XALİQ BAHADIR. Topladıqca qucaq-qucaq… pulları!

Ötən yüzilin 70-ci illərində “Kənd zəhmətkeşləri üçün konsert” seriyasından belə bir populyar mahnı vardı: “Topladıqca qucaq-qucaq pambığı”. O çağlar respublikamızın başında Əliyev dururdu, indi də Əliyevdi. O çağlar respublikanın baş ideoloqu R.Mehdiyev idi, indi də odur. Onlar onda qucaq-qucaq pambıq yığdırardılar, indi – 1993-dən bu yana – qucaq-qucaq pul yığdırırlar. Britaniya parlamentinə bağlı vergi qurumunun bəlirlədiyinə görə, ata-bala Əliyevlər 1993-2010-cü illər arasında təkcə ofşor zonalara Azərbaycandan 48 milyard dollar PUL toplayıb ötürüblər. Dubay mülkləri kimi 75 milyon dollarlıq xırda-xuruş oğurluqlar bura girmir. Görəsən, bütövlükdə Azərbaycan özü neçə milyard, neçə trilyon edə bilər? Axı, Azərbaycan da onların mülküdür!

İndi bizdə “oliqarxiya tutuqlaması” deyilən bir sürəc yaşanmaqdadır. Nə oliqarxiya? Onlar oğrulardır – oğrulardan oğurlayan oğrular – mülk oğruları. Azərbaycan, dediyimiz kimi, Əliyevlərin baş mülkü, başlıca mülküdür, onlarsa bu mülkdən oğurlamağa girişənlər. Onlar illərlə bu mülkdən oğurluq etməklə milyonlar, milyardlar qazanıblar. İstər-istəməz soruşmaq gərəkir: bəs bu mülkün başlıca gözətçiləri – DİN, KQB (MTN) illərlə hara baxıb? Sözsüz, başdan gələn tapşırığa uyğun olaraq onlar illərlə elə ORA baxıblar! Başqa cür desək, hamısı illərlə gözətim altında – kontrolda olub. Ölkədəki güclü siyasi müxalifətlə bacarmaq, uğurlu çarpışma aparmaq üçün rejimə hökumətə bağlı güc qurumlarından başqa bir də “hökumətdən ayrı” özümlü güc qurumları – pullu kimsələr gərək idi. Böyük iş yerlərinin – zavodların, fabriklərin, eləcə də aqrar sektor birliklərinin bilərəkdən dağıdıldığı ölkədə ayrı-ayrı əlaltı kimsələr böyük pullara yiyələnməklə böyük işçi birliklərinə də yiyələnərək yerlərdə rejimin dayaqları funksiyasını yerinə yetirirdilər. Onlar oğru rejimin oğru, ancaq milyonşu, milyarder əlaltıları idilər. Onlar bir yandan xalqdan oğurlayırdılar, bir yandan oğru rejimdən. başqa cür desək, böyük neft pullarının qırın-qurtuğundan.
Oğru-repressiv rejim çeşidli yollarla müxalifəti dağıdıb, azaldıb gücsüz duruma gətirdi. Siyasi müxalifətin sıraları seyrəlincə ortaya rejim üçün daha qorxulu bir müxalifət – radikal din müxalifəti çıxdı. Rejim siyasi müxalifəti bir sıra imperialist güclərlə ortaqlıqda yendiyi kimi, radikal din müxalifətini də eləcə ortaqlıqla yendi. İndi sıra üçüncü gücə – rejimin çox varlanmış, buna görə də, rejim başçısının özünün dediyi kimi, çox qudurmuş oğru ortaqlarına çatıb. Neft gəlirlərinin azalması, xalqın, ölkənin yetərincə soyulub-yağmalanması faktı da bu işdə təkanverici rol oynayır. Yalnız daha çox pul toplamaq istəyi deyil, eləcə də hakimiyəti itirmək qorxusu hamını əzib-büzüb bir taxçaya düzmək gərəyi yaradır. Burada bir gülləylə iki “dovşan” vurulur: bir yandan hamı “prokrust yatağına” düzülür, o biri yandan qazandırılan pullar qaytarılır! Qaytarılan pullar hansısa dövlət qurumuna (dövlət büdcəsi, bank) qaytarılmır, çoxdan dövlətüstü qurum olaraq formalaşmış Ailə saxlancına ötürülür. Beləliklə, ayrı-ayrı oğruların topladığı qucaq-qucaq pullar bir kimsənin topladığı qucaq-qucaq pullara çevrilir. Bir çağlar rejimin sevimli oğrularından olmuş Abdulla Abdullayevin dilindən səslənən məhkəmə epizoduna baxın: “Heç 2 milyon yarım məbləği bir nəfər apara bilər? 90 kiloqram eləyir…” Bu epizoddan da göründüyü kimi, biz pulun sayılmadığı, daş-tərəzi ilə çəkildiyi OĞRU rejimdə yaşayırıq!
Sözü gedən rejim oğrularına Cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə iş açılır. Bu maddənin özünün açılışı belədir: “külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq”. Bu isə, faktlardan göründüyü kimi, bütöv bir rejim maddəsidir: baxın, Gömrükdən tutmuş, Xarici İşlər Nazirliyinədək hansı dövlət qurumunda yoxlama aparılırsa, ortaya milyonlarla manatlıq yeyinti-mənimsəmə faktı çıxır. Bunun ardınca isə… sonsuz susqunluq!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv