Asif Ata. Dil təlimi

1.Vahid bəşəri dil
Vahid dil məsələsi – vahid bəşəriyyət ideyası kimi cəgəng bir ideyadır. Bəşəri millətlərdən ayırmaq olmaz – sürülük yaranar.
Bəşər uzun zaman sürü səviyyəsində yaşayıb, xalqlar vasitəsiylə sürülükdən ayrılıb.
Millətlər əbədidir. Marksizmin əksinə olaraq, bizə görə Millətsiz bəşər olmayacaq – yoxsa o, heyvanlaşar.
Milləti ikinci dərəcəli hadisə saymaq – marksizmin ən böyük günahlarından biridir.

Millətlər müxtəlifliyi – Dil müxtəlifliyi yaradır. Dil – nizamlanmış, yenidən qurulmuş fikrin təzahürüdür. Əgər fikir çox vaxt nizamdan qıraq olursa, tam aydın olmursa, dil vasitəsiylə həmin o qarışıqlıq, nizamsızlıq aradan qalxır. İdraka xas xüsusiyyətləri nizamlamaq dildə öz ifadəsini tapır. Fikir dildən öncə yaranır. O, dildə müəyyən bir səviyyəyə qalxır.

Dil fikri becərir.

Fikri ən çox dil vasitəsiylə çatdırmaq olar başqasına. Heç bir jest, heç bir mimika dili əvəz edə bilməz. Dil fikrin təzahürü və ünsiyyət vasitəsidir. Dil-fikrin tərcüməçisidir.

 

2. Dilin imkanları

 

Dil həm də yaradıcılıqdır, özünün xüsusi qayda-qanunları var. Hər bir dilin özünün kök sözü var – kök söz əsasında baş verir yaranış. Burada dil – fikrin təzahürü olmur təkcə, isimlər, fellər – bunlar müəyyən kök üstə olur. Yaxşı olardı ki, Dilçilik hər dilə məxsus Kök sözləri tapsın.

 

3. Bədii dil

 

– Bədii dil gözəlik səviyyəsində olan dildir. İnsan psixologiyasının xüsusi təsiri var duyğuya, təxəyyülə. Bədii dil xüsusi dildir. Bədii dil iki sənətlə üzləşir – musiqi və rəssamlıqla. Vəzn, Ahəng, Qafiə üstə. Bunlar gözəllik üçündür. Dil nəsrdə rəssamlıq üstədir – rəsm eləyir.

 

4. Dilin yaranması haqqında

 

İnsanlıq adlanan hal ki, var – İnsan başladı o mahiyyəti özündə daşımağa – sözsüz oldu. Onun fikri jestlərdə, mimikalarda qaldı. Lakin dilsiz fikir səviyyəsi İnsan üçün azlıq elədi – İnsan fikrin dil biçiminə keçdi.

Fikir özü də Ruhanidir. Cəmiyyətin rolu standartlaşdırmadır – şablonlaşdırmadır. Dili ictimailəşdirə bilmədi cəmiyyət.

Dil ictimai hadisə deyil, Ruhani hadisədir.

 

5. Dil və nitq. Şifahi və yazılı nitq.

 

Dil şifahi nitqdə özünün ən ilkin mahiyyətini aşkarlayır – bakirə olur şifahi nitqdə. Xüsusi qanuna, qəlibə ehtiyac hiss olunmur. Şifahi nitq elə dilin reallığıdır. Şifahi nitq – dilin hər mənada azadlığıdır. Bu, yazılı dil adlanan reallıqda məhdudlaşır – artıq burada fikrin nizamlanması baş verir. Yazılı nitqdə sərbəstlik yox olur. Fikirlə söz arasında tam vəhdət olur. Şifahi nitqdə isə əksinə. Söz elə təkcə fikrin mənasına görə özünü sərbəst aparır. Burada məntiq var. Məntiqin öz intizamı var.

Yazılı dil, sərbəstliyini itirir. Elmi dildə isə öz zənginliyini itirir. Lakin sənətdə gözəllik adlanan ülviyyət yaranır – əvəzi çıxır. Dil öz zənginliyini artırır. Bu məsələlər açılmayıb – şifahi dil, yazılı dil, sənət dili…

 

6. Elmi üslub

 

Elmi əsərlərin üslubu qanadlı üslub olmalıdır. Bunlar isə oxucunun üzünə qapını bağlayırlar. Bu, əslində riyazi dildir – pis mənada. Dilçilik əsərlərinin özünü yaxşı, əlvan, bədii dildə yazmaq olar. Sırf qrammatika haqda isə yazmaq olmaz. Burada hər şey sxemdir – güldən od yaratmaq olmaz. Məsələn, “q” hərfinin “ğ” hərfinə keçməsi haqqında; burada bədii obraz, bədii dil işlənə bilməz, qanunçuluğu, qrammatikliyi, şərti qaydaları aşkarladığın bir üslubda – soyuq üslubda. Ümumiyyətlə isə bədiyyat lazımdır.

Bu məsələləri işləmək gərəkdir. Ruhla, fəlsəfə ilə bağlılığı açmaq gərəkdir. Elmi əsərlər soyuqluqdan çıxmalı, zəngun duyğularla işıqlanmalıdır.

 

7. Ümumtürk dili məsələsi barədə

 

Ümumtürk dili yaranmasa, bizim istədiyimiz Türkçülük olmayacaq. Əsrlərlə özbəklərin dili monqollaşıb – çətinləşib, qazax – monqollaşıb, tatar monqollaşıb.

Osmanlıyla qazax arasında, çuvaşla uyğur arasında uçurum var. Bu ayrılma nəticəsiz qalmayacaq. Eyni zamanda, hər bir dilin əsasında ümumi əlifba – dil yaratmaq lazımdır. Ümumtürk dilini yaratmaq istəyən gərək əvvəl öz dilini mükəmməl öyrənsin, sonra Osmanlı türklərinin, qazaxların, özbəklərin və başqalarının dilini öyrənsin. Köklü sozlər əsasında isim, sifət və s. yaratmaq olar.

Türk Birliyi Mütləqə İnam əsasında – Asif Ata “Ocağı” əsasında ümumi adət-ənənələr əsasında olmalıdır. Qalan şey cəfəngiyyatdır –  əks təqdirdə Türkiyənin əyaləti olarıq.

Turan ideyasını –  ərazi ideyası kimi qəbul etmirəm, Ruhani Birlik kimi qəbul edirəm. Turançılığı – təzə fövqəldövlət ideyası yalanını qəbul etmirəm.

Ərazi Turançılığı ola bilməz. Ölkə yekə olanda Böyük olmur.

Hər bir türk xalqının öz dili qalır – onun türk dili qalır, inkişaf edir, eyni zamanda, ümumtürk dili türk xalqları arasında ümumi anlaşma dili olur. Necə ki, ərəb dili, fars dili var.

Biz demirik ki, alman, slavyan dilləri və b. ləğv olunsun. Biz istəyirik ki, türklər birləşsinlər. Müxtəliflik olmayan yerdə vəhdət yoxdur – necə ki, gül baxçasında müxtəlif cür güllər bitir, meşədə müxtəlif cür ağaclar bitir. Biz istəyirik ki, heç bir “balaca millət” ölməsin. Müxtəliflik olmasa ölümlük olar.

Müxtəliflikdən təcridlik – məzar ölülüyüdür.

Tarixən bir millətin başqa bir milləti yeməsi vəhşiliyi olub.

İndi dünya üzərində Qərb ağalığı var – Amerika ağalığı. Zahirən isə vəhdətdən söhbət gedir. Ruslar XII əsrdə Oderdən gəldilər – Şərqi slavyanlar Oderdə almanlarla yaşayırdılar. Düzənliklərdə finlər və poloveslər (qıpçaqlar) yaşayırdılar. Ruslar assimilyasiya etdilər, evləndilər onlarla, siyasət etdilər. Bir əsrdə o stepi ruslaşdırdılar. İndi poloveslər yoxdur. Finlər qol kimi qalıb, dünyada saman çöpü kimi.

 

8. Şumer dili haqqında

 

Şumer – ilk dövlət, ilk əlifba, ilk mədəniyyətdir.

Bəşər dillərinin, xüsusilə semit dillərinin (yəhudi və ərəblərin) əsas köləri Şumerdən gəlir: Allah – Ellah; El – Xaliq…

Ümumiyyətlə, Şumer dilində olan sözlərin bir neçəsi ərəb və yəhudi dilinin təməlində durur. Semitlər farsa təsir edib.

Ərəb-Fars-Şumer birliyi olmayıb…

 (arxiv)

 

Qeyd: Bu yazı Asif Atanın şifahi şəkildə suallara cavabından götürülüb. Olduğu kimi sunuruq, düşünürük ki, dilçilik üçün önəmi var (Göylü Atalı).

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv