmayan yerdə, daha doğrusu, hökumətin düzlük-düzgünlük siyasəti yerinə əyrilik-pozuculuq siyasəti yürütdüyü ölkədə sağlam toplum ola bilməz! Sağlam olmayan toplumsa, bu gün bizdə olduğu kimi, us-ağılla, dərin düşüncəylə, uzaqgörənliklə düşünüb bir araya gələ bilməz. `Baş prokuror Z.Qaralov 2013-cü il seçkisi qabağı bütün dünyaya car çəkərək bildirmişdi: “Dövlətçiliyə qarşı hər cür qəsdlərə qarşı barışmaz mübarizə aparılacaq”. Bunların nəyə “dövlətçilik” dedikləri bizə 93-dən bu yana dönə-dönə bəlli olub, göstərilən reaksiyalardan göründüyü kimi, indi bütün dünyaya bəllidir: yurddaş toplumunu bütünlüklə əzib sıradan çıxarmağa yönəlmiş sonu görünməyən repressiya faktları! Gerçək Hökumətdən Ayrı Qurumları repressiya yoluyla dağıdıb, yerində açıq-aydın korrupsioner xarakterli “QHT”-lər yaradılması kimi faktlar indiki dövlətçiliyin ən parlaq örnəklərindən sayıla bilər.

Ünlü rus-türk şairi F.Tütçev yazırdı: “Ağıl çalışmalarının azlığı toplumda qaçılmaz olaraq qazancgüdən vərdişlərin, iyrənc-eqoist alışqanlığın güclənməsinə gətirir”. 93-dən bizdə prinsipial ardıcıllıqla belə bir siyasət yürüdülür. Başında buxalterin dayandığı AzTV-yə təkcə 2014-cü ildə dövlət büdcəsindən 54 milyon manat pul ayrılıb, indiki hökumət “QHT”-lərinə ayrılan boşuna milyonlar kimi bu milyonların da boşuna getdiyini anlamaq üçün böyük ağıl yiyəsi olmaq gərək deyil. Jurnalistlərə dilənçi payı verilir, rüşvət at oynadır, reklam bazarı böyük pullarla aşıb-daşır, bu biri yandan da 54 milyon manat, üstəgəl, İTV-yə 16 milyon manat – bunların hamısı gerçəkdə bir adamın – bəlli telebuxalterin əlindən gəlib keçir.

Yaxşı, cəhənnəmə, keçsin, aşağı-yuxarı haralardasa mənimsənilsin (mənimsənir!), ancaq ortada ölkəyə, topluma yararlı işlər də olsun. Yoxdur, ola bilməz! Bu rejimin baş ideoloqunun özü də bir neçə yol “qələmə sarılaraq” televiziyaların xalqı mədəniyyətsizliyə, mənəviyyatsızlığa sürüklədiyini yazıb. Hər yazısında da qəzeti ona qahmar çıxıb. Nə olsun? Nə dəyişib? Nəsə dəyişməyib, dəyişə bilməz: əl-Baradey deyərdi: “Damağında siqaret tutub siqareti tərgitməkdən danışmaq olmaz”. İndi Nurəddin Məmmədli Gədəbəyinin ən ucqar köylərində belə Mixail Saakaşvilinin Gürcüstanda rüşvəti necə yığışdırdığını yaxşı bilir, onun bu faktla bağlı nə dediyini deyirlər, unutmurlar: “Özüm rüşvət almadım”. Hə, Saakaşvili özü rüşvət almamaqla Gürcüstanda rüşvətə son qoydu. Sən özün korrupsiya yoluyla bir-birindən saxta seçkilər keçirəsən, ölkədəki bütün görəvləri bazara çıxarasan, televiziyanın özündəcə yüzlərlə jurnalisti yerə vuraraq buxalteri televiziya başına çıxarasan, sonra da ondan başqa nələrləsə yanaşı, bir az da yaxşı veriliş istəyəsən – olmaz belə, olmaz, yoldaş kommunist demokratlar! Görün əriş-arğacınızla bağlı olduğunuz ruslar nə deyirlər: “Yarımçıq boyluluq olmur”.

