XALİQ BAHADIR. Yanğın yaradanlar

Sosial şəbəkə öz işini görmüşdü: mayın 19-da Bakıda baş verən yanğın- 16 qatlı binanın avtomobil şini sayaq qatı tüstü içində yanması, başqa bilgilər operativ olaraq yayınlanmışdı. Ertəsi günü elə-belə, rejimin xarakterik özəlliklərini bir daha görmək üçün AzTV-lərə baxdım. Bir-birindən biliksiz, yararsız, düşük aparıcılar telekanalları əttökən çıxışlara bürümüşdülər. Doğru-düzgün, analitik, qınaq xarakterli çıxışların yerinə hökumətə yaltaqlıq, yarınma sərgilənirdi. Ortadakı cinayət birbaşa hökumətdən gəlirkən!
ANS aşpazı çıxarıb danışdırır. Aldıqları tapşırığı xalqa aşpazın dililə çatdırırlar: “Binanı Azərbaycandakı inkişafı gözü götürməyən, Avropa oyunlarının Bakıda keçirilməsini istəməyən avropalılar törədiblər”. FHN yetkilisini çağırıb danışdırırlar. Dövlətdən yüksək aylıq alan bu adam bir çox başqaları sayaq, dövlət dilində gərəyincə danışa bilmir: “Adamlar özlərini təxliyə etmək istəyirdilər… biz adamları təxliyə elədik… mənim tərəfimdən xahiş olundu…” Onun danışığında bir önəmli yer oldu: “Binaya üzlük çox sürətlə yanan materialdan çəkilib”. Bu isə birbaşa hökumətin cinayətidir! Aparıcı Elgiz toybəyi rolunda çıxış edərək hökumətə yarınma çalışmaları bir yana, özünü “maşallah, texnika” deməkdən də saxlaya bilmir, bu da indiki saya teleyaltaqlıq alışqanlığıdır!
AzTV-nin birbaşa uzantısı olan İTV daha qabağa gedərək olayla bağlı danışdırmağa akademik çağırıb. Az qala bir saatlıq çıxışı boyunca bircə normal cümlə qurub danışa bilməyən, çıxışı boyu baş-ayaq vuran, məntiqsizlik sərgiləyən bu dırnaqarası akademik “ümummilli lideri”, “möhtəşəm ürəyi olan prezidenti” dönə-dönə öyməklə olayı aparıb Tanrıya bağlayır: ”Müasir binada şən, firavan yaşayan o ailələr birdən-birə Tanrı tərəfindən qeyb oldular”. Akademikə görə, “gərək bu ərəfədə olmayaydı bu hadisə – “xalqımız böyük sevinclə Avropa oyunlarını gözləyən ərəfədə”. Akademikin düşüncəsinə görə, başqa “ərəfədə” belə olaylar ola bilər. Başdan ayağa düşüklük sərgiləyən aparıcı Saleh Bağırov bir daha özünü göstərir: “Mən hardasa ya oxumuşam, ya da eşitmişəm: odda yanan, suda batan şəhid sayılır”. Düşükdən düşük aparıcılığı akademikin dəyərləndirməsi belədir: “Sizdə yaradıcı, intellektual təfəkkür var”. Bu “yaradıcı, intellektual təfəkkür” yiyəsi iki-üç cümləlik sualı üzündən oxuyur.
Televiziyalar aldıqları tapşırığa uyğun olaraq ortadakı konkret cinayət faktını malalamaq üçün “tarix boyu bizim başımıza çoxlu fəlakətlər gəldiyindən” danışırlar. Dönə-dönə vurğulamaq gərəkir: burada başlıca istək qondarma ah-vay, çörə-çöpə sarıma yoluyla konkret cinayət faktını arxa plana keçirməkdir. ANS birincilər sırasında reklam bazarı açdı: “Dövlət, prezident vətəndaşın yanındadır”. Haçaq? Bina od tutub yanandan, yurddaşlar öləndən, olan-olmazları itkiyə uğrayandan sonra! “Azadlıq” qəzeti belə olayların qaçılmazlığı ilə bağlı bir ay qabaqdan yazılar vermişdi. Onlardan ən dəyərlisi, məncə, Aslan İsmayılovun yazısı idi. Ayrıca olaraq o yazıda penoplast üzlüklərin yanğınyaratma qaçılmazlığından, xəstəliktörətmə özəlliklərindən danışılırdı. A.İsmayılov bunları yazılı olaraq baş prokuror Z.Qaralova da bildirib. Z.Qaralov indi yanğın, ölüm faktları ilə bağlı başqalarına cinayət işi açır. Çox-çox qabaqcadan bəlli olan cinayətlə bağlı iş-işdən keçəndən sonra açılan cinayət işi!
Prezidentin yaratdığı araşdırma komissiyasına gəlincə, bu da faktiki olaraq xalqı aldatmaq üçündür. Komissiyanı oluşduran başlıca adamlar indiki yanğın-ölüm faktlarının ortaya çıxmasında önəmli rol oynayan kimsələrdir. Ən başlıcası, fövqəladə pullar nazirliyi burada bir yandan yandıran, o biri yandan söndürən dövlət qurumu rolunda çıxış edir. Ortadakı cinayət faktının dəyərləndirilməsi də birbaşa bu nazirliyə tapşırılır. Sonuc indidən bəllidir: gərəkən istefalar-cəzalandırma olmayacaq!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv