Güney Azərbaycanda gedən proseslərin mahiyyəti və Dünyanın ona münasibəti

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Bu gün biz Ocaq-türk ilsırası ilə (təqvimi ilə) Od (iyul) Ayında yenə sizinlə yeni bir mövzuda ünsiyyət məqamın­dayıq. Azərbaycanın köklü problemlərinə Mütləqə İnam meyarı ilə baxış sərgiləmək və çıxış yolları istiqamətində öz axtarışlarımızı ortaya qoymaq amacındayıq. Problemlərin əsil mənasına diqqət yönəltməklə insanlarımızın ağlında təzə hal yaratmaq istəyirik. Azərbaycanın çoxdan çözülməli olan, ancaq çözülməyən problemləri istiqamətində düşüncələrin inkişaf etməsi və fəallığın artması lazımdır. Düşünmək və düşündürmək zaman-zaman bizi elə bir mərhələyə aparıb çıxaracaq ki, orda artıq prinsipial addımlar atmaq lazım olacaq. Ancaq bu prinsipial addımların atılması üçün də prinsipial zəmin hazırlanmalıdır. Biz qəti əminik ki, Azərbay­canın ruhani, siyasi durumu kökündən dəyişilməlidir. Bu dəyişiklik onun bütövləşməsi ilə sonuclanmalıdır. Dünya nə düşünür düşünsün, yaxud öz insanlarımız nə düşünürsə düşünsün, zərurət həqiqəti deməyi tələb edir – axıra qədər və qəti. Bizim yenidən Güney Azərbaycan məsələsinin üzərinə qayıtmağımız ona görədir ki, xalqımız öz içinin tələbi ilə azadlıq və bütövlük ideyasıyla yaşamasa, Azərbaycanın ruhani, dünyəvi inkişafından bəhs eləmək mümkün olmayacaq. Hələ ki Güney Azərbaycan problemi elə bir mürəkkəb dərinlikdə qavranılır ki, onun həlli yolları, yaxud həll oluna bilməsi təsəvvürlərə sığmır. Biz hesab edirik ki, Güney Azərbaycanın azadlığına, eləcə də Azərbaycanın bütövlüyünə yönəlik istəklər elə bir səviyyəyə çatmalıdır ki, bu istəklər problemin fəlakətli durumundan, yaxud çıxılmazlıq təsiri bağışlamasından yüksəkdə dayansın. Prob­lem­lər dərin, onun həllinə yönəlik istəklər dayaz olduğu halda biz xalqımızın gələcəyinə nikbin baxa bilmərik. Güney Azərbaycanda gedən proseslər, hər zaman vurğuladığımız kimi, bizi hədsiz dərəcədə həyəcanlandırır. Azərbaycanın aqibətində indiki yüzillikdə yeni faciənin yaranması ehtimalı o qədər böyükdür ki, narahatlığımızı gizləyə bilmirik və bu qayğını yurddaşlarımızla bölüşmək istəyirik.

İndi isə birbaşa mövzuya girək. Güney Azərbaycanda gedən proseslərin mahiyyəti; dünyanın ona münasibəti; Azərbaycan birləşə bilərmi?! Ağşın bəyi dinləyək.

SAM_1275

Ağşın Ağkəmərli: Çox sağ olun. Mən sevinirəm ki, biz öz qəlbimizin çağırışı ilə təkrar iş başındayıq. Güney Azərbaycana yönəlik rahatsızlığımız bizi bu gün də bu qayğıları yaşamaq üçün yenidən məsuliyyət qarşısına gətirir. Mən bu məsələlərin mənasına varmaq üçün əsas iki amilə diqqət yönəltmək istəyirəm. Bunlardan biri regionda gedən çaxnaşmalardır, digəri isə xarici ölkələrin bu regiondan tələbləri, istəkləridir. Eyni halda burada başqa etniklərin həyatında baş verən siyasi proseslərin həmin xarici qüvvə­lərin niyyətləri ilə uzlaşması. Sonra Azərbaycanımızın bütün bu deyilənlərin əhatəsində necə davranması hadisələrin sonrakı gedişləri üçün çox əhəmiyyətli bir məsələdir. Bunun üçün həm ideoloji prinsiplər müəyyənləşməlidir, həm də keçmişimizdə baş verənləri öyrənməli, bugünümüzlə uzlaş­dırıb doğru nəticələr çıxarmalıyıq. Bizim bir millət olaraq durumumuz elədir ki, Soylu bəyin dediyi kimi, keçmişdəki səhvlərimizi təkrar yaşamaq ehtimalımız çox yüksək görünür. Biz səhvləri niyə təkrar eləyə bilirik, – çünki biz keçmişimizə, tariximizə özgələrin tərtib elədiyi bir planla, bir səviyyə ilə yanaşırıq. Azərbaycan türklərinin həyatında XX yüzilin əvvəllərindən, hətta XIX yüzilin axırlarından başlaya­raq start götürən elə qaranlıqlar vardır ki, biz o qaranlıqları hələ də tam işıqlandıra bilməmişik. O qaranlıqlar nədən ibarətdir?! – Burda böyük bir dəyişiklik gedir. Elə bir dəyişiklik ki, onun arxasında İngiltərə, Rusiya və Amerika durur. Tarix yenə təkrar olunur. Türk birliyi ortaya gəlir. Bu isə həmin qüvvələri narahat etməyə başlayır. Diqqət yetirin: Nəsrəddin Şah Qacar türk dövlətlərinin bir-birinə diqqətinin artırılması üçün Osmanlı Türkiyəsinə getmişdi və orada danışıqlar aparmışdı. Öz kimliklərini ortaya qoymaq məsələsi qabardılırdı. Ancaq həmin qüvvələr necə mənfur planlar hazırlayıb həyata keçirirdilər. Bu gün də Güney Azərbaycan­da, daha doğrusu, İran adlanan o ərazidə minillik türk dövlətçiliyinə zərbələr işlənib hazırlanır.

Yeri gəlmişkən, bir məqamı xatırlatmaq istəyərdim. Bizim öyrənilməmiş tarixi boşluqlarımız var. Məncə bunları biz öyrənib düzgün qiymətləndirsək, ənənə kimi karımıza gələ bilər. 1850-ci illərdə Güney Azərbaycanda “Məmaliki Azərbaycan” adında bir qəzet çıxırdı. Və bu qəzet o dönəmdə millətləşmə işində müəyyən rol oynayırdı. Xalqın milli şüu­ru­nun inkişafında, ayrı-ayrı milli istəklərin, milli tələblərin gündəliyə gətirilməsində əhəmiyyətli təsirə malik idi. Bu gün biz həyatımızdakı böyük boşluqları doldurmaq üçün yaxın keçmişimizdə özəl məqamları işıqlandırsaq doğru olar. O səbəbdən ki, orada biz həm ciddi axtarışlar eləmişik, həm də ciddi səhvlər yaşamışıq. Türk birliyinin bu gün də gündəmə gəldiyi bir məqamda ona mane olacaq amilləri həm bu gün əhatə olunduğumuz proseslərin gedişindən dərk edə bilərik, həm də dediyim kimi, tarixi qüsurlarımızın dürüst çözülüb qiymətləndirilməsindən. Bilirsiniz ki, bizi bir arada saxlaya biləcək əsas amillərdən biri dilimizin işləməsi və qorunma­sıdır. Xatırladıram ki, Osmanlı dövlətində bizim dilimiz əsaslı zədə götürmüşdü. O səbəbdən idi ki, türk birliyinin formalaşması bu günə qədər çətin durumdan çıxa bilmir. Güney Azərbaycanda da bizim dilimiz həmin taleni yaşayır. Avropa meyilli özümüzünkülər bu məsələni daha da çətin duruma yuvarlayıblar – o vaxt da, bu vaxt da. Bu proseslər hamısı vurğuladığım kimi, İran adlanan ərazidə minillik türk dövlətçiliyinin təsirini tamamilə heç eləmək planlarının tərkib hissəsidir. O dövrdə bu işin əsasını qoymaq üçün 20 il ərzində dəhşətli bir soyqırım həyata keçirdilər. Lap elə Səttarxançılığın məğlubiyyəti də bu soyqırım planlarına daxil idi. Əslində soyqırım `planı bu gün də dayanmayıb. Tarixdən bəllidir ki, Efromov İran hərbi geyimində bu prosesin başında dururdu, lordlar da prosesə ciddi dəstək verirdi. Soyqırım nəticəsində elə bir boşluq yaratmışdılar ki, Rusiya və İngiltərə razılıq əsasında 1944-cü ildə Rza xanı hakimiyyətə gətirmişdilər. Bütün bu məsələləri ona görə vurğulayıram ki, bu gün də Güney Azərbaycanın taleyində bənzəri ssenarilər işlənib hazırlanır.

Ona görə bu gün biz Güney Azərbaycan məsələsi ilə bağlı düşünəndə ingilis və rus hərəkətlərini gözardı eləyə bilmərik.

Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız!

Güney Azərbaycanda gedən proseslərin mahiyyəti, dünyanın Güney Azərbaycanda gedən proseslərə münasibəti, Azərbaycan bütövləşə bilərmi? Bizim bugünkü mövzumuz budur. Görünür bu mövzu bizim üçün uzun müddət (öz ədalətli həllini tapana qədər) gündəmdə olacaq bir mövzudur. Ümumiyyətlə, Güney Azərbaycanda hansısa proseslər gedirmi? Əgər Güney Azərbaycanda proseslər gedirsə, hansı yöndə gedir? Əvvəla onu deyək ki, Güney Azərbaycanın yerləşdiyi İran adlanan coğrafi ərazidə, oturuşmuş bir dövlətçilik var – tarixi yüzillərlə ölçülən. Və həmin dövlət­çilik çox təəssüf ki, bu gün bizim maraqlarımıza xidmət etməyən siyasi bir qurumdur. Bu dövlət fars millətçilərinin və beynəlxalq güclərin siyasi maraqlarına xidmət edir. Onun həm qonşuları ilə, həm də beynəlxalq münasibətlər sistemin­də özünəməxsus siyasəti var. Təbii ki, qonşu dövlətlərin, bütövlükdə dünyanın da İran adlanan dövlətə qarşı öz baxışı var. Orada gedən proseslər Güney Azərbaycanı hara aparıb çıxarır? Əslində bizə görə Güneydə gedən proseslər idarə olunan proseslərdir – mahiyyətcə İran dövləti və beynəlxalq güclər tərəfindən idarə olunur. Güneydəki proseslər ciddi şəkildə nəzarət altındadır. Güneydə ayrı-ayrı dövrlərdə müxtəlif hadisələr baş verir. Və həmin hadisələrə əsarətdə olan, milli dövlətçilik şüuru olmayan insanlar kortəbii münasibət yaradırlar. Hadisələri törədənlər qabaqcadan hadisələrin nə ilə nəticələnəcəyini bilirlər. Ayrı-ayrı insanlar həbs olunur, zindanlara atılırlar və həmin hadisələr müəyyən bir müddətdən sonra səngiyir. Bir sözlə, hadisələr İran dövlətinin tam nəzarəti altında baş verir. Əslində müstəqil addımlar atılmır. Müstəqil addımların atılmaması onu göstərir ki, Güney Azəraycan hadisələrin bir obyektidir. Çox təəssüf ki, Güney Azərbaycan hadisələrin subyekti ola bilmir. Çünki şərtləri diktə edən tərəf hadisələri törədən qüvvələrdir. Hadisələrin bu gedişatı isə Güney Azərbaycanın əsarət ömrünün uzanmasına gətirib çıxarır. İran dövləti özünün bölünməzliyini qoruyub saxlamaq üçün həm ölkə daxilində, həm də dünya miqyasında ciddi bir siyasət yürüdür. İran ilk növbədə qonşuları ilə, xüsusən də Quzey Azərbaycanla olan münasibətlərində bu məsələyə xüsusi önəm verir. İran özünün dövlət təhlükəsizliyi məsələsini təkcə ölkə daxilində deyil, eyni zamanda həm də ölkə xaricində ciddi-cəhdlə qorumağa çalışır. Biz adətən danışanda Azərbaycanda baş verən hadisələrə Türk Dünyasında baş verən hadisə kimi baxırıq. Doğru da edirik. İran da son vaxtlar bu yöndə addımlar atmağa başlayıb. Farsdilli dövlətlərin – İran, Tacikistan və Əfqanıstanın birliyini yaratmaq üçün ciddi səylər göstərməyə başlayıb. İran türk dövlətlərinin münasi­bət­lərinin korlanması yönündə də ciddi addımlar atır. Qırğızıstan–Özbəkistan münasibətləri fonunda bunu aydın görmək olar. İranın Mərkəzi Asiya bölgəsində “siyasi oyunçu”ya çevrilmək istəyi artıq adi gözlə görünəndir. Şanxay Əməkdaşlıq Təşkilatında da İranın iştirak etmək istəyi bu qəbildəndir. İranın Mərkəzi Asiya dövlətlərində baş verən hadisələrdə tutduğu mövqe həm antitürk, həm də antirus mövqedir. İran Qafqazda da baş verən hadisələrin fəal iştirakçısına çevrilmək istəyir. İran-Gürcüstan münasibətləri durmadan  inkişaf edir. Gürcüstanla vizanın aradan qaldırılması, ehtimal olunan silah alveri, enerji məslələri və s. Ermənistanla olan münasibətlər isə Azərbaycanın, bütövlük­də Türk Dünyasının əleyhinə olan münasibətlərdir. İran Quzey Azərbaycanda güclü şəkildə işləyir. İran Türkiyə və İraqla da öz təhlükəsizliyini qorumaq baxımından ciddi iş aparır.

İndi gələk İranda gedən proseslərə dünyanın münasibəti məsələsinə. Dünya İranın  bütövlüyünü istəyir, ya yox? – Dünya İranın bütövlüyünü istəyir. (Əslində dünya deyiləndə ən çox Qərbin hegemonluğu nəzərdə tutulur). Qərb sadəcə olaraq İranda gedən prosesləri idarə etmək istəyir. Orada olan enerji qaynaqlarını əldə etmək üçün çalışır. Bunun üçün isə İranda olan siyasi rejimin dəyişilməsini istəyir. Qərb ona isti münasibəti olan bir rejim qurmaq istəyir İranda. Amma başqa bir məqam da var ki, dünyanın böyük siyasi gücləri, güc mərkəzləri dünyada daha çox dövlətlərin yaranmasını istə­yirlər. Bu istək İrana münasibətdə mənə elə gəlir ki, özünü doğrultmur. Təbii ki, burada yenə Azərbaycan-türk amili var. Yuqoslaviyanı bölən Qərb İranı bölmək istəmir. Qərb İrana qarşı başqa addımlar atsaydı, İran parçalanardı.

İran Quzey Azərbaycana ikitərəfli vizasız gediş-gəliş təklif edir. Bu indiki halda İranın xeyrinə olardı…

Güney Azərbaycan məsələsi ümumtürk məsələsidir. Türk dövlətləri birliyinin yarana bilməməsi Güney Azərbaycan məsələsində İrana əlavə stimul verir. Ayrı-ayrı türk dövlətlərində Güney Azərbaycan məsələsinin qabardılması İrana qarşı böyük təpki ola bilərdi.

Quzey Azərbaycanda Güneydəki proseslərə münasibət çox üzdədir. Güneydə hansısa bir hadisə baş verir və bu hadisənin təsiri ilə Quzeydə İrana qarşı pərakəndə şəkildə etiraz  olur. Quzeydə müxtəlif adda birliklər yaranır, dəyirmi masalar, piketlər və s. keçirilir. Güneydə hadisələrin səngi­məsi ilə eyni vaxtda Quzeydə də münasibət növbəti hadisəyə qədər səngiyir. Quzey Azərbaycanda Güney Azərbaycanla bağlı gedən proseslər hadisədən hadisəyə gedən proseslərdir. Quzey Azərbaycanda Güney Azərbaycanla bağlı ardıcıl və davamlı şəkildə iş aparılmır. Vahid Azərbaycan ideyası zəif təbliğ olunur. Quzey Azərbaycan İranla münasibətləri naminə Güney Azərbaycanın maraqlarını qurban verməməlidir.

Mən bir məsələyə də toxunmaq istərdim,  – Güney Azər­bay­candan olan mühacirlər məsələsinə. XX əsrdə Güneydə baş vermiş inqilabların məğlub olması nəticəsində milyon­larla güneyli vətəni tərk etmək məcburiyyətində qalmışlar. Çox təəssüf ki, bu insanların mütləq əksəriyyəti Güneyimizin Azadlığı üçün sonradan heç bir fəaliyyət göstərmirlər. Bu insanlar Güney Azərbaycan dərdinin daşıyıcısına çevrilmir­lər. Köçdükləri ölkələrin halını Azərbaycana gətirmək istəyirlər. Məncə bütün bu çatışmazlıqların əsas səbəblə­rindən biri odur ki, son onilliklər ərzində Güney Azərbay­canda bəlli bir lider yetişməyib. Güneydə gedən proseslərə rəhbərlik etmək üçün mütləq lider yetişməlidir.

 Ağşın Ağkəmərli: Mən burada bir fikir əlavə eləmək istəyərdim: – ideoloji boşluq məsələsi ən əsas problemimiz olduğuna görə mən bu məsələnin üzərində çox dayanıram. Bilirsinizmi, İslam dini bu gün bir türk olaraq bizim boşluqlarımızı heç bir cəhətdən təmin edə bilmir. İslam bizi birləşdirən bir amil kimi çıxış edə bilmir. Bu gün Türkiyədə bu yöndən  çabalar göstərilir. Ancaq düşünürəm ki, bu çabalar Türkiyə hökuməti tərəfindən tamamilə boşuna sərf olunur. Çünki keçmişdə də bu çabalar olmuşdu. Biz gördük ki, Osmanlı imperiyasını son vaxtlarda zavala uğradan məhz İslam olmuşdur. Yəni o bu dövlətdə birləşdirici rol oynamaq üçün öz mahiyyətini, potensial gücünü itirmişdir. Doğrudur, burada başqa amillər də axtarmaq mümkündür. Ancaq əsas çöküş ideoloji olaraq məhz İslam dünyabaxışından qaynaq­lanmışdır. Bu gün də bizim ideoloji boşluğumuz olduğuna görə bir araya gəlib kimliyimizi ortaya qoya bilmirik.

SAM_1287

Soylu Atalı: Biz Güney Azərbaycanda gedən prosesləri izləyərkən, ona münasibət bildirərkən, təbii olaraq Güney Azərbaycanın əhatə olunduğu bölgələrdə gedən proseslərdən yan keçə bilmirik. Çünki bu proseslərin hamısı bir-birinə təsir göstərir. İstəsək də, istəməsək də, bu proseslərin hamısı bir-birinə bağlanır. Hətta təkcə bölgələrdəki proseslər deyil, dünyanın o başında gedən proseslər də bunlara təsir göstərir. Çünki dünyanın o başında olanın burada marağı var. Lakin düşünürəm ki, biz Güney Azərbaycanda gedən proseslərə, tamamilə fərqli bir mövqedən yanaşmalıyıq. Yəni Güneydən kənarda gedən prosesləri hesablamalıyıq, ancaq bizi gözləməyə məcbur edən təsirlərini nəzərə almamalıyıq. Əgər biz Güney Azərbaycandakı prosesləri ondan kənardakı təsirlərə (asılılıq səviyyəsində) bağlasaq, məsələnin həlli istiqamətində hər hansı qənaətə gəlib çıxa bilməyəcəyik. Çünki Güney Azərbaycan ətrafındakı bölgələrdə gedən proseslər elə bir xaos yaradır ki, bu xaosun içində Güney Azərbaycanın problemləri görünmür. Belə olan təqdirdə onun həllindən danışmaq, ümumiyyətlə, gərəksiz bir çaba təsiri bağışlayır. Gəlin bir məsələyə diqqət yetirək. Dünyanın hər yerində küçə mübarizələri var. Küçələrə meyil edən insanların etirazı yaşadıqları ölkədə sosial ədalətsizliyə qarşı yönəlir. Yaxud öz istədikləri nümayəndələrini hakimiyyətə gətirmək, deputat seçmək və s. tələblərlə küçələrə çıxırlar, polislərə daş atırlar, ya butulka atırlar, ya yumurta. Bu cür mübarizə formaları xüsusi düşünülüb, tərtib olunub, qanuniləşdirilib. Yəni bu, icazə verilən etiraz formasıdır. Hətta bəzən bu etirazçıların tələblərini həll edirlər də. Etirazçılar da elə hesab edirlər ki, bu cür küçə həşirləri ilə bütün tələbləri zaman-zaman həll eləmək olar. Bu üsulla mübarizə aparmağa sivil mübarizə adı qoyurlar və əslində ciddi etirazların böyüyüb silahlı inqilablara çevrilməsinin qarşısını alırlar. Bəlkə də hansısa xırda məsələləri həll eləmək üçün küçə həşirləri də lazımdır. Ancaq elə böyük məsələlər var ki, onları küçə həşirləri ilə həll eləmək mümkün deyil. Məsələn, konkret Güney Azərbaycan problemlərini bu cür mübarizə üsulları ilə həll eləmək heç vaxt mümkün olmaya­caq. Güney Azərbaycanın problemi sosial-ədalət problemi deyil, yaxud kiminsə yerinə kimisə hakimiyyətə gətirmək də deyil. Demirəm ki, Güney Azərbaycanda ədalətsizliklər aradan qalxıb, sosial problemlər yoxdur. Deyirəm Güney Azərbaycanı bu cür problemlərə bağlamaq olmaz. Onun dərdi Milli Azadlıq dərdidir – assimilyasiyaya uğrayaraq ərimək və yox olmaq dərdidir. Ancaq çox təəssüf ki, Güney Azərbay­canda mübarizə pərakəndə xarakter daşıyır və sosial ədalətsizliyə qarşı edilən etirazlar səviyyəsində zahiriləşir. Küçə ehtirasları üstünlük təşkil edir, nifrət boşuna yönəlir, hiddət boşuna xərclənir. Bunun da iki mühüm səbəbi var. Birincisi, mübarizə konsepsiyası yoxdur. Ardıcıl, nizamlı yön yaradan, hədəflərə doğru yolun müəyyənliyi bəlli deyil. İdeyasızlıq boşluğu hər addımda öz təsirlərini göstərir. İnsanlar nə istədiklərini dərin mənada bilmirlər. Vahid gücün olacağına, formalaşacağına inam yoxdur. İkincisi, möhkəm əqidəli, xəlqi ruhu özündə əks etdirən, fəal şəkildə hadisələrə nəzarət edib onu yönəldə bilən öndər yoxdur. Şəxsiyyətin yaranmaması və ideyanın olmaması ucbatından vahid qüvvə yaranmır, ayrı-ayrı təşkilatlar yaranır və bu təşkilatlar da çox vaxt bir-biri ilə rəqabət aparır. Hər hansı bir təşkilatın rəhbəri fəal iş aparmaq üçün İrana qarşı olan dövlətlərin yanına qaçır, maliyyə imkanı əldə eləmək istəyir, xarici dəstək qazanmağa çalışır və nəticədə bilərəkdən, yaxud bilməyərəkdən həmin xarici qüvvələrin buyruqçusuna, əlaltısına çevrilir. Xalq da belə adamlara inanmır, onları satılmış sayır. Beləliklə, böyük kütlə başsız qalır və pərakəndə addımlarla səhvlər edir. Sağlam adamlar zindanlara atılır, girov götürülür və s. və i.a. Nəzərə almaq lazımdır ki, xarici qüvvələr öz maraqlarını bir qırağa qoyub hansısa qrupun, təşkilatın gücünü artırmağa həsr olunmazlar. Yardımı o kəslərə edirlər ki, onlardan öz mənafeləri üçün istifadə etsinlər. Milli Mübarizə çox ağır bir prosesdir. Bu ağırlığın altına girmək üçün bəzən illərlə işləmək lazım gəlir. Ancaq bir daha vurğulayıram, təəssüf ki, bizim insanlarımız mübarizəni xalqın içinə yox, kənar amillərə bağlayırlar. Xarici qüvvələrin yaradacağı dəyişikliyə ümid bəsləyirlər ki, ondan bəhrələnsinlər. Dəyişikliyi kənar amillərin doğuracağını gözləmək düzgün deyil. Bax, Güney Azərbaycanda gedən prosesləri bu kontekstdən öyrənmək və bu istiqamətdə hansı addımları ata bilməyin mümkünlüyünü dərk eləməklə konkret iş görmək lazım gələcək…

İndi dünyanın Güney Azərbaycanda gedən proseslərə münasibətinə ötəri bir nəzər salaq. Bu gün bütövlükdə Azərbaycanın problemi Siyasi Dünyanın (dünyanın başqa problemləri ilə müqayisədə) sanki qulağına girmir. Dünyanın problemlər standartı var və Azərbaycanın problemlərini bu standarta daxil eləmirlər. Azərbaycana sonuncu dərəcəli hadisə kimi baxırlar. Bu vaxta qədər heç bir xarici informasi­yalarda mən Güney Azərbaycanın problemlərinin adının tutulmasına rast gəlməmişəm. Dünyanın Güney Azərbaycana münasibəti ayrıca öyrəniləsi məsələdir. Əgər Siyasi Dünya­dan soruşsan ki, niyə sənin gündəliyində Güney Azərbaycan məsələsi yoxdur. Deyər ki, siz özünüz nə vaxt bu məsələni bizim gündəliyimizə təqdim eləmisiniz?! Guya təqdim eləyən kimi ədalətli yanaşmalar olacaq. Neçə illərdir Qarabağ işğal olunub deyə Azərbaycan haray çəkir, Dünya Gücləri isə bu problemin üstünə örtük çəkməklə məşğuldur. Ona görə də “Dünya Gücləri”nə bel bağlamaq yuxuya dalmaq kimi bir şeydir. Siyasi Dünya əlindən gələni edəcək ki, Güney Azərbaycan probleminin gündəliyə gəlməsini müxtəlif bəha­nə­lərlə əngəlləsin. Mən düşünürəm ki, Güney Azərbaycan məsələsi ilə bağlı Türk Dünyasını fakt qarşısında qoymaq lazımdır. Yəni Güney Azərbaycana İran adlanan dövlətin daxili işi kimi yanaşmanı ən azı diqqətlərdə aradan qaldırmaq lazımdır. Güneyli insanlarımızı avantüralara sürükləyə bilirlər, onları həbs edirlər, girov götürüb nəyinsə müqabilində (ən çox böyük həcmdə pulun) buraxırlar və s. Bu kimi məsələlərə biganə qalmaq olmaz. İnsanlarımızı bu fəlakətlərin əlində qoymaq – bir bölgənin acısı deyil, bütövlükdə Türk Dünyasının dirçəlməsinin, bir araya gələ bilməsinin  qarşısını kəsən maneədir. Türk öz problemlərinin həlli üçün dünyanı silkələməlidir. Güney Azərbaycanın bu durumda qalması heç bir vaxt Türk Birliyinin yaranmasına imkan verməyəcək. Əlbəttə, burada ideoloji boşluğun zaman-zaman aradan qaldırılması başlıca şərtdir. Mən qəti əminəm ki, Güney Azərbaycanı fars əsarətindən xilas eləmək İslamla əsaslı şəkildə mübarizəyə başlamaq tələb edir. Biz istəsək də, istəməsək də bu qabardılmalıdır. Ağşın bəyin dediyi kimi, bu gün İslam türkün heç bir milli tələblərinə cavab vermir. Farsın əlində İslam adlanan siyasət var, İslam adlanan buxov var, dəyənək var və bununla Güney Azərbaycanı məhv edir. İslam – əsarət mexanizmidir. Biz bunun mahiyyətini dönə-dönə açmışıq və mətbuatda çıxış eləmişik. İranla mübarizə İslamla mübarizə səviyyəsinə qalxmasa, əsarət buxovunu sındıra bilməyəcəyik. Bu yöndə də xalqın içində güclü maarifçilik işi getməlidir. Ruhumuzu xilas eləmədən vətənimizi qura bilməyəcəyik.

Abil Ulusoy: Aydındır ki, Güney Azərbaycan məsələsin­də onun yerləşdiyi bölgə, onun qonşuları, dünyada gedən proseslər nəzərə alınmalıdır. Məsəl var deyərlər: ”Od düşdüyü yeri yandırar”. Güney məsələsində əsas, həlledici söz təbii ki, güneylilərindir. Mən də Soylu bəylə razıyam ki, “Güney Azərbaycanın Müstəqillik Konsepsiyası” işlənmə­lidir. Bu sənəddə istək tam aydınlığı ilə ortaya qoyulmalıdır. Onda Güneydə gedən bütün proseslərin iştirakçılarının söykənəcəyi bir istinad sənədi olmuş olar. Və bu müstəqillik konsepsiyası dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, hər bir güneylinin fəaliyyət sənədi kimi əlində olmalıdır. Bu sənəddə göstərilməlidir – Güney Azərbaycan nə istəyir. Onda həmin o küçə hadisələrinə toplaşan insanlar da, sosial, iqtisadi, siyasi və s. məsələləri qaldıranlar da, İranın daxili siyasətinə və eləcə də beynəlxalq məsələlərə toxunanlar da, təməl kimi Güney Azərbaycanın müstəqillik məsələsini unutmayacaqlar. Əsaslandırılmış ciddi bir konsepsiya olarsa, onda biz ideoloji boşluğu doldurmuş olarıq. Azadlıq mübarizəsi bu nəsildə alınmasa da, həmin ideoloji əsaslara söykənərək, ikinci nəsil onu davam etdirəcəkdir. Onda Güneydəki milli-azadlıq mübarizəsinin tarixi arasıkəsilməzliyi olacaq. Əgər belə bir konsepsiya olarsa, həmin konsepsiyaya yiyəlik edən ayrı-ayrı insanlar olacaq və həmin insanların içərisindən hökmən bəlli bir lider də yetişəcək. Milli azadlıq yolunu axıradək getmək istəyən fədakarlar tapılacaq.

Soylu Atalı: Beynəlxalq deyilən qüvvələr, beynəlxalq deyilən aləm var və onların niyyətləri təhlükəlidir, təsir imkanları da güclüdür. Gərək bu, bizim ağlımıza təsir edib bir millət kimi mübarizə istəklərimizə kölgə salmasın. Dediyim kimi, sadəcə onu düzgün qiymətləndirmək lazımdır ki, Milli Mübarizəmiz tələyə düşməsin.

Bu gün Qərb dünyası İrana qarşı olsa da, Güney Azərbaycan məsələsi ilə bağlı, əslində onun mövqeyi İranın yanındadır. İranın nüvə əldə eləməsinə qarşı dururlar, bu ayrı bir məsələdir, – İranı öz cərgələrində görmək istəmirlər, İranın idarə olunmasını nəzarətə götürmək istəyirlər. Bu isə çox çətin bir məsələdir. Bunun da çətinliyi ondadır ki, mən həmişə vurğulamışam, yenə də vurğulamaq istəyirəm, – burada Güney Azərbaycan məsələsi var. Onun Azadlığı, müstəqilliyi baş tuta bilər və Azərbaycanın birləşməsi gerçəkləşə bilər. Bu isə Qərb dünyasının mənafelərinə ziddir. Ona görə də Qərbin İranla hiss olunmayan, görünməyən, rəsmiləşməyən bir müqaviləsi var, – Güney Azərbaycana qarşı. Onların niyyətləri birdir, istəkləri birdir, – Güney Azərbaycana qarşı. Çox təəssüflər olsun ki, bu gün Türkiyəmizdə belə, Güney Azərbaycanla bağlı hər hansı bir narahatlıq sərgilənmir. Ancaq mən düşünürəm ki, Türkiyənin Güney Azərbaycanla bağlı konseptual bir mövqeyi olmalıdır. Çünki Güney Azərbaycan Türkiyənin özünün qorunması üçün çox vacib bir bölgədir. Bütün münasibətlərin hamısı beynəlxalq aləmdə gedən oyunların qaydalarına hesablanır. Yəni burda ABŞ nə istəyir, İngiltərə, Fransa, Rusiya və s. nə istəyir?! Hər bir münasibət  onlarla balanslaşdırılmağa hesablanır. Halbuki yenə deyirəm, o dövlətlərin ki, Türkiyəyə qarşı da niyyətləri var, o niyyətlərin də həyata keçməsini Güney Azərbaycan məsələsinin həlli ilə əngəlləmək olar. Güney Azərbaycanla məşğul olmaq ortaya güc çıxartmaq deməkdir. Və antitürk planlı qüvvələrin qlobal oyunlarını pozmaqla onları türklə hesablaşmaq zorunda qoymaq deməkdir.

 

Abil Ulusoy: Mənə elə gəlir dünyanın gündəmində təkcə İranın nüvə məsələsi deyil, elə bütövlükdə İranın özü dayanıb. Əslində İran Qərb dünyası üçün bir başağrısına çevrilibdir ki, onu necə idarə etsin. İdarə olunan dünyada idarəsizlik ocaqları görmək istəmir Qərb. İranın parçalanması dünyaya nə verəcək, bu, dünyada hansı problemlər yarada bilər? Azərbaycan birləşə bilərmi? Bəli! “Bölünmüşlük Türk yurdundan silinməlidir”. Güney və Quzey Azərbaycan birləşməlidir. Quzey Azərbaycanda müstəqil bir dövlət var. İlk öncə Güneydə də müstəqil bir dövlət yaranmalıdır. Və Güneydə yaranacaq dövlətlə Quzeydəki dövlət eyni ideolo­giya­ya malik olmalıdır. Eyni siyasi sistemə malik olan dövlətlərin birləşməsi də problemsiz həll oluna bilər. Birləşəcək iki ayrı dövlətlərin eyni siyasi modelə malik olması çox önəmlidir. Ona görə də həm Güneydə, həm də Quzeydə aparılan fəaliyyətlər gələcək birləşməyə xidmət etməlidir. Hər iki dövlət – bir millətin iki dövləti eyni dəyərlərin daşıyıcıları olmalıdırlar. Bütöv Azərbaycan birliyinə böyük inamla sözümü bitirirəm! Ulusumuz, Uluyurdumuz var olsun!

Ağşın Ağkəmərli: Bizim birləşməməyimizə heç bir ciddi səbəb yoxdur. Biz millət olaraq birik, bizim ruhani və siyasi birliyimiz bərpa olunmalıdır. Əlbəttə, dərhal məftilləri ortadan qaldırmaq birləşmək anlamına gəlmir. Bu məsələ müəyyən zaman tələb eləyir. Mən də hesab edirəm ki, orada labüd şəkildə bir dövlətimiz yaranmalıdır. Quzey Azərbaycanla münasibətlərin inkişaf etməsi və vahid sınır­ların yaranması üçün zəmin hazırlanmalıdır. Bu da müəyyən mərhələlər tələb edir. Bu gün Avropada vaxtilə bir-birini məhv eləməyə hazır olan ölkələri ancaq yollar bir-birindən ayırır. Vahid ordu, vahid pul, vahid siyasi mövqe ortaya qoyurlar. Necə ola bilər ki, biz eyni bir millət ola-ola birləşməyimizin mümkünsüzlüyünü düşünək. Bu parçalanma öz kefinə baş verməyib ki. Hansısa tarixi bir faciənin nəticəsində parçalanma baş verib, o bərpa olunmalıdır. Ancaq hər şeydən əvvəl, bir daha vurğulayıram ki, birləşdirici bir amil olmalıdır. Birləşdirən bir ideologiya olmalıdır. Birləş­dirən fikir-düşüncə sistemi olmalıdır. Birləşmək də boş yerdən olmur. Bax, bu birləşdirən amillərimizi ortaya qoya, xalqımıza verə bilsək, birləşmə qaçılmaz olacaq. Biz gələcəyimizi vahid bir dövlətə, vahid bir milli gücə bağlamalıyıq.

Soylu Atalı: Bəli, Azərbaycanın birləşməsi həm böyük bir zərurətdir, həm də olduqca ciddi bir problemdir. Əgər Azərbaycanın birləşməsi ehtimalı zaman-zaman böyüyərsə, bəllidir ki, xarici qüvvələr Güney Azərbaycanda yenidən süni bir inqilabın əsasını qoya bilərlər. Güney Azərbaycanlıların özlərinin yaratmadığı, onların öz daxilində yetişməyən bir inqilab ortaya gətirəcəklər ki, həmin inqilabla Güney Azərbaycanın özünü çökdürsünlər və uzun bir zamanda yenə də boşluq əmələ gəlsin, bir neçə nəsil Güney Azərbaycan özünə gələ bilməsin. Yaxın tarixlərimizdə biz belə problem­ləri yaşamışıq. Düşünürəm ki, Azərbaycanın birləşməsi nəticəsində inqilab amili önə keçməməlidir. Əsaslı səviyyədə intibah işi getməlidir. Ola bilər ki, gələcəkdə inqilabdan qaçmaq mümkün olmasın. Ancaq inqilabı xalqın özünün yetirməsi və həyata keçirməsi üçün o daxildən çox böyü­məlidir – birliyi, daxili bütövlüyü yaranmalıdır. İntibah işi necə gedə bilər?! – Xalq əsaslı şəkildə bilməlidir ki, o nəyin uğrunda mübarizə aparır və necə aparır; nəyi qəbul edir, nəyi qəbul etmir. Bir sözlə, nəyi inkar, nəyi təsdiq etməsi bəlli olmalıdır. Biz mübarizə konsepsiyamızı daha əsaslı şəkildə işləyib xalqa verməliyik. Asif Atanın ideyalarından biri olan Uluyurd Hərəkatı formalaşmalıdır. Nə baş verir versin, bölgələrdə hegemonların yeri necə dəyişirsə dəyişsin, Uluyurd Hərəkatı başlamalıdır. Dünyanın siyasi nəhəng­lərindən imdad diləmədən Azərbaycanın öz içində iş getməlidir. İstəyimiz, niyyətimiz, mübarizə üsulumuz açıq şəkildə ortaya qoyulmalıdır və bu, xalqın ağlında, şüurunda formalaşmalıdır. Demirəm ki, balta üsulu ilə meydana çıxılmalıdır. Deyirəm istəklər elə yetirilib həyata keçməlidir ki, məsələ elə açıq qoyulmalıdır ki, o bilinsin. Bilinsin ki, xalqın şüurunda dəyişiklik getsin. Bizim milli şüurumuz birləşmə istiqamətində formalaşmayıb. Vahid Azərbaycanın təşəkkül tapması yönündə milli şüurumuz formalaşmalıdır. Bizim mövzularımızın biri “Uluyurd Hərəkatı” ilə bağlı olacaq. Onda biz “Uluyurd”un ideyalarını bir-bir təqdim edəcəyik. Bir sözlə, biz indiki imkanlarımızdan çox yüksəyə qalxmalıyıq. Biz gözləmə mövqeyində dayandıqca, Azərbaycan çox şey itirir. İtkilərimizə dözməməliyik. Odur ki, çox işlər görməliyik. Bunun üçün Mütləqə İnam Yolu var…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

(arxiv)

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv