Bu gün Türkiyədə ortaya çıxan seçki sonuclarını “gözlənilməz” sayanlar var. Ancaq siyasətin nə olduğunu bilənlər üçün burada gözlənilməz nəsə yoxdur. Ərdoğanın 13 ildən bəri yürütdüyü xaraktercə antiTürkiyə siyasəti belə bir sonuc doğurmalı idi. Onu hakimiyətə gətirən güc, o gücün arxasında dayanan plan-proqram indiki sonucları qaçılmaz edirdi. Ərdoğan hakimiyətə parlaq bir demokrat görüntüsüylə gəldi. Onun illərlə demokratiya yönündə etdiyi parlaq çıxışlar yadımızdadır. Bunlar yalnız söz olaraq qaldığından Azərbaycandakı bir “ümummili lider” çıxışlarına çox bənzəyirdi – sözlə işin başqalığı, azacıq da olsa yovuşmazlığı baxımından. Elə bil Ərdoğanı da bizdəki “ümummilli lideri” hakimiyətə gətirənlər gətirmişdilər. Ortada bir ayrıntı vardı: Türkiyə böyük, bölgəsəl dövlət olduğundan Ərdoğan daha geniş ölçüdə demokratiya ritorikası sərgiləyirdi. Ancaq, Ərdoğanın gerçək bir demokrat deyil, gerçək bir diktator olduğu onun istər iç, istər dış politikalarından, politikalarına uyğun davranışlarından açıq görünürdü.
İçdə Ərdoğan, çox ola bilsin, yalnız özünün deyil, eləcə də arxasındakı güclərin planlarına uyğun olaraq ikili politika yürüdürdü: o, bir yandan ekonomik dirçəliş yaradır, o biri yandan Türkiyə dövlətinin, Türkiyə dövlətçiliyinin, eləcə də Türk toplumunun ÖZÜL prinsiplərini dağıdırdı. Elə çoxları da ona bu yöndən aldanırdı. Ərdoğan özünə görə düzgün yolda idi: 1993-dən sonra Azərbaycanda yürüdülən politikaları Türkiyədə yürütmək olmazdı; Azərbaycanda “ümummilli liderə” uğur qazandıran politikalar Türkiyədə Ərdoğana, eləcə də bir başqasına uğur qazandıra bilməzdi. Sovetlər birliyindən yeni ayrılmış Azərbaycanda Rusiya başqda olmaqla düşmən əllər çox güclü, Azərbaycan dövləti, dövlətçiliyi, eləcə də toplum özü bir çox baxımlardan dayanıqsız idi. Buna görə də Azərbaycanda bircə DƏMİR ƏL yetərli ikən, Türkiyədə DƏMİR ƏLlə yanaşı yağlı-ballı Əl də gərəkirdi. Yoxsa, Türkiyəni başqa yolla indiki duruma gətirib çıxarmaq olmazdı. Bu gün Türkiyədə istər dövlət, dövlətçilik, istərsə də toplumsal baxımdan özül dayaqlar sarsıdılmış durumdadır.
Ərdoğan istər Türkiyədə ordu-polis adına bağlı güvənlik sisteminə, istərsə də Atatürkçü düşüncə sisteminə sarsıdıcı zərbələr vurdu. Yalnız Türkiyədə deyil, qardaş Azərbaycanda da, Ərdoğanın bu yöndə etdiklərini düzgün, gərəkli sayanlar var. Ola bilsin, taktiki baxımdan yanaşmaqla Ərdoğanın etdiklərini düzgün saymaq olar. Ancaq, yalnız taktiki baxımdan yanaşmaqla; strateji baxımdan Ərdoğan Türkiyəni çətin çıxılacaq bir bataqlığa batırdı. Ərdoğan Türkiyəni Türklük, Türk xarakterinə uyğun uyqarlıq-çağdaşlıq yolundan gerilikçi İran yoluna döndərdi. Ərdoğan yalan-yapma yolla Türkiyəni Avropa birliyinə qatma istəkləri sərgiləməklə yanaşı, gerçəkdən gerçəyə ərəbləşməyə sürüklədi. Ərdoğan Türkiyədə politika alanına söyüş, dedi-qodu gətirən ilk baş baxan, ilk prezident oldu. Eləcə də Ərdoğan Türkiyədə separatizmi dövlət politikasına çevirən ilk baş baxan, ilk prezident oldu. Bütün bunlarla yanaşı, Ərdoğan Türkiyənin geopolitik önəmini az qala sıfırlayan birisi oldu.
Ərdoğan iç politikada olduğu sayaq, dış politikasında da Türk dövlətləri üçün daha çox Türklüklə, Türk xarakteri ilə bir araya sığmayan örnəklər yaratdı: Türkləşmə yerinə Türklükdən uzaqlaşma; din fanatizminə yol açan qurallara geniş meydan vermə; xalqla deyil, yağıcasına xalqın başına gətirilən yapma başçılarla birolma; demokratiyadan danışa-danışa bir sıra diktatorlarla dostluq-qardaşlıq sərgiləmə. Bütün bunlardan çıxış edərək indiki seçki sonucları ilə bağlı Ərdoğanın keçmiş baxanlarından biri – Ərtoğrul Günay belə deyir: “Son bir neçə ildə ölkənin üzərinə qara bulud kimi çökən Ərdoğan hökmranlığından qurtulmaq umudu doğdu”. Son bir neçə ildə? Yox, çoxdan!