Avroparlamentin “genosid” qərarı. Bu qərara bir çox yönlərdən baxmaq olar, ancaq başlıca olaraq iki yöndən baxılmalıdır: tarix, hüquq. Bəri başdan demək gərəkir: “genosid” adı verilən yüz illik keçmişə bağlı erməni yalanlarını tarixçilər araşdırmalı, hüquqçular dəyərləndirməlidirlər. Avroparlament də bunu etməli idi – bunun yerinə o, açıq-açığına diplomatik intervensiya yolunu tutdu.
Avropadan (konkret, Fransadan) başlayan erməni ekspansiyası.
SSRİ-nin başçısı M.S.Qorbaçovun ekonomist-danışmanı Abel Gözəloviç Aqanbekyan yalnız Fransanın deyil, dünya liberalizminin başkəndi Parisdə ilk baxışda çox da aqressiv görünməyən qısaca çağırışda bulundu: “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”. 1987-ci il idi, Teleradio Verilişləri Komitəsində işləyirdim. 3500 (üç min beş yüz) nəfərlik çox böyük ideoloji kollektivdə mən kiçicik millətçi qrupun öncüllərindən idim. Gizlincə yığışıb danışdıq. Danışıqlarımızdan çıxan qısaca sonuc beləydi: biz xalq, ölkə olaraq böyük qorxu qarşısındayıq – Azərbaycanı yenidən parçalamaq istəyirlər. Komitədə sayğıyla yanaşdığımız, sözünü urvatlı tutduğumuz bir sıra başbilənlər bizi belə toxdadırdılar: “Qorxmağa dəyməz, ermənilər bizə heç nə eləyə bilməzlər, boş şeydi”. Bunları niyə yada salıram? Avroparlamentin indiki “genosid” qərarı ilə bağlı başbilənlərdən çox eşitdiyim “boş şeydir” özünüaldatmasına görə! Demək, aradan az qala 30 il keçsə də, bu illərdə ermənilər arxalarındakı bəlli güclərlə birgə bizi bir belə itkiyə uğratsalar da, biz hələ də gözümüzün qarşısında baş verən böyük dəyişiklik görsənişlərinə özümüzün dəyişməzlik baxış-fəlsəfəmizlə yanaşırıq: “boş şeydir”!
Siyasi, ideoloji konyunkturaya yad tarix gerçəyi
Avroparlamentin 7 bəndlik bütünlüklə qondarma qərarı bu sözlərlə başlayır: “Osmanlı imperiyasında 1.5 milyon suçsuz erməni öldürülüb”. Birinci, hamı üçün açıq Türkiyə arxivlərindən bəlli olduğu kimi, Osmanlıda o çağlar bir elə erməni olmayıb – bu, Avroparlamentin başlanğıcdan bir yalanı. İkinci, “suçsuz ermənilər” yalanı. Castin, Kolman Makkartilərin sayımına görə. ermənilər sözügedən çağlarda 2.5 milyon Türkü öldürüblər. Onlar apardıqları geniş araşdırmalarla bağlı kitablar yazıblar. Ermənilərin törətdikləri çoxsaylı qırğınlar, terror aktları ilə bağlı indiyədək o qırğınların törədildiyi Türkiyədən, Azərbaycandan uzaqlarda gerçəyi göstərən çoxlı kitab çıxıb. Nəyə görəsə o kitablar Avroparlamenti ilgiləndirməyib. O kitablardan birinin adını çəkirəm – Rusiya Qafqaz ordusunun ştab rəisi general-mayor L.M. Bolxovitinovun «O деятельности армянских вооруженных отрядов в Турции и Закавказье в Первую Мировую войну». Avroparlament Ərzumda erməni qaniçənliyini, ermənlərin törətdikləri çoxsaylı qırğınları gözüylə görüb yazmış rus polkovniki Tvyordoxlebovun, eləcə də bir çox başqalarının tarix gerçəyini göstərən yazılarını-kitablarını oxuya bilərdilər. Ancaq… oxumayıblar. Ola bilsin, çox ola bilsin, hamısını olmasa da, bir neçəsinisə oxuyublar. Bir daha ancaq…
Beşinci bənddə deyilir: “Türkiyə mədəni irsin qorunmasına yönəlik öhdəliklərinə sayğı göstərməli, ötən yüzildə yox etdiyi mədəni mirasın siyahısını çıxarmalıdır”. Türklər dünyanın harasında olur olsun yad tapınaqlara da öz tapınaqları kimi sayğıyla yanaşıblar. Ermənilər indi “Ermənistan” adlandırdıqları Batı Azərbaycandan Qarabağadək məscidlər başda olmaqla qabaqlarına çıxan nə varsa hamısını dağıdıb yox ediblər. Ən başlıcası, ermənilər 21-ci yüzilin astanasında Xocalı soyqırımını törədiblər, Ağdam boyda şəhəri Yer üzündən siliblər! Görünür, Avroparlamentdə bütün bunları bilən yoxdur!
Avroparlament Türkiyə prezidenti R.T.Ərdoğanın erməni “genosidini” tanıyan Roma Papası Fransiskə cavabına da toxunub: “Papaya verilən cavab Türkiyənin bizdən çox seçildiyini göstərir. Ərdoğan inkarçıdır. Heç kim Papa ilə bağlı mafiyasayağı açıqlama verə bilməz”. Bilərəkdən bu detalın üzərində ayrıca dayanıram. Avroparlament bu bir neçə frazayla yalançı erməni “genosidi” ilə bağlı qondarma qərarına özü açıqlama verir, aydınlıq gətirir. Baxın: Roma Papası adlanan kimsə – xristianlığın başçısı – çağdaş dünyanın gözünün qabağında Xocalı soyqırımını törətmiş terrorbaşı-prezident Sərkisyanın diliylə danışaraq yalançı erməni “genosidini” tanıdığını bildirməklə Türkiyə xalqına, Türkiyə dövlətinə yolverilməz suçlamada bulunur. Türkiyə prezidenti Ərdoğan görəv borcunu yerinə yetirərək, konkret faktlardan çıxış etməklə başında durduğu xalqı, dövləti yalançı suçlamadan qorumağa qalxır. Bu isə BÜTÜNLÜKLƏ DEMOKRATİYA PRİNSİPLƏRİNƏ UYĞUN GÖRSƏNİŞDİR. Bununla bağlı Avroparlamentin Türkiyə prezidentini suçlamasına baxın: “mafiyasayağı açıqlama”. Bunun adı nədir? Adımı sənə qoyaram! Görünür, bunlar hansısa etkidən İtaliyayla Türkiyənin yerini qarışıq salıblar: bəlli olduğu kimi, İtaliya dünyada mafiya ölkəsi olaraq tanınır! Deyəsən, bunlar (başlıca olaraq, Avroparlament) tarix gerçəkləri bir yana, çağdaş dünya gerçəklərini də öz istəklərinə, özümlü doktrinalarına uyğun görüb-anlamaq, sonra da özlərindən gücsüz bildiklərinə sırımaq illüziyasına qapılıblar! Elə doktrinalarına, illüzor baxışlarına, istəklərinə uyğun olaraq da ermənilərlə bir kampaniyada Türkiyə başda olmaqlaTürklük üçün Prokrust yatağı yaratmağa çalışırlar…
Tarixi dərindən bilməli
Avroparlamentin düşük qərarı ilə bağlı Türkiyədən, Azərbaycandan təpkilər var. Bir sıra təpkilərdə erməni lobbisinin qərarla bağlı rolu çox şişirdilir. Bu bizə uğur gətirməyəcək yanlış yanaşmadır. Erməni lobbisinin dünya siyasətində aktiv rol oynamağa çalışması faktdır, ancaq çalışma başqadır, sonuc başqa. Ermənilərin uğuru çevik siyasət yürütməklə konyunkturaya uyğun girişimlərindədir. Erməniliyin Azərbaycanda kök atması, Azərbaycanda erməni dövləti yaradılması ilə bağlı faktları dərindən-dərinə öyrənmək bu günlər baş verənləri anlamaq üçün ən yaxşı açardır. Avroparlamentin indiki yalançı “genosid” qərarına işıq salacaq çağdaş bir fakta toxunmaqla tarixə üz tutacam. 2013-cü ildə, seçki ilinin başlanğıcında, İ.Əliyevin Avropa birliyində keçirdiyi bir sıra ilginc görüşlərdən, başlıcası da çooox ünlü Avrokomissar Joze Manuel Barrozo ilə görüşdən sonra sonuncu bütün dünyaya belə səslənmişdi: “İlham Əliyev demokratik liderdir”. Bundan sonra ortaya 58 faizlik seçki saxtakarlığı çıxmışdı – Avroparlamentin indiki “genosid” saxtakarlığı kimi bir saxtakarlıq! Düzünə qalsa, indiki “genosid” saxtakarlığı keçən seçki saxtakarlığından çox-çox ötə gedib: burada ən azı yüzdə 98-dən danışılmalıdır! Axı, istər Türkiyə, istərsə də Azərbaycan Türklərinin özünüqoruma hüququndan yararlanma sonucu olaraq ermənilərdən də ölənlər olub – bax, biz bunu dana bilmərik, danmırıq da!
Kerzon – Çörçil planı
Yaramazlığın başında şair-diplomat A.S.Qriboyedov dururdu. Çar I Nikolayın göstərişi ilə Qriboyedov ermənilərin İrandan Rusiyaya köçürülməsi işinə baçılıq etməli idi. Ermənilər sevmədikləri İrandan-müsəlmanlıqdan uzaqlaşmaq üçün Rusiyanın içərilərinə köçmək istəyində idilər. Erməniliyin xarakterinə, psixologiyasına çox tez yetik olmuş ayıq-duyğusal Qriboyedov çara aşağıdakı məktubuyla ermənilərin köçüb Rusiyada yerləşmək istəklərini gözlərində qoymuşdu: “Əlahəzrət, ermənilərin orta rus topraqlarında yerləşmələrinə yol verməyin. Onlar elə soydurlar bir neçə on il yaşayandan sonra bütün dünyaya bu topraqların onlara ata-babalarından qaldığını car çəkəcəklər”. Beliklə, ermənilər Qarabağdan Batı Azərbaycanadək (indiki “Ermənistan”) Azərbaycanda yerləşdirilmişdilər.
İngiltərənin baş baxanı Çörçil yəhudiləri “düzgün yönətilməsi gərəkən dağıdıcı güc” adlandırırdı. 1948-ci ildə ərəb dövlətləri arasında yəhudi dövlətinin – indiki İsrailin yaradılması projesinin başında Çörçil dururdu. Onun strategiyası yəhudilərlə bağlı dediklərindən bəllidir: “düzgün yönətilməsi gərəkən dağıdıcı güc”. Qalanı sizin gördüklərinizdir: sonu görünməyən ərəb-müsəlman qırğınları!
Çörçil başlayan-pioner deyildi, ingilis dövlətinin istəklərinə uyğun bufer dövlət yaratmaq kimi uğurlu praktika ona İngiltərənin keçmiş dış işlər baxanı Kerzondan qalmışdı. Kerzon I dünya savaşı dönəmində Türkiyə ilə Azərbaycan arasında erməni dövləti yaratmaq planını (“Kerzon planı”) qurmuş, İngiltərə içində olduğu Antanta (İngiltərə-Fransa-Rusiya) ilə birgə bu planı gerçəkləşdirmişdi. Kerzon planına görə, Türkiyə ilə Azərbaycan arasında ZOLAQ yaradılmalı, sonra ermənilər o zolağa yerləşdirilməli idi. Ermənilər bölgəni tutmuş Antanta güclərinə arxalanaraq qanlı qırğın yoluyla özlərinə Türklərdən arındırılmış zolaq, ardınca da yenə Antanta güclərinin yardımı ilə dövlət yaratdılar. Başlanğıcda ermənilər 9 min kv km topraq ələ keçirmişdilər, indi onlar ardıcıl aqressiya-qırğın-terror yoluyla Qarabağ qarışıq Azərbaycandan 50 min kv km topraq qoparıblar.
Ermənilərin gizli gücü
Almanya imperatoru II Vilhelm ingilislərin Avropanı savaşa sürükləyən bir sıra işdəklərindən soraq tutunca acıqlanaraq demişdi: “İndi biz heç bir duyğumuzu əsirgəmədən bu kələklərin üstünü açmalıyıq! Bizim Türkiyədəki, Hindistandakı konsullarımız, agentlərimiz bütün müsəlmanları bu alverçi, barışmaz, ikiüzlü, vicdansız xalqa qarşı qızğınlıqla ayaqlandırmalıdırlar. Qoy bizim canımız çıxsın, ancaq İngiltərə ən azı Hindistanı itirsın!” Ola bilsin, II Vilhelm ingilislərə bir elə qızğınlıqla acıqlanmasında düz idi, ancaq verdiyi göstərişdə o, çox gecikmişdi: onun göstərişinədək ingilis diplomatları, ingilis agenturası Avropada elə tor toxumuşdu Almaniya, Türkiyə, Rusiya, Fransa içində olmaqla Avropanın böyüklü-balacalı bir çox dövlətləri Birinci Dünya Savaşına sürüklənmişdi. II Vilhelm o göstərişi 1914-cü ildə vermişdi – Birinci Dünya Savaşı başlayan ildə! “Frans Ferdinanda atılan güllə üzündən” tezliklə başlayan dünya savaşı II Vilhelmin, ola bilsin, çox dəyərli göstərişini bütünlüklə alt-üst etdi…
İngilis konsul-agenturası Türkiyənin içində böyük iş aparmaqla erməniləri, demək olar, bütünlüklə Türkiyə dövlətinə qarşı qaldırmışdı. Ermənilər o çağlar Türkiyə dövlətində istər say, istərsə də kateqoriya-görəv baxımından çox yüksək yer tuturdular. Erməni bicliyinə aldanmış Osmanlı sultanı onlara “sadiqi-milliyə” adı vermişdi. Osmanlıda ermənilər Anadolu Türklərindən qat-qat artıq üstünlük qazanmışdılar. Bütün bunlara baxmayaraq, ingilis diplomatiyası dönük erməni xarakterindən yararlanmaqla az bir arada onları Türklərin, Türkiyə dövlətinin qatı, barışmaz düşməninə çevirmişdi. Arxasında ingilis, rus güclərini görən, onlardan istədiyi yardımı artıqlamasıyla alan ermənilər geniş qol-qanad açaraq dənizdən dənizə (Qara dəniz, Xəzər dənizi) “Böyük Ermənistan” yaratmaq işinə girişmişdilər. O çağlar iki Azərbaycanın birləşdirilməkdə olduğundan soraq tutan alman kəşfiyatı hökumətinə belə bir önəridə bulunmuşdu: “Türkiyə Ermənistanı ilə Rusiya Ermənistanı birləşdirilməli, onların öz limanı, öz dəmir yolu olmalıdır”. 1914-cü ildə barışmaz yağılıqda bulunan Almaniya-İngiltərə dövlətləri 1918-ci ildə Azərbaycanın birləşdirilməsi ideyası ortaya çıxınca bir araya gələrək birləşmənin baş tutmasına yol verməmişdilər – onlara böyük, güclü Azərbaycan deyil, böyük, güclü Ermnənistan gərək idi! Çağımızla səsləşən daha bir ilginc fakt: 20-ci yüzilin başlarında Azərbaycanın birləşməsini əngəlləyənlərdən birinin soyadı Koks olduğu kimi, 20-ci yüzilin sonlarında Dağlıq Qarabağa ardıcıl gəliş-gedişləri ilə Azərbaycanı parçalamağa çalışanlardan birinin soyadı da Koks idi – baronessa Kerolayn Koks – İngiltərə parlamentinin vitse-spikeri. Bunu elə-belə, hərdən politikalarla politiklərin bağlantılı olduğunu göstərmək üçün yazdım. Hərdən…
XALİQ BAHADIR. AVROPARLAMENTİN “GENOSİD” QƏRARI – DİPLOMATİK İNTERVENSİYA
Aprel 19th, 2015 admin