Xaliq Bahadır. Bizdə bir ailə var!

Bizdə bir ailə var – bütün Azərbaycana yiyələnmiş bir ailə. Bütün Azərbaycan bu ailənin istəyinə, şıltağına bağlıdır. Elə Avrovijin, Avropa oyunları, İslam oyunları adına şou-oyunlar da! Hamısı da hakimiyətdə daha çox qalmaq, bu xalqı, bu ölkəni daha çox soyub-yağmalamaq üçündür. Bu soyub-yağmalamanınsa az qala əlli illik tarixi var! Milyonlar milyardlara çevrilib, milyardlar trilyona çevrilir, ancaq soyub-yağmalama, yığım istəyi bitmək bilmir…

Bugünlərdə Çində dünyanı şaşırdacaq bir olay baş verdi: çinli iş adamı 6 min 400 (altı min dörd yüz!) işçisini Fransaya dörd günlük gəzinti-dincəlməyə apardı. Hamısını öz puluna. Çoxsaylı qatarlar, uçaqlarla daşımalar bir yana, işçilərini yerləşdirmək üçün o, Parisdə 140 otel tutub. Bütün bunlar azmış kimi, o, Parisin böyük alver obyektlərindən birini işçiləri üçün bağladıb. İş adamı bütövlükdə 15 milyon avro pulundan keçib! Türkiyə televiziyası onun çıxışını verdi. Adam pula yığım aracı deyil, adamlıq ölçüsü olaraq baxdığını bildirir. Bunu buldirməsəydi də etdiyi yetərliydi: ortada onun özünün tarixə yazdığı böyük insanlıq örnəyi var! Gerçəkdən bu, olduqca yüksək dəyərləndiriləcək taysız humanizm – insana sevgi, sayğı örnəyidir. Bu gün bir sıra alanlar üzrə dünya örnəyinə çevrilən çinlilik daha bir alanda – humanizm alanında da görünməmiş ilkə yiyəlik etdi. Bu gözəl örnək birinci Çinin özündə, ikinci, dünyada çox önəmli başlanğıca çevrilə bilər: humanistləşmə başlanğıcına!

Bizdə necədir? Bir ailə bütöv bir ölkəyə yiyələnib: bazisiylə, üstqurumuyla. Neftdən balığa-kürüyə, sənayedən aqrar sektoradək. Aviasiyadan alver-kommersiya obyektlərinədək. Açıq-gizli polisdən, məhkəmə-prokurorluğadək. Qabaqlar bizə orta-yüksək oxullarda öyrədilənlər indi gözümüzün qabağında baş verir: qabaqkı dərsliklərdə deyildiyi kimi, ölkədə “kapitalizmin təmərküzləşməsi prosesi” gedir. Vergi, ardınca “bandotdel” ölkədə “kapitalizmin təmərküzləşməsi prosesinin” başlıca funksionerləri rolunda çıxış edirlər. Bir sıra bilgilərə görə, indi yalnız “başqaları” deyil, son 22 ilin bəlli məmur-milyarderləri də “zakona” düzdürülür. Aşağıdan yuxarıya qoyulan vergi stavkalarına boyun əyməyənlərə “bandotdel” boyun əydirir. Beləliklə, “kapitalizmin təmərküzləşməsi prosesi” ilə yanaşı, kapitalın “təmərküzləşməsi”, bizim dildə desək, bir əldə toparlanması sürəci sürdürülür! Özü də nəyə görəsə bu işlər bütün ölkə boyunca çox böyük yeyinliklə görülməkdədir. Elə bil harasa tələsirlər. Bəlkə, bu, tarix dərsliklərindən öyrəndiyimiz “kapitalizmin təmərküzləşməsi prosesi”deyil, baş kapitalistin yır-yığış sürəcidir. Bilinmir, bilinən ortada olan tələsik soyma-yağmalama faktıdır. Ölkənin bu başından o başına soyma-yağmalama faktı!

Bir yandan Vatikana, Petka kilsəsi kimi xristian tapınaq yerlərinə pul tökürlər, o biri yandan Kəbəyə, məscid tikinti-təmirinə. Bir yandan dünyanın üstün siyasi güclərini, o biri yandan  dünyanın din gücünü milyonlar tökməklə ələ almağa çalışırlar. Yaranışdan dinlə siyasət bir olub, bir amaca qulluq edib: insanlıq üzərində ağalıq amacına! Din siyasətlə çulğaşanda ağalıq-hakimiyət daha güclü olur. Siyasət onlara nədən ötrü gərəksə, din də ondan ötrü gərəkdir. Siyasət yetkililərini satın alıb işini aşırmaq (hakimiyəti qoruyub saxlamaq) önəmlidirsə, din yetkililərini də satın alıb işini aşırmaq eləcə önəmlidir. Ən başlıcası, hər ikisində PULun keçərli olmasıdır. Dünyada milyonlarla adam siyasət qanunlarına boyun əydiyi kimi, milyonlarla da adam din düşüncəsinə boyun əyir. Beləcə, istənilən böyük oğurluq-soyğunçuluq yiyəsinə bu sayaq oxumaq qalır: “Vatikan da bizimdir, Kəbə də bizim”. Bunlar insanlığı aşındıracaq bir inancı – bu dünyada hər nəyin alınıb-satıldığı inancını yaratmaqdadırlar. Belə inancın kök atdığı yerdə nə ot bitər, nə… mənlik! İnsanlığa üstünlük qazandıran bir anlayış var: mənlik!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv