1
Nə qədər ki, kapitalizm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz.
Nə qədər ki, sosializm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz.
Kapitalizm – «böyük xalqlar» dünyasıdır.
Sosializm – «böyük xalqlar» dünyasıdır.
«Böyük xalqlar» dünyasında «balaca xalqlara» yer yoxdur.
2
Beynəlmiləlçilik – Xalqlar üzərində Kapitalist Ağalığı, Sosialist Ağalığıdır.
Millətçilik – xalqların Kapitalizmlə döyüşü, Sosializmlə döyüşüdür.
3
Dünya İqtisadiyyatı – Qərbin Dünya üzərində İqtisadi Ağalığıdır.
Dünya Sivilizasiyası – Qərbin Dünya üzərində Siyasi Ağalığıdır.
4
Milli Müstəqillik – Yüksək Ruhanilik, Təcrid Qətiyyəti tələb edir.
5
İqtisadi Azadlıqdan dəm vururlar və Xalqları İqtisadi Birlik Əsarətinə sürükləyirlər.
Siyasi Azadlıqdan dəm vururlar və Xalqları Siyasi Birlik Əsarətinə sürükləyirlər.
Mədəni Azadlıqdan dəm vururlar və Xalqları Mədəni Birlik Əsarətinə sürükləyirlər.
6
«Böyük xalqlar» «kiçik xalqların» böyüməsindən qorxurlar. Bu səbəbdən də «böyük xalqlar» «kiçik xalqların» Böyüməsinə qarşı birləşirlər.
7
Birləşmiş Millətlər Təşkilatı «Böyük ölkələrin» «kiçik ölkələr» üzərində birləşmiş hakimiyyətidir.
8
Adamlar İblisi İblis libasında görməyəndə onu Mələk sayırlar.
9
Müasir Şərq – Qərbdən özünə Ata düzəldib.
10
SSRİ dağıldı. Rusiya imperiyası qaldı.
Rusiya Federasiyası Rusiya imperiyasını yaşadır.
11
SSRİ dəli oldu və öz başsızlığıyla özünü boğub öldürdü.
12
Totalitar İmperiya dağıldı, demokratik İmperiya yaranır.
13
Siyasətdə Məhəbbət olmur, mərifət olmur, mənfəət olur, fürsət olur.
14
SSRİ-nin süqutu – Rus siyasətinin məğlubiyyətidir. Qərb siyasətinin Qələbəsidir, Dünyanın Qərbə qatılmasıdır.
15
Qorbaçovşina Əməlindən yeni Siyasi Dünya yaranır: Amerikanın başçılıq etdiyi Vahid, Kapitalist Qərb – Şərq də daxil olmaqla.
16
Kütləvi Siyasətləşmə – əslində Demokratik Alətləşmədir.
17
Azərbaycan Müstəqilliyi – Respublikalar Birliyi Dairəsindən çıxmaq deməkdir.
Rusiya dairəsindən çıxmaq deməkdir.
Qərb dairəsindən çıxmaq deməkdir.
İslam dairəsindən çıxmaq deməkdir.
Cənubi Azərbaycanla birləşmək deməkdir.
18
İnam Azadlığı – Mütləqilik deməkdir.
İdrak Azadlığı – Həqiqət deməkdir.
Mənəviyyat Azadlığı – Kamillik deməkdir.
İradə Azadlığı – Gerçəkliyi ötmək deməkdir.
19
Diktatura – Camaatın açıq Korluğu, Kallığı, Lallığıdır.
Demokratiya – Camaatın gizli Korluğu, Kallığı, Lallığıdır.
20
Müstəqillik düsturu: Dünyadan asılı olmadığın dərəcədə Müstəqilsən.
Dünyaya gərək olduğun dərəcədə Müstəqilsən.
Özgədən asılı olmadığın dərəcədə Müstəqilsən.
Təcridə qabil olduğun dərəcədə Müstəqilsən.
Qəyyumlardan, Hakimlərdən azad olduğun dərəcədə Müstəqilsən.
Təqliddən azad olduğun dərəcədə Müstəqilsən.
Bəhrələndirməyin Bəhrələnməyinə bərabər olduğu dərəcədə Müstəqilsən.
Öyrətməyin Öyrənməyinə bərabər olduğu dərəcədə Müstəqilsən.
Özümləşdiyin dərəcədə Müstəqilsən.
21
Nə etməli?
Bu gün üçün:
Erməni quldurları üzərində ciddi qələbə qazanmadan ermənilərlə danışıq aparmamaq.
İkinci 20 Yanvara düçar olmamaq üçün əliyalınlığı, silahsızlığı tez bir vaxtda aradan qaldırmaq.
Qarabağ münaqişəsinin BMT–ləşməsi, onun əbədiləşməsi deməkdir. Buna yol verməmək.
Ermənilərlə münasibətdə – «çevik», «yumşaq» siyasət əvəzinə Güclü, Qəti siyasət yeritmək, «güzəşt» xülyasını rədd etmək.
Bazar İqtisadiyyatına dəhşətli keçidi nizamlamaq, «İnsaniləşdirmək».
Sabah üçün:
Totalitarizm Zindanı və Demokratiya Cəngəlliyindən Ruhani Cəmiyyətə.
Ruhani cəmiyyət – Zəhmətkeş Mülkiyyətinə əsaslanır.
Mülkiyyət Yuxarı Təbəqənin, yaxud Dövlətin yox, Əməkçinin olmalıdır.
Torpaq – Mülkədardan alınıb Dövlətə yox, Əməkçiyə, Kəndliyə verilməlidir.
Fabrik – Kapitalistdən alınıb Dövlətə yox, Əməkçiyə, Fəhləyə verilməlidir.
Ruhani Cəmiyyət – İmtiyazsızlığa əsaslanır.
Ruhani şəxsin İmtiyaza ehtiyacı yoxdur.
Ruhani üçün ən böyük İmtiyaz – Ruhanilikdir.
Ruhani – Ruhaniliyin özünü, paklığı, əxlaqi kamilliyi, Müqəddəsliyi ən böyük imtiyaz sayır.
Kamil – Zahiri imtiyazı rədd edir, çünki daxili imtiyaza malik olur.
Rütbə üstünlüyü – qeyri–ruhanilikdir;
çünki mənəvi kamilliyə əsaslanmır,
çünki rütbədə sonlu sonsuzu əvəz etmək istəyir.
Maddi ruhanini əvəz etmək istəyir.
Süni təbiini əvəz etmək istəyir.
Rütbə insanı aldadır.
Zahiri olduğu halda – daxili görünür.
Mənsəbdə – İnsan itir:
Vəzifəyə bərabər olur.
Səlahiyyətə bərabər olur.
Rəsmi əhəmiyyətə bərabər olur.
Maddi üstünlüyə bərabər olur. Rəsmi hörmətə bərabər olur.
Özünə bərabər olmur.
Cəmiyyət insanlara yalan bir fikri təlqin edir: qabiliyyət mənəviyyatdan yüksəkdir.
İmtiyaz üstünlüyünün ləğvi insan ləyaqətinin təsdiqi deməkdir.
Ruhani cəmiyyət fərdi özünüidarəyə əsaslanır.
Fərd özünə sahib olmalıdır.
Ömrünə sahib olmalıdır.
Düşüncəsinə sahib olmalıdır.
İradəsinə sahib olmalıdır.
Duyğularına sahib olmalıdır.
Etiqadına sahib olmalıdır.
Dünyanı öz düşüncəsiylə dərk etməlidir.
Zora tabe olmamalıdır.
Ömrünü istədiyi kimi yaşamalıdır.
Zora tabe olmamalıdır.
Zorun yox, öz iradəsinin hökmünü eşitməlidir.
Etiqadı Zorla yox, Düşüncəsinin, İradəsinin, Qəlbinin hökmüylə qəbul etməlidir.
Hər bir fərd özünün hakimi olmalıdır.
Düşüncəsi üzərində hakimliyi rədd etməlidir.
İradəsi üzərində hakimliyi rədd etməlidir.
Duyğuları üzərində hakimliyi rədd etməlidir.
Düşüncəsinə cəmiyyət yox, hakim yox, özü Məsul olmalıdır!
İradəsinə cəmiyyət yox, hakim yox, özü Məsul olmalıdır!
Duyğularına cəmiyyət yox, hakim yox, özü Məsul olmalıdır!
Ruhani Cəmiyyət – Hakimliyi Atalıqla əvəz edir.
Ağalıq İnsanı özünə tabe edir.
Hakimlik İnsanı özünə tabe edir.
Atalıq – İnsanı bəsləyir.
Müstəqil fərdlərdən xalq yaradır.
Xalqı dünyada təmsil edir və qoruyur!
Fərdi cəmin təzyiqindən, cəmi fərdin zorakılığından qoruyur.
Xalq yalnız Müstəqil fərdlərdən əmələ gəlir.
Çünki qeyri-Müstəqil olmaq – heç olmaqdır.
Heçdən heç törəyər – xalq törəməz!
Müstəqil fərdlərdən törəyən Xalq – Müstəqil Varlıq olur.
Ruhani Dövlət – Mənəvi qanunlara tabe olur, onları hifz edir, təsdiq edir.
Mənəvi qanunlar İctimai qanunlardan üstün tutulur.
Çünki ictimai qanunlar – qeyri–kamildir, ruhani qanunlar kamildir.
İctimai Qanunlar – keçicidir, ruhani qanunlar əbədidir.
Ruhani Cəmiyyətin başında Kamil Şəxsiyyət durur:
Varidatsızlığın Zirvəsində dayanan.
İmtinanın Zirvəsində dayanan.
Əzab odunda yoğrulan.
Həyata ən çox verən, həyatdan ən az alan!
Mənəviyyat Zirvəsində dayanan!
Həqiqət Zirvəsində dayanan!
Ədalətə bərabər olan.
İnsana bərabər olan.
…Din əvəzinə İnam gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Zorçuluq əvəzinə – İnsançılıq, Təqlidçilik əvəzinə – Özümçülük.
Bu günə Sabahın gözüylə baxmalı, Bu günü Sabahın ölçüsüylə qiymətləndirməli. Bu günü Sabaha yönəltməliyik!
16.02.92