Batı Azərbaycan (indiki “Ermənistan”) azmış kimi Şuşa başda olmaqla Qarabağı əlimizdən alıb erməniyə verən, Xocalıda soyqırım törədən Rusiya ilə “dostum-qardaşım” olurkən, Azərbaycanın topraq bütünlüyünə qarşı çıxmayan, Azərbaycanda qanunçuluğa, insan hüquqlarının qorunmasına çağıran ABŞ-la açıq savaşa çıxıblar. Görün YAP-ın ABŞ-dakı elçibaşısı Elin Süleymanov nə deyir: “Bunların əvəzinə (sözügedən çağırışın yerinə. –X.B.) daha pozitiv məsələlərə diqqəti cəlb etmək və Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində yüz minlərlə məcburi köçkünün humanitar ehtiyacları kimi real problemləri həll etmək istiqamətində iş aparmaq daha səmərəli olardı. Bu, əlbəttə, ABŞ dəyərlərinə və maraqlarına uyğun olar”. Baxın, bunlar uzun illərdən bəri Azərbaycan xalqına kələk gəldikləri kimi ABŞ-a da kələk gəlmək istəyirlər: biz bu ölkəni yağıcasına soyub-yağmalayaq, dünyanın dörd bir yanında milyonlar, milyardlarla dəyərində mülk alaq, holdinq-moldinqlər quraq, kef çəkək. Sizsə, yoldaş demokratik Amerika, bizim yüz minlərlə qaçqın-köçkünümüzə humanitar yardımlarda bulunun: axı, sizin hökumətiniz demokratik, qanunçu, humanist  hökumətdir! Bax, belə.

Elin diplomat sonuncu frazasıyla lap gül vurub: “Bu, əlbəttə, ABŞ dəyərlərinə və maraqlarına uyğun olar”. Gəlin qınamayaq: ABŞ-ın dəyərləri demokratiya, qanunçuluq, bunlarınkı korrupsiya-varlanmaqdır; ABŞ-ın maraqları insan hüquqlarının qorunmasına, bunların maraqları insan hüquqlarının tapdanmasına yönəlikdir! Bunların acgöz, doyub-dolanmaq bilməyən istəkləri başqaları bir yana, keçmiş Qarabağ döyüşçülərini, Qarabağ əlillərini belə Zaur Həsənov kimi dolanışıq dözülməzliyindən, sözün gerçək anlamında, ODA atır, SON yaşam yüksəlişi olaraq Koroğlu körpüsünə dırmaşdırır! Sonra da bu ölkənin başında duran adam Koroğlu körpüsündən daha hündür tribunadan söyləyir: “Azərbaycan dövləti sosial dövlətdir və bu istiqamət prioritet olaraq qalacaq”. Bütün qanunların özünü-rejimi qoruma qanunlarına (keçmiş KQB qanunları!) uyğunlaşdırıldığı hərbi-polis dövləti sosial dövlət ola bilməz! Dünyada belə bir örnək yoxdur. Dünyanın ən böyük sosialist dövləti olan SSRİ-nin özünü də getdikcə sosiallıqdan uzaqlaşıb nomenklaturalaşma, KQB-ləşmə yıxdı. Bugünkü Azərbaycan SSRİ-nin daha pis, daha yaramaz formasıdır. Ötən il dekabrın 22-də 14-cü kolonda baş verənlər – Elşad Babayevin vəhşicəsinə döyülüb öldürülməsi, bunun ardınca dustaqları “sümükqıran” itlərin ağzına vermə faktı, sonra bu faktları gizlətmə çalışmaları – bütün bunlar demokratik quruluş görsənişləri deyil, dağılmağa üz qoymuş sovet-KQB-diktatura görsənişləridir.

Bugünlərdə Almaniyada çıxış edən İ.Əliyev Azərbaycan “əhalisinin” 90 faizinin onu bəyəndiyini bildirib: “Azərbaycanın mətbuat azadlığı reytinqi, mənim də, şəxsən, özümün reytinqimlə bağlı problemim yoxdur”. İnanmayan kafirdir! İnanırıq, doğrudan da belədir: çoxdan DÖVLƏT SİYASƏTİNƏ dönüşmüş korrupsiya-repressiya faktoru ölkədə belə bir ortam biçimləyib – nə mətbuatın reytinq problemi var, nə də prezidentin. Bu gün Azərbaycanda “Azadlıq” qəzetini çıxmaqla, mətbuat bütünlüklə AZADDIR – nə istəsələr yaza bilərlər, ancaq… hakimiyyətə, Əliyevlər ailəsinə yarınma-yaltaqlanma axarında: qəzetlər də, teleradiolar da. Mən özüm jurnalist olsam da, siyasətdən az-maz başım çıxsa da, belə bir AZADLIQ ortamında o balaca, səsi 2009-cu ildən qısılmış “Azadlıq” radiosunun nəyə görə qapadıldığını anlaya bilmirəm. Yoxsa, onlar da indi çox düzgün olaraq tutulub dustaq edilmiş NİDAçı gənclər kimi “molotov kokteyli” düzəldibmişlər? Elədirsə, onda “Azadlıq” radiosuna da 8-9 il iş verilməlidir. Bəh-bəh, nə gözəl olar: türmələrdə “Azadlıq” radiosu! Diqqət! Diqqət! Danışır “Azadlıq” radiosu. Efirdə mən, Xədicə İsmayıl, bir də “Azadlıq” radiosu ilə “Azadlıq” qəzetinin türmədəki əməkdaşlarıdır. Bugünkü “dəyirmi masa” söhbətində biz 20 Yanvar olaylarının başvermə nədənlərini: xalqa düşmən hakimiyyətin qanunsuzluq, hüquqsuzluq axarında korrupsiya-repressiya yoluyla ölkəni gətirib yolsuzluğa çıxarması ilə bağlı faktları araşdıracaq, dəyərləndirəcək, bu dəyərləndirmələrə söykənərək sizə çıxış yollarını göstərməyə çalışacağıq. İlk sözü “Azadlıq” qəzetinin tanınmış jurnalistinə verirəm, adını çəkməsəm belə, siz onu tanıyacaqsız; axı, o tanınmış jurnalistdir…

Beləcə, sayğılı “Azadlıq”sevərlər, verilişimiz başa çatdı. Verilişimizi rus yazıçısı Viktor Astafyevin bizim indiki durumumuzda çox yerinə düşən sözlərilə bitirmək istəyirəm: “Adamın anası yoxdursa, atası yoxdursa, ancaq dövləti varsa, o hələ yetim deyil”. İndi biz də, sayğılı radio dinləyiciləri, yetim deyilik, özümüzü azacıq da yetim saymırıq, burada – türmədə dövlətimiz bizi yedirir də, geyindirir də. Siz erməni dəyrimanına su tökən Amerika, Almaniya kimi yalançı dövlətlərə aldanıb bizi yedirib, geyindirən bir dövlətə – öz dövlətimizə qarşı çıxmayın! Hələlik buradək. Gələn verilişimizdə dövlətimizin 14-cü kolonda dustaqlara göstərdiyi qayğıdan danışacağıq. Sağ olun!

 

***

Biz indi Şəhidlər xiyabanına 20 Yanvarın 25 illiyindən keçib getməli idik. Getməli idik! Ancaq… biz Şəhidlər xiyabanına hələ də 20 Yanvardan, daha doğrusu, 20 Yanvarı doğuran görsənişlərdən keçib gedirik!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv