TÜRKÇÜLÜK RUHU (ASİF ATA İLƏ ÜZ-ÜZƏ)

Övladlar: Ali səcdə, müqəddəs Ata!

Ata: Səcdəniz ucadır, qızım!

Övladlar: Ata, birinci sualımız belədir: Türkçülük və Ocaq.

Ata: Mütləqə İnamı türkçülüyün mahiyyəti sayırıq və ilk sözümüz odur ki, türkçülük səhvə yol verdi – Türk Dünyası Zərdüştdən sonra öz peyğəmbərini yaratmadı. Özgə inamlarına, daha doğrusu, inamsızlıqlarına, dinə xidmət elədi. İslamı islam eləyən hardasa elə türk oldu. «Harda asi görürəm türklərimi ora göndərirəm, o onları ram edir» – deyirdi ərəb peyğəmbəri. Bu səbəblərdən də addım-addım, hal-hal türk ərəbləşdi və zahirən genişləndi, imperiya yaratdı, içəridən isə balacalaşdı, xırdalandı. Bunu demirlər, amma biz bunu deyirik.
İslama qədər türkün sistemləşməmiş, amma duyğulu, ehtizazlı mənaçılığı olub. Türk fitri təbiətçi olub, fitri Göyçü olub. Elmi dildə desək, panteist olub. Təbiətlə insan arasında əlaqəni türk qədər duyan olmayıb. Ağac insaniləşib, Dağ insaniləşib, Göy insaniləşib.
Türk mifologiyası insaniləşən təbiət və təbiətləşən insandır. Bunun əsasında ulu Zərdüştdən sonra gözəl bir inam yaratmaq olardı. Türkün bədbəxtliyi onda oldu ki, bunu yaratmadı. Türkün psixologiyasında mərdlik, birsifətlilik var idi. Biryolluq, axıra qədər sifətini dəyişməmək. Bu, mütləqçilik psixologiyası idi. Lakin Mütləqçilik İnamı yarada bilmədi. Neçə əsr lazım oldu ki, belə bir inam yaransın. Ona görə də Ocaq – Türkçülüyün inamıdır. Gün keçdikcə, ay keçdikcə, il keçdikcə türk bunu dərk eləyəcək. Onun bağrından qopub Ocaq!
Bu, konkret nə deməkdir? Bizim İnamımızda dünya dünyalıqdan yaranır, özündən yaranır, öz mahiyyətindən yaranır. Onun özünün isə mahiyyəti əzəlidir, əbədidir, sonsuzdur və kamildir. Bunu yalnız türk deyə bilərdi. Türk öz üzərində heç bir ağa hiss eləmirdi, vaxtı ilə. Din isə öz üzərində ağa axtarır və Allahda tapır. Türk vüqarı bugün zahirən çox mücərrəd şəkildə yaşayır. Əslində isə mücərrədçilik ümumiçiliyin əleyhinədir. Mücərrədçilik və ümumiçilik ayrı-ayrı şeylərdir. Mahiyyətçilikdir bu və türkün vüqarından yaranır. Dünyanın heç bir ağaya ehtiyacı yoxdur, necə ki, türkün ehtiyacı yoxdur. Əgər türkün ağaya ehtiyacı olsaydı, türk elə döyüşkən olardımı? Türk Atillanı verərdimi? Verməzdi!
Bizim İnamımızda həyat həyatlıqdan yaranır, insan insanlıqdan yaranır. Yaradılmır, qurulmur. Qurur öz-özünü. Özümlük var bizim fəlsəfəmizdə: – türk ruhunun daxilindən gələn, içərimizdə yaşayan. Heç bir ideologiya, heç bir marksizm, heç bir ictimailəşmə, özgələşmə onu öldürə bilmədi. Köləlik insana yaraşmır. Din isə köləlikdən yaranıb və köləlikdən alışıb. Əgər insan – bəndədirsə, quldursa və insanın işi-peşəsi Allaha yalvarmaqdırsa, onda hansı vüqardan danışmaq olar?! Din – vüqarsızlıqdır.
Ona görə də Ocağı biz Türk İnamı hesab edirik, Atanı da Türk Peyğəmbəri! Qoy kiminsə ağzı əyilsin, biz buna alışmışıq.
Bizim ikinci böyük ideyamız yenə türk ideyasıdır: İnsan – özündə Mütləq gəzdirən, bu səbəbdən də şəraitdən, mühitdən, zamandan üstün olan, kamilləşməyə meyl eləyən və kamilləşməyə qadir olan ruhani varlıqdır. Bu – türk humanizmidir. Heç bir yerdə, heç kəs, heç bir Avropa humanizmi demir ki, insan özündə Mütləqilik gəzdirir. Bizdən əvvəl bunu dahi hürufilər deyiblər – Nəimi və Nəsimi. Onların ideyalarını biz eləcə təkrar eləmirik. Biz onu ucaldırıq, yüksəldirik, fəlsəfə səviyyəsində yuxarı qaldırırıq – İnam səviyyəsinə. Bu da yeni türk ruhudur. Bəşər tarixində nə qədər humanizm haqqında danışıblar – «İnsan əşrəfdir» deyiblər. Sonra deyiblər: «İnsan ictimai heyvandır». Bunu deyən Aristotel olub. «İnsan ictimai münasibətlərin məcmuyudur» – deyirdi Marks. Bunu daha indiki akademiklər yox, doğrudan da istedadlı adamlar deyiblər. İstedad azdır, ruh özü də adi ruh olub. İstedad adi ruhu bacarıb, çox vaxt təəssüf ki. Dahilik olmayıb bu məsələdə. Amma türk həmişə mənliyini qoruyub və «mənlik» deyib, «Məndə sığar iki cahan, mən bu cahana sığmazam!» Kim deyib bunu türkdən başqa?!
Sığmazlıq ideyası bizim fikrimizə çox uyğundur. Lakin biz onu təkrar eləmirik. Əgər Nəimilər, Nəsimilər, Füzulilər bəs olsaydı, bəşər bu günə düşərdimi?! Yaxşı ki, onlar olublar. Sevinirik, onlar haqqında yaxşı sözü də biz demişik. Amma lazım idi ki, fikir tam deyilsin və insan tam açılsın. Onu da biz dedik. Bu da sənin Ocaqçılığının ikinci tərəfi.
Biz deyirik ki, sosializm və kapitalizm ikisi də bir şeydi. Bu da türk ruhunun, vüqarının, insanlığının ifadəsidir. Çox təəssüf ki, Türkiyə özü, türkdilli ölkələr, onların başçıları özləri bu səviyyədən çox aşağıdırlar. Bu başqa məsələ, bunu deyəcəyik.
Biz deyirik ki, elə cəmiyyət yaranmalıdır ki, orda fərd özünü idarə edə bilsin. Xüsusi onun ehtiyacı olmasın dövlətə. Dövlətin işi onun üzərində ağalıq olmasın. Elə bir cəmiyyət yaransın ki, orda ağalıq, nökərlik, təbəqəlik, yağılıq, özgələşmə olmasın. Bu məgər türk ruhundan doğmur? Təbiidir ki, o ruhu hamı demirdi. Hamı məşğul idi adi məsələlərlə. Lakin bizim Ocaq – türk İnamıdır. Təkrarən mən bunu deyirəm. Və Asif Ata Türk Peyğəmbəridir. Türk verə bilərdi Atanı. Harda yazılmışdı ki, «Ocaq yarat?» Bu, imkandan artıq olan imkan idi. O imkan Atanın içində idi. O da türkdən gəlir: heç yarım cümlə demək olmurdu o dövrdə marksizmə qarşı. Evdə pıçıltı ilə danışırdılar. Biz də durub deyirik ki, marksizm ləğv olunmalıdır və XX əsrin sonunda yox olacaqdır. Çünki insanı nəzərə almır. Biz də deyirik ki, marksizm naxıra, qoyuna yarayır, insana yaramır; belə ümumiçilik fərdi məhv eləyir…
Nələr demirdik?! Bizdən sonrakılar bizim dediyimizdən başqa nə deyə bilərdi?! Heç onu da əməlli-başlı deyə bilmədilər: şüara çevirdilər. Mitinqdən, küçədən hikmət yığmaq olmaz. Küçənin öz yaxşı və pis cəhətləri var. Mitinq də həmçinin. Və küçə – həqiqət yeri deyil. Orda həqiqət bitmir.
Bizim başqa bir ideyamız – Özümlü Şərqdir ki, türk oxucuları bir az bunu bilirlər, o da yenə türkçü işidir.
İki böyük irq var Şərqdə: hind və türk irqi. Onlar bir-birinə çox yaxındır. Çox təəssüf ki, bu yaxınlığı süni surətdə azaldıblar. İndi biz hindlilərlə dil tapa bilmirik. Uzun müddət belə bir fikir yaradıblar ki, türk yalnız qol-zor, güc-qılınc adamıdır. Nəyə əsasən – anlamır Zərdüştü, Nəsimini unudurlar; Cəvahirləl Nehrunu, sufiləri unudurlar. Unudurlar ki, türk ən çox ruhani xilqətdir. Və belə qələmə verirlər ki, türk qılınc türküdür, işğalçıdır… Qəsdən, böhtan atırlar. Türkün verdiyi dahilərin hamısını unudurlar. Yalnız adları qalır. Unudurlar ki, türk şumerdən gəlir, şumer də idrak deməkdir. Və bizim türk ziyalılarımız – ziyasızlarımız da ya susurlar, ya mənfəət xatirinə bu fikirləri təkrar edirlər. Və bizim məqsədimiz budur ki, Şərq özünə qayıtsın. Şərq özünün ruhaniyyatını təsdiq etsin.
Bəşər maddiyyatçılığa qapılıb. Vasitə – məqsəd olub. Maddiyyatın yeganə gözəlliyi varsa əgər, məziyyəti varsa – onun vasitə olmasıdır. Maddiyyat ruhun vasitəsidir. Əksinə, indi bəşər ruhu az qala vasitəyə çevirib. Azərbaycan Zərdüştün Vətənidir. Həm də neftin vətənidir. Nefti də inkar etmək olmaz. Amma nefti Zərdüştlə müqayisə etmək olmaz… Bunu eləyirlər. Yalandan yubiley keçirirlər. Yubileydə böyüklər balacalaşır.
Mənim zənnimcə, bütün kitablarımız – hamısı türk kitablarıdır. Biz bəşəriyyətə Türk Ruhunu bəxş edirik – XX əsrdə, XXI əsrin astanasında. Çünki türk ruhu səngidikcə ruhsuzluq tufan səviyyəsinə qalxıb tüğyan edir. Elə bir dövrə gəlib çıxmışıq ki, ruhsuzluq – güc, fərasət sayılır: «aldatdım» deyə sevinir kimi isə.
Türkdilli xalqlar çoxdur. Lakin mən öz Ocağımızın fəlsəfəsini deməkdən çəkinməyəcəyəm: Azərbaycan – türkün beyni və ürəyi, Türkiyə – türkün qolu və kürəyi. Burda heç kəs aşağı düşmür. Nə özbək, nə qırğız, nə uyğur, nə çuvaş. Onların da öz yeri var. Amma bu düşür iki xalqın çiyninə: çox ağır yük düşür. Bu yükün canı, mahiyyəti budur: Türkün ruhunu özünə qaytarmaq və dünyaya yaymaq.

Sual: Türkçülük və tarix. Türkçülük nədir?

Ata: Mən türkçülüyü üç uzunömürlü hadisəyə bölürəm. 1-ci. Türk ruhaniyyatçıdır. Əvvəldən deyim ki, ruh ayrı şeydir, ruhaniyyat ayrı şey. Ruhaniyyat – sistemləşmiş ruhçuluqdur. Deməli, 1-ci – Türk ruhaniyyatçılığı; 2-ci – Türk tarixi; 3-cü – Türk ictimai fikri.
Təbiidir ki, artırmaq da olar, amma əsas üçdür. 1-ci ən çox Azərbaycanın üzərində və daxilində yaşayıb və indi də Ocaq təzədən onu yaşadır. Türk ruhaniyyatının canı azərbaycançılıqdır.
Hamı azərbaycançılıqdan danışır, amma heç kəs heç nə demir. Nədir bu azərbaycançılıq, daha doğrusu, ruhani azərbaycançılıq? Bu – Zərdüştçülükdür, işıqçılıqdır. İşıq – türk mifologiyasında da çox böyük rol oynayır. Günəşpərəst olublar türklər. Zərdüşt də həmin o günəşpərəstliyin daha yüksək, böyük, ali ifadəsidir. Dünyada qaranlıqla işıq arasında döyüş gedir. Hürmüzd işıq Allahıdır, Əhrimən isə qaranlıq Allahıdır. Bunlar Yerdə, Göydə döyüşür. Bu döyüş həm də insanların içində olur. İnsanların içində Hürmüzd də var, Əhrimən də. Onlar bir-biriylə döyüşür. Xeyir var, Şər var… Döyüş çox ağır döyüşdür. Lakin gec-tez mütləq Hürmüzd Əhrimənə qalib gələcək. Və bu döyüş, bu işıq od işığıdır. Yanmalısan ki, işıqlandırasan.
Əzabdır işıq… Burda od işıq rəmzidir. Prometeydə isə istilik rəmzidir. Prometey də böyükdür, Hürmüzd də. Hürmüzddə məna daha dərindir. İşıq isə ruh deməkdir Zərdüştdə. Və son nəticədə Əhrimənə yer qalmayacaq, dünya bütünlüklə ruhaniləşəcək. Təbiidir ki, Zərdüştün fikri çoxdur. Onun haqqında fikrimizi biz ifadə etmişik. «Azərbaycanımız – Azərbaycanlığımız» adlı silsilə çap olunub qəzetlərdə.
Burda çox məsələlər çıxır ortalığa. Eləsi var onu deməmək mümkün deyil. Onlardan biri odur ki, Hürmüzdü islam mənasında Allah hesab eləmək olmaz, hərçənd ona Allah deyirlər. O, insanın üzərində allahlıq eləyən Allah deyil.
O, insanı xilas eləyən qəhrəmandır, xilaskardır.
Ondan sonra gələn peyğəmbərlərin hamısından üstündür. Mes¬siyaçıların hamısından böyükdür Hürmüzd. Ona görə hərfi mənada Hürmüzd adamları qorxudan, bəndə sayan, onları cəhənnəmə göndərən, cənnətlə mükafatlandıran uydurma bir üstünlük deyil. Bu doğrudan da bəşəri sevənlərin rəmzidir. Onlar da hər halda, azdan-çoxdan olublar qəhrəman. Bu, qəhrəmanlığın ilahiliyidir. Elə ona görə də islam ona qarşı oldu. Hərçənd indi mollalar və mollaçı bədnam, murdar ziyalılar sübut etmək istəyirlər ki, guya islam Zərdüştü inkar eləmirdi. Bir də gördün dedilər ki, islam heç Nəsimini də öldürməmişdir; onun dərisini sevdiyindən soymuşdur.
2-ci, türkçülüyün mahiyyəti ifadə olunur Babəkdə. Babəkin tarixini, tarixiliyini hamı bilir, Babəkin ruhaniliyi hələ sual altındadır. Hələ də murdarlar sübut etmək istəyirlər ki, o, çox ruhsuz adam olub, hətta əxlaqsız olub… Ümumiyyətlə, elə bir dahimiz var ki, onu «əxlaqsız» adlandırmasınlar əxlaqsızlar?! Özlərindən uydururlar: «Ay nə bilim şəhvətçilik və s.». Qəhrəman şəhvətçi ola bilməz. Qəhrə¬manın ömrü o qədər gərgin, o qədər məzmunlu, mənalı, həm də yüklü olur ki, onun ömründə əxlaqsızlığa imkanı olmaz – hansı bir cəmiyyətə malik olsa belə. O adam ki, ölümdən qorxmur, o adam ki, hər gün ölümlə üz-üzə durur – o adam üçün şəhvət yox dərə-cəsindədir, çünki onun həyatı ölümlə təmasdadır.
Babəkin ruhaniyyatının canı – fərəh fəlsəfəsidir. Bunu da biz demişik, yenə biz deyirik. Atanın fəhmi deyir. İnsan dünyaya fərəh üçün gəlib, fərəhin də ən böyüyü, ən gözəli azadlıqdır, özünəməxsusluqdur. Niyə mən sənin inamına, sənin özgə, zorakı, qılıncla gələn dininə qayıtmalıyam? Qatılmıram! Axmıram sənin dənizinə və bu mənim ömrümü fərəhə qərq edir!
Yenə türk vüqarı! 23 il Xilafətlə döyüşmək!.. Xilafətin də başı Bağdaddaydı, ayağı Hindistanda. Bir əlində qılınc, o birində Quran. Bu da Azərbaycandadır… Məgər bu pisdir?!
Və xüsusilə türk ruhaniyyatının Göyü – Hürufilikdir. İnsan özü Allahdır: onun üzü Qurandır… Bu tamamilə dinə qarşıdır. Burda Allahın adı çəkilir, Allah özü yoxdur… Əgər insan özü Allahdırsa, onda Allah özü yoxdur. Deməli, bəndə yoxdur: bəndə yoxdursa, Allah yoxdur… Ondan sonra Muğamat, ilahiliyə doğru gedən yol. Sufilərin kamilləşməsinin dahiyanə musiqi ifadəsi. Belə musiqi yoxdur. Bu da yenə türk ruhudur, hərçənd burda bütün Şərq iştirak edib, amma məhz kamilləşmə məsələsi türk ruhudur. Füzuli. Nə qədər eşqdən yazan var?! Harda eşq belə məqsəddir? Yalnız Füzulidə. Necə ciddidir Füzuli! Eşq əhli-kamalındır. Eşq ülviliyə çatmaqdır, heyrətdir. Deyirlər ki, Füzuli Allahı da vəsf eləyib. Amma qadını elə vəsf eləyib ki, qadın özü Allah olub. Məgər bundan güclü üsyan olar?! Gərək elə mütləq, hərfi mənada heç nə deməyəydi? Siyasətçilər mollalara imkan verir ki, mollalar dahilərimizi balacalandırıb dindar eləsinlər.
Sazımızdı.
Və bayaq dediyim kimi, bunların hamısının birliyi, ucalığı, yüksəkliyi, Göylüyü Ocaqdır.
3-cü. Bundan, bu ruhani türkçülükdən başqa, türk aqibətiylə bağlı tarixi türkçülük olub – türkün ayrı-ayrı dövrlərinin mahiyyətidir. Burda müəyyən dövrdən sonra əsas rolu Osmanlı türkləri oynayıblar.
Və bizim Şumer dövrümüz. Bunu da yenə bizə qıymırlar düşmənlərimiz. Əslində isə Şumer sivilizasiyanın əsasını qoyubdu, yəni mədəniyyətin. Və şumerlər bizim əcdadlarımızdır. Ondan sonra şumerlər Midiyalıları yaradıblar, bizim eradan əvvəl VII –V əsrlər. Bu da dünyanın ən böyük ölkəsi olub. Və orda yaşayanlara «xüsusilər» deyiblər. Təəssüf ki, Midiya məğlub oldu. İranın hissəsinə çevrildi. İndiki Cənubi Azərbaycandı. Və onunla da Azərbaycan dövlətçiliyini itirdi. Çox təəssüf! Fəlakətlər başlandı.
Ondan sonra ən böyük türkçülük Şah İsmayıl Xətai və ümumiyyətlə Osmanlı tarixi, XI əsrdən sonrakı səlcuqların dünyaya meydan oxumaları. Böyük Səlcuqlar dövlətinin yaranması…
Sonra Osmanlı dövləti və Kamal Atatürk, Səttarxan, Xiyabani böyüklüyü və s.
4-cü. İctimai fikir yarandı. XIX əsrdə türkçülük. Səbəb də aydındı: türklər parçalanmışdı. Böyük Turan artıq yox idi. Və yavaş-yavaş türk özünü unudurdu. O günə qalmışdı ki, azərbaycanlılara tatar deyirdilər – «fars tatarı». Qəribədir, Qərb və Rusiya da çox sevinirdi. Çünki türk çox böyük güc və rəqib idi. Qorxurdular ondan. Elə indi də var bu qorxu. Bu dövrdə bir-iki ziyalı fikirləşdilər ki, birləşmək lazımdır, yoxsa məhv olacağıq. Və pantürkizm yarandı. Birinci, Osmanlı türkü Ziya Göyalp yaratdı XIX əsrdə. Elə həmin dövrdə də, demək olar ki, bir az sonra, Azərbaycanda Əlibəy Hüseynzadə yaratdı. Öz dövrümüzün çox böyük türkçüsü olan və sonra Müsavat Partiyası, daha doğrusu, ümumi müsavatçılıq, başda Məmmədəmin Rəsulzadə olmaqla, onu imkan dairəsində azaltmaq istəyirlər – iqtidar onun böyüklüyünü azaldır, çünki iqtidar çox paxıl və qısqancdır: istəyir ki, XX əsrdə bircə o qalsın.
Bu üç güclü şəxsiyyət həmin o ictimai fikir türkçülüyünü yaratdı. Yaxşı cəhət odur ki, birləşməlidir. Lakin fəlakət onda oldu ki, bu birləşməni onlar gerçəklik səviyyəsində etməyə çalışdılar, gerçəkliyi ötə bilmədilər. Realistcəsinə anladılar və belə qərara gəldilər ki, türkçülük islamla birləşməlidir həm də… Beləliklə, türkçülüyün evini yıxdılar… Ərbakanı onlar yaratdılar… Və həm də qərbçilik olmalıdır… Özləri heç bir təzə doktrina-filan yaratmadılar.
Götürək parlamentçiliyi, nə bilim demokratiyanı… Qərbi yamsılamaq burdan başladı.
Bağışlamaq olarmı onlara bunu? Bağışlamaq olsa da, bu, türkün fəlakətidir. Əgər sənin ağlın varsa, niyə ötməyəsən gerçəkliyi? Bu nədir, gerçəkliyi ötmək heç ağıllarına da gəlmədi. Onlar elə bilirdilər ki, bu avantürizmdir… Gerçəklik diktə edir, sən olsa-olsa icraçısan. O dövrün türkçülüyündə bu fəlakət vardı. O fəlakət indi gətirdi Türkiyədə Ərbakanı hakimiyyətə…
Sualınıza cavab tapdınız, məncə? İki sualınızı birləşdirdim.

Sual: Ata əsərlərində xüsusi qeyd edilir ki, türkün fəlakətlərindən biri öz peyğəmbərlərinin arxasınca getməməsidir. Atanın Ruhani İntibah ideyasında olan sonuncu ideya ləyaqətli Bəşərdi. Bəşər Ata deyənə gəlməlidir, yoxsa məhv olacaq. Türklər bu ideyaya necə yiyələnəcək və Ata Yoluna necə düşəcəklər?

Ata: Ata ideyasından bəhrələnəcək bizim gücümüzlə. Çox işləyəcəyik, çox yazacağıq, gedəcəyik, gələcəyik… Xalqı mən sevirəm. Amma xalqın özünü təsdiq eləməsi üçün o, körpəlikdən çıxmalıdır. Bəli, mən də deyirəm, həmişə də demişəm hər bir fərd özü bir aləmdi, dünyadı. Fərd olana qədər körpədir, onu aldadırlar: o passivdir, addım ata bilmir. Bəli, mən sənin sualını anlayıram. Çox çətin iş götürmüşük çiynimizə. Amma mən qəti əminəm ki, artıq türklərin içində də beş-on nəfər aydınlar çıxır. Onlar bizim fikirlərimizi ifadə edir. Heç bir qiyam, baş kəsmə olmayacaq. Hamısını çiynimizə götürmüşük. Özümüzdən olacaq hamısı. Əgər gəlməyəcəklərsə, demək, zəifik, az işləmişik… Özü də birdən-birə yox. Bütün bu danışıqlarımızın canı budur ki, Ocaq hər şeydir. Türk üçün də, dünya üçün də. Və bəşəriyyət biz deyənə gələcək – özünə gələcək – insan vasitəsiylə.

Sual: Ata, türkçülük və ona zidd amillər – Ata bu suala açıqlıq versin.

Ata: Türkçülüyə ən böyük zidd türkçülərin illüziyalarıdır, xülyalarıdır, islamdır və qərbçilikdir – o ki birləşdirirlər, o birləşmədir düşmən. Çox təəssüf eləyirəm ki, Türkiyə, Kamal Atatürkdən sonra dahi şəxsiyyət verə bilmədi. İndikilər hamısı ortadırlar. Ondan sonra gələnlərin heç birində gerçəkliyi ötmə yox idi. Bəli, Kamal Atatürk də deyirdi qərbçilik belə… Amma o, islamı, xəlifəliyi rədd elədi… İndi ona qarşı hürürlər!
Atatürk qərbçiliklə də elə davranırdı ki, millətçilik qərbçiliyə üstün gəldi. Çox böyük diplomat idi. Bu bizimki kimi deyildi. O, gerçəkliyi ötə bildi. Ona görə mən onu çox sevirəm. Bizə çox yaxın adamdı. Düzdür, siyasət çox balaca işdir, özünüz bilirsiniz. Amma bu təkcə siyasət deyildi, həm də xilaskarlıqdı.
İkinci düşmən qərbçilikdir. Yenə də deyirəm: Kamal Atatürkün əlacsızlıqdan yaratdığı nə vardısa, o, gerçəkliyi ötürdü. İndi isə əlacsızlıqdan başqa bir şey bilmirlər. Əlacsızlıqdan da indi Avropa Şurasına yüyürürlər. Və bütün məsələ bundadır ki, qərbçilik dünyanı eyniləşdirəcək. Qərbçilik ağalıq üçün nə edirsə, Şərqin belini əyib. İndi isə tam məhv edəcək addım-addım, yavaş-yavaş, şirin-şirin. Bir tərəfdə guya milli oyanış, filan… Əslində isə Qərb bircə şey bilir – qərbləşdirmək. Qərbə lazım deyil ayrı Türkiyə, ayrı İran, ayrı Azərbaycan. Ona lazımdır yalnız özü istədiyi Azərbaycan. Ona görə də o, şirkətləri yaradır və fikir verirsənmi, demək olar ki, iqtisadiyyatımızın 90 faizi artıq özgələrin əlindədir, Qərbin əlindədir. 30 il sənin neftindən istifadə edəcək. Ondan sonra heç çıxmayacaq. Əqidə də həmçinin. Bu saat ingilis dilini Azərbaycan dilindən yaxşı bilirlər. Utanıb-ölmürlər! Hələ bir ağız büzürlər. Yenə deyirəm: Qərbi inkar eləmək olmaz. Qərbin Bethoveni, Şekspiri, Hegeli var ki, Ata bir zaman ondan öyrənib, biz inkar eləmirik. Amma qərbçilik bəşəriyyətin eyniləşməsidir, eyniləşmə də ölümdür! Heç bir müxtəliflik qalmayacaq! Hamısı bir-birinə oxşayacaq. Azərbaycanda oldun, Vaşinqtonda oldun – hamısı bir şeydir… Bezəcəksən belə həyatdan. Həyatın gözəlliyi müxtəliflikdədir. Ona görə təhlükə çox böyükdür. Ocaqdan başqa da bunu hiss edən yoxdur. Yüyürürlər ölümün qucağına eyniləşməyə, eyniləşmənin qucağında ölməyə.

Sual: Ata, Türk Birliyinin yaranması üçün xilas nədədir?

Ata: Təkcə Ocaq! Türk birliyi o zaman yaranacaq ki, siz öyrəndiyiniz qədər də olmasa, öyrənəcəklər. Siz özünüz də birdən-birə qəbul etmədiniz… Tədricən sizə bənzəyəcəklər. İndi 10 ilmi çəkəcək, 10 əsrmi – bunu deyə bilmərəm.

Sual: Türkiyədə türkçülüyün vəziyyəti və çıxış yolu?

Ata: Atanın təhlükə saydığı nə vardısa, çox təəssüf ki, hamısı həyata keçir. Ata yüz dəfə deyib ki, «təki mən deyən olmasın». Olur hamısı. Mən yazılarımda deyirdim ki, islamın Türkiyədə belə tüğyanı islamçıları hakimiyyətə gətirəcək. Yadınızdadırmı? Dəfələrlə… Qərbçilik elə islamı böyüdür, islam qərbçiliyi. Bunu da mən deyirdim. Qərbçiliklə islam arasında çabalayır Türkiyə. Bu yaxınlara qədər – onda hələ Ərbakan məsələsi yox idi. İndi islamçılıq üstəlik hakimiyyətə gəlib. Bu o deməkdir ki, Türkiyə qərbçilik özgəçiliyindən ondan daha murdar olan, ondan daha cəfəng olan islam özgəçiliyində yaşayır. Buna başladılar. Çox təəssüf edirəm ki, millətçilik, türkçülük partiyası olan Alp Arslanın partiyası heç nə eləyə bilmədi. Burda məsələ onda deyil ki, partiya ilə bunu həll eləmək olmaz. Xüsusi söhbətdir, bunu sonra deyərik. Millətçilik lazım idi qərbçiliyə qarşı və islamçılığa qarşı. Millətçi partiyasının özü həm qərbçi oldu, həm dinçi, millətçi olmadı… Birdən-birə elə bil xəstələndilər, ağlı itdi böyük Türkiyənin, arxamız olan Türkiyənin. «Türkün qolu və kürəyi olan» Türkiyənin ağlı itdi. Hamı «Allah» deməyə başladı. Və beləliklə də vəziyyət ora gəlib çıxdı ki, həyasızcasına qadını çadraya bükürlər və bunu tərəqqi hesab eləyir böyük Türkiyə. Ondan sonra balaca-balaca uşaqları bəndələşdirirlər, kişiləri qadınlara qarşı qoyurlar.
Bütün o VII əsr, IX əsr eybəcərliyinə qayıdırlar!.. Böyük Türkiyə ölüm ayağındadır! Hər baxımdan. O biri məsələlər də həll olunmur. İqtisadiyyatda… Yazıq Özal qəti əmin idi ki, XXI əsr Türk Əsri olacaq. İndi XXI əsr İslam Əsri oldu! Olmayacaq, amma türklər əgər tez bir vaxtda islamçılığı hökumətdən qovmasalar, türkün günü dəhşətli olacaq.
Bəli, Türkiyədə qərbçilik çox böyük eybəcərlik elədi, açıq-saçıqlıq yaratdı və s. və i.a. Camaatın vəziyyəti pisdir. Camaat – kəndlilər, Anadolu kəndliləri, fəhlələr çox pis vəziyyətdədirlər.
İndiki Türkiyəni millətçilik qurtaracaq. Millətçilik – Türkçülükdür. Onun da nə olduğunu dedik.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Evladlar: Ata Ruhunu Ürəyimizdə aparırıq!

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv