Dünyanın çağdaş gedişində Türk sorunu

Türkel Araşdırma Qurumu sunur

Soylu Atalı: Ürəyinizdə Ata Günəşi olsun, istəkli soydaşlarımız!
 Bu gün Türkel Araşdırma Qurumunda aydınlarımız yenidən bir araya gəlib. Söz yox, bizi bir araya, istər vətənimizin, istər bütövlükdə Türk Dünyasının sorunları gətirir. İstəyərdik bu qonularda  soydaşlarımıza fikirlərimizi bildirərkən, bizim hansı ölçüdən yanaşmağımızı, nə üçün bu cür yanaşmağımızı doğru dəyərləndirsinlər. Biz bu söhbətlərimizin heç birində diplomatik davranmırıq. Vətənimizə, ulusumuza yönəlik atılan addımlar, istər içəridən, istər dışarıdan olan yanlışlar, bir aydın olaraq, bizi qayğılandırır, düşündürür. Biz burda çılpaq danışırıq, fikirlərimizi açıq deyirik. İstəyirik insanlarımız xalqın taleyi ilə bağlı sorunları bəzəməsinlər. Ən çox bu, Azərbaycanın qayğılarını düşünən, onunla uğraşan aydınlarımıza özgündür (aiddir). Çünkü hər kəs xalqın taleyinə partiya açısından yanaşır. Bir misal çəkmək istəyərdim: tutaq, dünən iqtidarda olub bu gün müxalifətə keçən hansısa çalışqan (fəal), deyək, Azərbaycan-Rusiya ilişkiləriylə bağlı hansısa bir fikir bildirir. Ya da Batı dünyasının Azərbaycana yönəlik hansısa kəskin təpkisini qiymətləndirir. Burada fikir Batının xeyrinə olur. Sanki Batı elə bizim üçün edirmiş, sanki Batı dərdimizdən ölürmüş. Burada Batının öz oyunları nədir, açılmır. Burada bizim taleyimiz oyunlara gətirilir, bu oyunları içimizdə heç kim axıracan demir. Hamı, yenə deyirəm, partiya açısından yanaşır, hamı günsəl (taktik) yanaşır məsələyə. Sonuc nədir? Bizim sorunlarımız nə çözülür, nə dərk olunur, nə doğru qiymətləndirilir. Ona görə də insanlarımızı sorunlar bir araya gətirmir. Bu baxımdan biz hesab eləyirik, ağrılarımızı, acılarımızı oyuna çevirməməliyik. Bunların üzərində ciddi vurğu eləməliyik. Bunları doğru deməliyik, doğru sunmalıyıq.

??????????

Bu gün bizim qonumuz da elə Türk Dünyasının sorunları ilə bağlıdır – “Çağdaş dünyanın gedişində Türk Dünyasının sorunları”. Hər yerdə hər kəs izləyərsə görər, hara baxırsan bax, orada türk  ulusunun sorunları qabarır, gözə dəyir. Çünkü  hər yerdə sanki yanaşma (münasibət) ancaq türk ulusuna yönəlib. Sanki dünyanın dərdini, qayğısını türk yaradırmış. Bu baxımdan  biz istəyərdik, bu məsələyə günsəl (taktiki) istəklərə görə yox, ulusun gələcəksəl (strateji) istəklərinə yönəlik yanaşaq.

Türkiyənin dincliyini pozan nədənlər var. Bunu görürük, izləyirik, bunun qarşılığında Türkiyə necə davranır? Bunu da biz izləyirik, görürük. İndi doğrumu davranır, yanlışmı davranır, bunu dəyərləndirək.

Xaliq Bahadır: Türkiyədən qabaq istəyirəm, bütövlükdə türklükdən danışım. Bu gün dünyanın hər yerində türklüklə bağlı proses gedir. Bir yandan soyqırım gedir, o biri yandan türklüyün özgələşdirilməsi (assimilyasiya) prosesi gedir. Çində türkləri qırırlar,  orda açıq-aydın soyqırım prosesi gedir. 20-ci yüzilin başlanğıcında onların sayı 30 mln. göstərilirdi, indi də artmaqdansa azalır. Çin 8 mln. göstərsə də, 30 milyondur. Olduğu kimi göstərilmir, bu da bir soyqırım göstəricisidir. Bir də soyqırım gedir Aralıq dənizi boyunca, İsraildən, düz  Colan təpələrindən Türk sınırlarınacan. 1967-ci ildə İsrail aldı o təpələri, BMT yalandan qərar verdi, 1981-ci ildə İsrail o torpaqları özəlləşdirdi. Soyqırım gedir o bölgədə. Özgələşdirmə Rusiyada gedir. İranda da türklər özgələşdirilir (assimilyasiya edilir). Rusiyada ruslaşdırma gedir, İranda başqa cür. İslam rejimi daha qorxuludur. İslam rejimi faşist rejimindən daha qorxuludur. Səsini çıxara bilməzsən, bir oxul yox, uşaq bağçası yox, açıq-aydın farslaşdırma siyasəti aparılır İslam pərdəsi altında. Eləcə də bir yandan qırğın, bir yandan da özgələşdirmə siyasəti Ərəbistanda aparılır. Milyonlarla türk Ərəbistanda ərəbləşdirilir.

Burda biz gəlib İslam faktoruna çıxırıq. İslam ərəblərin dini kimi ortaya çıxdı. Sonralar o daha çox özünü siyasi bir faktor kimi göstərməyə başladı. Ərəblər bir çox xalqları, o sıradan milyonlarla türkü ərəbləşdirdilər. Bu gün ərəblərin arasında türklərin ərəbləşmə prosesi gedir. İslam yalandır, islam qanunları yalandır, eləcə də İranda. Yəni türklərin qlobal sorunları burdan başlayır.

Bütün bu çaxnaşmalardan bizi Türkiyə qorumalı idi. Türkiyə bu gün Azərbaycandan yaxşı durumda deyil. Anqlosaks birliyi Ərdoğanı hakimiyyətə gətirdi, hərdən ona qarşı danışsa da. Onlar yalançı şeylərdir.

İki fakta toxunmaq istəyirəm, biri Atatürk 1937-ci ildə belə demişdi: “Biz Batı imperializminin Orta Doğuya yiyələnməyinə, köləsinə çevrilməyinə yol verməməliyik”. 2012-ci ildə Ərdoğan deyir: “mən Amerikanın “Orta Doğu Projesi”nin eş başqanıyam”.  Doğrudur, onu ondan ötrü gətiriblər ora. Ancaq o, Azərbaycanda H.Əliyevin elədiklərini orda eləyə bilməzdi. Azərbaycanda oturuşmuş dövlət yox idi, dövlətçilik yox idi. Türkiyədə millətçilik güclüdür, dövlətçilik güclüdür. Ərdoğan, onu hakimiyyətə gətirənlərin mövqeyinə uyğun olaraq, islam faktorundan yapışdı. Başladı Türkiyəni İslamlaşdırmağa. Hər yerdə din faktorundan yararlanırlar. Atatürk deyirdi, Türkiyə SSRİ-nin dağıldığı günə hazır olmalıdır. Türk dövlətlərinə yiyələnmək üçün, yaxşı anlamda, onlara böyük qardaşlıq etmək üçün. Ərdoğandan öncə Süleyman Dəmirəli gətirib qoydular. O, Ərdoğandan yaxşı deyildi. Süleyman Dəmirəl də türk düşməni idi. Ərdoğanı gətirib qoydular. O, bir belə iş görəndən sonra, Atatürkçülüyü yenəndən sonra, güclənir, avtoritar bir rejim qurur, rejim başçısı olandan sonra nə istəyir deyir. Deyir mən Batının “Orta Doğu Projesi”nin eş başqanıyam.

Amerika, resursları dolu olan bir regionda söz yiyəsinə çevrilib. Yəni imperialist siyasətlərini bütünlüklə regionda gerçəkləşdirir.

 ??????????

Bu gün Türkiyə İslamın basqısı altında türklüyünü itirən bir ölkədir. Azərbaycan televiziyalarında türklük olmadığı kimi, Türkiyə televiziyalarında da türklük yoxdur. İngiltərə televiziyası başqadır, Almaniya televiziyası başqadır. Bütün demokratik ölkələrdə, onların milli ideologiyası var, onu yeridirlər. Burda milli ideologiya yoxdur. Bu gün Azərbaycan müxalifətində də deyirlər, milli ideologiya olmamalıdır. Bu, olduqca ağılsız bir söhbətdir. Çinin milli ideologiyası, Amerikanın milli ideologiyası var, İngiltərənin milli ideologiyası var. Dövlət bununla ayaq üstə durur. Bununla dövlət başqalarına da öz diqtəsini yeridir. Bu gün Türk Dünyasının başı olan Türkiyəni elə bir günə gətirib qoyublar, Türkiyə öz sınırları içində də xalqına, dövlətinə yiyəlik edə bilmir. Kərkükdə illərdir soyqırım gedir, 2002-ci ildən, Amerika ilə İngiltərə ora girəndən. Ərdoğan özü onlara yol verdi. Çoxlu sayda Kərkük türkü qırıldı. Kürdlərə Kərkükə girməyə yol açılır, kimsənin də səsi çıxmır. Türkiyə xalqının da ona qarşı səsi çıxmır. Kürdü, PKK-nı buraxırsan içəri, türkümü buraxmırsan. Bu biri yandan Azərbaycan. Hamının əli öz başında, qırağa çıxmaq yoxdur. Dünya bütünlüklə başqa cürdür. Məsələn, Amerika deyir: “Qafqaz mənim etkim altında olmalıdır”. Türkiyənin türklüklə bağlı heç bir marağı yoxdur. Bütövlükdə türklüyün özündən qırağa bir marağı yoxdur, bir belə resursu ola-ola. Biz hamımız çörək uğrunda savaş aparırıq. Millət üçün savaş yoxdur, millət üçün nəyəsə çatmaq yoxdur. Biz başqalarını qınayırıq, biz keçmişi unutmuşuq, gələcəklə heç bir işimiz yoxdur. Biz ancaq bugünümüzlə əlləşirik, bu günümüz uğrunda nəyəsə yetək. Orda geopolitik nəsə yoxdur, geosiyasi nəsə yoxdur, ancaq öz əlim, öz başım. Bir millət olaraq biz, Türk Dünyasının o başından bu başına bu gündəyik.

Soylu Atalı: Vurğu elədiyiniz ideoloji məsələsi ilə bağlı bir neçə söz demək istəyirəm. Bununla bağlı ayrı-ayrı yazılar yazmışdım, zərurət ortaya gəldiyinə görə yenidən bu məsələyə vurğu eləmək istəyirəm. SSRİ dağılandan sonra, hər kəs bilirdi, Türk Dünyasının, zəruri olaraq, yaxınlaşması baş verəcək. Əgər imperiya bağları qırılıbsa, meyil, axın özünə doğru gəlməlidir. Bizim özümüzün, bir millət olaraq, başqa yana meyil eləməyimiz, bu başqa məsələ, bizə hazırlanan planlar bir ayrı. SSRİ-dən ayrılıb bağımsızlaşan türk dövlətlərinin qarşısında koşullar (şərtlər), tələblər qoyuldu, hər kəs demokratiya adlanan ideoloji ilə ölkəni yönətməlidir, ölkədə bütövlükdə demokratiya təmin olunmalıdır. Ancaq o çağa kimi demokratiya ilə yönətilən Türkiyədə başqa bir hava başladılar. Sizin vurğu elədiyiniz kimi, Türkiyənin başına İslamçı Ərdoğanı gətirdilər. Ərdoğan, demokratiya deyən Türkiyəni İslamlaşan Türkiyə halına gətirdi. SSRİ-dən ayrılan bağımsız türk dövlətlərinin yaxınlaşması baş verməsin deyə. Türklük özümləşmək yönündə getməsin deyə. Eyni yöndə getsək, bağlar bərkiyəcək. Bağların bərkiməməsi üçün, Batının hazırladığı demokratiyanın özü ilə türk etnosunun birləşməsinin qarşısı alındı. Bizə də Türkiyənin böyük etkisi var. Asanlıqla hava gəlir bizə. Aydınlarımızın çoxu islamçı olub, hamı abstrakt ümmətçilikdən yapışır. Hamı “sufi” olub, “hal əhli” olub. Bu yaxınlarda bir aydınla söhbətim oldu. Deyirəm, axı sən, aydın  olaraq, bir milləti təmsil edirsən. Sənin, millətin taleyindən qıraqda düşüncələrinin hamısı başqasına işləyir. Sənin, şəxs olaraq da, gələcəyinə yerimir.

Belə söhbətlər olanda da, hər şeyi dövlətin boynuna atırlar. Dövlət eləməlidir, ancaq dövlət nəyi eləməlidir? – Dövlət televiziyanı aydınların ixtiyarına verməlidir, sürünün ixtiyarına verməməlidir. Bu gün əxlaqsızlığın, boşboğazların ixtiyarına veribdir. Aydınların ixtiyarına verilməlidir, aydın milli yöndə xalqın gəlişməsinə qapı açsın, milli şüurun dirçəlməsinə yol açsın. Bunu dövlət eləmir, bəlli nədənlərə görə. Aydınların özü də bununla bağlı düşünmürlər.  Düşünsələr, bir araya gəlsələr, dediyimiz istəklərə yetmək olar. Ona görə də xalqın taleyi sanki öz-özünə dağılır, uçub gedir. Bunu tutub saxlayan yoxdur, bunun gəlişməsinə çalışan yoxdur. Bu gedişlərin içərisində biz, Azərbaycan olaraq, dövlət olaraq, gücümüzü itiririk, içəridən toparlana bilmirik. Necə yönlənilir, bəlli deyil. Qıraq qüvvələr bizim içərimizdə istənilən halı yarada bilirlər. Haçağacan xalq basqı altındadır, haçağacan xalq sosial sorunların içərisində çabalayır, haçağacan  xalqın aydını ilə toplumu arasında heç bir bağlılıq yoxdur, qıraqdan istənilən qüvvə toplumun içərisində anarxiya yarada bilir, anarxiya ilə onun dövlətinə də basqı göstərə bilir. Bunlardan biri, fakt olaraq, Rusiya-Azərbaycan ilişkiləridir. Göz yetirin, basın (mətbuat) yazır: “Batıda, Avropa Birliyində ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktı təsdiqlənir”. Sanki o torpaqları alıb Azərbaycana verəsidilər. Görün nə durum yaranıb, Rusiya Azərbaycan torpağını Azərbaycanın əlindən alır, Azərbaycana istədiyi diqtəni edir. Bu yandan Batı başqa bir proje ilə içərimizə gəlir, Batı kürd sorunu yaradır içərimizdə. Sabah Azərbaycanın ayrı-ayrı torpaqlarını tutduracaq, mənimsədəcək, sonra deyəcək, bu sorunu çözmək üçün filan-filan koşullara əməl eləməlisən. Görün necə bəsit bir sorun əlində qalmışıq. Ona görə istərdim, buna yönəlik danışaq, Rusiya-Azərbaycan ilişkilərinin üzdə görsənişi ayrı bir şeydi, alt qatda ayrı proseslər gedir.

DSCN2786

Abil Ulusoy: Günaydın istəkli yurddaşlarımız!

Xaliq bəy dünyanın durumu ilə bağlı bilgi verdi. Rusiya Türk Dünyasının sorunları ilə bağlı yetərincə güclü bir ərazidir. Rusiyanın 16 mln. kv km ərazisinin 11 mln. kv kilometrində türklər yaşayırlar. Böyük bir ərazi türklərə məxsusdur. Yüzillərlə orda yaşayıblar, yaradıblar, maddi mədəniyyət abidələri var. Rusiyada baş verən olaylar Türk Dünyasına daha çox etki göstərir, nəinki Avropada baş verən proseslər. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan Rusiyanın içində olub. Özgələşmə (assimilyasiya) bütövlükdə Türk Dünyasına qarşı yönəlmiş olaydır. Şahmatda belə bir anlayış var – subsuvanq. Yəni, istənilən çalışmalar, əslində durumun pisləşməsinə gətirib çıxarır. Bu nədir? Gözəl bir görüntü var. Sən demə neçə ildir, Azərbaycan-Rusiya ilişkiləri yaxşı səviyyədə gəlişirmiş. Kapital ayrı-ayrı bireylərin (fərdlərin) əlində bizə gəlsə də, gördüyümüz işlər, xeyriyyə işləri, o qədər yaxşı yeridirlər, elə bil Rusiya ilə bizim ilişkilər doğrudan da yaxşıdır. Əslində belə deyil, Rusiya ilə qurulan ilişkilərdə istənilən çalışma getdikcə pisləşir. Atdığı addım uğurlu heç nə gətirmir. Xaliq bəy vurğuladı, 20 ilə baxsaq görərik, əslində Azərbaycanın bu duruma düşməsinə səbəb Almaniya, Amerika deyil, Rusiya olub. Güney Azərbaycanda milyonlarla insanın Azərbaycan üçün heç nə edə bilməməsinə, özgələşməsinə (assimilyasiya olunmasına) gətirib çıxardı. Rusiya-Azərbaycan ilişkilərinin bu şəkildə gəlişməsi, Azərbaycana qarşı atılan ayrı-ayrı yanlış addımlardır. Azərbaycanı müxtəlif  birliklərə şirnikləndirmək Azərbaycanın zərərinədir.  Son ildə Azərbaycanı “Avrasiya Birliyi”nə gətirmək istəyi alçaldan bir önəridir. Kollektiv Təhlükəsizlik Şurasının Azərbaycanı qəbul eləməsi üçün Ermənistanla məsləhətləşmələr aparılır.

Soylu bəyin dediyinə gəlib çıxdıq, bizə elə yuxarıdan aşağı baxırlar, guya Ermənistanın icazəsi gərəkdir. Bunca özümüzə dəyər vermirik, bizi aşağılayırlar. Bizim dış siyasətimizdə heç bir dəqiqlik görmürəm. Hansı uğurumuz olub?! Azərbaycan gənclərinin durumunu götürək. Özümüzə öz gözümüzlə baxmağa öyrənməmişdən, onları göndərirlər Azərbaycandan qırağa. Onlar qayıdanda bizə Batının gözü ilə baxırlar, Batının burda nümayəndəsi olurlar. Ərəblər gəldilər bizi işğal elədilər, 15 yüzildir ərəblərin etkisindən qurtara bilmirik, indi  Batı bizi həmin oyuna gətirir. Bunları bizim özümüzünkülərin qatqısı ilə edirlər. Azərbaycanda çalışan Batı institutları antiAzərbaycan çalışma ilə uğraşırlar. Xaliq bəy yaxşı deyir, Amerikanın milli ideologiyası var, 50 yox, 150 ştat da olsa, Amerikanın milli ideologiyası var. Dövlət həmin milli ideologiyası ilə yönətilir. Fransada da həmin şeydi. Onların ideologiyaları millətçiliyə dayanır. Ən böyük millətçilik Avropada, Batıdadır. Məncə, əsas məsələ bizə qarşı hansı addımların atılması deyil, əsas məsələ Azərbaycanın içində hansı proseslər gedir, Türkiyədə hansı proseslər gedir. Buna göz atmaq gərək. Nəyə görə Ərdoğan Türkiyədə hakimiyyətə gəldi, Atatürk cümhuriyyətində yaşayan insanlar buna səs verdi, bunu seçdi?! Türk alimləri yaxşı işləyə bilməyiblər, Batı gəlib orda istədiyini eləyir.

Azərbaycanın özündə də biz seçirik. Əgər aydın (ziyalı) bir tikə çörək üçün əyilirsə, başını qoltuq altına salırsa,  onda Batı burda yaxşı at oynadır. 10-15-20 aydın öncədən axıra kimi  milli mövqedə dayansa, onda Azərbaycana girmək çox çətin olacaq. İndiki durumda üzdə kim varsa, hamısının başı qoltuq altındadır. 5 addım gedirsən, görürsən, altıncı addımda yön dəyişdi. Aydınlar bu millətə gərək olanı verməlidir. Onda bizim içərimizə girib bu şəkildə istədiklərini yeridə bilməyəcəklər. Ola bilməz sən bunun qabağını ala bilməyəsən. Bu gün Azərbaycanın hansı yaxşı oxuluna gedirsən rus dilindədir. Bunu gəlib sənə demirlər öz dilində danışma. Görünür, bunu hər yerdə demək gərəkdir – açıq şəkildə bütün sorunları ortaya qoymaq, davamlı demək gərəkdir. Uşaqdan tutmuş böyüyə kimi. Dilini, mədəniyyətini, nəyin varsa, qorumalısan. Ağalıq uğrunda dünyada döyüşlər gedir. Düz deyirsiniz, tarix boyu belə olub, bu gün də olacaq, sabah da. Bu döyüşlərdə kimlər qalib çıxacaq – içəridən möhkəmlənmiş, öz tarixi keçmişini yaşadan, gələcəyə onunla doğru addımlar atan. Hakimiyyət gəldi-gedərdir, kim  olur-olsun.  Hakimiyyət deyib ləlimək gərək deyil. Onun 10 il, 15 il ömrü var, qalan dövlətdir, dövlətdən də üstün olan millətdir. Kiminin fiziki ömrü başa çatır, kiminin də siyasi ömrü başa çatır, siyasətdən gedir. Millətin dəyərləri isə qalır. Ona görə də ölkədə türkçülük yönündə, Türk Dünyasını birləşdirmək yönündə işlər getməlidir, ambisiyalar qırağa qoyulmalıdır. İstənilən tədbirlərdə Türk Dünyasına sunulan siyasi öndərlər bir yerdə olmalıdırlar. Bir millətik, bir dilimiz var, bir abemiz olmalıdır, bir yönümüz olmalıdır, dünya bizi bir tam kimi qəbul eləməlidir. Azərbaycanda türklər türklük yönü tələb etməlidir dövlətdən. Ev tələb edirik, iş tələb edirik, görəv (vəzifə) tələb edirik. Bəs niyə tələb eləmirik, Türk Dünyası ilə hansı ilişkilər qurursan?! Bir milləti 10 yerə bölüblər, hərəsinə də uyğun oyunlar oynayırlar. Hələ sabah bizi fəlakətlə üzbəüz qoyan daha hansı sorunlar üzə çıxacaq?!

Soylu Atalı: Dünyanın gedişində bizim istəyimizdən asılı olmayan məsələlər var. Bəllidir, bütün dünya milli istəklərlə, mənəviyat tələbləri ilə deyil, siyasi tələblərlə, siyasi yanaşmalarla yönləndirilir. Bu cəhətdən yaxınlaşanda dünyanı yönətən gerçək güclərin qarşısında qalırıq. Birdən-birə bu gerçək güclərin istəkləri qarşısında atılacaq addımları bəlli etmək olduqca çətindir. Azərbaycan kimi dövlət elə bir duruma gətirilib, özü də özünü elə bir duruma gətirib, o, bu gün seçim eləmək qarşısındadır. Özü, nə Batı, nə Rusiya demədən, bağımsız olaraq özünü qorumağı bacarmır.  Bu olduqca çətin bir durumdur. Artıq gəlib bura çıxmışıq. Biz istəsək də, istəməsək də, seçim qarşısında qalırıq. Ancaq seçə bilmirik. İyirmi ildir, Azərbaycan hakimiyyəti Batı ilə Rusiya arasında “balanslaşdırma” siyasəti yürüdür. Balanslaşdırma siyasətində Azərbaycanın özünün gələcəksəl (strateji) planlarını ortaya qoymaq, gerçəkləşdirmək siyasəti güdülməyib. Sadəcə hər ikisinin istəklərinə boyun əyilib, hakimiyyət mənimsənilib. Bu gün ya onu seçsin, ya bunu seçsin, bacarmır. Ancaq bugünkü gediş tələb edir, seçim eləməlisən, ya o, ya bu.

Öncə onu deyim, millətçi yoxdur, onu hakimiyyətə gətirək. Dünya bu gün millətçinin hakimiyyətə gəlməsinin qabağını kəsir. Yəni milli ideologiyanın hakimiyyətə gəlməsinin qabağını alır. Ona görə hakimiyyətə gələn özünü millətçi saymasın, elə abstrakt çağdaşçı saysın (halbuki millətçilik ən böyük çağdaşçılıqdır). Ancaq onun proqramında milli ideologiya olsun, onun hesabına gəlsin.

İndi proseslər hara gedir, olaylar hara aparır? Getdikcə millətçiliyi öz içimizdə sıxışdırmağa çalışırlar, hara gedir olaylar, nə gözləyir bizi? Gəlin, qısaca aydınlıq gətirək.

Xaliq Bahadır: Biz Türk Dünyası deyirik, əslində gerçəklikdə o yoxdur. Onun olması, gələcəyi Azərbaycanla Türkiyənin birliyinə bağlıdır. Bunun alternativi yoxdur, mən bunun alternativini görmürəm. Azərbaycanla Türkiyə birləşməlidir. Gəlin bu günə baxaq, bu gün Güney Azərbaycanda  türklərin sayı 30 milyondur. Bu haçanacan belə olacaq, assimilyasiya olur, artma yoxdur. Türkiyə dövləti bununla ilgilənməlidir, bu niyə belədir. Deyirik bir millət, iki dövlətik. Biz ortaya bir millət faktorunu qoya bilməmişik. Haçan ortaya bir millət, iki dövlət qoyacağıq, bu faktın üzərində duracağıq, onda Azərbaycan da xoşbəxt olacaq, Türkiyə də, Türk Dünyası da. Biz buna getməliyik, bizi çalışırlar bundan uzaqlaşdıralar.

Azərbaycanı Türkiyədən ayırır, düşmən öz işini görür. Bizim strategiyamız yoxdur. Azərbaycanı anlamaq olar, iş ondadır, Türkiyənin də yoxdur. Türkiyənin milli strategiyası olsaydı, inanın, Azərbaycan indiyədək birləşmiş olardı. Gedin, Türkiyə aydınları ilə Azərbaycanla bağlı söhbət edin, bəlkə Güney Koreya ilə bağlı danışsanız daha anlayışla yanaşarlar.

Mən onlarla söhbət eləmişəm. Özü də Güney Azərbaycanla Türkiyə bitişikdir. Bizə bir toplum gərəkdir.

??????????

 

Soylu Atalı: Xaliq bəy, bağışlayın. Bu məsələnin üzərində istəyirəm bir balaca vurğu eləyim. Konkret Azərbaycandan danışaq, sonra keçək Türkiyəyə. Azərbaycanda az-çox milli duyğuları olan insanlarımızın hamısı sosial sorunlar qarşısında, aclıq qarşısında qalır, sındırılır. Bəziləri zindanlara salınır, orada sındırılır. Bu da heç kimə sirr deyil, zindandan güzəştli (amnistiyaya) çıxan adamlar necə çıxır. Onların heç birinin şərəfini aşağılamaq istəmirəm. Bəllidir, onlar hansı koşullarla qırağa çıxarılır. Yoxsa hakimiyyətin gözündən uçmur, 6-7 il tutuqlama verib 2 il çəkdirsin, sonra çıxarsın çölə. Yəni insanlarımız, düşünənlərimiz eləcə sındırılır. Bütövlükdə toplum da umudsuz, çaşqın durumdadır, söz deyən yoxdur. Söz deyənlər də, dediyimiz kimi, sıradan çıxarılır. Kimə umud bağlamaq istəyirsən, görürsən onun arxasından başqa bir əl çıxır. Yəni sanki hər kəs artıq bəlli qüvvələrin əlində özünə yad olur. Kimsə qalmayıb sanki. Bax, bu proseslər var. İndi bir var bizim istəklərimiz, bir də var gerçək olaraq neyləmək mümkündür, bu durum hara gedəcək? Topluma biz necə umud verə bilərik? Toplum televiziyanın qarşısında səhərdən axşama kimi mətbəx verilişlərini, abırsız adamların verilişlərini izləyir. Bunu biz ayrı-ayrılıqda görürük. Bayaq deyirsiniz, hər kəs özünün çörəyi üçün savaş aparır. Bəs bütövlükdə millətdən ötrü savaş aparmaq üçün nə gərəkdir? – Buna da vurğu etməyimiz yaxşı olar.

Xaliq Bahadır: Soylu bəy, bilirsiz niyə görə çıxışımı Türkiyənin üzərinə saldım? Bilmirəm Türkiyə geri gedib, neyləyib. Hər çağın öz prinsipləri vardır. İyirminci yüzilin başlanğıcında Türkiyə bugünkü kimi idi, geridə qalmışdı. İslam bataqlığına batmışdı bu günkü kimi. Türkiyəni bilirsiz kim oyatdı? Azərbayan türkü Əlibəy Hüseynzadə. Bu tarixi faktdır. Ziya Göyalpın özünün yazısı var. Deyir məni millətçi kimi Əlibəy Hüseynzadə yetişdirdi. Bizim bu çıxışlarımızı Türkiyədə də izləyirlər, ona görə istəyirəm vurğunu ora salaq. Niyə görə Əlibəy Hüseynzadə Türkiyədə o boyda rol oynadı?! Əlibəy Hüseynzadə Rusiya imperiyasında yetişmişdi, Peterburq universitetini qurtarmışdı. Universiteti qurtaranda onu öyrətmən (müəllim) saxlamaq istədilər, qalmadı. Getdi Türkiyəyə. Nədən getdi? Bir gürcüylə söhbətləri olmuşdu. O da türk olduğunu anlatmışdı, neyləmişdi. Ondan sonra hamısını buraxdı, getdi Türkiyəni qaldırdı. Bu gün bizim düşüncəmizdə Rusiya faktoru böyük rol oynayır. Əlibəy Hüseynzadəni Rusiya oyatdı. Bu gün də Türkiyəni biz oyatmalıyıq. Ona görə hər çıxışımda Türkiyəyə vurğu salıram. Bu gün də Azərbaycan xalqı çalışmalıdır, Türkiyəni oyadaq. Çünki bizim təklikdə gücümüz yoxdur. Biz Güney Azərbaycan olaraq, Quzey Azərbayan olaraq, Türkiyə olaraq, üçümüz bir yerdə qalxmalıyıq. Ancaq bir yerdə olmalıdır bu. Onun üçün biz Türkiyəni oyatmalıyıq. Türkiyə bu gün İslam basqısı altındadır. Ərəb islamı, bir din olaraq, özününküləşdirdi. Fars islamı, bir din olaraq, özününküləşdirdi, yiyələndi ona. Türk islamda itdi. Türk onu eləyə bilmədi. Biz türklərə anlatmalıyıq sən kimsən, nəsən, nəçisən. İslam sənin dinin deyil. Sənin dinin sənin türklüyündür. Sənin ruhun sənin türklüyündədir. Sənin varlığın, keçmişin, bu günün, gələcəyin, hamısı sənin türklüyündür. Kimsə sənə demir birdən-birə islama qarşı çıx, ancaq özünü anla. Bil islam nə deməkdir? İslam səni yeyir, mənimsəyir. Sən islamın içində itirsən. Sən türklüyünü qorumalısan.

Soylu Atalı: Bağışlayın, Xaliq bəy, yenə yaxşı məsələlərə toxundunuz. Yenə vurğu eləmək zərurəti ortaya çıxır. Bilirsiz, Əlibəy Hüseynzadə, Ziya Göyalp ideoloji şəxsiyyətlərdir. Onlar öz çağlarında bəlkə də bunca görünmürdülər. Onların sözü işə keçəndən sonra, onların özü şəxsiyyət kimi tanındı, qəbul olundu. O çağda Ziya Göyalpın, Əlibəy Hüseynzadənin əsas şüarı bilirsiz nə idi: “türk millətindənəm, islam ümmətindənəm, Batı  mədəniyətindənəm”. Bugünkü durum həmin “islam ummətindənəm” deyiminin məntiqi davamı deyilmi? Toplumun ağlına böyüklərimiz bunu deyibdir. Yenidən Türkiyəni islama qaytaranda bunun böyük etkisi oldu. Bu şüar toplumun ağlına artıq etki göstərib. Bu gün yenidən biz bu şüarlarla bir araya gələ bilmirik. O çağlar bəlkə də gərək idi. Bəlli bir etkisi oldu. Yenə də vurğu eləyirəm, ancaq bütövlükdə o, bizim üçün doğru yol deyil. Bu gün Türkiyə Ərdoğan basqısı altında islamlaşır. O çağlar deyilən indinin mayasında var artıq. Mayada olan üzə çıxır. Yenidən təzahür eləyir. Bax bu günün özündə biz toplumla söhbət eləyəndə, aydınlar bizi geri çəkən məsələləri qoruyurlar bizdən. Mən yazmışam, vurğu eləmişəm dönə-dönə. Bəşəriyyət üçün ən böyük ideya allah ideyasıdır. Allah ideyasıyla bağlı yanaşma sərgiləmişəm. Ərəbin verdiyi allah ideyasına baxın, araşdırın, görün nədir? Öyrənsəniz görəcəksiniz, allahda ərəblərin yaxşı-yaman keyfiyyətləri var. Ərəb öz keyfiyyətlərini, düşüncəsini allaha veribdi. Allahla ünsiyyətə girəndə sən həmin keyfiyyətlərlə ünsiyyətə girirsən. O allaha türk öz kimliyini verməyib, xarakterini verməyib. Bircə yol da türk öz keyfiyyətini versin, ibadətdə türk keyfiyyətləri qayıtsın bu millətin özünə. Tərbiyələndirsin onu. Öz keyfiyyətiylə birləşsin, onu tanısın. Bu ciddi bir məsələdir. Bu gün türkün üz tutduğu anlayışlar, ideyalar, obrazlar ona yaddır. O yadlıqlara üz tutanda qayıdıb türkü basqı altına alır. Dönə-dönə vurğu eləmişəm, türk Tanrıçılığını itirib. Tanrıçılıq allahçılığa yenildiyinə görə türk ərəbləşib, farslaşıb, özümləşə bilməyib. Bax bu baxımdan biz Türkiyəyə necə etki göstərə bilərik?

??????????

Xaliq Bahadır: Soylu bəy, bilirsiz necədir? Hər çağın öz çağırışı var, öz strategiyası var. O çağ üçün Əlibəy Hüseynzadənin dediyi şüarları düzgün saymırdılar. Nəyə görə? Xəlifə köçürülmüşdü İstanbula. İslamın başında formal olaraq türklər dururdu. Düzünə qalanda Anadoluyla İstanbul bir-birindən ayrılmışdı. Türklüklə islam orda ayrılmışdı. İstanbulda oturanlar Anadoluya başqa cür baxırdılar. Onlara kənd adamı kimi, elə-belə baxırdılar. Ancaq Əlibəy Hüseynzadənin baxışı necə idi?! Bunlar düşünürdülər, Rusiyadan qurtarmaq üçün biz islam birliyinə girməliyik. Bu məsələ o çağın koşullarından biri idi. O yandan Batı qalxmışdı. Avropanın yarısı Türkiyənin əlində idi. İstanbulda da islam birliyi gedirdi. Türk birliyi yox idi. Dediyim kimi, Anadolu özü ayrılmışdı.

Soylu Atalı: Xaliq bəy, üzr istəyirəm. Yenə polemik bir hal yaratmaq istəyirəm. Doğrudur, o çağlarda o deyilənlər qaçılmaz olub. Burda ona aydınlıq gətirmək istəyirəm. Siz bilirsiz, Batının gələcəksəl (strateji) planlarında təkcə bir variant yoxdur, iki variant var. Başqa dövlətlərin istəklərində, gələcəksəl baxışlarında (strategiyalarında) ən azı iki variant var. Bizim ideoloji türkçülərimizdə bircə variant var. O da ortada olandır. İdeologiya bir sıra yönlərdən hesablanmalıdır filan aşamayadək. Onların dediyi sabah üçün fal deyil. Biz də onu gərək bilək.

Xaliq Bahadır: Aydındır. Mən onlara üstünlük qazandırmaq istəmirəm. Mən faktı deyirəm. O çağ üçün reallığın yönəltdiyi o idi. Onlar onu eləməliydilər. Onlar Rusiyaya qarşı, Batıya qarşı qalxmaq istəyirdilər. O gələcəksəl baxışda (strategiyada) olan adamlar düşünürdülər, ərəblər, farslar, türklər bir yerdə olacaqlar. İndi biz Əlibəy Hüseynzadə kimi düşünə bilmərik. Ancaq tarix göstərdi, ərəb, türk, fars bir yerdə ola bilməyib, bilməyəcək. İndi biz neyləməliyik? Durub Əlibəyi söyə bilmərik. Sizin dediyinizə görə demirəm. Onu söyənlər var, ona görə deyirəm. Əlibəy öz çağında böyük iş gördü. Türkiyəni də, Azərbaycanı da qaldırdı. O çağın böyük yazıçıları yazır, bizi Əlibəy Hüseynzadə yetişdirdi, türkləşdirdi. Orda onlar heç islamdan yazmırlar. Başlıca olaraq ondan yazırlar Türkiyənin aydınları. Dediyim kimi, islamda batıb getmişdi. İstanbul ayrılmışdı Türkiyədən. İndi neyləməliyik? İndi biz türklük üzərində durmalıyıq. Biz gördük, ərəb bizimlə olmur, fars bizimlə olmur. Tərsinə, onlar bizə qarşıdır. Ortada vəhabilik var. Vəhabilik nədir? –  Onun 5 başlıca prinsipi var. Onun biri türklüyə qarşıdır. O niyə görədir? Onu yazan ingilisdir. 25-ci ildə türk hakimiyətini ingilislər devirdilər, farslara tarix yazdılar, cürbəcür şeylər qoyurlar ortaya. Türkü bu cür assimilyasiyaya uğratmaq üçün. Biz bunları keçib gəlmişik. İndi biz yalnız türklüyün üzərində durmalıyıq. Tanrıçılıqdan, türklükdən danışmalıyıq. İndi sosial şəbəkələrə baxırıq. Orda iki yerə ayrılır Azərbaycan toplumu. Biri türkçülüyə yönəlikdir, biri də irançılıq, ərəbçilikdir. Ancaq mən görürəm, bu gün türkçülük getdikcə üstünlük qazanır. Qabaqlar daha çox sosial şəbəkələrdə islamçılıq idi, farsçılıq idi, ərəbçilik idi. Biz getdikcə özümüzü anlayırıq. Biz, aydınlar da, onlar da görürlər, fars da bizə qarşıdır, ərəb də. İstənilən bir dövlətlə birləşməyə hazırdılar, türklərlə yox. Əlibəy Hüseyinzadə sevdiyimiz insandı, qaldı keçmişdə. Biz bu gün bunun üzərində durmalıyıq.

Soylu Atalı: Mən də elə bunu aydınlaşdırmaq istəyirəm, olaylara da, şəxsiyyətlərə də yanaşma doğru olsun. Nə heç kəs durub onun üstündən cızıq (xətt) çəkməsin, nə də onu başqa cür sunmasın.

Xaliq bəy deyir biz Türkiyəyə öz etkimizi göstərməliyik, mən də doğru sayıram. Ancaq biz Türkiyəyə hansı etkiləri göstərməliyik?

Abil Ulusoy: Xaliq bəy dedi, Türkiyəni oyatmaq gərəkdir. Mənə elə gəlir, birinci olaraq Azərbaycanın özünü oyatmaq gərəkdir. Azərbaycanın Quzeyində də, Güneyində də hansı yolu seçirik? Ondan sonra biz başqalarına, konkret Türkiyəyə nə demək istəyirik. Türkiyə toplumu yüksək səviyyəli yönətiçilərdir. Mənə elə gəlir, sabah, haçansa Türkiyə ilə bağlı ideologiya ortaya qoyulacaqdı. O ideologiyanın qoyulması Azərbaycanın Quzeyində elə yetkin işlənilməlidir, mənimsədilməlidir, toplumlarımızı gərəkən şəkildə oyada bilək. Mən Türkiyənin iki elçisi ilə görüşmüşəm, onlara demişəm, Təbrizsiz Bakını qəbul edirsənsə, mən səni qəbul eləmirəm.

Məncə burda yaşayan 10 mln. soydaşımız kəskin şəkildə ortaya qoymalıdırlar bu məsələni. Qardaşıq, nə olur olsun. Azərbaycanı qəbul eləməyəni mən qəbul eləmirəm. İstər Amerika vətəndaşı olsun, istər başqası, sən Azərbaycanı mənim gözümdə qəbul eləməlisən. Azərbaycan birdir, bunu içdən özümüz qəbul eləməliyik. Biz qəbul eləyiriksə, ondan sonra bunu Türkiyədə də qəbul eləmək baş tutacaq. Əgər qaza görə, neftə görə, dəmiryoluna görə mənimlə ilişki qurmaq istəyirsənsə, bu qardaşlıq deyil, kommersiya məsələsidir. Afrika ilə də əməkdaşlıq edərəm, nə var bir-birinə qardaş deməyə.

Bir millətin bir marağı olmalıdır, 15 marağı yox. Siyasət maraqlar üzərində qurulur. Həmin çağda millətin marağı nədirsə, ideologiya buna yanıt veribsə, deməli, düzgün eləyib. Ancaq indiki durumda ortalığa atılmış o şüar – islam, ya Avropa, bizim ayağımızı tutub geri dartırsa, deməli, onu deməyə gərək yoxdur. İndi özünü doğrultmur. Türkçülük anlamından nəyi başa düşürüksə, biz bu millətə onu deməliyik. Adından tutmuş, mənəviyyatından tutmuş hər şeyi ilə bir araya qoyanda alınır Türkçülük. Biz böyük olduqca bizimlə hesablaşanlar da çox olacaq. Onda Türk Dünyası daha çox yaxınlaşmağa başlayacaq, Özbəkistan da, Qırğızıstan da, Türkmənistan da yaxınlaşacaq. Burada Türk millətinin iradəsi ifadə olunacaq.

Xaliq Bahadır: O çağlar düşünürdülər, İslam birliyi yaradacaqlar. O çağ üçün məsələ düzgün qoyulmuşdu. Avropa o yandan qalxmışdı, Rusiya bu yandan. Ancaq bir az keçdi, ingilislər ərəblərin içində işlədilər, ərəbləri qaldırdılar Türkiyəyə qarşı. Əlibəy çağını qabaqlamışdı. Ancaq indi biz Əlibəy kimi düşünsək, onda geriyə getmiş olarıq.

Soylu Atalı: Mən yenə söhbəti bir məqama bağlamaq istəyirəm. Söhbət yenə gəlib çıxdı Türkçülüyün üstünə. Türkçülük ideoloji kimi əsas götürülməli. İstəyərdim sonrakı qonumuz, türkçülük özündə nələri daşıyır, onların bəndləri, prinsipləri nədirsə, onu bir yerdə çözək. Bunu oxuculara sunaq.

Burda ərdəmli bir aydınımız var – İsa Mehdioğlu. Bəlkə bir neçə sözlə fikrini desin.

İsa Mehdioğlu: Bu günkü söhbətimiz mənim yaralı yerimdir. Bu elə bir qonudur, saatlarla danışmaq olar. Mən sizinlə razıyam, ancaq bunu genişləndirmək gərəkdir. Hər kəs öz fikrini deməlidir.

Məni xalqın birliyi məsələsi çox qayğılandırır. Məsələn, düşünürəm, niyə bizim xalqın Qarabağ məsələsində ağzı bir deyil? Mən görürəm, öncələr də bizim xalqın belə yanlışları olubdur. Belə bir kitab oxudum: ilk dəfə ərəblər türklərə müsəlmanlığı gətirəndə, Həmədanı tutanda, oranın xaqanı Türk xaqanına üz tutur. Ancaq nədənsə anlaşıb bir araya gələ bilmirlər. Bunu yazan ərəb tarixçisidir. Onların o çağda birləşməmələri ərəblərin xeyrinə oldu. Yavaş-yavaş bütün türkləri məğlub elədlər. Gör haçağdan türk xalqının birliyi alınmır.

Sizin bu günkü yığıncağınızı ürəkdən alqışlayıram. Bu xalqı haçağacan assimilyasiya edəcəklər?! Oxulda (məktəbdə) bizə coğrafiya dərsi keçəndə cəhətləri öyrədirdilər. Biz uşaqlıqdan gündoğan, günbatan eşitmişik, orda yazırdılar, şimal, cənub. Mən ilginc olaraq Dədə Qorqudla bu günkü ədəbiyyatımızı tutuşdurdum. Dədə Qorqud mətnində 28% yabançı sözlər var. O da 17-ci yüzildə yazanın dilidir. Bu gün biz 21-ci yüzildəyik, bu günkü dilimizin 45-50 %-i yabançı sözdür. Dilimizdə danışdığımız çox sözlərimiz var, ancaq ədəbi dilimizə salmırıq. Mənim bir kitabçam çıxıb, ailə sağlamlığı ilə bağlı. Mən olanaq içrə (mümkün qədər) çalışdım, Azərbaycan türkcəsində olan sözlərimizi işlədim. Bunu çapa verəndə redaktor kitabı gətirdi, elə günə salıb, bizim sözlərin üstündən cızıq (xətt) çəkib, ərəb-fars sözləri yazıb. Gör nə günə qalmışıq.

Bu yöndə susmamalıyıq, susduqca, dilimiz əldən gedir. Əgər dil yoxdursa, deməli, o millət yoxdur. Mən istərdim, bu məsələlərlə bağlı tez-tez yığılasınız, bunu genişləndirəsiniz. Harda ayrı-ayrı türkçülər var, gərək bir yerə yığılsınlar.

Soylu Atalı: Beləliklə, bugünkü söhbətimizi bitiririk.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Şölə Ayı, 37-ci il. Atakənd.

(iyun, 2015. Bakı.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv