Dünyada adına Avropa Oyunları deyilən bir anlayış vardı. Dünyanın ayrı-ayrı ölkələrində keçirilməli olan bu oyunların biri də Azərbaycanda keçirilməli idi. Çağ da çoxdan bəllidir: 2015-ci il 12-28 iyun arası. Çox ola bilsin, tezliklə bizim ölkəmizdə Avropa oyunları adına nəsə keçiriləcək. Nəsə. Görəsən, nə? Bizdə keçiriləcək Avropa Oyunlarının özü çoxdan oyuna çevrilib – siyasi oyuna!
Demokratik dünya basını, hüquq savçıları durmadan Azərbaycanda keçiriləcək Avropa Oyunlarını boykota çağırırlar. Demokratik basınla hüquq savçıları bir yana olub, dünyanın siyasi liderləri bir yana. Siyasi liderlər açıq çıxışlarda bulunmur, repressiyaların bir belə kəskin xarakter aldığı ölkədə Avropa Oyunları keçirilməsini pisləməkdən açıq-açığına çəkinirlər. Onlar üzdə neytrallıq sərgiləsələr də, gerçəkdə Azərbaycandakı diktatura ilə iş birliyində olduqları bəllidir. Bununsa bir başlıca nədəni var: Azərbaycanı bütün dünya gücləri arasında auksiona çıxaran Əliyevlər rejimi bu rejimdən nəsə umanların hamısı üçün əlverişlidir.
Ölkəsində yalançı erməni “genosidinə” legitimlik qazandıran, bununla ürəyi soyumadığından İrəvana “genosid” qutlamasına gələn Fransa prezidenti Olland o qutlamanın ardınca Bakıya gəldi. Ortada gerçək Azərbaycan hökuməti olsaydı, Olland yalnız Türkiyəni deyil, bütünlükdə Türk dünyasını yenməyə yönəlik yalançı “genosid” sayğılandırmasının ardından Bakıya üz tutmaq istəyində bulunmazdı. O isə çox böyük arxayınlıqla Bakıya gəldi. Gəldi, alacağını aldı, getdi. Bundan başqa o, İ.Əliyevdən ölkəmizlə bağlı öz istəyinə uyğun doğru-düzgün bilgi alıb gedib. İ.Əliyev Avropanın başqa dövlət başçılarına verdiyi bilgiləri Ollandla da bölüşüb: “Azərbaycanda məhkəmələr müstəqildir, məhkəmələrin fəaliyyətinə müdaxilə etmək mümkünsüzdür”. Legion ordenli Leyla Yunusa gəlincə, Leyla Yunus “siyasi məhbus deyil”. Olland yalançı erməni “genosidinə” ürəkdən inandığı kimi bu sözlərə də inanıb! Beləcə, kliyentlər gəlir, gedir.
Olimpiya xartiyasına görə, insan mənliyinə sayğı toplumun uyumsal gəlişməsinin özülünü oluşdurur. Demokratik dünya basını, hüquq savçıları indiki rejimin Azərbaycanda belə bir ortamı yox etdiyi üçün Avropa Oyunlarının bizim ölkəmizdə keçirilməsinə qarşı çıxırlar. Onların istəkləri ilə bir çox dövlət başçılarının istəkləri üst-üstə düşmədiyindən Avropa Oyunları Alver Oyunları biçimində Azərbaycana ayaq açmaqdadır. Avropa Oyunları çoxdan rejim üçün ruletka xarakteri alıb: bu Oyunların Bakıda gerçəkləşməsi üçün bütün ölkə boyunca soyğunçuluq siyasəti yürüdülür; yalnız milyardlara başa gələn tikinti-təmir, bəzək-düzək (“Potyomkin köyləri”!) işləri üçün deyil, eləcə də Oyunların baş tutması üçün Avropada kimlərisə ələ almaqdan yana böyük pullar gərəkir! Buna görə ölkənin bu başından o başına soyğunçuluq siyasəti yürüdülür. Aldığımız bilgilərə görə, Vergilər naziri Fazil Məmmədova çox böyük yetkilər verilməsi də yetərincə pul yığımına gətirib çıxarmadığından rayon, şəhər icra hakimiyətlərinə 300-500-1 milyon manat arası kəsmət kəsilib. Beləcə, Avropa Oyunları Azərbaycanı soyma oyunlarına çevrilib!
Başqa bir yandan Avropa oyunları alver-rüşvət oyunlarına çevrilib. Bunu bilən hüquq savçıları “alıcılara” belə çağırışda bulunublar: “Avropa Oyunlarını boykot edin! Bunu etmirsinizsə də, heç olmasa, Azərbaycan hökumətindən aldığınız pulları bu ölkədəki siyasi dustaqların ailələrinə xərcləyin!” Bax, belə. Bunlar bunu da bacardılar: Avropa Oyunlarını Alver Oyunlarına çevirdilər! Xalqı soyub var-yoxdan çıxarmaqla Avropa Oyunları adına tamaşa düzəldirlər… Öz kefləri üçün 6 min adamı gətirib yedirib-içirib yola salacaqlar – içində qanımıza yerikləyən ermənilər olmaqla! Sonra da aşağı-yuxarı tribunalardan bizə “milli satqın”, “beşinci kolon”, “erməni dəyirmanına su tökən” damğası vuracaqlar…