Bir prezident var idi – regionun lider dövlətinin lider prezidenti! Başqaları yox, o özü başında durduğu dövləti belə adlandırırdı. Lider – başçı, qabaqcıl, başda gedən deməkdir. Onun başında durduğu dövlət gerçəkdən lider dövlət idi, ancaq qara işlərdə: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya… Belə-belə işlərdə çempion-dövlət. Neftin qiymətinin durmadan düşdüyü dönəmdə belə, prezident tez-tez televiziya ekranlarından bildirirdi: “Neftin qiyməti dünya bazarında haracan düşür-düşsün, bizə təsir etməyəcək – bizim güclü iqtisadiyatımız var”. Ekonomikası yox yerində olan bir ölkənin prezidenti beləcə xalqı aldadırdı. Neftin qiyməti bir az da aşağı düşəndən sonra xalq baxıb nə görsə yaxşıdı: “kral lütdür”! Başqa cür desək, dünya dolusu hap-gop yüksək neft qiymətlərinə bağlı imiş. Neftdən gələn milyardlar “lideri” göyə qaldırıb Avropanın, Amerikanın üstünə ayaqlandırırmış, indi o, göydən yerə enib… Rusiyaya sığınmalı olur!
Onun Sovet savaş veteranları ilə yeni görüşü çoox yaddaqalan oldu. Bu görüşdəki çıxışı isə suveren Azərbaycan Respublikasının başında qatı Rusiya liderinin durduğunu göstərdi. Bax, bu yerdə lider anlayışı gerçəkdən yerinə düşür! Rusiyanın İŞĞAL etdiyi Qarabağ! Əliyevlərin başlanğıcdan yağı kəsildikləri Qarabağ savaş veteranları! O onlarla görüşməyi indiyədək özünə sığışdırtmayıb. Ancaq Sovet savaş veteranları ilə hər il 9 may QƏLƏBƏ günü görüşünə çıxır! Özü də sevincək; elə bil onlarla savaş yolu keçib, birlikdə Berlinə, lap reyxstaqadək gedib çıxıblar. Bu gün yoxsulluq içində ölüb gedən Qarabağ veteranları, eləcə də Zaur Həsənov kimi rejim özbaşınalığından özünü yandırıb torpağa gömülən Qarabağ savaşçıları ondan ötrü heç nədir. Ancaq, Sovet veteranları! Bu, başqa söz! Axı, veteranlar qarşısında bildirdiyi kimi, onlar alman faşizminə qarşı vuruşublar, bunlarsa, erməni faşizminə qarşı. Azərbaycan xalqının qanını içən erməni faşizmi ilə rusa güllə atan alman faşizmini necə yanaşı qoymaq olar? Alman faşizmi çox pisdir, erməni faşizmi… çox gözəl! Eləcə də Qarabağ veteranları çox pisdir, Sovet veterasnları… çox gözəl! İndilikdə alman faşizmi də arxasızdır, Qarabağ veteranları da. Ancaq, erməni faşizminin də, Sovet veteranlarının da çox güclü arxası var – Rusiya!
Rusiya Batı Azərbaycandan (indiki “Ermənistan”) sonra daha 20 % toprağımızı alıb erməniyə verib. Üstəlik, erməniyə, bizim bildiyimizcə, 2 milyardlıq yaraq-sursat verib. Başqa bir yandan Rusiya ata-bala Əliyevlərin hakimiyətə gəlmələrinə, hakimiyətdə qalmalarına yardımçı olub. İndi ortadakı bizə bəlli 75 milyon dollarlıq Dubay mülkləri, 48 milyard dollarlıq ofşor pulları, dünyanın bu başından o başına səpələnmiş bir çox mülklər, dövlətdən oğurluq yoluyla yaradılmış çoxlu gəlir qaynaqları, 1993-dən bu yana satıldıqca satılan, tükənməz qazanc obyektinə çevrilən Azərbaycan! – bütün bunlara görə özünü necə Rusiyaya borclu saymayasan?! Rusiya gözdü, qaşdı, candı, arxadı, dayaqdı, mayaqdı, lap elə diz çöküb öpüləsi, üz sürtüləsi bayraqdı! Sənsə, Azərbaycanı sevən kimsə, sən bilməzsən Rusiya nədi. Daha doğrusu, ölkənə, ulusuna bağlılıq üzündən sən iki yüz ildən bəri Azərbaycanı parça-parça edən, indiyədək ulusunun qanını tökən Rusiyanı sevə bilməzsən. Hacı başqa şey olduğu sayaq, Rusiya da başqa şeydi, Yavər! Rusiyaya bağlanan Azərbaycana bağlana bilməz, Rusyanı sevən Azərbaycanı sevə bilməz, “Rusiya strateji müttəfiqimizdir” deyən Azərbaycanın başında dursa belə, Rusyanın işinə yarayar!
Neft ucuzlaşandan hara baxırsan maşınların üzərində belə yazı görürsən: satılır. ANTİMİLLİ rejim əlində gerçəkdən ucuzlaşan da, gerçəkdən SATILAN da Azərbaycandır! Məktəblər başda olmaqla ölkəboyu soyğunçuluq faktları, eləcə də “Azərbaycan prezidenti” adlanan adamın antiAzərbaycan xarakterli 9 may QƏLƏBƏ çıxışı – bütün bunlar bir prezidentin manifesti deməkdir!