İnam Ocağı Qıraqdan üfürülmür, öz İçindən Yanır

Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!

Ulusal şüurun gəlişməsinə çalışmaq, eləcə də ulusal varolmanın sorunlarını kökündən araşdırıb yoluna qoymaq həmişə çətinliklərlə qarşılanmışdır. Bu dərin istəkləri dışarıdan və içəridən əngəlləməyə çalışan qüvvələr öz etkilərini gerçəkləşdirməkdən ötrü sağlam yönə hər cür ad qoymuş və toplumun gözündə aşağılamaqla uğraşmışdır. Sonucda ulusal dirçəlişə çalışan qüvvələr ya ideya və iradə gücsüzlüyündən dolayı başqa yönlərə meyillənmiş, ya da yenə gücsüzlük nədənindən, toplumu dəyişmək istəməkdə suçlayaraq, çalışmalarından geri durmuşlar.
Biz, yaşadığımız minilliyin ayrı-ayrı aşamalarında bu cür faktları ilsıradan (tarixdən) çox oxumuşuq. Ancaq bununla belə, keçmişin uğurlarından öyrənmək görənəyi heç vaxt aradan getməmişdir. Peyğəmbərimiz Asif Ata da bu görənəkdən yararlanmış və üstəlik keçmişin yanlışlarından dərs götürmək gələnəyi də yaradıb toplumuna sunmaqla uğraşmışdır. Asif Ata, ona qarşı atılan şər addımları öz toplumunun, çağında doğru, anlamadığına görə küskünlük göstərməyi gücsüzlük, gerilik saydığı üçün özündənkeçmədən (fədakarlıqdan) və umacaqsızlıqdan (təmənnasızlıqdan) usanmamışdır. Biz də, Onun Ocağı olaraq, bu çağa kimi ulusal ərdəmlik göstərməkdən geri durmamışıq. Haqqımızda dedi-qodular gəzdi, atmacalar oldu, bu gün də var. Biz isə öz işimizin peşindəyik, ulusal quruculuğun ruhani tələblərini gerçəkləşdirmək çalışmalarındayıq.
Bu gün Azərbaycanda özünə, öz gələcəyinə inamsızlıq fəlakət səviyyəsindədir. Ona görə də hansısa uğurlu bir addıma quşqu ilə yanaşırlar. Məsələn, bizim uğurlarımızı izləyən adamlar düşünürlər ki, görəsən biz bütün bunları niyə eləyirik. Axı bu işdə bizim heç bir gəlirimiz yoxdur. Bəs bizi bu əməllərə yönəldən hansı istəkdir, arxamızda kimlər durur, bizə kimlər yatırım qoyur və b. k. İnana bilmirlər ki, yurdumuzda özündənkeçmə, umacaqsızlıq bu çağda, bu aşamada mümkün olsun.
İnanın, sayğılı yurddaşlarımız! Özünüz də bu addımları atsanız, onun-bunun buyruğunda çalışmasanız inanacaqsınız. İnanacaqsınız ki, yaşamının anlamı ulusal-insani çalışmalardan oluşan, Yurdunun gələcəyini düşünməkdən xoşbəxtlik tapan insanlar olub, indi də var, bundan sonra da olacaqdır. İnanacaqsınız ki, balalarının boğazından kəsib xalqının gələcəyinin qurulmasına xərcləyən insanlar bununla qürur duyurlar. Siz başqa qüvvələrin buyruğunda olanların işi ilə Ocağın işini tutuşdursanız fərqi, özümlüyü, özgürlüyü aydın görəcəksiniz.
Bəzən bizdən qazanmaq istəyənlər də ortaya çıxır. Bizi təbliğ eləmək üçün qabağa duranlar görəndə ki, maddi-maliyyə olanaqlarımız sıfırdadır, geri dururlar. Biz öz yurdunun gələcəyinə çalışanlardan qazanc götürmək istəyənləri ifşa etmək istəmirik, sadəcə anlamağa çağırırıq.
Baxın, biz bir ayda görüləcək işi beş ilə görürük. Çünki maddi olanaqlarımız bundan çevik hərəkət etməyə yol vermir. 0Atanın kitablarını çap eləmək üçün bir neçə il para toplayırıq. Bir gün səfər eləmək üçün bir ayın çörək parasından ayırıb Amal borcu veririk.

SAM_9930

 

SAM_1029

 

SAM_1048

 

İnam Evini (Məbədini) qurmaq üçün bir kişinin qəpik-qəpik yığımlarına bel bağlayırıq. İndi sizə şəkillərlə sunacağımız İnam Evinin bünövrəsi 6 il öncə qoyulubdur. Biz arılığımızı, duruluğumuzu, ruhaniliyimizi heç nəyə bulaşdırmamışıq, bulaşdırmırıq. Atamızın – ulusal-bəşəri ruhaniyyat qurucumuzun buyurduğu kimi çalışırıq, göstərdiyi Yol ilə gedirik. Biz əlimizdən gələni edirik, Gələcəyi qurmağı gələcəkdəkilərin öhdəsinə buraxmırıq. Öz ulusal görəvimizi yerinə yetiririk.

Atamız var olsun!

Mütləqə İnam Ocağı

Çiçək Ayı, 37-ci il.
(aprel, 2015.)

DSCF1523

DSCF1531

DSCF1539

DSCF1525

DSCF1549

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv