Xaliq Bahadır. Yarımcan Azərbaycan

Hər hansı ulusun, ölkənin diriliyi onun strateji düşüncəli, dönməz xarakterli, bu yöndən də dəyərli yetirmələrinə bağlıdır. Bu gün korrupsiya-repressiya rejiminin 7 il, 6 ay iş kəsdiyi İntiqam Əliyev ulusumuzun, ölkəmizin belə yetirmələrdəndir: strateji düşüncəli, dönməz xarakterli. Strateji düşüncə ilə xarakter dönməzliyi arasında çox böyük bağlılıq var; bunlar bir olur, ayrılmaz olur. Qarşılıqlı olaraq biri o birinə güc verir, biri o birinə üstünlük qazandırır. İkisinin bir-birinə qazandırdığı üstünlük sonucda onların daşıyıcısı olduğu kimsəyə üstünlük qazandırır: ideya-siyasi, mənəvi-psixoloji üstünlük.

İndilikdə, əliyevçi rejim ortamında, Azərbaycanda gerçək hüquq sistemi, legitimlik daşıyıcısı olaraq tanınan, belə bir funksionallıq görsənişi sərgiləyən məhkəmə-prokurorluq adına nəsnə yoxdur. Burada sözün gerçək anlamında İŞVERƏNLİK var! Polis, müstəntiq, prokuror, hakim qanunlara söykənmədiyindən, qanunla davranış yerinə siyasi sifarişlə, tapşırıqla (rüşvət-korrupsiya faktını qırağa qoyuram) davranış sərgilədiyindən hamısı bir yerdə İŞVERƏNLƏR ordusunu formalaşdırır. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya DÖVLƏT SİYASƏTİNƏ DÖNÜŞDÜRÜLƏN rejimdə İŞVERƏNLİK başabaş xarakter görsənişi deməkdir. Burada yad, siyasi sistemə uyğun gəlməyən elementə yer ola bilməz. Olarsa, bu, siyasi sistemdə “pasatmaya”, beləliklə də, sistemin aşınıb dağılmasına gətirib çıxara bilər. Bu baxımdan əliyevçi komandanı gerçəkdən monolit komanda saymaq olar. Bu bir korrupsiya komandasıdır!

Uzun illər komandanın monolitliyini qoruyub saxlayan iki başlıca faktor var: başdan-ayağa dövlət qurumlarını bürümüş korrupsiya, korrupsiya rejimini qoruyub saxlayan repressiya. Bunlar ikisi bir yerdə bugünkü Azərbaycan məhkəmə-hüquq sistemini oluşdurur. İntiqam Əliyev istər bizim bildiyimiz, istərsə də özünün məhkəmədəki çıxışında bildirdiyi kimi, siyasi sistemlə SİSTEMLİ çarpışma aparan TƏKlərdən idi. Bu gün onu da, onun kimi bir çox dəyərli Azərbaycan yetirmələrini də yarğılayan sözügedən siyasi sistemin məhkəmə-hüquq sistemidir. Barışmaz antisistem faktoru olaraq İntiqam Əliyev özü özünün bizə yersiz görünən indiki aşırı  yarğılanmasına legitimlik qazandırmış olur.

2014-cü ilin bəlli yay tutqularından sonra İlham Əliyev tutulanlara, onların hələ tutulmamış ideya-yol yoldaşlarına yönəlik çıxışında demişdi: “Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiAzərbaycan dairələrinə öz vicdanlarını satıblar. Biz bunu bilirik. Mən bir prezident kimi gündəlik fəaliyətimdə bu satqınlara qarşı mübarizə aparıram”. Bəlli olduğu kimi, o “satqınların”, ola bilsin, birincisi İntiqam Əliyevdir. Bəs İntiqam bəyin “satqınlığı” nədədir? Bunu məhkəmə çıxışında o özü bildirib: “Mən əsasən siyasi işlər üzrə ixtisaslaşan vəkiləm. 25 illik vəkillik fəaliyətim dövründə yüzlərlə məhkəmə işində çıxış etmişəm. Avropa məhkəməsinə 300-dən çox şikayət göndərmişəm, onların əksəriyəti siyasi hüquqların pozulması ilə bağlıdır. Bu şikayətlərdən 40-a yaxını uğurlu sonluqla bitib. Onların arasında 2005-ci il parlament seçkilərilə bağlı 14 iş, o sıradan, ifadə, birləşmək azadlığı, işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyət,  eləcə də başqa hüquqların pozulması ilə bağlı işlər.

2010-cu ilin parlament seçkilərində yol verilən pozuntularla bağlı Avropa Məhkəməsinə göndərilən şikayətlərin böyük bir hissəsi də mənim payıma düşür. O şikayətlərin 30-dan çoxu ya komunikasiya, ya da qərarların verilməsi dönəmindədir.

Şikayətlərdə seçki saxtalaşdırmalarından, başqa pozuntulardan danışılır. Hökumət bu şikayətlərin Avropa Məhkəməsinin baxdığı işlərin siyahısından çıxarılmasına çox çalışırdı. Biz isə çox tutarlı arqumentlər irəli sürməklə hökumətin bu istəyinə qarşı çıxırdıq…” Bunlar onun dediklərinin hamısı deyil. Bunlar eləcə də İ.Əliyevin SATQINLIQ görsənişlərinin hamısı deyil; adam bütün gücü, bütün bacarığıyla sonadək siyasi sistemlə çarpışmada bulunub. Yeri gəlmişkən, İntiqam bəyin Avropa Məhkəməsindən uğurla keçirdiyi işin biri mənimlə bağlıdır. 2005-ci il parlament seçkisində mən çox böyük uğur qazanmışdım! Parlamentə düşməməyim üçün onda yuxarıdan göstərişlə mənim protokollarım oğurlanmış, buna görə işi məhkəməyə verə bilməmişdim. 2010-cu ildə rejim ötən seçkidəki sonuclardan çıxış edərək məni bəri başdan seçki sürəcindən uzaqlaşdırmaq üçün topladığım 600 (gərəkən 400 yerinə) imzanın qeydə alınmamasına göstəriş vermişdi. Rayonun oçağkı İH başçısı yuxarıdan gələn göstərişə uyğun olaraq Dairə yetkilisinə mənim qeydə alınmamağım üçün qorxulu buyruqda bulunmuşdu. İntiqam bəy ortadakı 600 imza faktından yararlanmaqla mənim “öldürülmüş” işimi Avropa Məhkəməsində diriltdi. Özünün dediyi kimi, təkcə son parlament seçkisi ilə bağlı o, 30-dan çox belə “öldürülmüş” işi dirildib. Rejim bu gün də İntiqam bəyin diriltdiyi o çoxsaylı işlərin altından çıxmaq üçün min bir oyuna əl atır. 7 il, 6 aylıq iş isə İntiqam bəyin çoxillik STRATEJİ DÜŞÜNCƏLİ, DƏYİŞMƏZ XARAKTERLİ çalışmalarının korrupsioner-repressiv rejim qanunlarına uyğun ödülləndirilməsidir!

Avropadan qrantlar alıb bəlli hüquq çalışmalarında bulunmuş İ.Əliyev yeyinti-mənimsəmə suçlaması ilə yarğılanır. İş bir belə absurd xarakter alan yerdə gərək Dubaydakı 75 milyon dollarlıq, Ofşordakı 48 milyard dollarlıq oğurluqları, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına boşa getmiş 51 milyardlıq yeyinti-mənimsəməni, təmir-tikinti adına milyardlarla yeyinti-mənimsəmə faktlarını da İntiqam bəyin adına çıxaydılar. Görünür, buna fantaziyaları yetməyib. İllərdən bəri kürü, dollar diplomatiyası axarında lobbiçilik adına ora-bura  ötürdükləri milyonlarla, bəlkə də, milyardlarla dollar ayrıca itkiləri, “Azərbaycanı tanıtmaq”, “Xocalı faciəsini tanıtmaq” adına boşuna gedən milyonları, milyardları da, “Gül bayramı” adına 70-80 milyon manatlıq çöləatmaları da İntiqam Əliyevin adına çıxıb… sudan quru çıxmaq olardı.

Hakimiyəti qoruyub saxlamaq üçün təmir-bərpa adıyla Vatikana ötürülən milyonlar – sonunda Papanın yalançı “genosidi” tanıması faktı; Parisdəki Luvr muzeyinin təmirinə ötürülən milyonlar, ardınca Parisdən gələn “genosid” tanıması; Petka kilsəsi başda olmaqla Avropaya ötürülən milyonlar, milyardlarla “yatırımlar”, ardınca Avropa Birliyinin, ayrıca olaraq Birlik ölkələrinin “genosidi” tanıma paradı; bütün bunlarla yanaşı, Azərbaycanın da, çağımızda, televiziya-kamera dönəmində, erməni-rus birləşmələrinin törətdiyi Xocalı soyqırımının da ortada YOXLUĞU faktı! Bir daha… bütün bunlarla yanaşı, strateji düşüncəli, dönməz xarakterli dəyərli yetirmələrinin tutuqlanması, öldürülməsi, başqa-başqa yollarla çıxdaş edilməsi üzündən YARIMCAN duruma gətirilən Azərbaycan!

Müstəntiq, hakim çox düzgün olaraq İntiqam Əliyevi Qarabağın qaytarılmasına çalışmamaqda suçlayır. Onun Avropadan qrant alıb, Qarabağı unutması faktı doğrudan da bağışlanmazdır. Baxın, adam illərlə Avropadan qrant istəyib, alıb, ancaq, bircə yol da Qarabağı istəməyib. Onun məhkəmədə legitimləşdirilən “satqınlığının” bir görsənişi də budur: Avropadan qrant istəyib, Qarabağı istəməyib. Kim bilir, bəlkə də, o, qrant proyektlərindən birində Qarabağ istəyini dilə gətirsəydi, Avropa götürüb Qarabağı bizə verər, onda indiki kimi, Horadizədək deyil, Zəngilanadək bizim milli holdinqlərimiz uzanıb gedər, beləliklə, sevgili oliqarxiyamız daha geniş qol-qanad açardı…

P.S. Son illər Bakıda açıq kriminal xarakteri daşıyan bir praktika geniş yayılıb: bir binaya təmir üçün 2-3 milyon manat pul ayrılır, bina təmir edilib qurtarandan sonra… buldozerə verilir, yerində 5-10 milyon manata yenisi tikilir. “Azadlıq” qəzetinin Xaqani, 33-dəki binası, 6 saylı məktəbin binası bu sayaq faktlardandır. 20 saylı məktəb 3 milyon manata təmir edildi, sonra buldozerə verildi. İndi İlham Əliyev bu məktəbin yenidən tikilməsi üçün 10 milyon manat pul ayırıb. Beləcə,  xalqa çatası pullar bilə-bilə çölə atılır. Yada bir romanda ingilisə deyilən düşür: “itə ataram, yada satmaram”. Burada YAD Azərbaycan xalqıdır, İntiqam Əliyevsə o xalqın başdagedənlərindəndir. İndiki rejim qanunları İntiqam Əliyevin, İntiqam Əliyev kimilərinin tutulmasını qaçılmaz edir! Üstəlik, ən yüksək tribunadan “milli satqınlar” yarğılaması səslənir. Bu isə indiki siyasi terminologiyada “Oğrunu tutun!” deməkdir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv