Rejimin bütünlüklə rüşvət-korrupsiya bataqlığına batırdığı bir ölkədə yaşayırıq. Rüşvət-korrupsiya qanunçuluğu içində bütün hüquqlarımız tapdansa da, bizə yalnız susmaq, susaraq dözmək hüququ tanınır. Birbaşa hakimiyətin başından qaynaqlanan özbaşınalıq-hüquqsuzluq siyasətlərinə dözməyənlərə, dözmək istəməyənlərə əlüstü “erməni dəyirmanına su tökən”, “erməniqanlı” kimi “adımı sənə qoyaram…” seriyasından damğalar vurulur. Yanlışlarını düzəltmək, düz yola gəlmək yerinə doğrunu deyəni, düzgünlüyə çağıranı topa tuturlar. Özü də kimliyindən asılı olmadan, ağına-bozuna baxmadan. Doğrunu deyirsənsə, düzgünlüyə çağırır-çalışırsansa, “erməni dəyirmanına su tökənsən”, “erməniqanlısan”!
Müəllimin, həkimin, elmlər doktorunun 150-300 manat aylıq aldığı ölkədə 10 milyard manatdan artıq pulu göyə sovurmaqla “Avropa oyunu” oynayırlar. Bir yandan bunlardan demokratiya istəyən Avropanı söyüb-yamanlayır, o biri yandan “I Avropa oyunu Bakıda keçirilir” deyə, xalqa yapma-qondarma bayram sevinci aşılamağa çalışırlar. Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtmaq – budur bunların gündəlik çağırışları, çalışmaları. Elm-bilim, uyqarlıq-mədəniyət kimi istənilən ölkə üçün başlıca yerdə duran faktorlar bunlardan ötrü doğru-düzgünlüyə çağıran hansısa diplomat təki PERSONA NON QRATA yerindədir!
Budur, yenə buraxılış imtahanları ilə bağlı göstəricilər ortadadır. X sinif öyrəncilərinin 54.27 %-i, XI sinif öyrəncilərinin 44.16 %-i ana dilindən “2”, “3” alıb. Başqa fənlər üzrə göstəricilər də beləcə… Bu göstəricilər indiki rejimdə müəllimə verilən 150-300 manat aylığın da göyə sovrulması deməkdir. Az qala yüzdə altmışı ana dilindən “2” alan bir gəncliklə hara gedib çıxmaq olar? Eləcə də az qala yüzdə altmışı riyaziyatdan “2” alan bir gəncliklə hansı dövləti yüksəltmək olar? “Hansı dövləti?”- dedim, bunlar bunlara gərəkən dövlət üçün gərəkən gənclik-soy yetişdirirlər. Daha doğrusu, bunlar başında durduqları korrupsiya-repressiya rejimini hələ bundan belə də uzun illər qoruyub saxlamağa yönəlik KÜTLƏ yetişdirirlər. Bunlara duyan-düşünən xalq deyil, duyğusuz-düşüncəsiz kütlə gərəkdir: atadan oğula, dönəmdən dönəmə hakimiyəti bir əldən o biri ələ asanca ötürmək üçün! Elə bu baxımdan da milli Məclis adlanan yerin başında duran adam belə buyurur: “Bizə xaricdə alınan təhsil lazım deyil”. Bunlara “daxildə” alınan dırnaqarası “təhsil” gərəkdir.
ABŞ-ın Berkeley universitetini bitirmiş Aynur Cəfərin bugünlərdə “Mənim ABŞ-dakı “lazımsız” təhsil təcrübəm…” adlı olduqca utancverici yazısı yayıldı. Hara tuşlandığı açıq bilinən bu yazı indiki rejimin gerçək, faktiki QAN göstəricisidir. Gənc Aynur Berkeley universitetinin ödənişi üçün özünə doğma bildiyi hökumətə – prezident administrasiyasına üz tutur. Öz uşaqları üçün deyil, BAŞQALARI üçün, başqa cür desək, xalqın uşaqları üçün “xaricdə təhsili lazımsız” sayan “hökumətimiz” CİNAYƏTKARCASINA susqunluq sərgiləyərək ona yardım etmir. Təhsil ödənişini üzərinə götürməklə Berkeley universiteti Aynuru – Azərbaycan yurddaşını yarımçıq təhsil ağrı-acısından qurtarır. İstənilən hakimiyət üçün, başlıcası da Azərbaycan kimi yeraltı-yerüstü resursları aşıb-daşan, milyardların gəlib keçdiyi bir ölkə hakimiyəti üçün bu bir TÜPÜRCƏK faktıdır!
Qarabağ savaşçıları dolanışıq dözülməzliyindən, bürokratiya azğınlığından özlərini yandırırlar, şəhid ailələri uğursuzluq ortamında boğulurlar, “Milli Elmlər Akademiyası” adlanan yerin Fizika institutunun əməkdaşı Elman Şahverdiyev iş yerində üzləşdiyi qanunsuzluqlar – elmin ayaqlar altına atılması faktları ilə bağlı prezidentə MİN neçənci məktubunu yazır, kimsə onu – dəyərli bir elm yolçusunu adam yerinə qoyub yazdıqlarına baxmır… Bu sayaq çoxsaylı faktların üstündən kimə istəyirsiz “erməniqanlı” damğası vurun – bumeranq effekti verəcək!