Yadigar Türkel. AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ

İdeya Yunan sözüdür, Türk dilində düşüncə, baxış, görüş deməkdir. İnsan sinir-nerv sistemilə doğadan (ərəbcə təbiətdən) aldığı bilgilərdən sözlər, ideyalar, baxışlar yaradır. İdeyalar gerçək (obyektiv), bir də düşüncəl (subyektiv) olur. Doğa bilimləri (ərəbcə elmləri) gerçək ideyaları öyrənir. Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa düşüncəl ideyaları da öyrənir. İnsanlar ideyaları yaşamlarını qurmaq, çatışmazlıqlarını ödəmək üçün yaradırlar. İdeya bireyi, ulusu, dövləti, Yer üzündəki yaşamı yox etmək üçün də yaradıla bilər.
İnsan bilinci (ərəbcə şüuru) bilgi-bilik-bilim oldubitdini (ərəbcə mütləqi) anlama yolu, ilkəsilə (prinsipilə) qurulmuşdur. Oldubitdi ikidir, doğa, tanrı. İnsan beyni nerv sistemilə dışdan-içdən qıcıqlar – bilgilər alır. Bilgilər artıb çoxalıb bilik olur, biliklər sistemləşib bilimə çevrilir. Bilim doğanı öyrənir, anlamağa, açmağa, açıqlamağa çalışır. Tanrını isə din öyrənir. Bilimlə din varlıqdakı, toplumdakı olaylara oxşar yanaşır, ancaq yolları heç kəsişməz, birləşməz! Bilimin fəlsəfəsi axtarışdır, dininki oldubitdiyə inam, güvən, tapınma. Bilim insanı açar, düşüncəsini, ağlını gəlişdirər, din onu «Ol dedi ol» oldubitdisi, doqması, absolyutu ilə sınırlayar.
Bilimlə din bütünlüklə qovuşsa, ideoloji birləşsə yer üzündə gəlişmə, yüksəliş, bəlkə də yaşam bitər. Buna görə də Azərbaycan türkləri, Azərbaycan xalqı, azərbaycanlılar irəliyə, yüksəlişə köklənməli, daha çox bilim – doğa bilimləri, tibb, texnika ardınca getməli, çağdan geri qalmamalıdırlar!
Bununla yanaşı, Azərbaycanda toplumsal-politik bilimlər də çox gəlişdirilməli, onlardan ulusu, dövləti ideoloji qorumada yetərincə yararlanılmalıdır.
İdeyalar insanları tərpədib istəyə, amaca çatdırdığından onlardan ideologiyalar yaradılır. Ulusalçı, dinçi, sinifçi, liberal, superetnik, faşist, eləcə də başqa adlar qoyulan bu ideologiyalar çeşidli dövlət politikalarının özəyində durur, onlardan toplumu yönətməkdə yararlanılır.
Politologiyada ideologiyaya iki yanaşma vardır: a) ulusa, dovlətə, topluma ideologiya gərəkdir, b) gərək deyildir?
Çağdaş yaşam bizə minillik Orta çağ dərəbəyliyini dəstəkləyən ikiyüzillik Rus-Sovet saldırısından yenicə qurtulub dirçəlmək istəyən Azərbaycan türkləri kimi uluslara, Azərbaycan xalqıtək toplumlara ulusal ideologiyanın gərəkliyini göstərdi.
Azərbaycanda uzun illər yeridilmiş superetnik politikalarla islam dininin geriçi, tutucu etkiləri Azərbaycan türklərinin ulusal yaddaşını dolaşdırmış, onun toplanmaq, birləşmək bacarığını azaltmışdır. Sovet İttifaqının bunu gözə alan strateqləri  bilimsəl araşdırmalarında azərbaycanlıları «çətin toplanan ulus» adlandırmışlar.
Ulusal ideologiyası olmayan ulus hara getdiyini bilməyən başsız atlıya oxşayır. Buna görə də Azərbaycan türkləri, Azərbaycan xalqı strateji yaşam, varlıq proqramını – ulusal ideologiyasını yaratmalıdır!
Son 20 ildə Azərbaycan Respublikasında azərbaycançılıq, azərbaycanlılıq, türkçülük, ulusalçılıq, islamçılıq, qafqazçılıq, demokratiya, liberalizm, tutuculuq (ərəbcə mühafizəkarlıq) kimi ideyalar yayılır. İlk baxışdan çəkici görünən bu ideyalar çağın demokratik baxışları ilə gücləndirilsə də, bu gün ulusun toplumsal-politik, ekonomik, mənəvi-psixoloji, kültür çıxarlarını bütünlüklə içinə alan ulusal özünüdoğrulama mexanizminə – ulusal ideologiya düzəyinə çatmayıblar.
XX yüzilin başlarında Azərbaycanın ulusalçı aydınlarının yaratdığı Müsavat Partiyası «millətçilik, türkçülük, vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyətçilik» ideyalarını «siyasi millətçilik, istiqlalçılıq – azərbaycançılıq» düzəyinə qaldırıb, ulusal ideologiyaya çevirə bilmişdi.
Azərbaycan Xalq Cümhuriyətinin yaradılması azərbaycançılığın praktik göstəricisi idi, Azərbaycan türkləri siyasi ulus düzəyinə çatdıqlarını anlamışdılar: «Azərbaycanlılar XX yüzilə yetişmiş bir ulus olaraq, özünün güclü, oxumuş aydınlar dəstəsilə girirdi. Politika meydanında özünü göstərə biləcək, Batının, Rusiyanın çeşidli universitetlərində oxumuş görklü (ərəbcə təcrübəli) şəxslər olduğu kimi, ədib, şair, jurnalist, yazıçı, musiqiçi, öyrətmən, sosial, kültür işlərini bilən uzmanlar, alver, sənaye, bank alanında  çalışan burjua kapitalistləri də vardı. Bu uzmanlar Azərbaycan qarşısında ulusal demokratik yöndə borcunu yerinə yetirmək üçün əlverişli ortam gözləyirdilər. Azərbaycan xalqının görkəmli aydınlar dəstəsi belə bir çağın gələcəyinə inanırdı».
Bu çağ gəldi. Azərbaycan türkləri 1918-ci il mayın 28-də yoxdan bir bayraq qaldırıb, qutlu bir ideal  Azərbaycan Xalq Cümhuriyətini yaradaraq, 1991-cı ildə onu Azərbaycan Respublikası adı ilə yenidən qurdular.
Azərbaycan türkləri «Sınırı Həmədan, Əhər, Zəncandan başlanıb, sonu Xəzərlərin Dərbəndinə kimi uzanan» Azərbaycan adlı topraqda böyük tarixlər, uyqarlıqlar yaratmışlar. Azərbaycanlı üçün Azərbaycan sözü də Türk sözü ilə bir dəyərdədir». Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə Türk ulusunun şəhidlərin qanı ilə qurulmuş dövlətini respublikanın bütün yurddaşlarına yurd olması  üçün Azərbaycan Türk Respublikası yox, Azərbaycan Respublikası adlandırdıqlarını deyirdi.
Çağdaş Azərbaycan Respublikasında ən gərəkli ideologiya – azərbaycançılıqdır. Türkçülük, islamçılıq, çağdaşlıq, qafqazçılıq, talışçılıq, ləzgiçilik, kürdçülük, avarçılıq, eləcə də başqa ideyalar azərbaycançılıq ideologiyasının iç ideyaları, ulusal, mənəvi, kültür dəyərləridir. Bu anlamda 1995-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin adını yenidən dəyişdirib Azərbaycan dili edilməsi Azərbaycan türklərinin özünüanlama, özünütanıma, özünütanıtma, özünüdoğrulama düşüncəsini dağıdan bağışlanmaz yanlışlıq, dönüklük, satqınlıqdır!
Bu gün Azərbaycan Respublikasında çox gərgin sosial-politik, mənəvi durum yaranmışdır. Ölkənin azərbaycanlı adlanan bütün yurddaşları – talışlar, ləzgilər, avarlar, saxurlar, eləcə də başqaları gərəkən yerdə etnik kimliklərini də deyir, yazdırır, iki adın da üstünlüyündən yararlanırlar. Təkcə türklər ulusal kimliklərini Türk yazdırammazlar. Bu uluslararası hüquqa da tərs, bağışlanmaz durumdur.
Azərbaycan Respublikasından yayılan bu yanlış politikadan Güney Azərbaycandakı türklər də özlərinə Türk yox, azərbaycanlı deməyə başlayıblar. Bundan yararlanan yağılar keçənlərdə Quzey Azərbaycan türklərinin dalınca dedikləri: «XIX yüzildə Azərbaycan xalqı olmayıb» sözlərini «XX yüzildə Güney Azərbaycanda Türk ulusu olmayıb»a çevirib bütün dünyaya yayacaqlar. Biz də sonra bu yalanları düzəltməklə uğraşacaq, düzəldə də bilməyəcəyik!
Azərbaycanın yurdsevər aydınları bunu düşünməli, Azərbaycan Respublikasının anayasasında bu yanlışın düzəldilməsi üçün çalışmalıdırlar!
Azərbaycanın ulusal düşüncəli aydınları XX yüzilin başlarında uydurulmuş Azəri sözünü düşüncələrdən silməyə çalışırlar. Ancaq ulusal düşüncəsiz «oynağanlar» bütün günü radiodan, televiziyadan «Azəriyəm mən!» mahnıcığını oxuyurlar. Dövlətin bir yetkilisi də çıxıb sormur: bu Azəri nə deməkdir?
Çeşidli ensiklopediyalardan azərilərin İranda, Hindistanda yaşayan farsdilli etnik qrup, Sudanın quzeyində yaşayan «vəhşi tayfa» olduğunu öyrənmək olar. Bu insanların adı nə üçün Azərbaycan Respublikasının ünlü tarixi, kültürü olan böyük Türk ulusuna, eləcə də başqa yerlərdə yaşayan Azərbaycan türklərinə verilməlidir?
Azərbaycanlılar yurdunu ələ keçirməyə çalışan güclü, strateji düşüncəli, yağılarla Azərbaycan, Güney Qafqaz savaşındadır. Bu savaşı buduq, saxur, qrız, ya da başqa azərbaycanlının adı ilə etmək olmaz! Yağıların strateji amacı Azərbaycandan, Qafqazdan öncə türkləri silməkdir. Onlar üçün avarı, buduğu, saxuru, kürdü, qrızı, lakı… yox etmək elə də çətin iş deyildir. Bütün azərbaycanlılar bunu anlamalı, yurdumuzun yağı əlindəki topraqlarını yadellilərdən almağa çalışmalıdır!
Geopolitika Azərbaycan Respublikasının bütün  yurddaşlarını – türklər, ruslar, ukraynalılar, yəhudilər, tatarlar, talışlar, ləzgilər, avarlar, saxurlar, buduqlar, kürdlər, eləcə də başqalarını azərbaycanlı adlandırıb, qafqazçılığı da azərbaycançılığın gərəkli iç ideyasına çevirməyi irəli sürür. Azərbaycanlı anlayışı yurddaşlığın göstəricisi olmalıdır. Dünyanın gəlişmiş dövlətlərində belədir. Biz də çağın bu strateji, politik yolu ilə getməliyik. Avropa dövlətlərinin anayasalarında, politikalarında ulusalçılıq (ərəbcə millətçilik) ilk baxışdan görünməsə də, bütün politikalarının dövlət ulusalçılığı üzərində qurulduğunu görünür. İsraildə ulusal ideologiyanın etkisindən yəhudi olmayanlar da dünyanın bir çox yerindən ora gəlib yəhudiliyə girirlər. Yəhudilər, yunanlar, gürcülər, ermənilər politikalarını ulusalçılıq üzərində qurduğundan yüksək ulusal bilincə çatıblar.
Azərbaycanın bir sıra politiklərinə görə: «Azərbaycançılıq anlayışı milli-siyasi diskursda nisbətən yaxın vaxtlardan işlədilir. O, ölkədə bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir».
Bu, yanlış, politik düşüncədir, Azərbaycanın ideologiya tarixini ən azı min il geri çəkməkdir!
Azərbaycançılığın ideya-tarixi qaynaqları ən azı Albaniya xaqanı Cavanşirin dövlət bağımsızlığını qorumaq üçün çalışmaları dönəminə, azərbaycanlıların Babəkin başçılığı altında Ərəb xəlifəliyilə vuruşduğu 816(17)-838-ci illərə, Xəzərlərin yurdları Azərbaycanda ərəblərlə savaşdığı 150 illik tarixə, «Tarixi-coğrafi Azərbaycan»ın Eldəgizlər dövlətində (1136-1225) demək olar, bir dövlətdə birləşdirildiyi çağlara gedib çıxır.
Azərbaycanın filosofları «İstoriya Azerbaydjanskoy filosofii» kitabında azərbaycançılığın miladın VIII-X yüzillərində formalaşdığını yazmışlar.
Bir sıra qaynaqlar azərbaycançılığın «Tarixi-coğrafi Azərbaycan»da miladdan qabaq IV yüzillikdə yaranmış Atropatena dövləti çağından yayıldığını yazır.
Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq yüksək düzəydədir.
Azərbaycançılıq Nizami Gəncəlinin «Beşlik»indəki «İskəndərnamə» bədii-tarixi poemasında da üstün politik yoldur. Nizami Gəncəli böyük türkçü, azərbaycançı, islamçı, qafqazçı ideoloqdur.
Azərbaycanlılar  geopolitik düşünməli, yurdumuz Qafqazın böyük-kiçik bütün ellərinin, uluslarının Azərbaycana, Türkə ekonomik, sosial, kültür, tarix bağlarını gücləndirməyə çalışmalı, Şah İsmayıl Xətainin bir ata sözünü unutmamalıyıq: «Şirvan xəlayiqi qamu Təbrizə daşına, Mülki-əcəm sorar kim, qiyamət haçağ qopar?!…».
Azərbaycançılıq ideyası 1918-ci ildə «Tarixi-coğrafi Azərbaycan»ın quzeyində Azərbaycan Cümhuriyətinin yaradılması ilə yenidən yüksək politik önəm qazanmışdır. Azərbaycanın ulusal ideoloqu Məhəmməd Əmin Rəsulzadəyə demişdir: «Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də «İstiqlal Bəyannaməsini elan etməklə sözün politik anlamı ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir!».
Məhəmməd Əmin Rəsulzadə 1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyəti Parlamentinin 2-ci iclasındakı çıxışında demişdir: «Bizim  yaxın məqsədlərimizdən biri olan Azərbaycan muxtariyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan, Azərbaycan deyə-deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (allah eləməsin) – islama xətər vurursunuz [Bu söz AC Parlamentinin Stenoqramlarında B., 1998, yanlış olaraq Nufuzu bala – allah dağıtsın kimi oxunub] Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… daima Azərbaycan məfkurəsinin (rus mətnidə azerbaydjanizm – azərbaycançılıq) müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq cəmiyətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».
Azərbyacançılıq Sovet dönəmində də var idi. Azərbaycanın ulusalçı aydınları Azərbaycan SSR-in qırmızı sovet bayrağının bir bölümünü  göy – mavi  edə bilmişdilər. Sovet bayrağındakı göy boya anlamca türklüyün göstəricisi sayılmasa da, bilənlərə azərbaycançılığı, türkçülüyü andırırdı.
Azərbaycançılıq ulusal, dünyəvi dəyərlərə daynan, illər keçdikcə ulusun strateji varlıq proqramına çevrilib, onun maddi var-yatırını da içinə alaraq qoruyan, çevik, ayıq, sosial, politik, kültür də­yərləri sistemidir. Azərbaycançılıq ulusun yaşamı, əxlaqı, dini, eləcə də başqa maddi-mənəvi dəyərləri, ulus sevgisi, elə, yurda yiyəlik duyğusu, dünya ulusları içində ünlə var olmaq, Azərbaycan Respublikasını qorumaq, gəlişdirmək, «Bü­töv Azərbaycan»a çevirib sonsuzadək yaşatmaq düşüncəsi, strategiyası, politikasıdır.
Azərbaycançılıq 1985-ci ilin aprelindən Azərbaycan SSR-də, XX yüzilin 90-cı illərindən isə Azərbaycan Respublikası ilə Güney Azərbaycanda, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar arasında yenidən geniş ya­yıl­ıb.
Azərbaycançılıq ideologiyası bu gün Türk ulusunun, Azərbaycan toplumunun uğurlu gələcəyi üçün bir sıra işlərin edilməsini oldubitdi sayır:

  1. Azərbaycan Ağalığı demokratik respublikanın ulus ağalığı, ulusdan gələn ağalıq, ulus üçün ağalıq olduğunu anlamalı, Azərbaycan Respublikasında insan hüquqlarını, eləcə də başqa hüquqları ən üst düzəydə qorumalıdır!
  2. Azərbaycan Ağalığı ekonomini gəlişdirməli, onu təkəlçilik bataqlığından çıxarıb, işlək, düzənlənən bazar ekonomisinə çatdırmalı, yönətimdəki yerliçiliyin, yolsuzluğun (korrupsiyanın) qarşısını kəsinliklə almalıdır!
  3. Azərbaycan Ağalığı ulusun maddi var-yatırının dağıdılmasının qarşısını almaqdan, onu çağdaş, eləcə də gələcək soylara çatdırmaqdan sorumludur!
  4. Azərbaycan Ağalığı Qarabağ savaşını uğurla başa çatdırmaq üçün gərəkənləri etməlidir!
  5. Azərbaycan Ağalığı Türk dilini, eləcə də ölkənin başqa dillərini qorumağa, kültürünü gəlişdirməyə borcludur!
  6. Azərbaycan Ağalığı insanların din özgürlüyünə sayğı göstərməklə yanaşı, anayasalı «demokratik, hüquqi, dünyəvi» Azərbaycan Respublikasını orta çağın din düşüncəsinə sürükləməyə çalışanların qarşısını almalıdır!

28 may Respublika gününüz qutlu olsun!

15 may 2014

   «Azadlıq» qəzeti, 27.05.2014, №134

®®®

Sevgili yeniyetmə oxucu, 1920-ci il aprelin 27-də Rus-erməni-sovet-mason bolşefaşizminin 11-ci ordusu bir sıra bolşevik satqınlarımızın yardımı ilə sənin Azərbaycan Cümhuriyətini devirdilər. Azərbaycan Cümhuriyətini qurmuş sevimli babaların 23 ayda ana yurdun Azərbaycan üçün çox böyük işlər görmüşlər. Bu taysız işlərin biri də Azərbaycan Cümhuriyəti Ordusunun yaradılmasıdır.
Rus-sovet-mason bolşefaşizmi illərində bizə Azərbaycan Cümhuriyəti Ordusundan bu yöndə demək olar heç bir bilgi verilməmişdi. Son 20 ildə bir sıra bilgilər toplansa da, toplumda  Azərbaycan Cümhuriyəti Ordusunun 11-ci Rus-erməni-sovet-mason bolşefaşist ordusu ilə heç savaşmadığı, onun gücünün bu ordu onündə heç olması düşüncəsi yayılmışdır. Bunlar sovet-mason siyasətçilərinin uydurduğu yalandır!
Ordunun Rus çarına and içmiş yüksək subaylarından [zabitlərindən] kişilikcə sınıb vuruşmayanlar olsa da, Azərbaycan Cümhuriyətinin igid ordusu sayı 72 min, yarağı – topu, gülləsi olduqca çox olan, babalarının ilk döyüşlərdən sonra «başıpozuq ordu» adlandırdıqları  11-ci rus-erməni-sovet-mason bolşefaşist ordusunun diviziyasını belə son döyüşçüsünə kimi öldürmüşdür.
Sən ana yurdun Azərbaycan, sənin bugunkü varlığın üçün vuruşub şəhid olmuş eloğlularını anmalı, sevməlisən!
Sənə bir parçasını sunduğum bu Anını professor Vilayət Quliyevin 2011-ci ildə Bakıda Rus dilində çap etdirdiyi «İz naslediya politiçeskoy emiqrasii Azerbaydjana v Polşe (30-ye qodı XX veka) (Azərbaycanın XX yüzilin 30-cu illərində Polşadakı siyasi sığınmaçılarının yatırından) toplusundan çevirmişəm. Onu oxu, anla, ordu generalı olub Azərbaycan Respublikasını qoru, birləşdir, bütövləşdir, gəlişdir, demokratikləşdir!
Sən bu yazıdakı ərəb-fars, eləcə də avropadangəlmə sözlərdən arınmış Türk dilini gör, anla, sev, gəlişdir, daha yaxşı yaz, danış!
Yazıya bir sıra orduçuların rus kargüzarlığına uyğun yazılmış soyadlarına adları, olmayan yerlərdə bəy, ağa titulları artırılmışdır.
Əyri ayrıcdakı () artırmalar İsrafil Bəyin,  düz ayrıcdakı [ ] artırmalar, açıqlamalar mənimdir.
Azərbaycanın qurtuluşu, Azərbaycan Cümhuriyətinin yaradılması yolunda şəhid olmuş bütün yurdsevər orduçulara tanrıdan rəhmət diləyir, nur içində yatsınlar deyirik.

         

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv