Asİf Ata. YALNIZ RUHANİYYATÇILIQ BƏŞƏRİ XİLAS EDƏCƏK

Siyasi dünya hərbi gücü tanıyır, iqtisadiyyat tanıyır, siyasət tanıyır. Təəssüf ki, belədir. Bütün Amerika ruhaniyyatı «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» kəlamına bərabər deyil. Amma Amerika Amerikadır, Azərbaycan – Azərbaycandır. Bu, XX əsrin özünün eybəcərliyindən doğan bir maddiyyatçılıq dəhşətidir ki, bunu biz gərək bilək və dəhşətə gəlməyək. Cənubi Azərbaycan məsələsi ən aşağısı 30 milyon Azərbaycanlı deməkdir. 30 milyon azərbaycanlı Azərbaycanın regionda vəziyyətini kökündən dəyişdirərdi, Zaqafqa¬ziyada birinci ölkə olardı və dünyanın mövqeyi tamam dəyişilərdi. Onda erməni bizimlə belə danışmazdı. Erməni quyruğunu qısardı. Ən azı budur. Hələ mən Cənubi Azərbaycanın Yerə-Göyə sığmayan ruhani mənasından və Səttarxan üsyançılığından danışmıram. Öz dövründə Səttarxanlıq çox böyük hadisəydi. Öz dövrü üçün. Elə buna görə də Cənubi Azərbaycan məsələsini asan bir məsələ kimi, beş günə həll olunası məsələ kimi duyğulu, idraksız, tələm-tələsik, düşünülməmiş addımlar, hərəkatlar, xüsusilə də əvvəlki üsullar, cərəyanlar kimi başa düşmək səhvdir.
Cənubi Azərbaycan məsələsinə qarşı bütün dünya dayanıb. Dünya dayanıb deyəndə, elə başa düşmək lazım deyil ki, dünya öz fikirlərini daim izhar edir. Siyasət ona görə siyasətdir ki, o yüz sözün birini deyir, bəzən isə heç birini də demir. Böyük Azərbaycan, ermənilərin başa düşdüyü mənada böyük yox, sözün əsil mənasında böyükdür. Kim başqa cür düşünür, onun ağlı yoxdur. Ya da o naşıdır. Ya da az oxuyur, az düşünür. Rusiya imperiya kimi düşünülüb. Pyotr vaxtındakı o ideya olmasa, Rusiya o saat məhv olar, elə qurulub onun təməli. Ondan ötrü də imperiya o zaman imperiyadır ki, onun ətrafında böyüklər olmur, ya da çox ortalar olmur. Əsasən balacalar olur. Hansı ağa istəyər ki, onun rəiyyəti güclü olsun? Rəiyyətin ayrı-ayrı xüsusiyyətləri var. Biri var açıq rəiyyət, biri var şərti rəiyyət, biri də var gizli rəiyyət. Hələ mən türkçülük məsələsini bura qatmıram. Sırf Azərbaycan məsələsindən danışıram. Ona görə sabah biz ayağa qalxacağıq. O zaman Rusiya bacardıqca bizə ziyan vuracaq. Ona görə də döyüşən ölkə bunu bilməlidir. Bizə qarşı Qərb duracaq – başda Amerika olmaqla! Amerika bir tərəfdən İranı zəiflətmək üçün bizə dil verəcək, lakin bizə dil verəcək yalnız. Elə eləyəcək ki, həm İran zəifləsin, həm də Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşməsin. İndiki siyasət çox mürəkkəbdir. Ona görə bizi Kürdün vəziyyətinə salacaqlar. Daha demək lazım deyil ki, İran bizə qarşıdır. Bu təbiidir. İran elə ən çox bizi tuşlayıb. Hər şeyi gərək açıq desin? Öz dilinnən? Ömründə İran Təbrizi verməz. Təbrizsiz İran yoxdu. Hətta rəsmi Türkiyə də istəməz biz birləşək. Təəssüflə mən bunu deyirəm. Mən özüm pantürkistəm. Amma mənim pantürkizmimin rəsmi Türkiyə siyasətinə dəxli yoxdur.
Beləliklə də qardaşlarımız, bacılarımız, balalarımız bilsinlər, onların o gözəl duyğuları idraklaşsın. Onlar bilsinlər neyləyirlər. Dünya ilə döyüşməkdən qorxmasınlar, lakin vəziyyəti bilsinlər. Cənubi Azərbaycanda döyüş dünəndən başlayıb, bu gün də davam eləyir. Lakin necə? Köhnə inqilabi yollamı? İnqilabın ən böyüyü Oktyabr inqilabı idi, bir gündə oldu, 70 ildən sonra süquta uğradı. Heç yuxuda da bunu görmək olmazdı. Ocağımız, Ata Cənubi Azərbaycan məsələsini hər gün düşünür. Təkrar eləyirəm ki, bu bir nömrəli məsələdir və bizim qənaətimiz belədir. Atanın, Ocağın! Nə qədər ki, islam adlanan falçılıq hökm sürür, bizim qələbələrimiz məğlubiyyətə bərabər olacaq. Özünüz bilirsiniz ki, məğlubiyyət bizə necə baha başa gəlir. Və psixoloji cəhətcə xüsusilə bundan sonra xalq uzun zaman özünə gələ bilmir. 46-cı il də bunu göstərdi. Əgər müəyyən bir xəlifət dövründə islam ərəbçilik idisə, indi o farsçılıqdı. İmam Xomeyninin fəlsəfəsini bilirsiniz. İslam dövləti lazımdı bəşərə. Yəni demək fars dövləti. Necə ki, kommunizm millətlərin bir-birinə qovuşması adı altında Rus dövləti yaradırdı. Stalin artıq «zona dillərindən» danışırdı. Və Xomeyni ərəb üçün eləmirdi İslam inqilabını, fars üçün eləyirdi və deyəndə ki, dünyəvi islam dövləti olacaq – o, fars dövlətini deyirdi. Ona görə içindən məhv eləmək lazımdı əsarəti. İçindən məhv etmək üçün də islamla döyüşmək lazımdır. Ağılnan, idraknan, addım-addım, hal-hal başa salmaq lazımdır ki, nə üçündü bütün bu məscidlərdəki o təbliğat, nə üçündü o mollalıq, nə verir o azərbaycanlılara? Doğrudanmı, türk ruhuna uyğundur islam, itaətçilik, cəhənnəmçilik, qadının qara dünyaya qərq olunması, qara paltarlı azərbaycanlımız? Azı budu və nə üçün oldu bu inqilab və inqilabda azərbaycanlılar məhv oldular. Oktyabr inqilabından sonra Bakıda da buna bənzər bir şey oldu, amma hər halda Xomeyni inqilabından qırılan azərbaycanlıların sayı daha çox oldu. Və nə verdi bu, nədi bu qurban bayramları, bu səhərdən axşama kimi ağlamalar, İmam Hüseyn üçün? Öz dərdinə niyə ağlamırsan? Elə bil nə Sabir varmış, nə Cəlil Məmmədquluzadə varmış; elə bil nə böyüklərimiz varmış!..
Görəcəksiniz, Rəfsəncani yavaş-yavaş, incə-incə, dırnağınnan qərbləşməyə doğru yüyürəcək. Ona atom bombası lazımdır. Ona texnika lazımdır. Lakin idealından əl çəkməyəcək. Bunların fəlsəfəsi, bunların yönü ermənilərinkinə bənzəyir: çox şeydən yapışım ki, az şeyi buraxmayım əlimdən və qopardım. Elə bilirsiniz ki, erməni, doğrudan da inanır Böyük Ermənistanın qayıtmasına? Xeyr, ona torpaq lazımdır. O, böyükdən yapışır ki, kiçiyi qopartsın. Həmçinin də İran. İran dişinnən, dilinnən, dırnağınnan Cənubi Azərbaycandan yapışır. Nəyə görə Cənubi Azərbaycanlılar deyirlər ki, biz farsıq? Nəyə görə onlar deyirlər ki, Midiya farsdı? Midiya fars olsa idi, niyə bəs Kir hücuma keçdi? Kir niyə döyüşdü Astiyaqnan? Özünnən döyüşdü fars? Nəyə lazım idi o əyalət? Sonra bəs Kirin qələbəsindən sonra Azərbaycan, yəni Midiya ora niyə qayıtdı?
Yalandı! Azərbaycan heç vaxt dar dairə səviyyəsində xoşbəxt ola bilməyəcək. Biz qoşulanda itirmişik. Biz elə şey yaratmalıyıq ki, bizə qoşulsunlar. Bizə yaxşı mənada vüqar lazımdır. Biz ərəbə qoşulduq – itirdik. Biz farsa qoşulduq – itirdik. Rusa qoşulduq – məhv olduq. İndi təzədən bizi kapitalizmə qaytarırlar. Onlar hamısı varlıçıdır. Onlar hamısı insanın pul hakimiyyətinə, əsarətə qatılmasıdır. Bir nəfər şair, sənətkar, filosof tapın ki, o kapitalizmi sevsin! Bütün dünya ruhani mədəniyyəti kapitalizmə qarşıdı Şekspirdən başlamış! Yalnız ruhaniyyatçılıq bəşəri xilas eləyəcək və Azərbaycan burda başlanğıc olmalıdı. Bizə qoşulmalıdırlar: bacararıq biz bunu. Gəlin görək, tariximizi bir balaca varaqlayaq: bir Zərdüşt bəsdir bütün dünyaya, bir Babək bəsdir bütün qəhrəmanlara!
Kim deyib ki, insan Allahdır?! Feyerbax deyib? Hegel deyib? Heç kəs deməyib! Kimin Füzulisi var, kimin muğamatı var?! Niyə biz başlanğıc olmayaq?! Niyə biz mərkəz olmayaq? Niyə biz mənbə olmayaq? Olmuruqsa, deməli, özümüzü tanımamışıq. Ona görə də nə qədər ki, bir olmamışıq, Qələbə çalmayacağıq.
Yer-Göyü titrədən iş görməliyik! Ondan sonra təbii ki, Azərbaycan xalqı ayağa qalxacaq. Bütün xalqı ayağa qaldıracağıq.
Güntay: Ata Ruhunu Ürəyimdə Aparıram!
Ata: Ürəyin Qaranlıqları yarsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Söhbəti apardı: Güntay Atalı

(arxivdən)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv